Pənah xanın Qarabağa qaçdığını eşidən Nadir şah qəzəbindən yerə-göyə sığmırdı.
- Vəzir, Pənah xanın bu xəyanətini ona bağışlamaram. Yerin deşiyindən də olsa onu tapdıracam, amma öldürtməyəcəm. Bu əllərimlə onu şərəfləndirib gözlərini özüm çıxardacam. Sonra da qoy Qarabağ atlarına mehtər olsun. At qaşovladacam ona. Mehtər eləyəcəm onu. Axırda yatırdacam onu.
Pənah xanın kəndirini kəsənlərdən biri elə Vəzir idi. İndi öz yerini şirin salmaq üçün əlinə fürsət düşmüşdü.
- Şah sağ olsun, mənim elə o vaxtdan Pənah xandan gözüm su içmirdi. Sizə də dedim, amma Qoca sizi inandırdı ki, qeyrətli igiddir. İndi özünüz gördünüz onun qeyrətini, hələ ona elə qılınc bağışladınız.
Şah:
- Vəzir, Qocanı tanıdığım gündən hələ bir faydasız söz eşitməmişəm. Görünür, nə isə burda bir əngəl var.
Vəzir onsuz da Uyğur Əlişdən boğaza yığılmışdı. Əslində onun adı vəzir idi. Şah hər şeyi Uyğur Əlişlə məsləhətləşirdi. Uyğur Əliş idi şahın sağ əli, inandığı, etibar elədiyi adam. Vəzir isə şahın əl buyruqçusuna çevrilmişdi. Vəzir Uyğur Əlişi şahın yanında hörmətdən salmaq üçün uzun illərdən yığıb saxladığı sərvətin yarısından keçərdi. Amma bu asan iş deyildi. Şahı inandırmaq üçün tutarlı dəlillər lazım idi ki, vəzir də belə bir dəlil tapmaq üçün dəridən-qabıqdan çıxırdı. İndi əlinə yaxşı fürsət düşmüşdü.
- Şah sağ olsun, siz burda olmayanda Qoca Pənah xanla tez-tez görüşürdü. Özünüz bilirsiniz ki, onlar bərk dostdurlar. Pənah xanın qaçmasında onun da əli var. Sizin Pənah xan haqqında olan fikrinizi özümüzdən qeyri heç kim bilmirdi. Qurana and olsun, mənim sözüm həqiqətdir.
Şah fikrə getdi. O, hər şeyə inanardı, amma Uyğur Əlişin xəyanətinə yox. Vəzirin də sözlərində güclü bir həqiqət vardı. Çünki şahın Xorasandan dönən kimi Pənah xanı asdırmaq fikrini vəzirlə Uyğur Əlişdən başqa heç kəs bilmirdi. Belə qərara gəldi ki, Uyğur Əlişin özünü çağırtdırsın. Yaxşı bilirdi ki, Uyğur Əlişin dilindən ömrü boyu yalan söz çıxmayıb. Yaxşı, tutalım, vəzirin düz çıxdı, boynuna aldı, onda? Yox, Uyğur Əlişə heç cürə qıymazdı, amma hər halda ürəyini sakitləşdirməli, onu qurd kimi gəmirən şübhədən qurtarmalıydı.
- Vəzir, de, qoy Qocanı çağırsınlar. Sən lazım deyilsən. Onunla tək qalmaq istəyirəm.
Vəzir öz istəyinə nail olmuş adamlar kimi bərk sevindi və Uyğur Əlişi tapmaq üçün çıxdı. Nadir şah nə qərar qəbul edəcəyini hələ dəqiqləşdirə bilmirdi. İki su arasında tərəddüdlə var-gəl edirdi. Uyğur Əliş girdi, baş əydi. Şahın üz-gözündən qəzəbinin səbəbini anlasa da özünü onda qoymadı, dilləndi:
- Allah heç vaxt öz şəfəqlərini üstünüzdən əskik eləməsin.
- Qoca, keç əyləş. Gördün də sənin dostun Pənah xanın sədaqətini!..
Uyğur Əliş şahın səsindəki qəzəbi, istehzanı "sənin dostun" kəlməsində xüsusi vurğunu o dəqiqə tutdu. Keçib şahın göstərdiyi yerdə əyləşdi.
Uyğur Əliş:
- Şah, Pənah xan mərd adamdı.
- Mən onu kişi eləyib, kişilər cərgəsinə qoymuşdum. O, mərd olsaydı, mənim kürəyimə xəncər saplamağa hazırlaşmazdı.
Uyğur Əliş şahın həddindən artıq qəzəbli olduğunu görsə də öz fikrindən dönmək istəmədi.
- Şah, Pənah xan heç vaxt sənin kürəyinə xəncər saplamaz. Mənə inan. Özün bilirsən ki, neçə illərdi sənə sədaqətlə qulluq edirəm. Dünya malında da bircə qıça gözüm yoxdu. Olanım bir canımdı, onu da sənin yolunda qoymuşam. İnan, xəncəri kürəyinə Pənah xanı sənin gözündən salıb ləkələyənlər saplayacaqlar.
Şah heç nədən xəbəri yoxmuş kimi, şübhəsini qəti hiss etdirmədən soruşdu:
- Qoca, Pənah xan mənim tədbirimdən necə xəbər tutub?
Uyğur Əliş də Uyğur Əliş idi.
- Şah, məni asdıra da bilərsən, tikə-tikə doğradıb itlərə də yedizdirərsən. Sənin əlindədir. Mən heç nədən qorxmuram. Bu gün ölməli adam bir gün artıq yaşamaqla, o bir günlük əzabdan başqa heç nə qazana bilməz, Pənah xana mən dedim. İstəmədim təkrar günaha batasan. Allah ömür versə, lap tezliklə görəcəksən ki, mənim sözlərim həqiqətdir.
Bu vaxt pişxidmət girdi içəri:
- Qibleyi-aləm, Pənah xanın nökərlərindən biri sizi görmək istəyir.
Nadir şah:
- Buyur! Bu da elçi! Qoca?! İş nə yerə çatıb ki, Pənah xan üstümə hələ bir elçi də göndərir. Özü də kimi, kimi, nökərini! Nə lazımdır Pənah xanın nökərinə?
- Bilmirəm, qibleyi-aləm, deyir amanat var, sizə çatacaq.
- Gəlsin.
Nökər girdi içəri, üzüquylu düşüb şahın önündə yeri öpdü.
- Qibleyi-aləm, müsədiqin olum , xan ova çıxmamışdan əvvəl məni çağırıb bu amanatı verdi, tapşırdı ki, sizə çatdırım.
Şah nə qədər qəzəbli olsa da içində qəribə bir maraq yarandı və çevrilib Uyğur Əlişə baxdı.
Uyğur Əliş oturduğu yerdən qalxdı, irəli yeriyib bükülünü açdı. Bükülüdən qəbzəsi qızıl və gümüşlə işlənmiş bir Dəməşq qılıncı çıxdı. Bu həmin qılınc idi ki, Nadir şah vaxtilə Pənah xana bağışlamışdı. Pənah xan da onu öpüb and içmişdi. Uyğur Əliş qılıncı verdi şaha.
- Mənim hədiyyəmi geri qaytarıb?!
- Şah sağ olsun, mənim sözlərimin həqiqət olduğunu gözləmək lazım gəlmədi. Buyurun!
Nadir şah qılıncı aldı:
- Heç nə başa düşmürəm.
- Şah, Pənah xan bu qılınca and içmişdi ki, nə qədər nəfəs alır, Nadir düşmənlərinə aman verməyəcək. Xan öz andını pozub istəmir, and içdiyi qılıncı sizə qarşı çevirsin. Qılıncı göndərməklə demək istəyir ki, heç vaxt sizə qarşı qılınc çalmaz.
***
... Tonqal tamamilə öləzimişdi, təkcə bir-iki köz işarırdı.
Ətrafda qəribə bir sakitlik vardı. Yalnız Daşaltı çayının şırıltısı eşidilirdi, bir də hardasa it hürürdü.
Uyğur Əliş qalxdı qalxdı ayağa. Məmməd bəy hələ ayılmamışdı. Nəhayət, bayaqdan at oynadan Pənah xan gözünün qabağındakı odla birlikdə əriyib yox oldu. Məmməd bəy Uyğur Əlişin söhbətindən ayrılmaq istəmədiyindən maraqla soruşdu:
- Bəs sonra?
Uyğur Əliş gülümsəyərək:
- Tonqalımız söndü!
- Təzədən qalayım?
- Yox, sonraya qalsın. Gecdir, gedək evə.
Gecə Məmməd bəy yuxusunda Pənah xanı gördü, Xəzinə qayasının üstündə Kəhər atın belində dayanıb ordan ovuc içi kimi görünən Qarabağı seyr edirdi. Babasından nə isə soruşmaq istədi, amma at qanad açıb uçdu. Məmməd bəy də istədi atını Pənah xanın ardınca uçursun, amma onun atı qanad aça bilmədi və dəhşətlə kişnəyib sıldırımdan aşağı yuvarlandı. Məmməd bəy də atın kişnərtisinə yuxudan ayıldı.