adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

«Dözülmür» deyən şairlə... - Əbülfət MƏDƏTOĞLU yazır

ƏBÜLFƏT MƏDƏTOĞLU
381 | 2022-10-10 12:43

Mənim razılaşmadığım məqam

 

Biz dünyaya gəlişimizlə, gedişimizlə böyük mənada heç nəyi dəyişmirik. Amma hadisələrə, zamanın axarına, insanların təfəkkürünə, bu və ya digər formada hansısa bir naxışı vurmaq, hansısa bir daşı atmaq imkanımız var. Bunu da hər adam bacarmır. Daha doğrusu, bu tale, bu qismət hər adama yazılmır. Yalnız seçilmişlər, önə çıxanlar, öndə olanlar və bir də həqiqi istedad sahibləri bu missiyanı yerinə yetirir. Amma həyatın bir gerçəkliyi də var. O da söz adamlarının, yazı adamlarının bəxtinə düşüb. Heç də təsadüfi deyil ki, bir atalar sözü də var. Daha  doğrusu, şair sözüdü, indi olub atalar sözü. Şair deyib ki: «Deyilən söz yadigardı!».

Bax, bu mənada bəxtinə yadigar sözlər qoyub getmək, düşən şairlərimizdən biri də həyatı erkən yaşlarında tərk etmiş, ömür yolu uzaq Sibirdən dolanıb gəlmiş Eldar Nəsibli Sibirel də ədəbiyyatımıza, sözümüzə öz yadigarını qoyub getmişdi, yəni əlavə etmişdi. Mən onun «Seçilmiş əsərləri» ilə baş-başa qalanda bunun bir daha oxuyub şahidi oldum. Həmin kitabda mərhum şairimizin özünəməxsus deyimləri, yozumları və təbii ki, bir də yaddaşa yazılacaq fikir və misraları var. Elə «Bir şairin bir şeiri» layihəmin ovqatı ilə «Seçilmiş əsərlər»i bir də oxudum və bir-birindən maraqlı şeirlərin içərisində gözüm «Dözülmür ki, dözülmür»ü tutdu. Və başladım o şeirlə pıçıldaşmağa. Bir də gördüm ki, mərhum Eldarın səsi artıq kitabxanamı bürüyüb. O, deyir ki:

 

Ürəyimdə daş bağlayan həsrətin

Yaşa dönüb gözlərimdən süzülmür,

Gülüm, üzür məni dərdin, möhnətin

Ancaq əlim ətəyindən üzülmür.

 

Bu, bir həqiqətdi və həmin həqiqəti də Eldar özünəməxsus şəkildə deyib. Və mən də onun bu səmimi və içdən gələn, həm də yaşanmış duyğularını öz ürəyimə köçürüb, öz ürəyimdən keçirib öz duyğularımla bir araya gətirirəm. Çünki sevgi insanı harda olmağından, hansı yaşda olmağından asılı olmayaraq həmişə əhatə dairəsində saxlayır. O dairə də hər kəsin ömründə özəldi və həm də ağrılı, acılı, dözülən və dözülməzdi. Ona görə də insandan, daha doğrusu, sevəndən ömür alır, gün alır, əvəzində nə verirsə, onu artıq sevən bilir. Bu mənada mən də ömür əridirəm. Bax, bu şeirdə dediyim kimi:

 

Öz-özündən qorunub,

Ruhum candan sorulub.

Bir cümlədə yorulub,

Bir sözdə də əridim...

 

Həmin o bir söz kimin üçünsə «hə»dir, kimin üçünsə «yox»dur. İndi bu iki sözün arasındakı məsafəni ölçmək və yaxud da onu çəkiyə qoymaq, ürəkdəki yerini müəyyənləşdirmək və sonda da hər iki sözün yozumunu tapmağın nə demək olduğunu sizin ixtiyarınıza buraxıram. Mən isə öz-özlüyümdə «yox»un xəncərə, baltaya, kəsib-doğrayan cismə daha çox bənzədiyini düşünürəm. Və həmin məqamda da Eldarın fikirləri, misraları mənimlə, daha doğrusu, mənim yaşadığımla səsləşir. O, yazır ki:

 

Ürəyimdə ilk sevginin harayı,

Baxışlarım yollarını darayır,

Durna kimi yaz ünvanı arayır,

Ancaq səfə düzülmür ki, düzülmür.

                

Burda söz düzümü fikrin müxtəlif qatlarının olması təbiidir və ən vacibi də durna harayının da, sevgi harayının da bir-birinə bənzədilməsi təkcə şair baxışı, şair təqdimatı deyil, o həm də yaşamın bir tərzidi, bir nüansıdı. Deməli, burda ağrılı nöqtə həmin o harayların, həmin o istəkləri bir cərgəyə düzülməməsidi. Bax, şairi ağrıdan da, sevəni incidən də elə budur. Mən bu ağrının, bu ürək incidən məqamın özümdəki assosiasiyasını bu cür ifadə etməyə çalışmışam:

 

Quru canım, yaş adım,

Çalışdım ki, yaşadım.

Mən bir gözdə yaşadım,

Bir gözdə də əridim.

 

Gördünüz ki, bir baxışda, bir gözdə, bir canda qorranmaq, yanmaq mənim üçün nə deməkdir. Üstəlik, həmin o yanma zamanı itirməyin, lap elə itirdiyinlə birlikdə özünün də itməyin təbii sayılmalıdır. Əgər içindəki od, alov da, sevgi də təbiidirsə, gerçəkdirsə. Bunu anlamaq üçün isə təkcə şeirin qatlarına enmək yox, həm də sevginin mahiyyətinə varmaq lazımdı. Bax, onda mənimlə, elə Eldarla da sizin baxışlarınız üst-üstə düşəcək, fikirlərimiz bir-birini tamamlayacaq. Çünki əvvəldə dediyim kimi, yollar sevgidən başlayıb, sevgidən keçib, sevgiyə doğru gedir. Özü də yana-yana, əriyə-əriyə keçib gedir. Yorulmayanlar, dözümlü olanlar çatır ünvana. Yorulanlar isə Eldarın məntiqinə görə pıçıldayırlar ki:

 

Yollarında yorulmayan eşqimin,

Ümidləri qırılmayan eşqimin,

Ürəyində durulmayan eşqimin,

Əzabına dözülmür ki, dözülmür.

 

Bax, burda mən Eldarla həm razılaşıram, həm də bir az bu razılaşmanı pozuram. Çünki o boyda sevgini, o boyda yanğını yaşayan mütləq dözməlidir. Dili «dözülmür» desə də, dözülmür. Mən bu dözümə istinad edib sevgimin məni əridən həsrətimi ifadə edən şeirimi bu cür yekunlaşdırmışam:

 

Yuxularda ucaldım,

Yuxularda qocaldım.

Mən bir «döz!»-dən güc aldım,

Bir «döz!»-də də əridim.

 

Bəli, bu mənim Eldarla onun şeiri ilə baş-başa qaldığım anda ürəyimdən keçirtdiyim və sonda da bilgisayara diktə etdiyim bir söhbətin yazıya alınmış formasıdı. İxtiyarınıza verdim, oxuyun, bəyənsəniz, Eldarın ruhuna da, mənə də çox xoş olar.

 

TƏQVİM / ARXİV