Rəhmətlik Molla Nəsrəddin bir dostu ilə rastlaşır, hal-əhval tuturlar. Dostu deyir ki, vəziyyətim çox ağırdı, bir otağım var, uşaq da çox, çətinlik çəkirik.
Molla deyir:
- Gəl sənə bir məsləhət verim. İnəyin var?
- Bəli var.
- Bu gün o inəyi də evdə saxla.
Aradan bir həftə keçir, yenə rastlaşırlar. Molla soruşur ki, vəziyyət indi nətərdi?
Dostu:
- Molla, nəfəs ala bilmirik, qırılırıq.
Molla:
- Qoyunun var?
- Hə, üç dənə.
- Get onları da evə yığ.
Aradan bir həftə də keçir, yenə rastlaşırlar. Molla soruşur ki, vəziyyət necədir?
Dostu:
- Molla, sən ağıllı adamsan, bu nə məsləhətdi vermisən? Evdə yatmağa da yer yoxdur.
Molla:
- Mən nə deyirəm sən onu elə. Eşşəyin var?
- Hə, get onu da evə gətir.
Yenə bir həftə keçir, yenə rastlaşırlar. Dostu deyir ki, ay molla, öldük axı.
Molla:
- Get inəyi çıxart.
Aradan bir həftə keçir, yenə rastlaşırlar. Molla soruşur ki, vəziyyət necədir?
Dostu:
- Bir az rahatlaşmışıq.
- Get qoyunları da çıxart.
Yenə aradan bir həftə keçir, rastlaşırlar, Molla soruşur ki, indi vəziyyət nətərdi?
Dostu:
- Allah balanı saxlasın, vəziyyət xeylaq yaxşılaşıb.
Molla:
- Get eşşəyi də çıxart.
Bir həftə sonra yenə rastlaşırlar. Molla soruşur ki, indi nətərsiniz?
Dostu:
- Allah balalarını saxlasın, sən doğrudan da müdrik kişisən. Evimizdə gen-bolluqdu, kefdəyik, hələ axşamlar çalıb oynayırıq da.
Şəhərimizdə tıxac əlindən nəfəs almaq mümkün deyil. Adamlar tıxacda tanış olur, gənclər tıxacda sevişir, tıxacda üzük təqdim edir, bircə qalır tıxacda toy eləmək. Tıxacdan boğulurduq, indi küçələrdə avtobus xətti də çəkiblər, lap Mollanın dostunun gününə düşmüşük. Bu azmış kimi velosipedçilər üçün də (hərçənd ki hələ həmin yolda velosiped sürən görməmişəm) ayrıca yol ayırıblar. Yenə Mollanın dostunun ikinci vəziyyətinə düşmüşük.
Qalıb eşşək məsələsi. İndi də deyirlər Bakıda tramvay çəkəcəklər, ondan sonra lap kef edəcəyik.
Bir Molla Nəsrəddin tapsaydıq bizim də dərdimizə əlac edərdi.
Nə isə…
Yadımdan çıxdı ey, hələ parkinqlərin də qiymətini qaldırıblar, ümumiyyətlə, kefdəyik.