adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

DUSTAQXANADAN DUSTAQXANAYA

ZAKİR FƏXRİ
67292 | 2011-10-05 14:00
TANRININ SINAĞA ÇƏKDİYİ ZAKİR FƏXRİ
   
   Bilmirəm Tanrının bu dünyada sevdiyi bir adam qalıb, ya yox, çünki hara baxırsan qan-qada, savaş, müharibə, aclıq-yalavaclıq, sunami, zəlzələ, qasırğa, bir tikə çörəyə həsrət milyonlarla uşaq, 7 milyard adam, 17 milyard bomba, 140 milyard güllə. Elə bil Tanrı bezib bu Yer üzündən. Daha doğrusu, bu Yer üzündəki yaratdıqlarından.
   
   Nə isə, Tanrının işinə çox qarışmayaq. Amma onu bilirəm ki, yəni oxuduqlarıma görə, Tanrı çox zaman sevdiyi insanları sınağa çəkir. Özüm özümü inkar eləsəm də, Zakir Fəxrinin timsalında deməli, hələ Tanrının Yer üzündə sevdiyi insanlar var. Bəlkə elə onların üzünə bu dünyanı dağıtmır. Bu adam doğulandan Əyyub peyğəmbər kimi sınağa çəkilir. Dünyanın əzabını-əziyyətini yaşayır. Mən onun çəkildiyi sınaqları sadalamaq fikrim yoxdu. Tanrı sonda Əyyub peyğəmbəri mükafatlandırdı. Və inanmaq istəyirəm ki, bir gün Zakir Fəxrini də mükafatlandıracaq.
   
   Bu sınaqlardan biri Zakirin həbsxanaya düşməsi. Gedib ağ ayıların yanında yaşadığı həbsxana həyatı. Və Zakir Fəxri həbsxana həyatı ilə bağlı çox maraqlı bir roman yazıb. Roman kitab kimi çap olunub, amma cəmi 500 tirajla. Onun da yarısını Zakir kitab oxuyan dostlarına bağışlayıb, yarısını da kitab oxumayan vəzifəli dostlarına. Yəni geniş oxucu kütləsi bu kitabdan xəbərsizdi. Ona görə də belə qərara gəldik ki, Zakirin həmin əsərini bu gündən başlayaraq qəzetimiz vasitəsilə geniş oxucu kütləsinə, həm də internet vasitəsilə Azərbaycandan kənarda yaşayan oxucularımıza çatdıraq. Əsərlə bağlı göndərdiyiniz rəyləri də çap edə bilərik.
   
   Aqil Abbas
   
   
   
   EVİMİN İÇİNDƏKİ BİR QƏRİBLİKDƏ
   
   Heç bilmirəm niyə belə başladım... Yazmaq istədiyim başqa-başqa şeylərdi. Bu adda bir şeirim də var:
   
   Mənsə, qayıdıb ötən illərə,
   
   bir qəmli günün altında.
   
   çiçək qəmlərimdən, gül qəmlərimdən
   
   bircə gecəliyə, bir çəkim dərib.
   
   Evimin içindəki bir qəriblikdə
   
   Oturub şeir yazıram qərib-qərib...
   
   Bir dostumun danlağından, təkidindən sonra bu yazını yazmağa başladım. Son iki ildə ilk dəfə əlimə qələm aldığımdandı bəlkə də, qələm də, ağ kağızlar da qərib gəldi, qərib göründü mənə.
   
   Amma o "zalım" dostum daha dəqiq, daha yerində deyib:
   
   Şairlər qəribdi bu yer üzündə
   
   Küçədə, bayırda, evdə, eşikdə.
   
   Meşənin içində, çölün düzündə.
   
   Oğul, qız yanında, ata yanında
   
   Qəribik, şairim, bu yer üzündə.
   
   Tərs kimi bu yazını da "Xəzər" adlı bir qərib (özüm kimi...) jurnala yazıram. Və bu jurnalın işçilərinə yazı bəyəndirmək yaman çətindi. Həmişə də "hər şeyin başı sözdü, söz Allahdan, Allah sözdən yaranıb" - deyirlər. Hələ şairdən misal da gətirirlər:
   
   Gözümdən yıxıldım, Allah,
   
   Gözüm yaşından yıxıldım.
   
   Hər şeyin başı sözdü,
   
   Sözün başından yıxıldım.
   
   Bilirəm ki, yazmaqdan asılıdı, yaxşı yazmaq da ki, bəxt kimi bir şeydi. Tərs kimi bəxt deyilən şey məndən uzaqdı, bəxtim gətirmir heç...
   
   Ayağı yalın uşaqtək
   
   Ayaqları yalın baxtım!
   
   Əziz oxucu! Bu cavan yaşımda çox müsibətlər gəlib başıma, çox ağır sınaqlardan, imtahanlardan çıxmışam.
   
   Və bu yaşımda bəlkə də yaşlı, ahıl bir qocanın ömrünü yaşamışam. Ali məktəb illərindən başlayaraq ta bu günəcən ziddiyyətli bir tale yolu keçmişəm. Bakıda qalmadığım, kirayə yaşamadığım küçə axtarsanız bəlkə də tapılmaz... Biz eşitmişik insan dünyada kirayənişdi, daha yad küçələrdə, yad evlərdə yox. Özü də 1966-cı ildən 1989-cu ilin sonunacan... Qorxum onnanıydı ki, balalarım da özüm kimi küçə-küçə, ev-ev kirayə yaşaya və bu bir ənənə şəklini ala. Amma çox şükür, Allaha şükür ki, balalarımın başı üstə dam var. (Allah hamıya nəsib eləsin). Üç otaqlı bir mənzil alıb köçdük və olub-verənimizi bir otağa yığdıq. Bir müddət iki otaq boş qaldı və balaca qızım Aysel hər gün o boş otaqları göstərib soruşdu ki, "ata, bəs qonşularımız haçan gələcək, bizdən savayı heç kim yaşamayacaq bu evdə?.." 1975-ci ildə dustaqxanaya düşdüm, on il iş kəsdilər mənə. Bu on ilin tam yarısını, düz beş il üç ayını müxtəlif həbsxanalarda yatdım.
   
   Xalq şairi Rəsul Rzanın və yazıçı Anarın təəssübü və qayğıkeşliyi sayəsində dustaqxanadan azad olundum, yerdə qalan beş il cəza müddətini bağışladılar... Uzun illərdir ki, taleyimlə, dustaqxana illərimlə bağlı bir roman üzərində işləyirəm, adı "Dustaqxanadan dustaqxanaya"dır. Sizə təqdim edəcəyim bu yazı həmin romandan kiçik parçalardı. Bu yazıda çox şey sizə qaranlıq qala bilər, amma ümid eləyirəm ki, romanda hər şey tam təfsilatı ilə sizə aydın olacaq.
   
   
   
   İSTİNTAQ İZOLYATORUNDA
   
   
   
   Bakı şəhər daxili işlər idarəsi istintanq izolyatorunda üç gün qaldım. Elə birinci günün axşamı yanıma bir nəfər saldılar.
   
   Qoltuq ağacındaydı, arıq, uzunboy, qarayanız bir oğlan idi. Ağzındakı dişlərin çoxu qızıl idi. Yaralı ayağının sarğısı qan içindəydi. Əllərini başının altına qoyub quru döşəmədə uzandı. Yarası onu bərk incitsə də, inildəmirdi, birtəhər özünü saxlayırdı. Gecə uzunu iki dəfə uzandığı yerdən qalxıb oturdu, qoltuq ağacı ilə döşəməni döyəcləməyə başladı və nəzarətçi səs-küyə gəlib qapını açanda ondan həkim çağırmağı tələb etdi. Təcili yardımdan həkim gəldi və ona ağrı kəsən iynə vurub getdi. Bir az özünə gələndən sonra üzünü çevirib diqqətlə mənə baxdı. Siqaret təklif etdim, istəmədi. Nə üstündə tutulduğumu soruşdu, hər şeyi olduğu kimi bircə-bircə ona danışdım. Məni xeyli suala tutdu və hər cavabımdan sonra gah başı ilə razılığını, gah da narazılığını bildirirdi. Söhbətin şirin yerində qapı açıldı, məni yuxarıya istintaq şöbəsinə apardılar...
   
   Hava təzəcə işıqlanırdı. Qayıdanda xeyli ərzaqla qayıtmışdım, kolbasa, pendir, yağ, toyuq soyutması, göy-göyərti... Kameranın qapısına çataçatda məni müşayiət edən milisioner əlini çiynimə qoydu: Şair, qardaşına bir "çörək pulu" ver... (yuxarıda cibimə pul qoyanda görmüşdü) Ona iki onluq uzatdım - Çox sağ ol, - dedi, - Allah sənə qapı açsın, Allah mərdiməzarın evini yıxsın, darıxma, sənə də qapı açan tapılar... Sonra da məni başa saldı ki, səninlə qalan o oğlan ki, var, "vor zakonnikdi", kliçkası (ləqəbi) Yaşadı, milis işçiləri ayağından güllə ilə vurub, qaçıb ələ düşməmək itəyirmiş, türmələrdə yeri yuxarı başdadır... Döşəmənin üstünə qəzet səhifələrini düzüb süfrə açdım. Çay-çörəkdən sonra uzun-uzadı söhbət elədik. Yaşanın əsl adı Aydın idi. O mənə cinayət dünyasından, onun qayda-qanunlarından, öz taleyindən, uşaqlıq illərindən ta bu günəcən həyatının məhbəslərdə keçdiyindən, ara-sıra azadlığa buraxılıb hər dəfə də azadlıqda cəmi bir-iki ay qaldığından, sonra hansısa bir iş üstündə tutulub yenidən məhbəslərə qayıtdığından ağızdolusu, iftixar hissilə xeyli söhbət elədi. Qısa müddət ərzində cinayət dünyası haqqında məndə xeyli təəssürat, anlayış yaratdı.
   
   Onun özünəməxsus dünyagörüşü, həyata bələdçiliyi, qısa və yığcam fikirləri məndə daxilən ona qarşı bir doğmalıq hissi oyatdı. Onun düşüncəsinə, ağlına, səmimiyyətinə valeh oldum. "Vor-zakonnik" (oğru, lotu) cinayət dünyasında ən yüksək ad, ən yüksək rütbədir. Bu adı qazanmaq və qoruyub saxlamaq olduqca çətindir. Oğru adı almaq üçün azyaşlılar yatan düşərgələrdən başlayıb bağlı (krıtı) türmələrədək ağır yollar keçməli, cinayət dünyasının qanunlarına sədaqətlə, cəsarətlə xidmət etməlisən. Bu ad ancaq bağlı türmədə ("krıtıda") bir neçə oğrunun özləri tərəfindən (adı alası adamın iştirakı ilə) verilir və bu mərasimdən sonra dərhal cinayət dünyasına, bütün türmələrə, düşərgələrə bu haqda xəbər verilir. Elə də olur ki, bu adı alan, bu ada layiq görülən adam bir səhv hərəkətin ucbatından rütbəni daşıya bilmir və oğru adından məhrum olunur.
   
   Oğru deyəndə - oğurluq edən nəzərdə tutulmur. Oğrunun cinayət dünyasında mövqeyi hardasa bəylə rəiyyətin münasibətini xatırladır. Oğru yatan türmədə özbaşınalıq, ədalətsizlik olmur. "Sxodka"da (münaqişəni ayırd etmək, bir məsələni, bir mübahisəni həll etmək) oğrunun çıxardığı nəticə, qərar, hökm dəyişilməzdir. Bu zaman məsələ çox həssaslıqla, ədalətlə həll olunur. Bir sözlə, hər şey salınır "zakona" (qanuna) və hərə öz yerini, öz işini bilir. Cinayət dünyasında "ni putyovı" (cinayət dünyasının yolçusu olmayan, onun əlaltı və açıq əleyhdarları) adamın təmiz adama əl qaldırması, "qrex" (günah, cinayət) sayılır və o adamlar cəzalandırılır. Oğrunu qoruyan, onun təəssübünü çəkən "zakonnik"lər (cinayət dünyası qanunlarına sədaqətli dustaqlar) və "mujiklər" (iradəli, əyilməz, oğru yolunda hər şeyə, hətta ölümə belə hazır peşəkar cinayətkarlar) olur. (Bu barədə üstündə işlədiyim romanda yerli-yerində, ətraflı yazmışam deyə qısa şərhlə kifayətlənirəm).
   
   Qanunda deyilir ki, məhkəmə iş kəsməmiş, azadlıqdan məhrum edilməmiş, ibtidai istintaqa cəlb olunmuş adam vətəndaş hüquqlarına malik olur, o adam istintaqın gedişi üçün cəmiyyətdən müvəqqəti təcrid olunur. Çox təəssüf ki, kağız üstə belədir, əslində isə ən adi məişət qayğılarından belə məhrumsan.
   
   
   
   BAYIL TÜRMƏSİ,
   
   88, 89-CU KAMERALAR
   
   
   
   Bir neçə gün qaranlıq zirzəmidə qalandan sonra məni Bayıl türməsinə apardılar. "Varanok"dan düşəndən sonra dörd yanımı diqqətlə nəzərdən keçirdim. Avtomat qurğularla açılıb-örtülən iki enli, hündür dəmir qapılardan keçmişdik. İçəridə silahlı əsgərlər gəzişirdi.
   
   Məndən başqa bir neçə dustaq da gətirmişdilər. Bizi qalın, çopur divarları olan bir daş kameraya saldılar. İçəridə iki zabit və dörd-beş nəzarətçi dayanmışdı. Zabitlərdən böyüyü göstəriş verdi: "Yoska, şimondan keçirt bunları, qulaqlarının deşiyinəcən yoxla". Yoska bir-bir əyin-başımızı soyundurdu, əməlli-başlı "şimondan" (axtarış) keçirdi bizi, əynimizi geyinib cərgə ilə bir kənarda dayandıq, zabitlərdən biri şəxsi işləri vərəqləməyə başladı. Sonra ad-familiyaları yoxlayıb bir-bir, iki-iki kimin hansı korpusa, hansı kameraya salınması haqda göstəriş verməyə başladı. Növbə mənə çatanda qayıtdı ki, bunu ikinci korpusa...
   
   Türmənin həyətinə çıxanda işıqdan gözlərim qamaşdı. (Çoxdandı işıq üzü görməmişdim.) Neçə gündən bəri ilk dəfə göy üzünü, azad göyləri gördüm... Gözlərim doluxsundu, ürəyimdən bir qərib gizilti keçdi, ruhum göynədi...Umudum, gümanım bir anlığa bağlandı. Mənə elə gəldi ki, indicə göylərdən bir ilahi əl uzanıb məni bu qəfəsdən, bu ağır zindandan dartıb çıxaracaq. Göy üzündəki o əzəli azadlığıma qaytaracaq. Axı heç bir ağır cinayət törətməyən, kimsəyə daş atmayan, nahaqdan tutulan öz dustaq bəndəsini Allah görməyə bilməzdi. Nədənsə bu sonuncu fikrimdən hər şeyə ümidim qırıldı, lap dünyaya gəldiyim gündən müqəddəs saydığım göy üzünə də...
   
   Məni kiçik bir kameraya saldılar. İçəridə üç dənə ikimərtəbəli çarpayı və beş dustaq vardı. Çarpayılar elə düzülmüşdü ki, var-gəl etməyə iki-üç addım yer qalmışdı. Tanışlıq zamanı öyrəndim ki, "marqarinşik"lərdi, yağ üstündə tutulublar. Əyin-başlarından, çəkdikləri bahalı siqaretlərdən bəlli olurdu ki, karlı adamlardı. Pəncərənin dəmir barmaqcıqlarından hisə verilmiş xeyli kolbasa asılmışdı. Hamısının da yorğan-döşəyi, balışı evdən gətirilmişdi.
   
   Günorta yeməyi idi, "qarmoşka"nı (dəmir qapıda şagird dəftəri boyda gözlük) açıb yemək lazım olub-olmadığını soruşdular. Heç kimdən səs çıxmadı. Əlimi uzadıb dəmir boşqabı və bir fal qara çörəyi aldım və daş döşəməyə bərkidilmiş dəmir stolda oturdum. Bərk acısam da bir-iki qaşıq zorla yeyə bildim, kələm turşusundan bişirilmiş borşdan üfunət iyi gəlirdi. Bir az sonra xörək paylayan dustaq yenə qarmoşkanı açdı və mənə dedi ki, qabını ver "vtoroy" çəkim. Kartof püresi idi, qabağıma qoyub iştahla yeməyə başladım. Bu zaman bir nəfər ayaqyoluna girdi (tualet kameranın içində idi). Ayaqyolunun üstü açıq idi. Qapı yerində, girəcəkdə köhnə döşək üzü asılmışdı. Dedim ki, ay kişi (adını hələ bilmirdim) süfrədə oturan olanda ora girməzlər, qanacağın olsun. Sözümə məhəl qoymadı. Bir nəfər yekəqarın isə gülə-gülə dedi ki, öyrəşərsən, əsəbləşmə, özü də burda "zakon-makon" hərrəmirik. Ayaqyolundakı da çıxdı və qoşuldu o yoldaş deyənə: - Səsinin gur yerinə salma, - dedi - Xoşun gəlmirsə get "tretiyə", zakon hərlədənlər orda yatır. Qabağımdakı xörək dolu miskini götürüb onun üstünə atdım. Əvəzində mənə təpik atdı. Gücüm gəldikcə sifətinə bir tutarlı yumruq vurdum. Davud adlı birisi (yəhudi idi) aralığa girdi. Bir müddət sakitlik çökdü. Nəzarətçi gəlib "qarmoşka"dan səs-küyün səbəbini soruşdu. Cavabsız-zadsız ondan döşəküzü, balışüzü istədim. Qayıtdı ki, - bu oğlanı özünüz başa salın, - "qarmoşka"nı örtüb getdi. Davud mənə dedi ki, bu kameradan adambaşı hər ay iyirmi manat kirayə pulu, on manat isə yorğan-döşək pulu verilir... Nahardan sonra gəzintiyə çıxanda nəzarətçi Davudu kənara çəkdi və nə haqdasa söhbət elədilər. Axşam yeməyinə yaxın məni korpusun rəisi İlyasovun yanına apardılar. Rəis səliqəli hərbi paltarda idi, üzündə çapıq yeri var idi. (Sonralar öyrəndim ki, bir dustaq ülgüclə kəsib...) Birinci sözü bu oldu ki, sənə iş açaram işinin üstündən, basaram səni tək kameraya, göndərərəm səni "ştrafnoya".
   
   (ardı gələn sayımızda)

TƏQVİM / ARXİV