adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

ÇİNARLININ ŞAİR QIZI - VAQİF YUSİFLİ yazır

VAQİF YUSİFLİ
2361 | 2023-09-14 15:29

Çinarlı Şəmkirin ən gözəl, təbiəti göz oxşayan kəndlərindən biridir.Rəfiqə Qasımqızı Abbasova 18 yaşında Orta məktəbi fərqlənmə ilə bitirdi. Arzusu bu idi ki, Tibb İnstitutuna daxil olsun, həkim olsun, ən ağır xəstəni ürəklə sağaltsın, sözlə sağaltsın. Və elə birinci il arzusuna çatdı.Düz 45 ildir ki, Rəfiqə xanım bu müqəddəs sənətin sahibidir. Mən öz işinin kamillik zirvəsinə çatan həkimlərdən söz düşəndə, həmişə Rəfiqə xanımın həmyerlisi, Şəmkirin Morul kəndində dünyaya gələn, indi o kənin məzarlığında uyuyan, amma mərhum deməyə dilim gəlmədiyi gözəl şairimiz Səyavuş Sərxanlının bu misralarını xatırlayıram:

 

Ömrün çIraq-çıraq sönən anları

Onun sinəsini dəlib keçirlər.

Bütün ölümlərin meridianları

Həkim ürəyindən gəlib keçirlər.

Onun səsindəki ən gizli qəm də,

Xəstəyə dağ yükü olub deyirəm.

Harda bir otağa həkim girəndə

Ora ümid seli dolub deyirəm.

 

Rəfiqə xanım da belə həkimlərdəndir deyirlər.

Sənətləri bir-birilə müqayisə etməzlər, hər sənətin özünəməxsus bir missiyası var. Amma müqayisə eləyəndə ən tutarlı, oxşar təşbihlər yada düşür. Həkimliklə şairliyi nə birləşdirə bilər? Şəfalı əllər-şair ürəyimi?. Məncə, ürək .. Əgər şair ürəyi içində yatan o duyğuları sözə çeviirmirsə, şairin yazdığı şeir ŞEİR olarmı? Əgər həkim ürəyi sağaldacağı xəstənin keçirdiyi həyəcanları duymursa, ona HƏKİM deyə bilərikmi? Ən gözəl həkim elə ən duyğulu-içi sözlərlə dolu şair deyilmi? Bəlkə Rəfiqə xanımı da şeir tilsiminə salan elə bu şairanə duyğulardır.

Rəfiqə Abbasovanın 2018, 2019 və 2020-ci illərdə çapdan çıxan üç şeir kitabı və bir də "Azərbaycan" jurnalının 2022-ci il mart-aprel birləşmiş nömrələrində dərc olunan şeirləri ilə tanış oldum. Mənim fikrimcə, "Xatirələr əl edir" kitabındakı şeirlər geniş şair erudusiyasını, həyat, insanlıq, dünya və yaşadığı mühit haqqına poetik düşüncələrini əks etdirir. Təkcə məzmun baxımından deyil, həm də sənətkarlıq nöqteyi-nəzərdən də bir şairin imkanlarını aşkara çıxarır. Amma "İlmələnən arzular" və uşaqlar üçün yazılan "Utancaq bənövşələr" kitablarına da müraciət edəcəyəm.

Qadın dünyası etiraflarla, xatirələrlə dolu bir aləmdir və bu aləmə daxil olmaqla sən ona məxsus zərifliyi, incəliyi, həyat eşqini, sevgi-məhəbbət aləmini və bütün bunlardan daha öncə vətənpərvərliyini, təbiətə, onun gözəlliklərinə heyrətini hiss edəcəksən. Rəfiqə Abbasovanın şeirləri də bu təəssüratları səndə yarada bilirmi?

İlk növbədə, şairin ənənəvi mövzulara müraciətinə diqqət yetirək. Çünki şairin təzə söz demək istedadı məhz bu ənənəvi mövzularda üzə çıxır. Bizim poeziyada təbiətə,onun ayrı-ayrı atributlarına yüzlərlə, minlərlə şeirlər həsr olunub. Nə qədər dağlar şeiri var, nə qədər bənövşələr, lalələr, qızılgüllər, qərənfillər, ilin fəsilləri şeirimizdə məskən salıblar (hərçənd ki, onların sırasında zəif və ortabab nümunələr də az olmayıb). Bizim poeziyada analara həsr edilən şeirlərin sayı da çoxdur, amma bu çoxluqda seçilən, indi də yaddaşlardan silinməyən şeirlər çox deyil. Vətənə şeir həsr etməyən şair tapılarmı? Amma Vətən sevgisi heç də bütün şeirlərdə öz poetik ifadəsini tapıbmı? İndi görək Rəfiqə xanım bu ənənəvi mövzularda təzə söz deyə bilirmi?

Bəri başdan eyim ki, mən onun təbiətə həsr olunan şeirlərini daha çox bəyəndim (subyektiv fikrim olsa da).Təbii ki, hər hansı şairin (necə ki, başqa sənət sahiblərinin də) təbiəti sevməsi adi hal kimi qəbul edilir, amma şairin təbiətə sevgisi adi hal olmamalıdır. Ələsgərin, Səsəd Vurğunun, Osman Sarıvəllinin, Musa Yaqubun, Hüseyn Arifin təbiətə sevgiləri poeziya sevgisinə çevrilib. Amma elə şeirlərə rast gəlmişəm ki, bu sevgini görməmişəm, yəni dağlar, güllər-çiçəklər, dəniz poetik sevgiyə çevrilməyib. Rəfiqə xanımın təbiət şeirləri elə təbiətin özü kimi təbiidir, duyumludur. O, təbiəti sevir və bu sevgi öz ifadəsini də şeirlərində əks etdirə bilir. Məsələn, onun dağlara həsr etdiyi bir neçə şeirində təbiət duyğusu DAĞ obrazında təcəssüm edir.

 

Sanki bir kəmərdirzümrüd meşələr,

Dolanıb belinə qoca dağların.

Üzüyün parlayan qaşına bənzər,

Qarlı zirvələri uca dağların.

Yaxud:

 

Burada günəş də tezdən oyanır,

Çiçəklər bərq vuranşehdə yuyunar.

Göy üzü şəfəqdən nura boyanar,

Yağış rəngli çələng toxuyar, dağlar.

 

Rəfiqə xanımın gülləri, çiçəkləri çox sevdiyi diqqəti cəlb edir. Və çalışır ki, hər gülün, hər çiçəyin şeirdə özünəməxsus naxışlarını yarada bilsin.

Bənövşə, lalə məncə, onun çox sevdiyi çiçəklərdir. Amma bu sevgilər təkcə bir təbiət aşiqinin heyranlığı deyil, həm də şeirdə onların hər birinin obrazını yaratmaqdır.

 

Səhərin mehindən titrəyən çiçək,

Bəzə çölü, düzü sən ləçək-ləçək.

Şehli yanaqların nə qədər göyçək,

Çiçək dənizinə qarışdın, lalə

 

("Lalə")

 

"Hər yetən əllərə düşməmək üçün

Kolların içində itib bənövşə"

 

("Bənövşə")

 

Rəfiqə xanımın "Şəhid çiçək" şeirini oxuyanda kövrək hisslər səni bürüyür. Bir vaxtlar sevdiyi çiçək indi şəhid qanına batıb və o çiçək də şəhid olub.

 

Çiçək, dayanmısan sən məlul-məlul,

Başını əymisən sinənə sarı.

Bir vaxtlar sən sevgi çiçəyi idin,

Xatırla adını bir əfə barı.

 

Onun anasına həsr etdiyi şeirlər də beləcə kövrək misralarla öz əksini tapır. Onun Azərbaycanı-sevdiyimiz Vətəni tərənnüm edən şeirlərində bəzən rast gəldiyimiz tərənnüm misraları olsa da, hər halda böyük Vətənə sevgilərdən güc alır. Amma "Çinarlıya gedən yollar" şeiri həmin o böyük vətən məhəbbətinin başlanğıcı sayıla bilər. "Mənim gözümdən başlayır Çinarlıya gedən yollar".Rəfiqə xanımın vətənpərvərlik şeirlərinin içində bir "Başına dönüm" şeirini ayrıca qeyd etmək istəyirəm. Kimsəna kədərli şeir eyə bilər. Amma belə deyil. Kəərin içində də böyük işıqlı məhəbbət çırpınar. Əsl Vətən məhəbbəti.. Baxın:

 

Başına dönüm mən, ana vətənim,

Bircə görünməsin gözünün yaşı.

Oğlu şəhid olan vətən ağlayar,

Hönkürər dağları torpağı, daşı.

 

Sıldırım qayası dağların döşü,

Göz oxşayan çəmən, çiçək vətəndir.

Bir qarışı üçün hər gün döyünən

Torpaq üçün susan ürək vətəndir.

 

Elə bir qadın şairimiz tapılmaz ki, o, sevgidən, onun qəlbini alışdıran o hisslərdən, o duyğulardan söz açmasın. Bu mənada qadın qəlbi sirlərlə doludur, amma poeziya o sirlərin şeirlərdə açımı deməkdir. Hər bir qadın tənhalıq içindədir-deyirik. Rəfiqə xanım "Tənhalıq yamanca bürüyüb məni" deyir. Bu tənhalıq ümidsizlikdən, hansı bir arzununsa reallaşmamasından doğurmu? Bu tənhalığın ömrü bitəcəkmi? Bu suallara cavab vermək çətindir. Amma lazımdır bu tənhalıq-çünki tənhalıqda sevgi var və o sevgi nə zaman ki, sənin içində yaşayır və həsrət-qəm-kədər onu çulğalayırsa, tənhalıq o vadidən çəkilməyəcək. Rəfiqə xanımın sevgi şeirləri də elə bu tənhalıqdan doğur. Baxın:

 

Hardan əsdi bu külək,

Yerə çırpdı gümanı.

Yollarımı bağlayıb

Ümidlərin dumanı.

 

Yaxud:

 

Soyuq dtvarları üstümə gəlir,

Xarabaya dönüb indi can evim.

Azalıb gülüşüm yarıbayarı,

Kədəri, qüssəni mən necə sevim.

 

Əlbəttə, kədəri də, qüssəni də sevmək olar. Amma o kədərdə, o qüssədə sabaha ümid işartıları görünsün.

Bu yazıd mən Rəfiqə Abbasovanın bir sıra şeirlərindən söz aça bilmədim: "Mən Qarabağam", "Doğmalıq", "Yaman darıxır göy üzü" , "Məhəbbət çiçəyi", "Ata", "Ata evimiz", "Xəzər", "Verməz sənin yerini" və. Bu şeirlər onun ən yaxşı şeirlərinə misal ola bilər.

O ki qaldı onun uşaq şeirlərinə. Mən Qəşəm Nəcəfzadənin onun uşaq şeirlərindən ibarət "Utancaq bənövşələr" kitabına yazdığı ön sözə heç nə əlavə edə bilmərəm. Yaxşı təhlil edib o şeirləri.

Rəfiqə xanımın şeir dili sadədir, təmizir, kiçik qüsurlar nəzərə çarpsa da əsl şeir diliir.

Yalnız uğurların bol olsun deyrəm Rəfiqə xanım!

TƏQVİM / ARXİV