adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7

Dözüm tələb edən məqam - Əbülfət MƏDƏTOĞLU yazır

ƏBÜLFƏT MƏDƏTOĞLU
609 | 2022-11-28 22:09

Nurafizlə razılaşdığımız gerçəklik

 

Gəlin bəri başdan etiraf edək ki, duyğusal adamlar üçün ən ağrılı məqamlardan biri içinə dolan hissi idarə edə bilməməsidi. Yəni hisslər adama güc gəldikcə, havadan da nəm çəkir, yerdən də, ətrafdan da. Hətta ən xoş məramı söz də, fikir də, bəzən onun könlünə toxunur, ürəyini ağrıdır. Ona görə də bu cür adamlara anlayışla yanaşaraq, onların ruhu ilə, qəlbi ilə oynamaq olmaz. Bir də ki, ürək bir şüşədi, sındısa, onu heç nə ilə əvvəlki vəziyyətinə qaytarmaq mümkün deyil. Deyəcəksiniz ki, indiki zamanda təkcə reklamlara fikir versək, şəhərin ən azı 100 nöqtəsində şüşə yamayanlar var. Amma söhbət ürəkdən gedir. Bizim şüşəyə bənzətdiyimiz ürəkdən...

Yadımdadı, şeirlərin birində yazmışdım ki, mənim üçün dünyada ən dözülməz dərd o telefona zəng çatmadığı andı. Yəni telefona zəng çatmırsa, dünya başıma fırlanır, gözüm qaralır və dünyanın ən ümidsiz adamına çevrilirəm. Bilmirəm, bu şeirin ruhu, ünvanı mənə doğma olduğundan, yoxsa hisslərin mənə güc gəldiyindən belə yazmışam. Lakin bütün hallarda gerçəyi yazmışam, yaşadığımı yazmışam...

«Bir şairin bir şeiri» layihəmdə bu dəfə köhnə dostum, üzünü ildə bir dəfə, səsini ildə iki dəfə eşitdiyim Nurafizin «Sözün dörd havası» kitabı ilə baş-başayam. Ola bilsin ki, bizim könül bağlılığımızın təsirindən qaynaqlandığı üçün mən yadıma öncə xatırlatdığım şeirimi saldım. Və elə həmin şeirin təsiri altında kitabı vərəqləyərkən diqqətimi Nurafizin «Gözləməkdi pis günüm» şeiri diqqətimi çəkdi. Necə deyərlər, dostumun ruhu bu dəfə də məni meydanda tək qoymadı. Söhbətimizin alınacağına artıq şübhəm də qalmadı. Çünki onun hər misrasının nədən, hardan qaynaqlandığı və o misraların qatlarında nələrin özünü büruzə verdiyini əvvəldən dəfələrlə müşahidə etmişəm. Bax, elə bu şeirimdə də şair dostum yazıb ki:

Ahımdan yol salmışam

Yerlə Göyün arası.

Ruhumun üstdən keçir

Mələklərin sırası.

 

Bəli, ruhumuz nə qədər yüksəkliklərə qalxsa da, ondan yuxarıda mələklər və ondan da yuxarıda Tanrı dərgahıdı. Biz ruh olaraq Tanrı dərgahına yalnız o qüdrət sahibinin izni ilə qovuşa bilirik. O zamana qədər isə içimizdə ocaq çatmış həsrət də, ağrı da, həyatın zərbələri də bizi nə qədər qovursa da, ruhumuz duaçı olaraq üzü Tanrıya tərəf yol alır. Amma o ruhun keçdiyi yolda vərəqlərin sırası var. Hansı ki, ruhumuzu bir dəfə testdən keçirir. Deməli, bu ağrılı anda mənim də ruhumun üz tutduğu ünvanın yolunda həmin o yaşam təbii ki, qaçılmazdı. Çünki sakit, pıçıltılı bir şəkildə ağrımı ifadə etsəm də, əslində mən nə  yaşadığımı, nə çəkdiymi Sənə və Allaha çatdırmaq istəyirəm:

 

Telefon susur...zəng ləngiyir...

Yoxsa...şəbəkə zəifdi?

Dilimin ucu göynəyir –

Son sözüm daşa dəyibdi...

 

Biz daşa dəyən ümidimizin də, ağrımızın da, hətta sonuncu xilasımız olan bir sözün də nə demək olduğunu yaxşı bilirik və o, sonuncunun bizə nə yaşatdığını da hamıdan çox, hamıdan dəqiq Allah bilir. Belə olduğu halda adını çəkməkdən dilimin ucu göynəyən, telefonuna zəng çatmayan bir ünvanın həm etinasızlığı və yaxud da gerçək bir durumun yaratdığı problem bütün məqamlarda yenə ağrıya çevrilir və mənə tuşlanır. Mən də o ağrının içində yol seçməyə, iz axtarmağa, çıxış nöqtəsi tapmağa cəhd edirəm. Necə ki, bunu şair dostum etiraf edir:

 

Getmədiyim yolları

Dağların ahı tutub.

Yarımçıq cığırları

Yollarda yuxu tutub.

 

Bu bəndin kifayət qədər yozumu var. Tanımadığın cığır, tanımadığın yol və bu cığırları keçmək, orda ah tutmuş bir duruma düşmək və nəhayət mənzil başına çatmamaq və daha nələr...nələr... Amma buna baxmayaraq, şair o yolu getməyə qərarlıdır. Çünki söhbət sevgidən, həsrətdən gedir. Mən də bu inancın işığında qoşuluram ona və yazıram ki:

 

Fikirlər yorğun...perikdi,

Ümid də öləziyən şam...

Solum şum yeri – herikdi –

Dolmusansa...üstümə dam!

 

İndi özünüz təsəvvür edin, öləziyən şamdı içinizdəki. Həmin o şamın işığında tanımadığın cığırla, yolla getmək, üstünə ələlən, yağan qayğıları, göz yaşını rahatlıqla canına hopdurmaq, necə deyərlər, usandım demədən yoluna davam etmək. Bu, əsl aşiqin, əsl sevginin kredosudur.  Onu da yalnız yaşamaqla, özünə hopdurmaqla dəyərləndirə bilərsən. Çünki sənin qarşıda təkcə içindəki ümid yox, həm də başqa surprizlər də gözləyə bilər. Bax, şair dostum da buna istinad edərək şeirini belə tamamlayır: 

 

Yol üstə keşik çəkir,

Ayrılığa nisgilim.

Ən böyük cəzam budur,

Gözləməkdi pis günüm.

 

İndi mənimlə razılaşarsınız ki, əvvəldə dediyim fikir elə-belə söz gəlişinə, bilgisayara köçürülmədi. Bu, yaşanmış hissdi və onu hər kəs öz ürəyi ilə, onun tutumu həcmində yaşayır. Necə ki, mən telefona zəng çatmayanda ən dəhşətli acını yaşayıram. Nurafiz də ən böyük cəzanı ayrılığı gözləməkdə görür. Bundan pis gün yoxdu onun üçün. Bax, bu doğmalığı, fikir oxşarlığı, könül yaxınlığı da  budur:

 

Şəklin gözümün içində

Nəm çəkib, bir az saralıb...

Mesaj qutum da bomboşdu –

İlahi, səbrim daralıb...

 

Bəli, mən köhnə dostumun bir şeirin qulpundan tutub bizim oxşar fikrimizi bir baxış bucağı altına gətirdim. İstədim ki, yaşadığımız duyğuların şah damarını sevgi və dözüm olduğunu diqqətə çatdırım. Bunun üçün də seçdiyim hər şeirin ovqatı məni özünə köklədi. Zənnimcə, yanılmadım. Ona görə ki, biz ikimiz də nəyi, nə dərəcədə ağrılı olduğunu yaxşı bilirik. Və ona görə də mən öz şeirimin sonunda vurğulayıram ki: 

 

Pəncərəm tozsuz, şüşəsiz

Telefon da sükutdan dəm...

Bir dən ver mənə nəşəsiz –

Yeyib, qovulum tay, Adəm!

                                                                     

Həqiqətən, bu dünya yalnız o insanlar üçün «beşgünlük»dür ki, onlar heç nəyin fərqinə varmırlar, heç nəyi özlərinə yaxın buraxmırlar. Necə deyərlər, «Araz aşıqlarındandı, Kür topuqlarından». Bax, bu mənada iki şairin təqdim olunan şeirində isə bir həssaslığı və bir də bir sevgini çox kiçik cizgiləri dilə gətirilib. Amma o cizgilər əslində sevən üçün hər şeydi və ən böyük dözüm tələb edən məqamdı.

 

TƏQVİM / ARXİV