adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

Çox istədiyim adam – Rəşad Məcid! - Faiq QİSMƏTOĞLU yazır

FAİQ QİSMƏTOĞLU
1163 | 2022-12-26 12:19

...Dünyada elə insanlar var ki, onlarla qohum olmasan da, qohum qədər adama doğmadılar... Onlarla qonşu olmasan da, qonşu qədər adama əzizdilər... Onlarla qardaş olmasan da, qardaş qədər adama yaxındılar... Və elə düşünürsən ki, bu adamlarla uzun müddətli oturub-durmusan, çörək kəsmisən, yoldaşlıq, dostluq və qardaşlıq eləmisən. Bu adamlar tək sənin üçün doğma deyillər. O qədər gözəl, o qədər yumşaq xasiyyətləri var ki, ətrafdakılar da onları çox istəyir, xətrini uca tutur və həmişə də özlərinə doğma bilirlər!...

...Bax, belələrindən biri də 1990-cı ildən tanıdığım, qardaş qədər, qohum qədər, dost qədər mənə yaxın olan Rəşad Məciddi! Və mənim Rəşad Məcidlə 1990-cı ildən dostluğum yaranıb. Özü də mən hər adamla çörək kəsən, dostluq eləyən və bir yerdə əyləşib dərdini bölüşən adam deyiləm. Bir qədər çətin, həm də qapalı insanam. Amma Rəşad Məcidlə o qədər bir-birimizə yaxınlaşdıq ki, sanki elə bildim mənim doğmamdı, əzizimdi, qardaşımdı. Mən Rəşad Məcidi bir yerdə işləyəndə daha yaxşı tanıdım. Gördüm ki, balam, bu, adi adam deyil ey! Ağayanə, mərd, sözünü deyən, dostluğa, çörəyə sədaqətli olan böyük bir ziyalıdı. O ziyalı ki, həmişə başqalarının mənafeyini özününkündən üstün tutub...

Deyirlər ki, Rəşad istedadlı şairdi, yazıçıdı, publisistdi. Mənim buna sözüm yoxdu! Rəşad nə qədər istedadlıdısa, nə qədər savadlıdısa və nə qədər səmimidirsə, ondan da böyük, ondan da uca onun vətənpərvərliyidi. Mən bu adamın Azərbaycanı, Qarabağı, torpaqlarımızı necə sevdiyini heç vaxt yaddan çıxara, unuda bilmirəm. Ona görə unuda bilmirəm ki, 1992-ci ilin mayın 8-də Şuşa erməni və rus birləşmələri tərəfindən işğal olunanda Rəşad işə gələndə doluqsunduğunu gördüm. Qəhər onu o qədər boğmuşdu ki, az qalaydı hönkürüb ağlasın, elə ağladı da! Redaksiyada dedi ki, mən mayın 11-də Laçına gedirəm. Kim getmək istəyirsə, gəlib mənə qoşulsun. 50-60 nəfərin arasından heç kimin səsi çıxmadı! Bir Elşad Hacıyev (indi prokurorluq orqanlarında işləyir), bir də mən dedim ki, biz də sənə qoşulub Laçına gedirik! Gördüm ki, Rəşadın çöhrəsində bayaqkı qəm, kədər bir anlıq yoxa çıxdı və bir təbəssüm yarandı. Sabahı günü Rəşad yenə redaksiyaya gəldi və dedi ki, bəlkə siz getməyəsiz. Vəziyyət çox çətindi, mühasirəyə düşərik, ölə də bilərik!

...Amma Rəşad gördü ki, nə Elşad Hacıyev, nə də mən sözümüzdən dönən deyilik. Biz mayın 12-də Rəşadın «Jiquli»si ilə Laçına getdik və yolda Güləbirtdə postda olan əsgərlərimizdən müsahibə aldıq. Dedilər ki, beş dəqiqə bundan əvvəl ermənilərin vertolyotu bizim postu vurmaq istədi. Cəld tərpənib biz onların vertolyotunu vurduq. Ləngimədən üzü Laçına gedirdik və Laçında şəhər mərkəzində qərargaha baş çəkdik. Orda batalyon komandirləri ilə və Rəşadın dayısı Elbrus müəllimlə görüşdük. Hamı məəttəl qalmışdı. Biz «Jiquli» ilə Laçına necə gəlmişdik?! Hansı ki, həmin dövrdə hərbiçilərin özləri tankla, döyüş maşınları ilə aradan çıxırdılar. Hardasa 4-5 saat Laçının mərkəzinədə ləngidik və oranı da ermənilər top mərmisi ilə vurdular. Mərmi gəlib maşınların birinin üstünə düşdü. Bizə dedilər ki, burda dayanmaq olmaz, hər an ölümə bərabərdi. Batalyon komandirlərini və Rəşadın dayısının təkidi ilə biz şəhərdən çıxmalı olduq. Ancaq eşitdik ki, yol bağlanıb, mühasirədə qalmışıq. Bir neçə saatdan sonra mühasirə yarıldı, ermənilərin mövqeyi darmadağın edildi və biz geri qayıtdıq! Geri qayıdanda Güləbirtdə müsahibə aldığımız əsgərlərin bir neçəsinin şəhid olduğunu eşitdik...

Bax, biz Rəşad Məcidlə Vətənin ən ağır, ən çətin günündə Vətənin yanında olmuşuq. Hətta şəhid ola biləcəyimizi bilə-bilə yenə yolumuzdan qalmamışıq, Laçına getmişik və sağ-salamat geri dönmüşük. Onda anam da sağ idi, qardaşlarım da! Nə Rəşadı, nə də Elşadı tək buraxmadım. Dedim, gedəcəyik Bəhmənliyə, bu axşam bizdə qalacağıq! Bəhmənliyə getdik, axşam bizdə qaldıq. Anam və qardaşım bizim Laçından qayıtdığımızı bilib bərk qorxuya düşdülər. Amma dedilər ki, şükür Allaha, sağ-salamat geri dönmüsüz! Anam Rəşadı da, Elşadı da bağrına basıb məni necə öpdüsə, onları da elə əzizlədi və hətta damarı çıxmış əllərini Rəşadın və Elşadın saçlarında gəzdirdi. Dedi ki, elə bilirəm, siz də mənim oğlumsuz...

...Kim nə deyir-desin, Rəşad Məcidə hər cür vəzifə yaraşır. Çünki o vəzifəyə gəlməmişdən öncə təpədən-dırnağa vətənpərvər, millətini və xalqını sevən, hətta onun yolunda ölümə getməyə hazır olan böyük bir ziyalıdır. Rəşad Məcid hansı vəzifədə işləyibsə, o vəzifəni şərəfləndirib. Vəzifə Rəşad Məcidə yox, Rəşad Məcid vəzifəyə yaraşıb. Yazıçılar İttifaqının katibi olanda da, müxtəlif vəzifələrdə işləyəndə də, «525-ci qəzet»in təsisçisi və baş redaktoru olanda da, həmin dəyərləri qoruyub saxlayıb. Nə başqaları kimi yerə, göyə sığmayıb, nə də özünü dartıb dağın başına qoymayıb. Mən Rəşad Məcidi 1990-cı ildə bir yerdə işləyəndə necə tanımışamsa, elə indi də elə tanıyıram. Yəni bu adamı şan-şöhrət, vəzifə və tutduğu mövqe heç vaxt dəyişdirməyib; elə həmin sadə, səmimi və gülərüz Rəşad Məciddi!

...Bir neçə gün qabaq Azərbaycanın tanınmış ziyalılarından biri olan rəhmətlik Məhəmmədəli müəllimin yas məclisində idik. Qəzetin redaktor müavini Yusif Rzayevlə qarşı-qarşıya əyləşmişdik. Rəşadı soruşdum. Dedi ki, görmədin, arxa tərəfdə əyləşib?! Amma mən Rəşadı görməmişdim. Gəlib əyləşmişdim Yusifin, Nizaminin və Nicatın yanında. Bir müddətdən sonra gördüm ki, Rəşad Məcid bizim masaya yaxınlaşdı, mənimlə hal-əhval tutdu və əl görüşdü. Bir daha yəqin etdim ki, Məcid kişinin oğlu Rəşadı heç bir vəzifə dəyişdirə bilməyib... Bir daha yəqin etdim ki, Rəşad Məcid indiki vəzifədən də yüksək yerlərə layiqdi... Bir daha yəqin etdim ki, onun çöhrəsindəki təbəssüm, hərəkətindəki ağayanalıq heç də elə-belə deyil... Bunlar kökdən və gendən gələn xüsusiyyətlərdi... Bunlar Allah-Təalanın hər insana bəxş etmədiyi çox müqəddəs və qeyri-adi dəyərlərdi... Və mən elə ona görə də Rəşad Məcidi çox istəmişəm, çox istəyirəm və çox istəyəcəm də!..

...Mən hər hansı bir yazımı qələmə alan kimi onun elektron variantını Azərbaycanın üç böyük ziyalısına – BDU-nun jurnalistika fakültəsinin kafedra müdiri, professor, mənim müəllimim və gözəl insan Cahangir Məmmədliyə, «525-ci qəzet»in təsisçisi və Yazıçılar İttifaqının katibi, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcidə, tələbə dostum, dostluqda və yoldaşlıqda sədaqətli seçilən, çox böyük televiziya mütəxəssisi, professor, Əməkdar jurnalist Qulu Məhərrəmliyə göndərirəm. Onlar da vaxtlarının az olmasına baxmayaraq, 5-10 dəqiqə keçməmiş yazıya baxırlar və bəzən də fikirlərini söyləyirlər. Bax, ondan sonra mən o yazıları saytda yerləşdirirəm və oxucular arasında paylaşıram. Bu böyük ziyalıların zamanı çox azdır. Amma hər birinə mənə vaxt ayırdıqlarına görə fürsətdən istifadə edib bir daha təşəkkürümü bildirirəm. Ən azından ona görə ki, onlar hər üçü ustaddır və bu böyük yazarların fikirləri mənim üçün çox dəyərlidir.

Mənim bu dünyada çox istədiyim adamlar barmaqla sayıla bilər və o barmaqla sayılan böyük ziyalılardan biri də dostum, qardaşım və həmişə istedadına, sadəliyinə və zəhmətkeşliyinə böyük hörmət bəslədiyim Rəşad Məciddi. Bu yazını çoxdan qələmə almaq istəyirdim. Amma baxırdım ki, nəsə çatışmır. Bəlkə də yenə nəsə çatışmır. Buna baxmayaraq, ürəyimin səsini eşitdim və ürəyimdə nə varsa, hamısını oxucularla bölüşdüm. Bu cür böyük ziyalılar tək mənim dostum deyil, bu xalqın, bu millətin işığı, nuru və sabahıdır. Onlar kimi aydınlar nə qədər çox olsa, millətimiz və xalqımız qaranlıqdan işığa çıxar, haqqı nahaqdan ayırar və işığa doğru addımlayar...

TƏQVİM / ARXİV