adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

Aqil ABBAS: ALLAH, QOYMA DÜNYANI DAĞIDIRLAR

AQİL ABBAS
1042 | 2022-04-30 12:22

(Bu dünyanı sən yaratmısan, axı!)

Bütün dünyanın gözü qabağında dəhşətli bir müharibə gedir. Rusiya Ukraynada   adını «Xüsusi əməliyyat» qoysa da, açıq-aydın müharibə gedir. Şəhər və kəndlər dağılır, daha dəqiq desək, Ağdamın, Füzulinin gününə salınıb. Təbii ki, Qarabağda olduğu kimi, atdıqları minalar, raketlər, top mərmiləri  baxmır kim qocadı, kim uşaqdı, kim qadındı. Ermənilərin və 366-cı batalyonun 1990-94-cü illərdə bizə yaşatdıqları zülmü indi Rusiya Ukraynaya yaşadır. NATO və Avropa dövlətləri də dırnaqlarını bir-birinə  sürtərək müharibənin  qızışması üçün əllərindən gələni əsirgəmir. Rusiyaya sanksiyalar qoyub Putini hövsələdən çıxarır, Ukraynaya da silah-sursat yardımı edir ki, bərk durun, qorxmayın.

Hər iki ölkə  məhvə məhkumdu. Rusiya qalib gəlsə də, hərçənd ki bu hələ görünmür, dalı üstə düşəcək. Ukrayna isə…

Artıq Ukrayna öz sərhədlərini aşır, Rusiyanın şəhərlərini raket atəşinə tutur.

Bu müharibədə Rusiyanın  məğlubiyyəti onun imperiyasının sonu ola bilər. Yuxarıda qeyd etdiyim kimi, qələbəsi də məğlubiyyət deməkdi.

NATO hamını hədələyir ki, nəinki kim Rusiyaya meyl salsa, hətta bitərəf qalsa gözünü  çıxardaram. Çin bir az atılıb düşdü, indi Şanxayı  elə günə qoyublar ki, adamlar evdən çölə çörək almağa da çıxa bilmir, böyük bir limanı da bağlanıb, minlərlə yük gəmisi qalıb limanda. Artıq Çinin itirdiyi  pulların  miqdarı deyəsən, 1 trilyonu keçib. Yəni dünyanı böyrü üstə qoyub NATO.

 

Rusiya da hamını nüvə silahı ilə hədələyir. İndi yeni nüvə başlıqlı raket  kəşf edib, deyəsən adı Sarmatdı, özü ilə 12 nüvə başlığı daşıyır, 12-15 dəqiqəyə də Britaniyaya  çatır. Hər axşam da telekanallarda, xüsusilə Solovyovun  verilişində reklam olunur ki, bunun biri ilə Böyük Britaniyanı məhv eləmək mümkündü. Cavabında da Britaniyanın baş naziri Conson deyir ki, sizdə olandan  bizdə də var. Biz də Rusiyanı darmadağın edərik.

Bir sözlə, müharibəni durduran  olmasa bütün dünyanı  faciə gözləyir. Müharibənin durdurulmasına da nə NATO, nə də Rusiya  maraqlı deyil. Hələ ki olan Rusiya və Ukrayna xalqlarına  olur. Hadisələr  göstərir ki, bu müharibənin  durdurulmasında əsas Türkiyə maraqlıdır. NATO-nun üzvü ola-ola ABŞ-ın  tripaç göstərişlərinə əməl etmir və özünün vasitəçilik missiyasından geri çəkilmir. Ən gülməlisi də odur ki, Rusiya nə yardan doyur, nə əldən qoyur. Yenə çömçə kimi Ermənistanı və  Qarabağdakı separatçıları qarışdırır. Özünün şəxsiyyəti, söz sahibi olmadığı üçün Paşinyan da  gündə bir söz danışır.  Putin çağırıb yanına  nətəhər danlayıbsa, başını itirib.

İndi də İrəvanda Təhlükəsizlik Şurasının iclasını çağırıb və iclasa Qarabağdakı separatçı qüvvələrin  liderlərini də dəvət edib.

44 günlük müharibədən əvvəl belə bir iclası Xankəndində keçirtdi və Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu təpəsinə necə bir Dəmir yumruq saldısa, hələ də başını  tapa bilmir.  Düzdür, indi qorxusundan Xankəndinə gəlməyə  ürək eləmir, Xankəndindəkiləri İrəvana  dəvət edir.

Belə getsə, Dəmir yumruq  İrəvanda da onun təpəsini əzəcək.

İrəvanda da ara qarışıb, hər gün  mitinqlər, etiraz nümayişləri… Bir sözlə,  Köçəryanla Sərkisyan  cütlüyünün barmaqları şeytanın barmağı kimi eşşəyin quyruğunun  altındadı.

Birləşmiş Millətlər Çayxanasında çıxarılan qərarları da, qətnamələri də ermənilər necə 30 il tualet  kağızı kimi istifadə elədilər, ondakı Putin ola.

Belə getsə, deyəsən, işə Allah qarışacaq. Ya dünyanı  nizama salacaq, ya da birdəfəlik dünyadan və bizlərdən əlini üzəcək. Və öküzə  mələkləri vasitəsilə xəbər göndərəcək ki,  buynuzunu Yer kürəsinin altından  çək, hara  cəhənnəm  olurlar-olsunlar.

Tanrım, müqəddəs Ramazan ayı xatirinə dünyanı  nizama sal.

P.S. Bugünki  nömrəmizdə Məmməd Arazın «Ya rəbbim, bu dünya sən quran deyil» şeirini də oxuya bilərsiniz.

TƏQVİM / ARXİV