AZAL-a məxsus Embraer 190 tipli 4K-AZ65 bort nömrəli təyyarənin zədələnməsi döyüş başlığının dağıdıcı elementləri nəticəsində baş verə bilər. Lakin həmin elementlərin mənşəyi hələlik müəyyən edilməyib.
Adalet.az xəbər verir ki, bu barədə Qazaxıstan Nəqliyyat Nazirliyinin hadisəni araşdıran komissiyasının aralıq hesabatında qeyd olunub.
Hesabatda bildirilir ki, aparılan kompleks ekspertizalar zamanı təyyarədə aşkar olunan metal hissəciklərdə partlayıcı maddə izlərinə rast gəlinməyib. Eyni zamanda, üç oksigen balonunda partlayış əlamətləri qeydə alınmayıb. Buna baxmayaraq, zədələnmənin döyüş başlığının dağıdıcı elementləri nəticəsində baş verməsi ehtimal olunur.
Araşdırma çərçivəsində 2 nömrəli hidravlik sistem borusunda da zədələnmələr aşkarlanıb. Ekspertiza nəticələrinə görə, bu zədələr metalın sərt obyektlərlə təması nəticəsində yaranıb və polad əsaslı xarici obyektlər tərəfindən törədilmiş ola bilər.
Bundan əlavə, təyyarənin Mərkəzi Texniki Baxım Kompüterinin (CMC) məlumat daşıyıcısı termiki təsirə məruz qaldığından məlumatların oxunması mümkün olmayıb. Məlumatların bərpası məqsədilə ABŞ-ın “Delkin Devices Inc” şirkəti ilə danışıqlar aparılır.
GPS sistemlərinə aid blokların araşdırılması isə tamamlanıb və hazırda nəticələrin təhlili davam etdirilir.
Qeyd olunur ki, Araşdırma Komissiyası bütün nəticələri obyektiv və faktlara əsaslanaraq təqdim edəcək. Yekun hesabat Qazaxıstan Respublikasının Nəqliyyat Nazirliyinin rəsmi saytında dərc olunacaq.


Bakı -°C
