adalet.az header logo
  • Bakı 20°C

Əbülfət MƏDƏTOĞLU: Biri «gəlirəm» deyir, biri də «görürəm»

ƏBÜLFƏT MƏDƏTOĞLU
576 | 2022-06-09 11:47

Rafiq Yusifoğlunun şeir bağçasından bir çiçək dərdim

Hər bir şair, elə əslində hər bir insan da öz düşüncəsini, öz duyğu və hisslərini ifadə edərkən daha çox gerçəkliyə, yəni daha çox yaşama söykənir. Belə olan halda söz də, fikir də, elə şeirin özü də ünvanını tapır, oxucusu ilə bir araya gəlir. Bu mənada şairlərin işi bir az da qəlizdi. Çünki az qala hamının şeir yazdığı bir məmləkətdə öz duyğularını misralamaq poetik formaya salmaq, necə deyərlər, onu dip-diri göstərmək o qədər də asan deyil. Təbii ki, şairlik özü başdan-binadan asan iş olmayıb. Bu bir Allah vergisidi, hər kəs də o vergidən öz istedadı, təbi və zəhməti sayəsində yararlanaraq ədəbi müstəvidə yer tutur. 

Deməli, artıq neçənci ünvandır ki, qapısını döyürəm və bu ünvan sahiblərindən hər birinin bir şeiri ilə baş-başa qalıram. Oxuduğum və təbii ki, sizə də təqdim etdiyim həmin şeirin aurasında özümü də, öz yerimi də görməyə, həm də göstərməyə çalışıram. Düşünürəm ki, bu istəyi heç də kiminsə söz dünyasına müdaxilə deyil. Əksinə həmin söz sahibini öz sözü ilə birlikdə, öz baxış bucağım altında oxucuya təqdim etməkdi. Bu təqdimatda da söylədiyim fikirlər həmin şeirdən çıxartdığım nəticə, anladığım fikir və bir də təbii ki, sevgidir!

İndi baş-başa qaldığım şeir də həmin o başladığım silsilənin davamıdır. Əlimdəki kitabı gözü yumulu açıb ilk oxuduğum bu şeir ruhuma oxşadı, könlümə xoş gəldi və bir də gördüm ki, artıq həmin şeirin sarı simindəyəm. O sarı simdə də müəllif deyir ki:

 

Yanağıma axan yaşı

Silirəm, gülüm, silirəm.

Fərhad kimi qayaları

Dəlirəm, gülüm, dəlirəm.

 

Müəllifin, əslində həm də bu şeirin iç dünyasında olan görünən və görünməyən aşiqin söylədikləri mənə çox doğmadı. O yaşam mənim də içimdək gəlib keçib və mən də həmin hisslərin diktəsi ilə üzümü tutduğum ünvana tərəf səslənmişəm.  

 

pəncərəmdə dibçəklər var

solan gülləri görürəm 

o güllərə mən anbaan –

ölən günləri görürəm. 

 

Fikir verdinizmi, bir yaşamda aşiq yol gəlir, görüşə tələsir. Başqa bir yaşamda isə aşiq başına gələnlərin yuxu, xəyal deyil, gerçəklik olduğunu etiraf edir. Bu etiraf ümidsizliyin sonun gəlib çatmasının ip ucudur. Belə olan halda solan güllə ölən günün bir-birinə tecə təsəlli verdiyini təkcə duymaq yox, həm də eşitmək, görmək lazımdı. Axı üz tutduğum müəllif aşiqin dili ilə deyib ki:

 

Qara gözünə ağ çöküb,

Aramızdakı dağ çöküb,

Ayrılıq sənə dağ çəkib,

Bilirəm, gülüm, bilirəm.

 

Gördünüzmü, sevginin gücünü?! Hiss etdinizmi o gücün aşiqə verdiyi cəsarəti, dözümü. Baxmayaraq ki, sinəyə dağ çəkib, təbii dağı çökdürüb, amma aşiqi sındıra bilməyib. Bu düşüncələrin içərisində bir sevgi hekayəsi və yaxud da dastanı da yaşamaq, onu seriala da çevirmək mümkündü. Necə ki, müəllif mənim ifadə etdiyim fikri dolayısı ilə «bilirəm, gülüm, bilirəm» deməklə təsdiqləyir. Bu təsdiq isə mənim solan və ölən günlərlə bağlı düşüncələrimin bir növü tərpənməyə, hərəkət etməyə səsləyir və: 

 

xəyalım calaq-calaqdı

gözlərim quru bulaqdı.

bu illər necə lal axdı – 

baxıb kimləri görürəm.

 

Doğrudan da zaman o qədər lal, o qədər kar və kor bir formada, üslubda, daha nəbilim nəsnədə dünyaya, insanlara bu yerdə aşiqlərə biganə şəklində öz işini görməkdədi. Laqeydlik, biganəlik gözü quruyan bulağa çevirməklə yanaşı, həm də ötüb gedənlərin ardınca baxmağın da acısını çəkməyə məcbur edir. Görünən hər şey, hər kəs təkcə xatirə yox, həm də itki kimi, əlimizdən, ömrümüzdən, ürəyimizdən çıxan, düşən, itənlər kimi anlamlar yaşadır bizə. Onda da özümüz də bilmədən elə göynəyirik, elə sızlayırıq ki, Məcnun da, Fərhad da, Kərəm də, Sənan da yalan olur yanımızda. Axı: 

 

Həsrətdən göynəyir için,

İnləyirsən için-için...

Boynuna sarılmaq üçün

Ölürəm, gülüm, ölürəm.

 

 

Etirafı, istəyi hiss etdinizmi, yaşadınızmı? Məncə bu bənddə aşiqin birbaşa ütüsüz, boyasız söylədiyim arzu, istək hər şeyi özündə ehtiva edir. Və onu da xatırladır ki, lazım gəlsə boynuna sarılmaq üçün ölümdən də çəkinmərəm. Bu sevginin gücüdü, bu yaşamın bəhrəsidi, bu həm də sabaha olan inamın, sabaha gedən yolun işartısı, görüntüsüdü. Tam çılpaqlığı ilə desəm, aşiq bu yolun ölümündən keçəcəyindən də qorxmadığını birmənalı şəkildə dilə gətirib. Həmin ovqat, həmin yaşam mənim də könlümdən keçənlərin üstünə işıq salır. Onlar da bir növü sığındıqları ürəkdən boylanıb danışmaq, özlərini ifadə etmək istəyirlər. Özü də açıq-aşkar, yəni çətir altında yox, reallığın özü kimi. Bax belə:

 

danışır köhnə şəkillər

özünə özü vəkillər...

məni çarmıxa çəkirlər –

kövrək telləri görürəm...

 

Yəqin ki, çarmıxa çəkilsə də, asıldığı tellərin kövrəkliyini özünə dərd etməyən, şəkilləri, xatirələri vəkil sayan bir eşq dəlisinin bundan başqa nə istəyi ola bilər ki?! Sizi deyə bilmərəm, mənə görə köhnə şəkillərlə köhnə günləri, yaşananları bərpa etmək, onları yenidən həyata qaytarmaq və həmin həyatı da yenidən ruhən yaşamaq yalnız Məcnun sevdalıların gücü daxilindədi. Eşqdir göylərin mehrabı bilənin bacaracağı bir işdi. Bu mənada bütün istəklərini birbaşa deyən aşiqin bu söylədikləri fikirlərlə təmənnalı olmadığını da dilə gətirməsi çox önəmlidi. Yəni aşiq istəyində, umacağında hardasa dilənçi, əlaçan kimi yox, haqqı olan sevdalı kimi ortada dayanır və deyir:

 

Demirəm ki, mənə əl aç,

Hər bir dərdə var bir əlac,

Qollarını  çox geniş aç,

Gəlirəm, gülüm, gəlirəm...

 

Qolların arasına qaçmaq, sinəyə sığınmaq, baş-başa qalmaq, yeri-göyü unutmaq... bir sözlə, iki vücudun, bir ürəyin dünyasında olmaqdan gözəl başqa nəsə varmı Yer üzündə?! Məncə yoxdur, özü də bunu tam əminliklə deyirəm ki, yoxdur. Çünki mən hər bir halımda, hər bir məqamımda bu dediyim, bu çıxartdığım fikri, hökmün şahidi və iştirakçısı olmuşam. Bilmişəm ki, sevgidən qüdrətli, sevgidən güclü yalnız Allahdır. Və deməli, Allahdan gələn sevgi də onu verənin gücündən yararlanır. Və... Mən də elə o ilahi gücə sığınıb gördüyümü, yaşadığımı bir də dilə gətirirəm, bir də pıçıldayıram.  

 

sıxılıb zaman içində

qalmışam güman içində

bir az and-aman üçün də –

sənli illəri görürəm...

 

Bəli, bu bir yol yoldaşlığı oldu. İki aşiqin, iki müəllifin... Mən dəyərli şairimiz, filologiya elmləri doktoru Rafiq Yusifoğlunun «Könül səltənəti» kitabından götürdüyüm bir şeirin işığında çalışdım ki, onun qəhrəmanı ilə öz qəhrəmanım həm söhbət edim. Sözümün bu nöqtəsində içimdə bir xoş əhval-ruhiyyə var. Bunun da səbəbi həmin söhbətin alındığına olan inamımdır. Yəqin ki, siz də mənimlə razılaşarsınız ki, gələnlə görən həmişə yanaşı addımlayıblar. Bu iki şeirdə olduğu kimi...

TƏQVİM / ARXİV