adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

Dünya sözə qalacaq

2685 | 2024-03-29 09:00

Sözün qüdrəti və gücü barəsində kifayət qədər fikirlər var və həmin fikirlərə əsaslansaq görərik ki, elə dünyada söz qalacaq. Çünki müharibələr, müxtəlif təbiət hadisələri, zəlzələlər zamanı  yaşayış binaları, mülklər, hətta ən hündür  mərtəbəli evlər belə yerlə-yeksan olub. Başqa sözlə demiş olsaq, dünyada qalan  yenə söz, düşüncə, fikir və plüralizm olub.

Bu gün dünyanı əsas idarə edən  qüvvələrdən bəlkə də birincisi Sözdür.  Sözün bitdiyi yerdə hər şey sona çatar və bundan  sonra heç bir şeyi bir yerə  yığmaq, toparlamaq çox çətin olur. Bütün dünyada bu gün yeni bir mərhələ, yeni bir era başlayıb. Bu da ondan  ibarətdir ki, demokratik, sivil, söz və mətbuat  azadlığına, düşüncə sərbəstliyinə önəm verən ölkələr birmənalı  olaraq yüksək inkişaf mərhələsinə  qədəm qoyur və özünün yeni bir  tarixini, yeni bir  mərhələsini yaşadır.  Əlbəttə, bu gün dünyanın əsas məqsədi demokratik prinsiplərin, söz və mətbuat azadlığının olduğu  ölkələrlə  münasibət qurmaqdan ibarətdir. Əgər dediyimiz və saydığımız bu dəyərlər yoxdursa, çox çətin ki,  həmin ölkələrlə  demokratik, sivil və hüquqi  dövlətlər  iqtisadi, siyasi, mədəni əlaqələr qursun. 

Azərbaycan da müstəqillik  dövrünə  qədəm qoyandan sonra demokratik və hüquqi bir yol tutdu. Bu isə o deməkdir ki,  ölkəmizdə söz, mətbuat, fikir azadlığına  və düşüncə sərbəstliyinə "yaşıl işıq" yandırıldı.  Bu yaşıl işığı  yandırmaq və onu  gələcək  nəsilə ötürmək elə də asan məsələ deyildi. Ulu Öndər  Heydər Əliyev  xalqın tələbi ilə hakimiyyətə  gələndən   sonra birmənalı olaraq  Azərbaycanda  demokratik dəyərlərə, söz və mətbuat azadlıqlarına  daha böyük önəm verirdi. Yəni bir vaxtlar  dövlət və digər qurumlar  tərəfindən təzyiq və təsirlərə   məruz qalan Kütləvi  İnformasiya Vasitələri - qəzetlər, televiziyalar və müxtəlif  saytlar, o cümlədən  sosial şəbəkə çox rahatlıqla  nəfəs almağa başladı. Bu isə təsadüfi deyildi.  Çünki sovet dönəmindən qalmış  köhnə stereorotiplər  hələ də  mövcudluğunu  qoruyub saxlayırdı. Azərbaycan mətbuatında yeni düşüncə, yeni yanaşma və yeni axtarış yolları, şübhəsiz ki, ilk növbədə demokratik dəyərlərə, söz və mətbuat azadlığına söykənirdi. Əlbəttə, ölkədə  söz, mətbuat və fikir azadlığına  münbit şərait yaradılması onu deməyə əsas verirdi ki, Azərbaycanda demokratik dəyərlər zaman-zaman daha da inkişaf edir.  
Bu məsələlərin diqqət mərkəzində  olması istər-istəməz jurnalistləri də  ruhlandırırdı. Axı hamı istəyirdi ki, ürəyindən keçən yazıları  qələmə alsın, hansısa  senzura  onu  qəzet   səhifəsindən çıxarmasın və  kimlərsə ona görə mənəvi  əzab çəkməsinlər.  Təbii ki, ölkəmizdə  mətbuatın belə demokratik sistem  üzərində  fəaliyyəti  istər-istəməz inkişaf etmiş xarici  dövlətlərin  diqqət  mərkəzindən yayınmırdı.  Çünki həmin ölkələrdən məmləkətimizə gələn ictimai-siyasi xadimlər, jurnalistlər və eləcə də digər dövlət nümayəndələri bir həqiqəti görürdülər ki, Azərbaycanda  doğrudan da  demokratik  dəyərlərə, söz, mətbuat  və fikir azadlığına  çox böyük önəm verilir. 

Elə bu önəmlərdən  biri də Ulu  Öndər Heydər Əliyevin  20-dən çox qəzetin  "Azərbaycan" nəşriyyatına  olan  uzun illər yığılıb qalmış borcunu ləğv etdirməsi idi.  Əgər bu köməklik, bu iqtisadi  yardım olmasaydı, birmənalı olaraq  uzun illər nəşr edilən və cəmiyyət  arasında böyük  nüfuz qazanmış  qəzetlərin  hamısı dayanmalı idi. Aydındır ki,  bütün bu  addımlar ona görə atıldı ki, Azərbaycanda  mətbuat, söz azadlığı  daha sürətlə  inkişaf etsin və Avropa dövlətlərinin də  Azərbaycandakı  mövcud duruma  müsbət yanaşması  olsun. 

Heç şübhəsiz  dövlətimizin  həyata  keçirdiyi  mətbuatla bağlı  məqsədyönlü  siyasəti  onu deməyə  əsas verirdi ki,  müxtəlif  maneçiliklərə və çətinliklərə  baxmayaraq, Azərbaycanda  mətbuatın və  düşüncə azadlığının  inkişaf etməsi  yüksək mərhələyə doğru  qədəm qoyurdu. Uzun illər  pedaqoji  sahədə işləmiş  yazıçı-publisist və Prezident  mükafatçısı  Səməndər Məmmədov deyir ki, söz və mətbuat azadlığı olmadan insan şəxsiyyəti bütöv bir formada yetişə bilməz. Çünki  ancaq  sağlam cəmiyyətdə, sağlam mühitdə və sağlam aurada cəmiyyət  daha gözəl olur  və onun hər yeri, hər anı insanların  rahatlığı üçün bir məkana  çevrilir. 

Əgər bir ölkədəki hər hansı bir  vətəndaş  fikir və düşüncəsini  rahat şəkildə  ifadə edə bilmirsə, yaxud da  o fikri ifadə edəndə müxtəlif  təsir və təzyiqlərə  məruz qalırsa birmənalı olaraq o cəmiyyətdə rahat yaşamaq və işləmək mümkün deyil. Ölkəmiz  müstəqillik dövrünə   qədəm qoyduqdan  sonra Azərbaycanda demək olar ki, söz və mətbuat  azadlığına böyük önəm verildi.  

Yəni  hər hansı bir  yazıçı, publisist, jurnalist  ürəyi istədiyi  mövzunu  çox  açıq  və səmimi  şəkildə qələmə  almağı bacardı. Mənim özümün də 15-ə yaxın kitabım işıq üzü görüb. Bu kitabları  qələmə alanda  mən heç bir çətinlik çəkmədim və bir də gördüm ki, artıq kitabı başa  çatdırmışam. Kitab da nəşr olunandan  sonra oxucular tərəfindən  çox böyük  hörmətlə  qarşılandı. 

Prezident İlham Əliyevin hakimiyyəti dövründə də söz və mətbuat azadlığına çox böyük diqqət yetirilib və yetirilir. Çünki Cənab Prezident Azərbaycanda  elə bir sağlam mühit  yaradıb ki, bu  mühitdə müxtəlif  qəzet və jurnalların, televiziyaların, saytların fəaliyyəti  üçün heç bir  problem olmayıb. Başqa sözlə demiş olsaq,  adını çəkdiyimiz KİV-lər rahatlıqla  nəşr edilib və əməkdaşları da  ürəkləri  istədiyi  mövzuları qələmə  alıblar. Bu isə o deməkdir ki, Prezident İlham  Əliyevin hakimiyyəti  illərində Azərbaycan  mətbuatı və Azərbaycan cəmiyyəti  daha rahat nəfəs alıb. Çünki  ölkədə  demokratik  mühit yaradılıb, söz və mətbuat azadlığına  təkan verilib. Heç şübhəsiz belə bir şəraitdə mətbuat işçilərinin fəaliyyət  göstərməsi çox normaldır və onu deməyə əsas verir ki, nəinki mətbuat işçiləri, cəmiyyət  öz fikirlərini, düşüncələrini  azad şəkildə ifadə edə bilir. 

Faiq QİSMƏTOĞLU

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

TƏQVİM / ARXİV