DÜNYANIN ƏN AĞIR TABUTUDUR ŞƏHİD TABUTU -Aqil ABBAS yazır

AQİL ABBAS
1816 | 2022-09-28 14:11

Nazim Hikmət yazır:

Şəhidlərimizi

bərəkət toxumu tək

basdırırıq torpağa.

Gah Varnada,

gah  İstanbulda,

gah da Prağada.

İndi biz də şəhidlərimizi bərəkət toxumu tək basdırırıq torpağa – Azərbaycanın hər yerində, hər şəhərində, hər kəndində.

Şəhid analarına təsəlli vermək  çox çətindi. Yüz təsəlli  onun yarasını  sağalda bilməz. Amma mənim onlara verdiyim təsəlli bir az fərqlidi.

- Anam, şəhidlər çiçək olub  bitəcəklər, gül olub bitəcəklər. Çinar ağacı, palıd ağacı olub bitəcəklər. Bir gün  gedəcəksiniz oğlunuzun şəhid olub qanı tökülən torpağa, görəcəksiz ki, oğlunuzun qanı tökülən yerdə  bir çinar  ağacı bitib. O sizin oğlunuzdu. Qucaqlayıb əzizləyərsiniz, oğlunuzun iyini, qoxusunu hiss edəcəksiniz.

«Batmanqılınc» romanımda Qacarın qoşunu ilə Məmməd bəy Cavanşirin  qoşununun savaşdığı,  hər iki tərəfdən minlərlə  şəhid qanı töküldüyü bir ərazi var –  Ağcabədinin Hindarx kəndiylə Ağdamın Novruzlu kəndi arasındakı  düzənlik. Şəhidlər orda dəfn olunub. Amma basdırılanda başdaşı qoymayıblar, çinar ağacı əkiblər.  Mən romanı  yazanda həmin ərazini  tapmışdım. O çinarları öz gözümlə görmüşəm. Ermənilər  həmin çinarları da kəsdilər. İnşallah, yerində təzə çinarlar boy verəcək.  Həmin ərazidə də Birinci Qarabağ savaşında  yüzlərlə şəhid vermişik.

30 ildən çoxdur  çiynimdə  şəhid  tabutu  daşıyıram. Dünyanın Ən  Ağır Tabutudur şəhid  tabutu. Bunu o tabutu  daşıyanlar  bilir. Əsgəranda şair Zakir Fəxrinin qardaşı Kamilin yanmış nəşini çiynimə qaldıra bilmədim.

44 günlük  müharibədə Ağdamda, Ağcabədidə, Tərtərdə daşımışam şəhid  tabutlarını.

Ağcabədidə müddətdən artıq hərbi qulluqçu Anar Cəfərovu məzara  sığışdıra bilmədik. İlahi, bu boy-buxunda oğlan olar? İki gül üzlü balası da  durmuşdu məzarının  başında. İlahi, nə gül üzlü, boylu-buxunlu  igidlərimiz şəhid oldu  Vətən  uğrunda.  İlahi, bu  oğullara niyə qıydın?

Sentyabr savaşında  belə gülüzlü  80 balamız şəhid oldu. Adətən Qarabağa  gedərdim, bu dəfə  ənənəni pozdum, Qərbə üz tutdum – Tovuza, Qazaxa. Şəhid  dəfnlərində, yaslarında iştirak eləmək üçün. Və dedim ki, buna görə qarabağlı şəhidlər  məndən  inciməz.

Tovuzun Abbasqulu dağ kəndində   Hüseynov Səddam  Rafiq oğlunun yas mərasimində  iştirak edirdim. Dünyanın Ən Ağır Tabutunu polislər və əsgərlər  yerdən qaldırdılar.  Mən tabuta  girə bilmədim, qoymadılar, dedilər ki, mane olursan və həm də  yol uzaqdı.

Qəbiristanlıq kənddən  üç kilometr aralıdakı Çeşməli kəndindədi. Dəfndə minlərlə adam vardı. Bu dağ kəndinin  dar küçələri ilə bu qədər  yolu Dünyanın Ən Ağır Tabutunu çiynində daşıdı  əsgərlər və polislər.  Yol boyu da yalnız bu  şüarlar səslənirdi:

- Şəhidlər  ölməz, Vətən bölünməz!

- Şəhid anası, başını dik tut!

- Şəhid atası, başını dik tut!

- Can Azərbaycan, can sənə qurban!

- Can Azərbaycan, Bayrağına qurban!

 

Səddam Hüseynov da Anar Cəfərov kimi məzara sığmırdı.

Yolboyu Tovuzun icra başçısı  Məmməd Məmmədov deyir:

 

- Dünən bir şəhidi  on altı kilometr çiynimizdə daşımışıq qəbiristanlığa. Camaat deyir ki, o, bu torpağın yolunda şəhid olub. Bizim də borcumuz onu çiynimizdə daşıyıb torpağa təhvil  verməkdi.

Sonra Qazaxa getdim. Gizir Kərimov Azad Zakir oğlunun  üç mərasimində oldum. Rayon icra hakimiyyətinin  başçısı Rəcəb Babaşov, rayonun hüquq-mühafizə orqanlarının  rəhbərləri, Qazaxdakı hərbi hissələrin, sərhəd qoşunların  komandirləri  mərasimdə iştirak edirdi. Şəhidin  atası Zakir kişi özünü  tox tutmuşdu. Təsəlli verənlərə  yalnız bir cavabı vardı:

 

- Təki Vətən sağ olsun!

Milli Qəhrəman Fred Asifin məşhur bir ifadəsi var. Mən onun həmin ifadəsini  «Dolu» romanımda yazmışam, filmdə də göstərilir. Fred Asif deyirdi:

- Müharibədə üç cür adam olur: tank belində şəkil çəkdirənlər, müsahibə verənlər və bir də döyüşənlər.

İlk dəfə Fred Asifdən bu sözü eşidəndə qulağıma sırğa eləmişdim. Birinci Qarabağ  savaşında neçə il əsgərlərin arasında oldum, səngərdə oldum, amma bir şəkil də çəkdirmədim. 44 günlük  müharibədə də Füzuli, Xocavənd, Ağcabədi, Ağdam, Tərtər rayonlarında əsgərlərin arasındaydım, qospitallarda yaralılarla görüşürdüm – yenə də şəkil çəkdirmədim. Köməkçim bir-iki şəkil çəkmişdi  məndən xəlvət, dedim, gizlət.

O ağırlığın altında necə  şəkil çəkdirmək olar, mənə  bir az qəribə gəlir.

Şəhidlər ölməz, Vətən bölünməz!

P.S. Elmira Cəfərqızı səhvimi düzəltdi: "Gördüm Aqil müəllimi.Sağ olsun, gəlmişdi uzaq yolu.Səddam bibim nəvəsidir.Amma kəndlərin adını düzgün verməyiblər Aqil müəllimə.Yəqin İcra hakimiyyətinin səhvidir.Şəhid Çeşməli kəndindəndir.Dəfn olunduğu yer isə qonşu Məşədivəlilər kənd qəbristanlığıdır. Bəli,30 ildir bu dərdin içindəyik.Son hadisələr məni çox sarsıtdı.Axır qəmimiz olsun deyək.Onu da deyim ki, Abbasqulular, Mövləvilər Çeşməli kəndində nəsil adı kimi gedir.Səddam da Mövləvilər tirəsindəndir.Bilmirəm,heç bunları açıqlamağa ehtiyac varmı?"

TƏQVİM / ARXİV