adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7

Dodaq dodağa dəyməyəndə

306177 | 2008-01-19 00:12
Son illər Azərbaycanın bir sıra maddi və mənəvi mədəniyyət abidələri dünya mədəni irsinin ən qiymətli nümunələri sırasında öz layiqli yerini tutub. Muğamın Dünya İrsi siyahısına daxil edilməsi, Qobustanın, İçərişəhərin bəşər mədəniyyətinin nadir inciləri kimi qəbul olunması böyük fərəh doğurur. Bu faktlar göstərir ki, Azərbaycan xalqının dünya mədəniyyətinin zənginləşməsində özünəməxsus rolu var. Ancaq təbii ki, milli mədəniyyət xəzinəmizin ümumdünya miqyasında yüksək dəyər verilməli olan sərvətləri təkcə yuxarıda sadalananlarla bitmir. Xalqımızın yüzillər ərzində yaradıb təkmilləşdirdiyi digər mədəniyyət inciləri də az deyil. Biz onların da təbliğini lazımi səviyyədə qurmalı, dünya səviyyəsində tanınması və qiymətləndirilməsinə nail olmalıyıq. Belə mədəniyyət abidələri sırasında heç şübhəsiz, Azərbaycan ədəbiyyatının ən dəyərli və orijinal nümunələri də öz yerini tutmalıdır. Azərbaycan Milli Azadlıq Hərəkatının fəal iştirakçısı, tanınmış publisist, "OLAYLAR" Agentliyinin və eyni adlı qəzetin rəhbəri Yunus Oğuz məhz bu zərurətdən qaynaqlanan bir təşəbbüs irəli sürüb. Onun fikrincə, aşıq poeziyasının ən maraqlı janrlarından olan dodaqdəyməzlər yüksək qiymətə və beynəlxalq səviyyəli diqqətə layiq olan ədəbiyyat nümunələridir. Yunus Oğuz hesab edir ki, dodaqdəyməzlər YUNESKO tərəfindən lazımi qiymətini almalı, dünya ədəbiyyatı və mədəniyyətinin inciləri sırasına daxil edilməlidir. Niyə də edilməsin? Dünyada yeganə xalqıq ki, dodaqdəyməz və dildönməz şeir növlərini yaratmışıq. Bu, xalqın böyüklüyünə və dilinin zənginliyinə bir dəlalətdir. Bu məqsədlə dodaqdəyməzlərin geniş təbliği, onun qeyri-adi janr xüsusiyyətlərinin dünya oxucusuna çatdırılması yönündə ciddi iş aparılmalıdır.
   
   Yunus Oğuz bu ideyanı həyata keçirmək üçün öz təşəbbüsünə ilk növbədə özü qoşulub və bu münasibətlə dodaqdəyməzlər yazmağa başlayıb. Qeyd edim ki, hələ bir müddət əvvəl onunla bərabər səfərdə olarkən Yunus bəyin bu işə necə böyük həvəslə girişdiyinin şəxsən şahidi olmuşam. Bütün səfər boyu Yunus Oğuz elə hey öz-özünə misralar pıçıldayır, qafiyələr, ifadələr axtarırdı. Hətta yazdığı bəndlərdən bir neçəsini fürsət düşən kimi ucadan oxuyur, ətrafdakıların, o cümlədən mənim bu barədə rəyimi öyrənməyə çalışırdı.
   
   Dodaqdəyməz olduqca çətin bir şeir janrıdır. Bu janrın əsas tələbləri orada işlənən sözlərin tələffüzü zamanı dodaqların bir-birinə toxunmaması və bu şərt altında maraqlı bədii məzmuna malik şeirin ortaya qoyulmasıdır. Məlumdur ki, dodaqdəyməzlərin ən mükəmməl klassik nümunələrini ötən əsrlərdə Aşıq Ələsgər, Aşıq Hüseyn Bozalqanlı və başqa ulu ozanlarımız yaradıblar. Ustad Aşıq Ələsgər hətta dodaqdəyməz təcnislər də yaradaraq bu janrın ən kamil nümunələrinə imza atıb. İstənilən halda Yunus Oğuzun XXI əsrin əvvəllərində bu janrı aktuallaşdırmağa çalışması diqqəti çəkməyə bilməz. Xüsusən o baxımdan ki, uzun müddət ictimai-siyasi sferada fəaliyyət göstərən, media qurumuna rəhbərlik edən bir şəxs kimi Yunus bəy yenidən ədəbiyyata, poeziyaya üz tutmaqdadır. Yeri gəlmişkən, bu, heç də təkcə Yunus Oğuzun şəxsində rast gəlinən fakt deyil. Bu yaxınlarda ölkənin ən tanınmış telejurnalistlərindən biri, heç gözləmədiyimiz bir halda, özünün şeirlər yazdığını və onları çap olunmaq üçün "525"ə göndərmək istədiyini bildirdi. İnsafən, çox maraqlı şeirlər idi və mən artıq xeyli vaxtdı ki, belə orijinal bədii təfəkkürə söykənən poetik parçalar oxumamışdım. Bütün bunlar göstərir ki, Azərbaycanda şeir yazmaq, poetik yaradıcılıqla məşğul olmaq heç də "köhnəlmiş peşə" sayıla bilməz. Və bunun özü də, mənim nəzərimdə, kifayət qədər sevindirici bir tendensiyadır. Beləliklə, buyurun, bu da Yunus Oğuzun dodaqdəyməzləri...
   
   
   
   Canana sən can de, can can istədi
   
   Canana sən can de, can can istədi
   
   Canı da can dedi, canan istədi
   
   Dağa, daşa çıxdıq, aşiq, a, dağa
   
   Dağlandı canın da, aldın ad, ağa
   
   Dağlanan sinən də yara sadağa
   
   
   
   Dağda ağrı qaldı, dağ can istədi
   
   Canı da can dedi, canan istədi
   
   Daşanda çayları, daşları daşdı
   
   Daşdı hər diləyi, istəyi daşdı
   
   Daşdı, qaraqaşlı canan da daşdı
   
   Daş da dilə gəldi, daş can istədi
   
   Daş da canan dedi, canan istədi
   
   
   
   Qır-qara yellər də dağı qaralar
   
   Qara yeldən dağların da qar alar
   
   Qarğışından can da elə qaralar...
   
   Qaralan canın da can-can istədi
   
   Canı da can dedi, canan istədi
   
   
   
   3.10.07
   
   
   
   "Nazənin naz etdi", nazı az etdi
   
   "Nazənin naz etdi", nazı az etdi
   
   Nazlana, nazlana qışı yaz etdi
   
   Yaralayan, nazlanan da yardı, yar
   
   
   
   Yar istəyin yarıda da yardı yar
   
   Yaralanan sinəni də yardı yar
   
   Yara dərin, nazənin də naz etdi
   
   Nazlana-nazlana qışı yaz etdi
   
   
   
   Saldın dərdə yarı, ay saçı sarı
   
   Sallana-sallana get, yara sarı
   
   Sığalla aşiqi, yarasın sarı
   
   Saraldı dərdindən, sən də naz etdin
   
   
   
   Nazlana-nazlana qışı yaz etdin
   
   Canın ağrar sən də yara can desən
   
   Canan desən, can içində can desən
   
   Çağrışına elə hey "ay can" desən
   
   
   
   Canı da can dedi, qaşı naz etdi
   
   Nazlana-nazlana qışı yaz etdi
   
   
   
   30.10.07-3.11.07
   
   
   
   Nə gərək, nə gərək?
   
   Canan yenə can yandırır,
   
   Ayaz nə gərək, nə gərək?
   
   Canan aşiq yanındadır
   
   Ha yaz, nə gərək, nə gərək?
   
   
   
   İçindəki dərddi, yara
   
   İstək ola, qaya yara
   
   Qışda çatsan sən də yara
   
   De, yaz nə gərək, nə gərək?
   
   
   
   Yanan canın, ya dərindi?
   
   Eşq atəşin sən dər indi.
   
   Eşqin elə ha dərindi
   
   Dayaz nə gərək, nə gərək?
   
   
   
   25.10.07
   
   A yar
   
   
   
   Nişan aldın, nişanlandın
   
   Naşı ələ keçdin, a yar!
   
   Şirin cana qəsd eylədin
   
   Nədən ağı içdin, a yar?
   
   
   
   Dağ çəkdin yar sinəsinə
   
   Qızın indi istisinə
   
   Yad yarın da sinəsi nə?
   
   Yana-yana seçdin, a yar!
   
   
   
   Çək canından, sil dağları
   
   Al sinəndən ağrıları
   
   Daha acı ağıları
   
   Ha dinləsən, heçdi, a yar!
   
   
   
   17.10.07
   
   Yar yaylağa gəldi-gəldi
   
   Çiçəklər də yatdı yerə,
   
   Yar yaylağa gəldi-gəldi.
   
   Getdi həsrət qaranlığı
   
   
   
   Yar yaylağa gəldi-gəldi.
   
   Qara qaşlı, yanağı al,
   
   Sarı saçda qəşəngdi şal.
   
   Naz eyləyir sinədə xal
   
   
   
   Yar yaylağa gəldi-gəldi.
   
   Lalə təki aldı yanaq,
   
   Sinəsində qoşadır dağ.
   
   Nəzərləri çəkdirdi dağ
   
   
   
   Yar yaylağa gəldi-gəldi.
   
   Yaz keçəcək, gələcək yay,
   
   Sən ayları, illəri say.
   
   Aşıq da eyləyər haray
   
   Yar yaylağa gəldi-gəldi.
   
   
   
   28.12.07
  • May:
  • 3

TƏQVİM / ARXİV