adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7

DUSTAQXANADAN DUSTAQXANAYA

ZAKİR FƏXRİ
23819 | 2011-10-06 07:54

   
   (əvvəli ötən sayımızda)
   
   
   
   Uca hasarlarla əhatə olunub, daxildən də hündür hasarla iki bölünmüş düşərgə iki əsas sahədən, iş və yaşayış sahəsindən ibarətdi. Hər iki sahədə gediş-gəliş üçün keçid məntəqəsi (müşahidə, yoxlama) var. Hər səhər işə çıxanda bütün briqadalar (ikinci növbələrdə işləyənlərdən başqa) ayrı-ayrılıqda cərgələrə düzülür və yoxlamadan keçir. Əvvəlcə briqadaları ad-familiya ilə sonra isə sayla bir-bir saymağa başlayırdılar.
   
   Pencəyin sinəsində ad-familiyan və briqadanın nömrəsi göstərilən nişan ("birka") olur. Yatıb qalanlar, gecikənlər olanda briqada məcburi onları gözləməli olurdu. Yoldaşlarını gözlətməsinlər deyə gecikənlər isə cazalandırılır, cəza almaq isə azadlığa aparan yolları addım-addım uzadır... Odur ki, hər vasitə ilə bundan uzaq qaçırsan. İş zonunda (sahə) müxtəlif sexlər fəaliyyət göstərirdi: ağac emalı, nərdxana-şahmat, yeşik, çərçivə, mebellər üçün hissələr düzəldilən və i. Düşərgə əslində mebel fabrikası idi. Yaşayış zonu üzbəüz iki dördmərtəbəli yaşayış binalarından, bir böyük kinoteatrdan, hamamxanadan, tibb məntəqəsindən və asfalt döşənmiş idman meydançasından ibarət idi. Yeməkxanaya giriş iki yerdən idi, həm iş, həm də yaşayış zonasından. Keyfiyyətsiz yemək hazırlanırdı deyə (Bayıl türməsindəki kimi) gün ərzində yeməkxanaya 150-200 dustaq gedə-getməyəydi.
   
   Düşərgədə isə iki mindən artıq dustaq vardı. Ona görə də yeməkxana müdiri (ora xeyli maya qoyub sahib olursan, sonra da qaz vurub qazan doldurursan) gündəlik ərzağı-əti, yağı, kartofu, soğanı və i. müxtəlif qiymətlərə dustaqların özünə satırdı... (Azadlıqda pul qazanmaq üçün müxtəlif üsullara, əməllərə əl atanlar burda da öz adətlərinə sadiq idilər...) Əksəriyyət özü öz çay-çörəyini hazırlayır, özü öz başını dolandırırdı... Bir sözlə, maddi imkanın, yanına gəlib-gedənin olmadısa evin yıxıldı. İşləyib qazandığın əmək haqqından (dustağa gördüyü işin çox cüzi hissəsi ödənilir) ərzaq almaq üçün səkkiz manat pul ayrılır. Qayda-qanun pozuntusuna yol verəndə isə ondan da məhrum olursan. Həmin pul, köçürmə yolu ilə verilir və ayda bir dəfə açılan ərzaq köşkündə, dükançıda briqadalar üzrə siyahı olur və siyahı üzrə səkkiz manatlıq mal,(siqaret, konserv, corab və i.) verilir.
   
   Qanun əsasında ildə üç görüşə icazə verilir. İki görüş ümumi (bir, iki saatlı) bir görüş isə şəxsi. Şəxsi görüşdə ailən iki-üç gün yanında qala bilər. Düşərgə rəisliyinin o ixtiyarı da var ki, nümunəvi dustaqlara ailəvi şəxsi görüşü altı aydan bir versin. Şəxsi görüşlər üçün düşərgənin bir küncündə yaşayış və iş zonundan təcrid olunmuş otaqlar olur. Dustaq yanında qalan (görüş günləri) ailələrin xörək bişirməsi üçün kiçik mətbəx də olur. Ailəndən ayrılıb düşərgəyə qayıdanda "şimondan" keçməlisən. Cəzanın yarısını çəkmisənsə özünlə beş kq ərzaq götürə bilərsən, çəkməmisənsə cəmi bir kq. Amma çəki məsələsində "razılığa" gəlmək olur.
   
   Qanun əsasında ildə sənə düşəcək görüşlərin verilib-verilməməsi dəstə rəhbərindən, rəisindən asılıdır. Qayda-qanunu pozanda, cəza alanda, iş planlarını yerinə yetirməyəndə görüşdən məhrum oluna bilərsən. Amma bir həqiqət var: ailə görüşləri nə qədər çox olarsa (heç olmazsa üç aydan bir) dustağın islahına bir o qədər xeyri dəyər, doğmalarla, dost-tanışla görüşlər hardasa bir mənəvi, əxlaqi qidadır və azad dünyanın zəngin mənəviyyatına salınan bir həsrət körpüsüdür.
   
   Azadlıqdan, cəmiyyətdən təcrid edilib dörd divar arasında saxlanılan dustağı təbiətin, torpağın ən adi nemətlərindən belə məhrum etmək, onda qanunların humanistliyinə, ədalətinə şübhə oyadır, kin-küdurət yaradır. İllərlə ləziz xörəklərə, meyvə-tərəvəzə həsrət qalan dustaq fiziki cəhətcə zəifləyib anormal olur, min bir xəstəlik tapır. Dustaqxanadan çıxanların əksəriyyəti mədə yarası, vərəm xəstəliklərinə düçar olur, bir sözlə şikəst bədən olur. Düşərgədə iş zonu ilə yaşayış zonu arasındakı keçid məntəqəsində bir "quşxana" vardı. Çox zaman bir bəhanə ilə (işə çıxmamısan, başında tük çoxdur, dünən dava eləmisən, dünən içki içmisən) adamı salırdılar ora. Tədbir görməsən, yəni oturub-durduğun dustaqlar pul toplayıb səni qurtarmasa - on beş günlük karserə, ya da bir aylıq şizoya salınırdın... Bu sahədə düşərgə rəisi Suren Minasoviç Akopyanın qayda-qanun, rejim üzrə müavini ("oper") Boris Pavloviç Borisenko və onun dəstəsindən olan nəzarətçilər xüsusilə mahir idilər. Borisenko hərdən bir gecələr növbədə olanda, düşərgədə qalanda "quşxana" beş-altı dəfə dolub-boşalırdı...
   
   Zalımın yüzdən yuxarı donos daşıyanı vardı, kim kiminlə nə söhbət edirdisə, kim hansı havayla nəfəs alırdısa dərhal onun ovcunda idi... Düşərgənin Faraonu idi, zalım. Özü nəşə, araq satdırır, bu malların kimə satıldığını bilir, şimon edib satdırdığı malı tutur, həmin adamdan xeyli pul qoparır və həmin malları yenidən oyuna, dövriyyəyə buraxırdı. Düşərgədə varlı adamlar çox idi. (Raykom katibləri, kolxoz sədrləri, sexoviklər və s.). Həmin imkanlı adamlar adətən iş zonunda, işlədikləri sexlərdə özləri üçün düzəltdirdikləri kabinetlərdə (butkalar da olurdu) yaşayırdılar. Onlar çox az hallarda bu tərəfə, dustaqların yaşayış zonuna gələrdilər. Oda ki, maraqlı tədbir, kino, konsert, iclas olanda. Azadlıqda olduğu kimi düşərgədə də sosial təbəqə, dərhal seçilirdi, gözə çarpırdı. Özü də o varlı, imkanlı adamlar xoşları gəlməyən, yaxud çəkinib qorxduqları (təmiz dustaqlardan öz murdar əməllərinə görə qorxurdular) dustağı pul gücünə Borisenko vasitəsilə düşərgədən uzaqlaşdırardılar. Rəislik məqam tapıb gecə ikən hər şeydən bixəbər olan həmin dustağı ucqar yerlərə yatab göndərərdi, adı da bu olardı ki, (yuxarı dairələrdə) həmin dustaq düşərgədə hökm sürən əmin-amanlığı, xoş ab-havanı pozur...
   
   
   
   Bunt (üsyan)
   
   
   
   1977-ci ilin iyun ayının ortaları qızmar bir yay günü idi, havadan yanıq qoxusu gəlirdi,qırx dərəcəni ötüb-keçən istidən, bürküdən, adamın nəfəsi kəsilirdi. İşləməyə həvəsim olmadı deyə yaşayış zonuna, otağa qayıdası oldum. Vaxtı (yoxlama, keçid məntəqəsi) keçəndə nəzarətçilərdən biri söz atdı: "a şair, işdən yarımçıq qayıtmaqda yəqin yazmağın gəlib, bir-iki kəlmə də bizimçün yaz, deyək bizə də qiymət verən şairimiz var". Qanuna görə iş zamanı iş zonuna buraxmırdılar. Növbənin sonunda briqada ilə birgə qayıtmalısan. İkinci mərtəbədə, on nəfərlik bir otaqda yaşayırdım, iki mərtəbəli beş çarpayı yerləşdirmişdilər. Korpusda altmış, yetmiş, doxsan nəfərlik də baraklar vardı.
   
    Bərk yorğun idim, isti məni taqətdən salmışdı, məndən başqa bir nəfər də vardı otaqda, nə isə yazırdı. Görünür ya povest, ya da roman idi, çünki qarşısındakı qalın dəftərə köçürürdü fikirlərini. (Düşərgədə onlarca "şair", "yazıçı", "dramaturq" vardı...) Və onlardan biri məni boğaza yığmışdı, gündə bir pyes yazıb qaçırdı yanıma: "mən ölüm, vaxtın varsa bir buna qulaq as, bir damcı şeydi". Və hər dəfə də deyərdim ki, pis deyil, amma bir az üstündə işləmək lazımdı. Zəif deməyə dilim gəlmirdi...
   
   Həmkarım qələmini kənara qoyub bir siqaret alışdırdı və başladı ki, a şair, filankəs gündə səndən Borisenkoya donos aparır, deyir nəyi görürsənsə yazırsan, dustaqlar arasında təbliğat aparırsan ki, filan şey belə olmalıdı, filan şey düz deyil, filan şeyə son qoymaq lazımdı və i.a. Borisenko səndən yaman çəkir, özünü gözlə, fursət düşsə itirəcək səni. Bunları mənə eşitdirəndən sonra o, təzədən yazıya girişdi. Yerimə uzandım.
   
   Xatirələr məni çəkib apardı hasarın o üzünə, azadlığa... və beləcə yaddaşımı yora-yora bərk yuxuya getdim. - "Ay ana, qoyma öldürdülər məni. Ay qardaşlar, qoymayın qurbanınız olum... A...a..." Bu tükürpəşdirici qışqırıq, haray səslərinə yuxudan hövlənak oyandım, cəld əynimi geyinib bayıra qaçdım. Axşam saat səkkiz, doqquz olardı. Həyətdə iynə atsaydın yerə düşməzdi. "Vaxtın" dəmir qapıları kilidlənmiş, iş zonunda (maşın keçən) keçid qapısı arxadan bağlanmışdı. Bir neçə yerdən barikadalar düzəlmişdi.
   
   Binanın üstünə ağ bayraq sancmışdılar və ətrafında əlində benzindolu şüşələr tutan bir neçə dustaq var-gəl edirdi. Üzbəüz barakdan inilti, zarıltı səsləri gəlirdi. Orda kimsə hirsli-hirsli göstəriş verirdi: "Alə, qırın bu köpək uşaqlarını, bu danos daşıyan oğraşları".
   
   Özümü baraka saldım. Əlində lom, dəmir parçası, bıçaq, dəyənək olanları güc-bəla ilə bayıra çıxartdım. Yerdə qalanlara bərk təpinib, öyüd-nəsihətlə sakitləşdirdim. Çoxunun ağzı-burnu qanla dolmuş, dişləri tökülmüş, başı yarılmışdı. Bəzilərinin çənəsi sınmış, bəziləri isə zərbədən huşunu itirib döşəməyə sərilmişdi. Əksəri "sevepeşniklər" (SVP sotrudnik vnutrennoqo poryadka) idi. Daha ağır tədbirlərə əl atmasınlar deyə bir-iki nəfər sözü keçən uşağı qapının ağzına qoydum ki, heç kimi içəri buraxmasın: Allah vurmuşun axı nəyini vurasan, onsuz da ölüdür bunlar, simasız ölülər". Biri yıxılıb bərk-bərk ayaqlarımdan yapışdı ki, bəs getmə, bizi öldürəcəklər.
   
   Qaraçı idi, ağzının qızıl dişləri tökülmüş, çənəsi sınmışdı... Bayıra çıxdım. Nəzarətçilər hamısı qaçmışdı, biri hətta o hündürlükdə hasardan necəsə tullanıb keçə bilmişdi. Bəlkə də hasarın ucundakı şüşələr əllərini doğramışdı... "Vaxtın" içində, pəncərənin dəmir qəfəsi önündə Vaqif adlı nəzarətçidən başqa kimsə görünmürdü. O da ləyaqətli, vicdanlı, qanacaqlı bir oğlan idi deyə dustaqlar ona dəyməmiş, acı bir söz belə deməmişdilər. Dəmir qapının bizə açılan üzündə daş-kəsəkdən, qapı, pəncərə çərçivələrindən, dəmir-dümürdən uca bir barrikada düzəlmişdi. Kimsə dedi ki, od vuraq "vaxta", düşərgəyə, yandıraq hər şeyi. Amma sözümü yerə salmadılar, dedim ki, bu çıxış yolu deyil, bir az gözləyin, görək nə gəlir başımıza. Hər şey gözlənilmədən, düşərgədə baş alıb gedən adicə bir haqsız qərardan sonra başlanmışdı.
   
   (ardı gələn sayımızda)

TƏQVİM / ARXİV