adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

Çin olan yuxumuz - Əbülfət MƏDƏTOĞLU yazır

ƏBÜLFƏT MƏDƏTOĞLU
811 | 2022-12-08 16:00

Kəmaləddin Qədimlə yozduq bu yuxunu

 

Allah bəndələrini yaradanda təbii ki, onların bəxtini də, taleyini də, hətta cinsini də özü müəyyənləşdirir və hər kəsin də haqqı olanı onun özünə nəsib edir. Kimsə kimsənin haqqını əlindən almaq gücündə deyil. Ola bilsin ki, bu fikrimlə barışmayanlar olsun. Amma bir gün, beş gün haqqa girmək ömürlük haqqı itirməkdir. Ona görə də ağlı başında olan hər kəs öz haqqı ilə, öz taleyi ilə barışır və onu yaşayır.

Yazıya bir az uzaqdan başladım. Bu da səbəbsiz deyil. Ona görə ki, bir Allah bəndəsi olaraq mən gözəlliyin, zərifliyin vurğunuyam. Bu gözəllik, bu zərifliyin şah damarı da sevgidi. Ağacın da gözəli, daşın da gözəli, çiçəyin də gözəli, elə qızların da gözəli sevginin təmsilçisidi. Elə bilməyin ki, burda söhbət zahiri gözəllikdən gedir. Adi və təbii olan hər şey içində elə bir gözəlliyi daşıyır ki, onu heç bir nəqqaş, heç bir vizajist, yəni xanımları bəzəyən edə bilməz. Deməli, içdən gəlməlidi, içdə olmalıdı o sevgi, o gözəllik və bunu da qarşı tərəf öz içi ilə görməlidi, öz içi ilə dəyərləndirməlidi. Bax, onda bu sevgi üçün yaşamağa da dəyər, ölməyə də.

Təbii ki, sevginin ən gözəl təmsilçiləri, daha doğrusu təqdimçiləri söz, ruh, incəsənət adamlarıdı, yəni şairlərdi, rəssamlardı, heykəltəraşlardı. Onlar Allahın izni ilə o  rəsmləri, o görüntüləri göz qabağına gətirirlər, insanlara təqdim edirlər. Dünyanın hər yerində böyük rəssamlar, böyük heykəltəraşlar və təbii ki, həm də şair və yazıçılar gözəlliyin vəsf edənlərdi, tanıdanlardı.

Bu gün «Bir şairin bir şeiri» layihəmdə Kəmaləddin Qədimlə həmsöhbətəm. Onun «Harda ayrılıq yoxdu» kitabımda diqqətimi «Bu qız» şeiri çəkdi. Oxudum və oxuduğum anda da həmin o mənzərə gözümün önündə canlandı. Bir az xatirələr, bir az yaşanmışlar və bir az da o şıltaq məqamlar dindirdi məni, qoşuldum Kəmaləddinə:

Bu qız nə dava-dalaş,

Nə də qalmaqal yeri;

Bu səs-küylü dünyanın

Ən sakit, ən lal yeri.

 

Doğurdan da biz qız şıltaqlığının, qız hay-küyünün və bir də bu məqamların içərisindəki səmimiyyətin, ovqatın necə də mənalı, rəngarəng olduğunu bəzən zamanında qiymətləndirə bilmirik. Ona görə də dünənə baxanda içimizdən bir sızıltı gəlib keçir. O anları təzədən yaşamaq sızıltısı. amma artıq gecdi. qatar gedib. Baxmayaraq ki, ürəyimiz də o qatarda idi. Biz fərqinə varmamışıq. Elə ona görə də mən də Kəmaləddinin səsinə səs vermişəm və yazmışam ki:

 

Ay allah giley doludu

Ürəyi, dili bu qızın.

Açılıbdı göy üzünə,

Hər iki əli bu qızın.

 

Yəqin ki, bu misraları oxuyanda siz də gözünüzün qarşısına həmin o qızı gətirdiniz və sizin də həyatınızda olan o qız nədən və kimdən narazı düşüb əlini göyə açdığını təxmin etdiniz. Bütün bunları sizə xatırlada bildimsə, demək mən də həmin o qızı xatırlayanlardan biriyəm. Elə Kəmaləddin də həmin o xatirələrin ip ucundan tutub öz dünyasındakı həmin qızı xatırlaya-xatırlaya düşüncələrini misralayır. Sözü-sözə calamaqla o gününü, o anını bizə təqdim edir:

 

Olsa da dərd tərəfi,

Mərd yönü, mərd tərəfi;

Dörd yanı, dörd tərəfi

Tay-tuşun cığal yeri.

 

Görürsünüzmü, necə sakit bir şəkildə, necə pünhan bir hissin ifadəsini şeirləşdirib şair. Zənnimcə, dörd tərəfdəki mənzərə nə qədər fərqli olsa da, onun poetik təqdimatı ruh oxşayır. Bunu da Kəmaləddin Qədim özünün qələmi ilə kağıza köçürür. Mən də o kağızı böyük maraq və həm də yaşaya-yaşaya özüm üçün pıçıldayıram. O pıçıltılara da öz səsim, öz sözüm qoşulur:

 

Nə nazı, nə ədası var

Alınası qadası var.

Bilirəm, ya xatası var,

Ya da ki, feli bu qızın!

 

Bəli, bütün hallarda əvvəldə də dediyim kimi o qız bir sevgi mücəssəməsidi. Onu yalnız uzaqdan seyr etmək, yerişinə, duruşuna, baxışına ürəklə müdaxilə etmək sənə imkan verər ki, onu özün qədər duyasan. Onu onun özü kimi dəyərləndirəsən. Təbii ki, burda bir az şairlik edirəm. Amma bütün hallarda mən iç dünyamızın şəklini nümayiş etdirməklə bərabər, həm də cizgilərini söz edirəm və həmin məqamda yenə gözümün önündə Kəmaləddin Qədimin dünənindən bu günə alıb gətirdiyi o mənzərə dayanır. Yəni o qızın bütün halı, əhvalı, görkəmi, şıltaqlığı, səmimiyyəti, yəni bütövlüyü misra-misra danışır mənlə:

 

Bilməz gün necə gündü,

Həftə, ay neçə gündü.

Darıxar gecə-gündüz

Saçının sığal yeri.

                  

Bəli, insan təbii ki, söhbət sevən insandan gedir. O vaxt darıxır ki, o həsrətin, təkliyin, tənhalığın caynağında olur. Köhnə kişilər demiş, onun qulaq yoldaşı yalnız xatirələr, şəkillər və bir də gözünü sancdığı yollar olanda darıxmaq, özünə yer tapmamaq hakim kəsilir varlığına. Saçındakı əl yeri də göynəyir, yanağındakı dodaq izi də və güzgüyə nə qədər baxsan da, yalnız o izləri görürsən. Nə əli, nə də nəfəsi, dodağı axtarsan da tapa bilmirsən. Bax, bu məqamda mən bir az qabağa gedib özüm-özümə təsəlli verirəm və yazıram ki:

 

Nur tək axır ürəklərə,

Uymur heç bir kələklərə.

Vallah, deyən mələklərə –

Bağlıdı beli bu qızın.

 

Burda bir az da şairlik edirəm, bir az da ovqat yaradıram. Özümə də, oxucuya da demək istəyirəm ki, o qız mələklərdən biridi. Onun əli, ətəyi mələklərin əlində, ətəyindədi. Ona görə də şıltaqlığı da, gözəlliyi də təbiidi. Göy üzündən gəlib. Onu yalnız dəyərləndirmək və sevmək lazımdı. Mənim bu istəyim Kəmaləddin Qədimin istəyi ilə paralelləşir. O da həmin o xatirəsini şeirə çevirdiyi qızla bağlı sanki son akkordu vurur, son pıçıltını dilə gətirir və yazır:

 

Adam da  barı sına,

Bu qıza sarı sına.

Həsrətdi arısına

Dodağının bal yeri...

 

Təbii ki, söz sözü tamamlayanda, ruh ruha doğma olanda onda pıçıltılar da xoş gəlir, xoş ovqat yaradır. Necə ki, mən şair dostumun pıçıltılarının yaratdığı ovqatda səni, yəni o qızı təkrar, olduğu kimi görürəm. Və üz-üzə dayanıb söhbət edirəm. Bu şeirdə olduğu kimi:

 

Yaraşığı həya, ismət,

Hardasan, ay yatmış qismət.

Özün öldürür Əbülfət –

Açılsın, gülü bu qızın.

 

Bəli, biz şair olaraq, söz adamı olaraq təkcə öz sevgimizi yox, həm də sizin sevginizi sözə, misraya köçürürük. İstəyirik ki, dünyamızın bəzəyi olan sevgi hər birinizin ömrünüzə də ancaq xoşbəxtlik və yaşam əhval-ruhiyyəsi bəxş etsin. Bax, onda hər birinizin həyatınızdakı o qız mütləq yuxusunda sizi görəcək və biz də deyəcəyik ki, yuxunuz çin olsun. Necə ki, mən Kəmaləddinlə çin olan yuxumuzdan sizə söhbət açdım.

TƏQVİM / ARXİV