adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

DUSTAQXANADAN DUSTAQXANAYA

ZAKİR FƏXRİ
24688 | 2011-10-12 07:09
(əvvəli ötən sayımızda)
   
   Gözlərim doluxsunmuşdu, amma dərdimi deməyə bir kimsə yox idi. Bir xeyli düşünəndən sonra yazmağa girişdim. Amma hər yazdığım vərəqi oxuduqca cırıb atırdım. Sonra Anara uzun-uzadı bir məktub yazdım, amma nə yazdığım yadımda qalmayıb. Konvertə güclə yerləşdirdim. Səhəri gün onu bir tanış vasitəsilə poçtdan yola saldırdım. O gündən başladım cavab gözləməyə.
   
   Hər poçta gələndə Anardan cavab görməyib dilxor olurdum. Bir müddət keçəndən sonra nə vaxtsa cavab alacağımdan ümidimi kəsib hər şeyi unutdum. Yaz girmişdi, o baş-bu başa "tasovka" eləyirdim. Uşaqlardan biri arxamca gəlib dedi ki, Boris deyir gəlsin "çifirləməyə". Baraka yollandım. İçəri girəndə nəzərlərim çarpayıma sataşdı, iki-üç məktub gəlmişdi mənə. Məktubları əlimə götürdüm, birinin üstündəki adı görəndə inanmadım. Anardan idi.
   
   O məktubu açıb oxumağa hələ ki, ürək eləmirdim, çifir içə-içə fikirləşirdim, görəsən nə yazıb, yəqin yazıb ki, taleyinə acıdım, amma əlimdən heç nə gəlmir, on ilin cəzasını qurtarmaq müşkül işdi... Çox şey düşündüm. O məktub da iki-üç saat eləcə bağlı qaldı. Nəhayət özümü toplayıb məktubu açdım və birnəfəsə oxuyub qurtardım. Amma sonralar o məktubdan ayrıla bilmirdim... (Anarla bir neçə il məktublaşdıq. Bəlkə də məni uzun illər o türmənin məşəqqətləri içində məhv olmamaqdan saxlayan bir söykənəcək də elə o məktublar idi...)
   
   Salam Zakir!
   
   Yay ayları Bakıda yox idim. Qayıdarkən məktubunu oxudum.
   
   Təbii ki, qəzəlini də oxudum. Çox təəssüf edirəm ki, bütün təşəbbüslərimə baxmayaraq istədiyin şeyləri posılkada göndərə bilmədim sənə. Yoldaşınla telefonla danışdım. Dedi ki, danışdığımız günün səhəri yanına gedir. Xahiş elədim səhər tezdən də olsa zəng eləsin, posılkanı verim. Görünür, zəng vura bilməyib. Hər halda güman edirəm ki, görüşmüsünüz və bu görüş sənə bir təskinlik,təsəlli verib... Bir sözün, xahişin varsa, utanma, yaz! Sənə səbr, sağlamlıq və hər şeyin bir gün qurtaracağına, yenidən sevdiyin insanların, ailənin, dostlarının yanına qayıdacağına sarsılmaz ümid və inam arzulayıram.
   
   ANAR
   
   
   
   Salam Zakir!
   
   Məktublarının hamısını və rəhm ərizəni almışam. Çox təəssüf ki, hələlik səni sevindirəcək şad bir xəbər yaza bilmirəm. Ərizənin surəti mənə çatandan sonra Ali Sovetə qəbula getdim. Onlar da sənin ərizəni alıblar. Orada ən yüksək səviyyədə görüşlərim, sənin barəndə ətraflı söhbətlərim oldu, savadlı, ziyalı, qələmli bir adam, həm də gənc olduğun barədə, cinayətin təsadüfi, sadəlöhvlük nəticəsində baş verməsi barədə danışdım. Sənin taleyinə tam bir həssaslıqla anlayışla yanaşdılar (bu sözlərimin səmimiyyətinə inan). Amma sənə aydın olsun ki, sənin ittiham olunduğun məsələyə indi o qədər ciddi əhəmiyyət verilir ki, heç olmasa cəza müddətinin yarısı keçməyincə heç bir rəhmdən, əfvdən söhbət ola bilməz.
   
   Məni başa saldılar ki, bu məsələni yalnız cəza müddətinin ən azı yarısı keçəndən sonra, yəni, təxminən il yarımdan - iki ildən sonra qaldırmaq real olar. O zaman deputat-yazıçılarımızdan biri məsələ qaldırarsa Ali Sovetin komissiyası cəzanı azalda və səni tamam əfv edə bilər. Deməli, səbrini, iradəni toplayıb bu müddəti gözləməlisən və cəza müddətinin yarısı tamam olan vaxta bir-iki ay qalmış yeni bir rəhm ərizəsini respublikanın, yaxud hətta SSRİ Ali Sovetinin Rəyasət Heyətinə verə bilərsən. Yaxşı olar ki, o vaxt həmin rəhm ərizəsiylə bizim deputat-yazıçılarını tanış edəsən. Təbii ki, bu barədə mənə də məlumat ver və mən də imkanım daxilində fəaliyyət göstərim. İstədiyin şeyləri göndərirəm. Yenə də lazım olsa yaz, utanma. Vəziyyətimi, halımı yaxşı başa düşürsən.
   
   Ancaq məktublarından onu da duyuram ki, zəngin daxili həyata, öz düşüncələr aləminə və hisslər dünyasına malik olan bir insansan, həm də fəal, işgüzar adamsan, o şəraitdə belə müxtəlif mədəni-maarif işlərində aktiv çalışmağa güc və həvəs tapırsan, qoy bu gücün və həvəsin, düşüncələrin və duyğuların, xatirələrin və ümidlərin, iradən və səbrin sənə dayaq olsun. Vətənə, ailənə dönmə inamı, əzmi bütün çətin müvəqqəti mərhumiyyətlərə sinə gərsin, sipər olsun. Sənə acıyan, ağrını, həsrətini duyan, sənə hər cür kömək göstərməyə hazır olan bir qələm dostunun nəfəsi də bəlkə cüzi bir təsəlli oldu. Sənə xoş günlər arzulayıram. Bakıda görüşəcəyimizə möhkəm inanıram.
   
   ANAR
   
   12.IV.1978-ci il.
   
   
   
   Əzizim Zakir!
   
   Çoxdandır səndən məktub almırdım və sənə məktub yazmırdım. Araya yay ayları düşmüşdü. Bakıda yox idim. Sentyabrda qayıtdım. Məktubun bir həftə bundan qabaq çatıb mənə. Cəza müddətinin yarısının keçməsi məni sevindirir. Güman edirəm ki, bu dəfə Ali Sovet sənin xahişinə müsbət cavab verər. Hər halda mən əlimdən gələn köməyi göstərməyə hazıram, yazırsan ki, bir ayı bu işə həsr edim, bir ay da, beş ay da sərf etməyə hazıram, təki ümidlərimiz boşa çıxmasın.
   
   Orada düşərgə rəisliyinin, komissiyanın, deputatların, bir sözlə, kim lazımsa - nə qədər tutarlı, müsbət rəyləri, xarakteristikaları olsa, məncə bir o qədər yaxşıdır. Bütün bu sənədləri, kağızları Ali Sovetə göndərərəm amma, dərhal mənə xəbər ver. Bu aylar mən Bakıdayam, bir özgə səfərim yoxdur. Mütləq yaz mənə. Atam çox ağır xəstəlik keçirdi, indi babatdır. Yubiley yəqin ki, oktyabrın axırlarında noyabrın əvvəllərində olar. Atam hələ çox zəifdir. Ev-eşikdə salamatlıqdır. Mənim də ki, başım bərk qarışıqdır. Güman edirəm ki, sənin məsələlərin xeyirliyə həll olunar və yaxın gələcəkdə görüşüb əməlli-başlı söhbət edərik. Məktubunu gözləyirəm.
   
   ANAR
   
   19.IX.1980-ci il.
   
   
   
   Əzizim Zakir!
   
   Sənin məktubunu və teleqramını aldım. Atamın adına yazdığın məktubu, üstünə atamın da məktubunu qoyaraq Ali Sovetin şöbəsinə təqdim etdim. Yoldaşlarının ərizəsini də həmin şöbəyə şəxsən özüm verdim. Atamın Q.Xəlilov yoldaşın adına yazdığı məktubun surətini sənə göndərirəm. Şöbədə mənə dedilər ki, indi sənin sənədlərinə Ali Sovetin Rəyasət Heyətinə təqdim edənəcən müxtəlif idarələrə Daxili İşlər Nazirliyinə, Prokurorluğa və s. müraciət edəcəklər. O cümlədən düşərgədən, Komissiyadan alınan kağızlar da bura əlavə ediləcək. Yalnız bundan sonra Ali Sovet sənin məsələnə baxacaq. Bu da bir qədər çəkər (məsələn, təqribən bir ay-iki ay).
   
   Hər halda mən də sənə xəbər verəcəyəm. Allaha təvəkkül, təki hər şey yaxşı olsun.
   
   ANAR
   
   3. XII.1980-ci il
   
   
   
   Əzizim Zakir!
   
   Sənin yeni ilini ürəkdən təbrik edirəm. Təki bu il sənin xoş müjdələr ilin olsun. Ümidvaram ki, belə də olacaq. Ali Sovetdən öyrəndim ki, bütün sənədlərin çatıb və bütün lazım olan sənədləri də əlavə edərək Ali Məhkəməyə və Prokurorluğa göndəriblər. Orda işləyən (bu işlərə baxan) yoldaş mənə dedi ki, məhz belə olur, yəni bütün bu müraciət olunan yerlərdən münasib kağızlar-sənədlər alınandan sonra deputat müraciətiylə bir yerdə Ali Sovetin komissiyasına təqdim olunur.
   
   Bu da bir müddət çəkir və yanvarın axırında Azərbaycan Kommunist Partiyasının Qurultayı keçiriləcəyini nəzərə alaraq komissiya sənin işinə hər halda ən tezi fevralda baxacaq. Bu qədər dözmüsən bu çətin bir neçə ayı da gözlə. Bilirəm, bu aylar səninçün bəlkə ən çətin gözləmə ayları olacaq. Amma hər halda yaxşıya, xeyirliyə inan, mən də inanıram. Süleyman Rüstəmlə də danışmışam, sənin işini ona ətraflı nəql etmişəm. O da söz verdi ki, komissiyada səni müdafiə edəcək. Elə bilirəm ki, iş müsbət həll olunar. Həllin uzanması səni nigaran eləməsin.
   
   Fevralda Ümumittifaq qurultay da var, bəlkə də işin həlli lap marta uzandı, hər halda tez-tez soraqlaşacağam və bir xəbər bilən kimi sənə də, ailənə də məlumat verəcəm. Yanvarın 4-də 15 günlüyə Moskvaya gedirəm. Qayıdan kimi Ali Sovetə zəng vuracam və sənə məktub yazacam. Yeni ildə sənə və ailənə bir daha xoş sevincli görüş, birgə səadət arzulayıram.
   
   ANAR
   
   30.XII.1980-ci il.
   
   
   
   Salam Zakir Fəxri, salam.
   
   Yadındamı, 1975-ci ilin sentyabrı. Onda balaca Aynur cəmi beş aylığındaydı.
   
   Onu kolyaskaya qoyub dəniz kənarı bulvara aparmışdın. Həkim tapşırmışdı ki, uşağı tez-tez havaya çıxardın, körpə uşağın sağlam böyüməsindən ötrü bolluca hava lazımdı. Axşama yaxın payi-piyada, yorğun-arğın Yasamala qalxdın. Evə çathaçatda nəfəsini dərmək üçün bir az ayaq saxladın. Körpə qızın yuxuda gülürdü. Özündən ixtiyarsız əyilib onun alnından öpdün. Amma bilmədin ki, alından öpmək ayrılıq əlamətidir...
   
   Düz evinizin qapısı ağzında iki nəfər tanımadığın şəxs sənə yaxınlaşdı, vəsiqələrini göstərib onlarla getməli olduğunu bildirdilər. Dedin uşağı evə qoyub çıxıram, razılaşmadılar, bu işi özümüz görərik dedilər. Səsdən oyanan uşaq ağlamağa başladı, əyildin ki, körpəni öpüb qucağına alasan, qoymadılar, qolundan tutub kənara çəkdilər səni. Nə zalım adamsız dedin... Heç veclərinə də almadılar, gülə-gülə cavab verdilər ki, "biz də bu peşənin yiyəsiyik, sən ədəbiyyatdan ləzzət aldığın kimi, biz də öz işimizdən ləzzət alırıq..." Səni maşına mindirib apardılar. Yol boyu fikirləşdin ki, səni kimləsə səhv salıblar, bir-iki saata qayıdacaqsan.
   
   Amma beş-on dəqiqəlik getdiyin bu yolun dönümü çox uzun çəkdi, bir ömür yaşantılarından da uzun. Ailəndən, körpə balandan beləcə ayırdılar səni. Körpənin iməkləməyindən, ayaq açmağından, dil açıb deyəcəyi hansısa ilk sözdən, kəlmədən ürəyinə düşəsi sevgi odu qaldı azadlıqda... Bu günün özündə də, ata-bala biri-birinizə isinişə bilmirsiniz, yarı doğma, yarı yada bənzəyirsiniz... Yadındamı, məhkəmə gedişində vəkilinlə səni ittiham edən prokuror az qala əlbəyaxa olacaqdılar, hakim onları güclə ayıra bildi.
   
   (ardı gələn sayımızda)

TƏQVİM / ARXİV