adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

BiR GüNüN 4-LƏRi, 5-i, 6-SI VƏ ...60-I

OQTAY SALAMOV
14137 | 2012-07-28 08:56
Dünən İnformasiya agentliklərinin xəbərlərinə baxanda qəribə ardıcıllıq gördüm. Təsəvvür edirsiniz, demək olar ki, dalbadal gələn xəbərlərin başlıqları belə idi: "Ötən gecə Bakıda 4 nəfəri əqrəb sancıb", " Ötən gün Bakıda 4 nəfəri gün vurdu", " 4 nəfər AGBank-ın kampaniyasının qalibi oldu!", "Bakıda 5 nəfər qidadan zəhərləndi", "6 əkizə maşın adları qoyuldu", "60 gözlü məxluq"...
   
   Razılaşın ki, hər gün rastlaşılan situasiya deyil. Ona görə də xəbərlərin məzmunu ilə maraqlandım. Amma əvvəlcə özümüzə aid olanları, həm də əvvəlcə şadını, sonra isə bədini təqdim etmək istədim. Beləliklə, 4 vətəndaşımız hərəsi 200 manat qabağa düşdü. Yəni AGBank-ın Uduşlu Kupon kampaniyasının 4 qalibi 200 manatlıq kupon udublar. Deyir, digər bankların müştəriləri olan qaliblər, AGBank - ın ATM - lərindən istifadə etmiş və qalib olublar. Yaxşı reklamdır:
   
   "AGBank -ın keçirdiyi və ölkədə bənzəri olmayan bu kampaniya çərçivəsində AGBank - ın bankomatlarına yalnız 500 və 200 manatlıq kuponlar yerləşdirilir. Ən əsası isə odur ki, bu kuponları yalnız AGBank - ın kart daşıyıcıları yox, Azərbaycanın və dünyanın istənilən bankının kartına malik istifadəçilər də qazana bilərlər. Məhz bu səbəbdən başqa bankların kart istifadəçiləri, pul çıxarmaq üçün AGBank -ın bankomatlarına üstünlük verirlər".
   
   Xeyirli olsun. Amma bizə aid olan qalan xəbərlər bir-birindən bəddi. Birincidə deyilir ki, "Ötən gecə Bakı şəhərində 4 nəfəri əqrəb sancıb. Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından verilən məlumata görə, paytaxt ərazisində bir gecədə 4 əqrəbsancma hadisəsi qeydə alınıb.
   
   Əqrəb sancma hadisəsi Abşeron rayonu Sulutəpə qəsəbəsində, həmçinin Qaradağ rayonu Qobustan qəsəbəsi və Sahil qəsəbəsində baş verib. Əqrəb sancan insanların ikisinin vəziyyəti nisbətən ağır olub. Xəstələr xəstəxanaya yerləşdirilib".
   
   Gecənin dəhşətindən ayılmamış gündüzün zibilinə düşürük: "Ötən gün Bakı şəhərində 4 nəfəri gün vurub. Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından verilən məlumata görə, günvurma ilə bağlı həkimə 2 qadın, 2 kişi müraciət edib".
   
   Növbəti xəbər həm ağrılığı həm də sayın artması ilə gözə girir: Ötən gün Bakıda 5 nəfər qidadan zəhərlənmə ilə xəstəxanaya yerləşdirilib. 2 nəfər qarpızdan, 3 nəfər isə qarışıq qidalardan zəhərlənib. Həmin şəxslərə ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya yerləşdiriliblər.
   
   Bu günlərdə Azərbaycanda bir qadının bir dəfəyə 4 uşaq doğduğunu muştuluq kimi xəbər verdilər, sonra da hər gün bir uşağın öldüyünü bildirdilər. Gör nə gündəyik ki, Allahın Taylandından da ibrət götürə bilmirik. Başlığı rəqəm olan xəbərlərin birində deyilir ki, Taylandda yaşayan ailələrdən birinin 6 əkiz uşağı olub. Ailə körpələri avtomobil markalarının adları ilə adlandırıb. Belə ki, 3 qız 3 oğlan olan əkizlərə - Forcun (Toyota Fortuna), Audi, Porşe, Mini, Wolksvagen və Fiat adları qoyulub.
   
   Rəqəmin birdən kəlləçarxa çıxdığını görəndə və məlumatı oxuyanda elə mənim də gözüm kəlləmə çıxdı. Xəbərdə deyilir ki, təbiətin ən qeyri-adi heyvanlarından biri kəşf edilib. Böyük Britaniyada qeyri-adi xüsusiyyətə malik həşərat tapılıb. Bir alimin təsadüfən kəşf etdiyi 12 millimetr boyu olan soxulcanın 60 gözü var.
   
   Soxulcan mühafizə altında olan sahədə, Kembric şəhəri yaxınlığında tapılıb. Hələlik heç bir adı olmayan həşəratın bənzəri sadəcə bir dəfə Hollandiyada rast gəlinib.
   
   Brayan Eversham adlı alimin sözlərinə görə, o həşaratı bazar günü parkda şəkil çəkərkən tapıb.
   
   Allah 66-dan saxlasın, elə pisindən də, yaxşısından da...

TƏQVİM / ARXİV