adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

AYB-də qurultay müzakirəsi

19480 | 2012-10-05 00:23
Uzun müddətdir ki, AYB-nin qurultayının keçirilməsi ləngiyir. 2009-cu ildə keçirilməsi nəzərdə tutulan qurultay 3 ildir ki, ləngidilir. Nəhayət ki, bu ilin payızına planlaşdırılan qurultay da deyəsən baş tutmayacaq. AYB-nin bu ilin payızında keçirilməsi nəzərdə tutulan qurultayının keçirilməyəcəyi ilə bağlı söhbətlər artıq gündəmə gəlməyə başlayır.
   
    Azadlıq radiosuna müsahibə verən AYB katibi Rəşad Məcid bu barədə maraqlı fikirlər bildirib. Onun şəxsi müşahidələrinə əsasən AYB-nin qurultayı gələn il keçirilə bilər: "Qurultay 2009-cu ildə olmalı idi. Amma obyektiv-subyektiv səbəblərdən 3 il gecikdi. Əgər qurultayın vaxtından 3 il keçibsə, saymaq olar ki, 2009-cu ildə biz qurultayı keçirdik və həmin katibliyi, həmin tərkibi seçdilər. Deməli, növbəti qurultay da 2014-cü ildə olmalıdır.
   
   Mən elə bilirəm ki, 3 il ləngiyəndən sonra növbəti qurultayı 2014-cü ildə keçirmək daha doğru olardı. 2014-cü ilin payızına inşallah qurultayı gözləyərik."
   
   Amma AYB mətbuat xidmətinin rəhbəri Ədalət Əsgəroğlu qurultayın keçirilməsi ilə bağlı fərqli düşünür. Onun fikrincə qurultayın baş tutumasında heç bir problem yoxdur. Mətbuat xidmətinin rəhbəri öz açıqlamasında Rəşad Məcidin fikirlərinə də münasibət bildirib. " Rəşad Məcid Azərbaycan Yazıçılar Birliyinin rəsmisi və katibi olaraq qurultayla bağlı öz təəssüratlarını ictimaiyyətlə bölüşüb. Mən də Azərbaycan Yazıçılar Birliyinin digər bir rəsmisi kimi deyə bilərəm ki, qurultaya demək olar ki, tam hazırıq. Sadəcə bəzi xırda-para məsələlər qalıb. Azərbaycan Yazıçılar Birliyi bir sıra bölgələrdə bağlı hesabat-məruzələri dinləyib, amma bir neçəsi qalıb. Amma bu xırda problemlərlə yanaşı hələ də işlər davam edir. Qurultayın vaxtının uzadılması yalnız texniki səbəblərdən ola bilər. Hər halda Rəşad Məcid də öz şəxsi fikirlərini bölüşüb, amma belə götürəndə onun fikirlərində bir səmimiyyət, dediklərində bəlli bir məntiq də var. Azərbaycan Yazıçılar Birliyinin Nizamnaməsinə əsasən qurultay hər beş ildən bir keçirilməlidir. Bizim də vaxtımız uzandığı üçün o da belə fikirlər səsləndirib. Bu yaxınlarda yəqin ki, katibliyin iclası keçiriləcək və ondan sonra bizim mətbuata qurultayın nə zaman keçirilməsi ilə bağlı açıqlamalarımız olacaq. Ancaq o zaman mətbuat da qurultayın vaxtını dəqiq bilmiş olacaq" .
   
   AYB-nin üzvü və "Dünya Ədəbiyyatı" dərgisinin baş redaktoru Səlim Babullaoğlu açıqlamasında bildirib ki, o "AYB-nin qurultayının keçirilməsi nə üçün ləngidilir" sualına cavab verməkdə çətinlik çəkir: "Mən bu sualın cavabını bilmirəm. Amma onu bilirəm ki, Rəşad Məcid AYB katibi kimi belə fikirlər deməməlidir, çünki onsuzda qurultayın gecikməsi yaxşı hal deyil. Hər hansı səbəbdən olur olsun, bu gecikmə AYB nizamnaməsinin prinsiplərinin pozulmasıdır. Söhbət kimin sədr olub-olmayacagından getmir. Sədr məsələsi qurultayda həll olunacaq və AYB-nin daxili məsələsidir. Amma bunu vaxtında etmək lazımdır. Ümumiyyətlə qanunlara, insanlara hörmətlə yanaşmaq lazımdır. Ancaq Rəşad Məcidin fikirləri məndə təəssüf doğurdu".
   
   Gənc yazar Əsəd Qaraqaplan AYB-nin qurultayının keçirilməsini mənasız sayır. Onun fikrincə AYB-də ən ideal namizəd elə hazırki sədr Anardır: "AYB-də haçan adamlar bir-birinin dediyini təsdiq ediblər ki? Onlar elə həmişə bir-birinə zidd gediblər - özləri də bilmədən. Əslində orda mahiyyət elə budur. Qaldı qurultayın gecikib-gecikməməsinə, bunun nə əhəmiyyəti var axı? Hamı hər şeyi bilir və bütün bunlar doğrudan çox əhəmiyyətsiz şeylərdi. Qurultay oldu-olmadı, heç nəyə bunun təsiri olmayacaq. Anar ölməsə, yenə sədr seçiləcək. Əslində Anardan daha ciddi namizəd də yoxdu orda tərslikdən. Ən ciddi namizədinin 75 (səhv etmirəmsə) yaşı olan bir qurumun qurultayı da necə olacaq məlumdu. Ona görə boş vermək lazımdır. Məncə içmək daha maraqlıdır. Ən ciddi ədəbiyyat və həyat söhbətləri içki məclislərində olur. Dünyanın bütün böyük yazarları kafelərdən - içki məclislərindən çıxıb. Həm də zirzəmi kafelərdən. Anar dördmərtəbəli AYB-in beşinci mərtəbəsidi".
   
   AYB üzvü, yazıçı Aslan Quliyev düşünür ki, qurultay hökmən keçirilməlidir: "Əgər qurultayı bu payız da keçirməsələr, bunun bir adı var, rüsvayçılıq! Səmimi deyim, niyə ləngidirlər, mənə məlum deyil. Axı nəyə görə yubatmalıdılar? Bununla olub-qalan nüfuzlarını da heçə endirirlər."
   
   Gənc yazar Xuraman Hüseynzadə təklif edir ki, qurultayın vaxtı yaza keçirilsə, daha yaxşı olar. Məsələyə ironik yanaşan Xuraman Hüseynzadə hesab edir ki, payız fəsli AYB-yə düşmür: "Ədalət Əsgəroğlu da Rəşad Məcidin dediklərini təkzib edib. İndi kimə inanaq? Məncə, Rəşad bəy düz deyir. Çünki Ədalət Əsgəroğluda bir az pafoslu danışıq var. Ümumiyyətlə, bu payız faktorunu dəyişmək lazımdı. Payız - bu qurultaya düşmür nəsə. Bəlkə yaza keçirsinlər?! Qanın qaynayan vaxtıdı. Məncə fəsil məsələsini həll eləsələr, ortaq məxrəcə gələ biləcəklər."

TƏQVİM / ARXİV