adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

Dünyaya əl edib getdi... - Əbülfət MƏDƏTOĞLU yazır

ƏBÜLFƏT MƏDƏTOĞLU
546 | 2022-06-10 11:50

İnanmadığım ölümlərdən biri

Bizi Söz tanış etmişdi. Bizi Söz doğmalaşdırmışdı. Və bizi birləşdirən, doğmalaşdıran Sözün mayası da, havası da, suyu da Qarabağ idi. Ona görə də sözümüz bir-birinə tərəf can atırdı, bir-birini axtarırdı, bir-birinə söykənirdi və bəzən də bir-birində təsəlli tapırdı. İndinin özündə də onu və onun sözünü düşünəndə ürəyimdən qəribə hisslər keçir. Elə bilirəm ki, onun diri Sözü mütləq məndən cavab gözləyir, cavab umur. Özü də lap ayağını yerə diriyib tələb edir o cavabı. Mən də öz sözümlə bildiyim kim cavab vermək istəyirəm. Lakin...

Elə ilk cümləmdən dedim ki, bizi Söz tanış etmişdi. O məndən yaşca böyük olduğundan öncə mən onun sözlərini oxumuşdum. İmzasının sorağına düşmüşdüm. Xüsusilə keçmiş Muxtar Vilayətdə, yəni Qarabağda işlədiyi zamanlarda onun sözü saydırması, öz şəxsiyyətini hər kəsə həqiqi mənada görk etməsi həvəsləndirirdi məni, ruhlandırırdı. Həm sevinirdim, həm də həsəd aparırdım. Çünki o zamanın ən nüfuzlu qəzetlərinin birində zona müxbiri vəzifəsində işləyən Ziyəddin Sultanov öz qələmi ilə, şəxsiyyəti ilə Dağlıq Qarabağdakı ermənilərin gözünün odunu almışdı. Müxtəlif vəzifələrdə çalışan ermənilər onun qələmindən də, sözündən də, özündən də, bütün mənalarda ehtiyatlanır, hətta qorxurdular da. Öz yaltaqsimaları ilə Ziyəddin Sultanovun gözünə xoş görünmək, ona yarınmaq istəyirdilər.Ziyəddin Sultanov isə elə-belə Kişi, elə-belə sıradan jurnalist deyildi.

Onun sözü ilə şəxsiyyəti bir-birini elə tamamlamışdı ki, hansısa yaltaq bir təbəssüm onun xoşuna gəlməzdi. Və mən də bunun yaşadığım Dağlıq Qarabağ ərazisindəki soydaşlarımdan eşitdikcə onun imzasına doğru daha çox gedir, onun sözünü daha çox axtarır, özünü də görməyə çalışırdım. İlk dəfə onu orta məktəbin onuncu sinfini oxuyanda sinif yoldaşlarımla Xankəndindən Şuşaya gedəndə görmüşdüm. Ziyəddin müəllim Vilayət Partiya Komitəsi binasının pilləkənində dayanıb kimisə gözləyirdi. Bu duruş, o ətrafı seyr etmək görüntüsü sözün bütün mənalarında əsl azərbaycanlı kişisinin duruşu, baxışı idi. Biz Şuşa dayanacağına doğru piyada getdiyimizdən bir anlıq dayanıb onun duruşunu seyr etdim və yaddaşıma da beləcə yazdım...

Həyat elə gətirdi ki, Ziyəddin müəllimlə ilk dəfə Qubadlıda qarşılaşdıq. Ezamiyyətə getmişdim. Ziyəddin müəllim də Qubadlıda idi. Və onda 1986-cı il idi. Qubadlı RayonPartiya Komitəsi Binasının önündə qarşılaşdıq. Yaxınlaşıb salam verdim. Özümü təqdim etdim. Əlimi bərk-bərk sıxdı:

- Haqqında eşitmişəm. Belə də davam elə. Şəxsiyyətini hər şeydən üstün tut – dedi.

Sonra biz məhz Qubadlıda, bir süfrə arxasında çörək kəsdik, çay içdik, müxtəlif məsələlərdən danışdıq. Ziyəddin müəllim həmin gecə Qubadlıda qalmadı, Ağdama qayıtdı. Gedərkən məni bir kənara çəkib ərklə dedi:

- Bir ehtiyacın olar, çəkinmə, de. Hətta əlini cibinə salıb pul çıxarıb vermək istədi mənə.

Təşəkkür etdim. İlk görüş və doğmalıqla beləcə ayrıldıq. O gedəndən sonra raykomun şöbə müdiri , (axşam çay içəndə- Ə.M,) dedi ki, Ziyəddin müəllim səni bizə tapşırdı. Şəxsən birinci katibə dedi. Xətrini yaman çox istəyir.

Doğrusu, bu gözlənilməz hadisə olsa da, mən özümü bir az kübar tutub dedim ki, o həmkarların hamısına qarşı belədi. Amma hiss etdim ki, şöbə müdiri mənimlə razılaşmadı. Axı o Ziyəddin Sultanovu məndən yaxşı tanıyırdı...

Dağlıq Qarabağ hadisələri başlayanda bizim yollarımız daha tez-tez kəsişdi cəbhə bölgəsində. Olduğumuz bölgənin demək olar ki, bütün reallığını Ziyəddin müəllim ovcunun içi kimi bilirdi. Nəyi necə yazmağı da, gerçəyi necə çatdırmağı da elə peşəkarlıqla edirdi ki, o dövrün kommunist rejimi qıcıqlanmasın.Materialların işıq üzü görməsinə əngəl törətməsin. Mən bir müddət sonra Ziyəddin müəllimin buradakı hadisələrlə bağlı kitablarını oxuyanda onun reallığı bədii sözə çevirmək qabiliyyətinə, ustalığına heyram qaldım. Oxuduqca gördüm ki, partiyanın orqanı olan qəzetin əməkdaşı redaktə edilmiş yazılarla yanaşı, ürəyində bir azərbaycanlı söz adamının, bir qarabağlı ziyalının düşüncəsini, yaşamını, baş verənlərə münasibətinin həm şahid, həm də iştirakçı kimi, necə ustalıqla yaza bilmirmiş...

Qarabağın işğalından sonra az qala hər həftə zəngləşirdik. Hər ay görüşürdük. Gah Bakıda, gah da bölgələrdə oturub saatlarla nələr baş verdiyini çözməyə, araşdırmağa çalışırdıq. Onun siyasi proseslərə münasibəti tamam fərqli idi. O gerçəyi daha üstün tutur, hansısa siyasi məqsədin verəcəyi bəhrəni gözləməyə hövsələsi çatmırdı. Sanki ürəyinə dammışdı ki, bu böyük oyunlarda başımıza gətirilənlər mütləq müharibə ilə nəticələnməlidir. Yəni o Zəfərə, döyüşə, qələbəyə köklənmiş ziyalılarımızdan biri idi. Ona görə də ayrı-ayrı beynəlxalq təşkilatların, qurumların canfəşanlığını mənasız sayırdı. Sonda da məlum oldu ki, Ziyəddin Sultanov haqlı imiş. ATƏT-in Minsk qrupu sadəcə bizimlə oyun oynayırmış. Şükürlər olsun ki, bu oyun artıq bitibdir.

Hər görüşümüzdə, xüsusilə, ən yaxın dostlarımızdan biri, dəyərli yazıçı-publisist Nemət Veysəlli ilə olan görüşlərimizdə bütün söhbət,sadə şəkildə desəm, «Salam»-dan «Xudahafiz»-ə qədər ancaq Qarabağdan, Ağdamdan, Füzulidən olardı. Biz üçümüz də Qarabağın dəlisi kimi o torpaqlara can atır, oranın işğaldan azad ediləcəyi günü səbirsizliklə gözləyirdik. Qarabağla bağlı bitib-tükənməyən arzularımızı bir-birimizə bildirir, nəyi necə edəcəyimizi məsləhətləşirdik. Ona görə də heç birimizin ağlının ucuna da gəlmirdi bu ayrılıq, bu ölüm. Amma görünür fələk də yatmayıbmış. O da öz işini görürmüş. Biz Qarabağı ürəyimizdə daşıdıqca, o günlərin havasına özümüzü köklədikcə, fələk də öz atını yəhərləyibmiş. O da çapırmış bizə doğru. Və bu namərd atlı Azərbaycan mətbuatında özü və sözü olan Ziyəddin Sultanovun ünvanını daha tez tapdı...

Onun xəstələnməsi, o xəstəliyin ona vurduğu zərbələr, yaşatdığı ağrılar... Bütün bu dözülməzliklər Ziyəddin müəllimin ruhuna toxuna bilmədi. Telefon danışıqlarımızda həmişə Şuşadan, Tuğdan, Füzulidən söhbət açdı. O yerlərə dönəcəyimizi, dağılmış evlərimizin yerində yeni evlər tikəcəyimizi söylədi. Bu onun daxili inamı idi, bu onun daxili gücü idi və bir də o torpaqlara böyük sevgisinin sözlə ifadəsi idi. Və bir də bu onun bizə verdiyi ümid idi...

Mən iki ildir ki, onunla xəyalən, ruhən, bir də yuxularımda danışıram, hal-əhval tuturam. Onunla keçdiyimiz yerlərdən ötəndə, oturub dərdləşdiyimiz ünvanlarla rastlaşanda, həmin o məqamların hamısı canlanır gözümün önündə, hətta səsi də gəlir qulaqlarıma. Ərklə «ay Əbülfət, sən bir düş aşağı, bu işıqforun yanında yaxşı bir çay verirlər. Oturmuşam, bir az dərdləşək» - deməsi ayrı bir aləm idi Ziyəddin Sultanovun.Çay içdiyimiz yerdə də xidmət edənə deyərdi ki, müəllimin siqaretini də gətir. Onu da unutmurdu Ziyəddin Sultanov...

Bəli, indi ömrünün 70-ci il tamam olur. Biz 70 illiyi başqa cür keçirməyi düşünmüşdük onunla. Nemət Veysəlli, mən və özü ümumi məclisdən başqa həmişəki kimi üçlükdə bir qırağaçəkilib zarafatlaşa-zarafatlaşa, deyib gülə-gülə Nemət Veysəllinin bağından başlayıb Tuğa qədər getmək arzumuz var idi. Nəsib olmadı. 70-i tamamlamağa 2 il qalmış, fələk öz namərdliyini göstərdi. Ayırdı bizi. Ziyəddin Sultanov bu ayrılığı sanki öncədən hiss etmişdi. Mən onunla atüstü görüşüb işə qayıdanda maşınla yanımdan keçərkən pəncərənin şüşəsini endirib əl elədi... İndi mənə elə gəlir ki,həmin vaxt o həm də dünyaya əl yellədi. ..

Bu gün xatırladığım o əl hərəkətinin yozumunu da, mənasını da hər kəsin düşüncəsinin ölçüsünə buraxıram. Kim necə anlayacaq özü bilsin. Mənsə o yellənən əl sahibinin nə demək istədiyini tamam başqa cür anladım. İnandım ki, Ziyəddin Sultanov dünyaya və dünyadakılara «görüşənədək» dedi! Bəli, görüşənədək...

 

TƏQVİM / ARXİV