adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

DUSTAQXANADAN DUSTAQXANAYA

ZAKİR FƏXRİ
28226 | 2011-10-14 07:23
(əvvəli ötən sayımızda)
   
   Balışının içində gizlətdiyi üç-dörd yarpaq şüyüdü göstərib dedi ki, bu həftəmə bəsdir, mümkün olsa gələn həftə də ona şüyüd göndərim". Qlilovun şüyüd haqdakı söz-söhbəti rejim rəisinə çatdığından, məni çağırtdırıb bu işə son qoymağımı tələb etdi, əks halda şəxsi işimə yazılmaq şərti ilə mənə ciddi cəza verdirəcəyini söylədi. Səhəri gün gül ləklərinin arası və yoncalıq bütünlüklə bellənmiş və suvarılmışdı... Ruhi xəstələr üç dərəcəyə bölünüb ayrı-ayrı korpuslarda yerləşdirilirdi. Ən ağır xəstələr birinci, nisbətən yüngüllər ikinci, sağaldıqları güman edilənlər üçüncü korpusda saxlanılırdı.
   
   Birinci korpus... Çox nadir hallarda məhkəmə salonundan birbaşa, əksər hallarda isə iş kəsiləndən sonra təcridxanalardan ümumi dustaqlarla birlikdə adi düşərgələrə qısa müddətli "ezamiyyətə" göndərilib, yerdəyişmə adıyla buraya gətirilirdi siyasi məhbuslar. Düşərgədən-düşərgəyə ezamiyyətlər izi azdırmaq üçün idi. Yatıb gəlmiş ruhi xəstələri (əslində isə əqidələrinə görə siyasi məhbus olmuşları) birbaşa birinci korpusa gətirir, orada xüsusi müalicə kursu keçirdilər. Dustaqlar arasında bu korpus "keçid korpusu" (perexodnoy korpus) adıyla tanınırdı. Birinci korpusda müalicəsi "müvəffəqiyyətlə" keçmiş ruhi xəstələr buraya salınırdı. Bir müddət yeni müalicədən sonra (tam islah, əqidənin dönməsi) xəstə üçüncü korpusa köçürülürdü. Üçüncü korpus "ölü canlar" adıyla məşhur idi. Bu korpusda sağlam, heç bir ruhi xəstəliyi olmayan adama çevrilir və dövlətin etibarlı adamı kimi azadlığa buraxılırdılar...
   
   Ən dəhşətli, ən qorxulu korpus "itkin düşmüşlərin" ("propavşiy bes vesti") yerləşdirildiyi birinci korpus idi. Hər biri üç mərtəbədən ibarət bu üç korpusu biri-birindən tikanlı məftillər və onların arasında sıx cərgə ilə əkilmiş hündür ağcaqayınlar ayırırdı. Hər mərtəbənin özünün ayrıca həkimləri və tibb bacıları vardı. Həkimlər, tibb bacıları üç növbə ilə işləyirdilər. Gündüz, axşam və gecə növbələri. Mərtəbələrdə on palata, hər palatada iyirmi xəstə yatırdı. Bundan başqa birinci korpusda boks deyilən tək adamlıq kameralar da vardı. İslaha-müalicəyə - xüsusi ehtiyac duyulan xəstələr bura salınardı. Həmin bokslardan eşidilən yalvarışlar, tükürpədici səslər hələ də qulaqlarımdan getmir... Orada xəstələrə elə iynələr vurulurdu ki, təsirindən boyun dönür, baş kürəyə əyilir, əl-ayaq çönürdü... İnsan bədəninin yay kimi gərilib necə formaya düşdüyünü görüb dəfələrlə dəhşətə gəlmişəm o günlər... Palatalara ayrı-ayrı sanitarlar keşik çəkirdi. Palataların xəstələri səhərlər növbə ilə bir-bir tibbi-müayinə otağına gətirilir, iynə, dava-dərmandan sonra yenidən öz yerlərinə qaytarılırdı. Xəstəliyin dərəcəsindən asılı olaraq xəstələrə müxtəlif iynələr vurulur, cürbəcür dərmanlar içizdirilirdi, məcburən. Yadımda ən çox qalanı qalaperidol və aminazin pereparatlarıdır. Bu dərmanlar ən çoxu qallisünasiyaya (qara basma, gözə nəsə görünmə) qarşı idi.
   
   Bundan başqa həkimlər nəzarətçilərin və sanitarların müşayiəti ilə palataları ayrı-ayrılıqda gəzər, xəstələri sorğuya tutub qeyd dəftərçələrinə nəsə yazardılar. Növbəti günün hansı növ müalicəsi bu sorğulardan asılı olurdu... Dərmanların təsirindən əksər xəstələr bütün günü, gecəli-gündüzlü elə hey yatardılar... Yeməkdən-yeməyə onları güclə, bəzən zor tətbiq etməklə oyadardılar. Yemək dəqiqələri elə bölünürdü ki, hər palata ayrılıqda yeyirdi. Bir dəfə Boris Qursev söylədi ki, növbətçisi olduğum palatada (sanitarlar dəhlizdə, palatanın qapısı ağzında dayanırdılar) Volodya adlı birisi ürəyinin sancdığından şikayət elədi, apardım onu "mentin", Olqa Sergeyevnanın (tibb bacısı) yanına. Həkim yox idi deyə Olqa Sergeyevna onu əvəz edirdi. Xahiş elədim ki, ona ürək dərmanı versin, sancır ürəyi. Xəstə özü də çox yalvar-yaxar elədisə də xeyri olmadı. Hətta ona "əziz ana" deyərək də müraciət elədi...
   
   Üstündən bir saat keçmiş qapını bərk-bərk döyüb yenə məni səslədi Volodya: - Boris, mənim əzizim, ürəyim dayanır, kömək elə... Gedib Olqa Sergeyevnaya yalvardım ki, ona ürək sakitləşdirici dərman ver, iynə vur. Cavabında dedi ki, o iynə vurdurub kayf almaq istəyir, kələk gəlir, get keşiyini çək, belə işlərə qarışma, mən öz işimin peşəkarıyam... Xəstələri axşam yeməyinə aparanda gördüm Volodya durmur, bərk yatıb. Ona yaxınlaşdım, gördüm nəfəsi gəlmir, keçinmişdi... Xəstələrin yazdıqları məktubları ilk əvvəl tibb bacıları oxuyur, sonra isə həkimlərə ötürürdülər. Lazım gələni ünvanına çatdırılır, məsləhət görünməyəni isə cırılıb atılırdı. Bir dəfə cırılası bir məktubu (seçilib kənara qoyulmuşdu) ələ keçirib oxuyandan sonra uşaq kimi ağladım...
   
   Məktub sanki südəmər bir uşağın anasına imdad diləyən yalvarışlarıyla doluydu... "Ana elə yuxum gəlir ki... Ana elə acmışam ki... Ana mənə südlü aş bişir, kürəyimi ov, alnımı gəl ovuşdur, məni qucağına al götür yerdən..." Düşərgənin portkomu mayor İonov Rıbinskin ən məşhur siyasi icmalçısı, siyasi mühazirələr oxuyan adamı kimi tanınırdı.
   
   Hər həftə mərkəzi qəzetlərin birində onun həftəlik siyasi xülasələri dərc olunurdu. Ən yaxşı siyasi icmalçı kimi İonov dəfələrlə hökumət tərəfindən təltif edilmiş, o növbədən kənar mənzil və maşınla mükafatlandırılmışdı. Amma biz əl altından bilirdik ki, onun bu siyasi məqalələrini korpusun ən məşhur ruhi xəstələrindən biri "mozq" ləqəbli Şenkov yazır. Əvəzində isə hər dəfə bir qutu filtirli "Zolotoy Runo" siqareti və bir şüşə "Ağdam" çaxırı ilə mükafatlandırılırdı. Həmin mükafat günü "Cəza çəkmək" adıyla boksa salınırdı (tək adamlıq xüsusi kameraya). Mayor İonov həmin gün həftəlik dərc olunmuş bütün mərkəzi qəzetləri də Şenkova verirdi ki, bala-bala oxuyub onunçün növbəti xülasə hazırlasın. Həmin gün cəza kamerasında keşik çəkmək üçün "özünün" sanitarlarından təyin edirdi. Növbəyə layiq görülmüş sanitar isə həmin gün Şenkova düşmüş paydan bir-iki dəfə filtirli siqaret və bir-iki qurtum çaxır dolyası alırdı... Şenkov gözəl bilirdi ki, bu işin üstü açılsa, İonov onu o dünyaya, ölüxanaya göndərəcək. Amma bu sirr heç zaman açıla bilməzdi, İonov torumuza düşmüşdü, nə hava çalsaq ona da oynamalıydı, sədaqətlə də oynayırdı...
   
   Səhər yeməyi zamanı qəflətən həyəcan siqnalı çalındı. Hamı yeməyi yarımçıq qoyub psixi xəstələrin yerləşdiyi korpuslara tərəf qaçmağa başladı (xəstələrlə həkimlər, tibb bacıları arasında, ya da ki, palatalarda münaqişə olanda həyəcan siqnalı verilirdi.). Məlum oldu ki, birinci korpusdakı palataların birində xəstələr arasında dava düşüb. Hamımız ikinci mərtəbəyə qalxdıq. Həkimlər, tibb bacıları, sanitarlar, nəzarətçilər ikinci palatanın qapısı ağzına toplaşmışdılar.
   
   Düşərgə rəisi Viktor Andreyeviç Belevsev, baş həkim Oleq Konstantinoviç Buxmaryov və İonov da orada idilər. Rəis məni çəkib kabinetə apardı, xahiş elədi ki, bəlkə sən birtəhər palaya girəsən, onları sakitləşdirəsən, hər halda ən çox səni eşidirlər... Palatanın qapısını bərk-bərk bağlamış, arxasına bir neçə dəmir çarpayı qoymuşdular ki, itələyəndə açılmasın. Xəstələr hansı yollasa əldə etdikləri bıçaq və lezvalarla silahlanmışdılar. Xəbərdarlıq da etmişlərmiş ki, güc tətbiq olunsa venalarını kəsib intihar edəcəklər... Həkimlərin, tibb bacılarının, nəzarətçilərin haqsızlıqlarına qarşı hərdən bir bu cür etiraz üsulları olurdu. Cəmi ikicə gün əvvəl korpusda möhkəm şimon (axtarış) olmuşdu, artıq görünən, qadağan olunmuş nə ələ keçmişdisə yığılıb atılmışdı.
   
   Bu bircə günün içində bıçaq, lezvaların hardan, kimin vasitəsi ilə əldə olunması rəisi bərk əsəbləşdirmişdi, ağına-bozuna baxmadan ağzına gələn söyüşlərlə həkimləri, tibb bacılarını, nəzarətçiləri söyürdülər. Buxmaryov rəisin söyüşünə cavab verə bilmədiyindən dişləriylə dodaqlarını çeynəyirdi... - Zakir, bu böyük ÇP-dir, kömək elə - deyə rəis bir daha mənə üz tutdu. Şərtim bu oldu ki, münaqişə soyuyandan sonra heç kəs cəzalandırılmasın, xüsusilə də xəstələr. Rəis razılıq verəndən sonra dəhlizə çıxdım, hamıdan xahiş elədim ki, çıxıb getsinlər. Səsimin tonundakı hökm ədasını eşidib hamı dağılışdı. Qormoşkaya (qapının əl boyda pəncərəsi) yaxınlaşdım: - Şenkov, Vorobey,mənəm, açın qapını. İçəridən kimsə dilləndi ki, bu bratın səsidir, bratın özüdür elə. Qapının arxasındakı dəmir çarpayıları səliqə ilə götürüb yerlərinə qoyandan sonra qapını açdılar. İçəri girdim, kimsə al-qan içində döşəməyə sərilmişdi, zarıyırdı. Alt dodağı iki bölünmüşdü, sifəti bir neçə yerdən lezva ilə kəsilmişdi. Qapını açıb baş tibb bacısı Valentina İvanovnanı və sanitarlardan ikisini səslədim.
   
   Onlar qorxa-qorxa içəri girdilər. Bıçağı və lezvaları alıb tibb bacısına verdim. Sanitarlara dedim ki, köməkləşib bunu sarğı otağına aparın. Qapını yenidən örtüb geri dönəndə gözlərim Qlilovun çarpayısına sataşdı. Səliqə-səhmanla yığışdırılmış çarpayıda, ağ üzlüklü pambıq yastığın üstündə "Oqonyok" jurnalından qoparılmış lüt qadın şəkli və şəklin üstünə düşmüş qan ləkələri az da olsa məsələni mənə anlatdı... Bazar günü xəlvəti olaraq Qlilova "Oqonyok" jurnalı vermişdim və ikinci gün geri alacağımı bildirmişdim. İş elə gətirdi ki, - düz bir həftə korpusa gələ bilmədim.
   
   Müxtəlif yerlərdən komissiyalar olduğu üçün oralara yaxın düşmək mümkün deyildi. Uzun illərdən bəri həsrətindən qovrulmuş Qlilov, əlinə düşmüş bu lüt qadın şəklini (intibah dövrü rəssamı çox canlı və ecazkar çəkmişdi) oğrun-oğrun axşamın xəyalında özününküləşdirmiş, o səhifəni jurnaldan qoparıb çarpayısının üstünə qoyubmuş. Xoşu gəlmədiyi, əməllərindən şübhələndiyi bir xəstə çarpayıya yaxınlaşıb şəklə baxmış - əcəb candır - deyə hisslərini gizlədə bilməmişdi. Qlilov (o palatada yuxarı başda yatırdı və korpusun ən qədim sakini idi) tez, çaparaq məhkəmə qurmuş, bunu onun qüruruna, şərəfinə toxunmaq kimi qiymətləndirmiş, lezva çıxarıb onun üzünü iki-üç yerdən kəsmişdi. Təbii ki, onun hökmü ilə xəstələr də bu "Binamusu, bişərəfi" özgə qadınına göz salanı təpikləyib möhkəmcə əzişdirmişdilər...
   
   Əllərimi Qlilovun ağappaq, ağarmış saçlarına toxundurdum, barmaqlarım titrədi... Öldür məni, brat, öldür! Yüz il ömrüm ola yer altı şaxtada uf demədən yaşayıb başa vuraram, gəl ki, bu primitivlərin, bezdarnıların (müstəntiqləri, həkim-psixiatrları nəzərdə tuturdu) sualları, özü də səkkiz il gecəli-gündüzlü eyni sualları məni bezikdirib. O əclafı, o "setkanı" (döyülən xəstəni) isə (hər hansı bir sirrə nail olmaq üçün dustaq, xəstə adı altında kameraya salınmış casus "setka" adlanır) mənə sataşmaq üçün qəsdən bura salıblar... - Gizlət şəkli, əlindən alarlar, - deyib palatadan çıxdım. Rəisi, baş həkimi güclə dilə tutdum ki, onu boksa salıb "xüsusi kurs müalicə"yə düçar etməsinlər. Amma Allahdan olan kimi onlar öz vədlərinə xilaf çıxmadılar. Bu adicə bir hadisə yox, dəhşətli bir kino səhnəsi idi. Yavaş-yavaş illər öz sözünü demiş, yorucu üzüntülər, sıxıntılar Qlilov kimi əqidəsindən, mübarizliyindən heç nə ilə dönməyən bir adamı "yetişdirməyə" başlamışdı.
   
   Səkkiz il dəmir barmaqlı eyni pəncərədən eyni səmtə, eyni ağaclara baxa-baxa, yay-qış ayları ondan başqa quş görmədiyindən Qlilov quşların içində ən çox qarğanı sevirdi deyə, danışanda bir növü səsi də qarğa səsinə bənzəyirdi... Bu səkkiz ildə ona vurulan qalaperidol yavaş-yavaş onu kütləşdirmiş, bəlkə də canlı bir robota döndərmişdi. Doğrudan da bu dünya bir pəncərəymiş, amma üzümüzə açılan yox, üzümüzə bağlanan bir pəncərə. Mən bu həqiqəti dəmir barmaqlıqlar arxasında qalanda və dünyayla, həyatla əlaqəm yalnız pəncərə adına xırda bir nəfəslikdən ibarət olanda daha dərindən hiss etdim. Ümid edirəm ki, bir gün o pəncərə açılacaq, pərdənin arxasında qalan bütün üzlər görünəcək - olduğu kimi, ən xırda cizgilərinə qədər...
   
   
   
   
   
   Romana sözardı
   
   
   
   1976-da başladım bu romanı. Düşüncələrimin burulğanında üzə-üzə gəlib düz ortasına çıxmışdım. Yuxudaykən gecəyarı məni oyadıb etab elədilər ucqar Rusiyaya. Həyatımı, keçmişimi o cümlədən, həmin romanı da məndən ayırdılar. Nə o mənim,nə də mən onun sonrakı taleyindən xəbərdar ola bildik... Ya cırıb atdılar zibilliyə, ya da yandırdılar, bilmirəm. 1977-dən yenidən yaddaşımda qalanları köçürməyə başladım ağ vərəqlərə. Günlərin bir günü Yaroslavl vilayət DTK-sından gəlib yazdıqlarımı apardılar, bu dəfə qaytaracaqlarına söz verdilər. Amma generallar - Pakinin, Belevsevin səylərinə baxmayaraq əlyazmalarımı geri qaytarmadılar... Yadımdadı, ikinci cəhdimdə də təxminən eyni yolu qət etdim. Üçüncü cəhdim isə azadlıqda oldu. Bir hissəni yaddaşımdan (həyatıma qənim kəsilən yaddaşımdan) kağıza köçürdüm (indi oxuyacağınız). O da yarımçıq qaldı. Ölkə dağıldı, quruluş dəyişdi... 1990-da oğlum oldu. Düz on yeddi il uşaq kimi başım uşağıma qarışdı... Düz 17 il! İndi yenə təkəm. Tək-tənha. Və mənim indi bu tənhalıqdan yeganə xilasım geriyə, keçmişə, o romana qayıtmaqdır. Və mən o yolu mütləq qayıtmalıyam.

TƏQVİM / ARXİV