adalet.az header logo
  • Bakı -°C

“Aprel”i  şərəfləndirən bəstəkar - Əntiqə Kərimzadə yazır…

108 | 2026-04-16 11:43
A- A+

Hər peşənin gözəlliyi olduğu kimi çətinliyi də qaçılmazdır. Amma insan bir peşəni sevirsə, həmin çətinlik onun gözündə böyümür, əksinə əriyib- əriyib bir asanlığa çevrilir, bir zövqə çevrilir.  Neçə- neçə sevilən mahnıların bəstəkarı, indi dillər əzbəri olan nəğmələri yaradan sevimli  bəstəkar  Ələkbər Tağıyev də öz peşəsinin çətinliyinə sinə gərən insanlardandır.

O, 1924-cü il aprelin 28-də Gəncədə anadan olub.  Ailədə beş qardaş, bir bacı olublar. Sadə kəndli ailəsindən olduğu üçün maddi imkanları məhdud olub. Elə buna görə də uşaqlıqdan musiqiyə həvəsi olsa da, məşğul ola bilməyib. Ancaq kasıblıq onun musiqiyə olan həvəsini öldürə bilməyib. 

Orta məktəbin yuxarı sinfində oxuyanda yaşını iki il artırıb ki, məhkəmədə kuryer vəzifəsinə işə düzəlsin.

Bu keçməkeçli həyat onun taleyini də yaşıdlarından fərqləndirir. O, çox erkən, yəni 16 yaşında ailə qurur.

Ələkbər Tağıyev peşəkar musiqi təhsili almaq üçün 1962-ci ildə Asəf Zeynallı adına Bakı Musiqi Məktəbinin nəzdindəki bəstəkarlıq kursuna daxil olur, 1964-cü ildə təhsilini müvəffəqiyyətlə bitirir. Ardınca  SSRİ Musiqi Fondunun üzvü seçilir.

Oğlu doğulanda adını Xaliq qoyur. Uşağın qırx günü tamam olmamış Ələkbər Tağıyev ilk mahnısını, "Qonşu qız"ı bəstələyir. Bu mahnı sözün əsl mənasında Ə.Tağiyevin taleyini dəyişir. 

Mahnının qazandığı uğurdan ruhlanan bəstəkar qısa müddətdə "Şirin arzular", "Sən gəlməz oldun", "Dinə bilmədim", "Bakı gecələri", "Azərbaycanım mənim", "Axtarma məni", "Sənə qurban", "Sədaqətim var", "Təki sən səslə məni", "Mənim dünyam", "Xızı dağları" kimi musiqilər bəstələyib.

 Ələkbər Tağıyevin mahnı yaradıcılığı konservatoriya-bəstəkarlıq məktəbi keçməmiş digər istedadlı müsiqiçilərin də həvəsini artırdı və onları yaradıcılığa ruhlandırdı. Bu, zaman- zaman onun yaradıcılığını  bir “ məktəb”ə çevirirdi.

Mahnılarının ilk ifaçısı Zeynəb Xanlarova olub. Onunla on ildən artıq əməkdaşlıq ediblər. Sonra Nisə Qasımova, Məmmədbağır Bağırzadə ilə sıx əməkdaşlıq edib. Bu müğənnilərin hər birinin səhnə obrazının, repertuarının formalaşmağında bəstəkarın böyük rolu olub.

İndi adı dillər əzbəri olan bir çox xalq artistlərinin yaradıcılığında Ələkbər Tağıyevin rolu danılmazdır.

Ələkbər Tağıyevin prokurorluq sahəsindəki vəzifəsindən ayrılıb özünü bütünlüklə musiqiyə həsr etməsi həmişə çox maraqlı, çox duyğusal bir insanın addımı kimi qeyd olunur.

Həyat məşhurluqla, şan-şöhrətlə yanaşı bəzi çətin məqamları da insana “hədiyyə” edir.  O, bəstəkar kimi tanınmağa başlayandan bəri həm hüquq sahəsindəki, həm də musiqi sahəsindəki adamlar tərəfindən özünə qarşı qısqanclıqlar görüb. Lakin bu qısqanclıqlar onu çox sevdiyiişlərindən usandırmayıb. Əksinə, o, daha da yaxşı çalışmağa davam edir.

O, bəstəkarlığını təkcə mahnı ərsəyə gətirməklə yekunlaşdırmırdı. Tələbkar insan idi. Müğənnilərin geyimindən tutmuş əl hərəkətlərinə qədər nəzarət edirmiş. Hətta güzgü qarşısında dayanıb, onlara necə səhnədə dayanmağı, oxumağı, əl hərəkətlərini göstərirmiş.

Ələkbər Tağıyev Azərbaycan musiqi tarixində ilk bəstəkarlardandır ki, adlarla ( “ Arzu qızım”, “Leyla”, “Nərgizim” v.s) mahnılar bəstələyib.

Günəşli yaz günlərində dünyaya göz açan bəstəkar məhz elə günəşli yaz günlərində də dünya ilə vidalaşır.O,  doğum gününə 12 gün qalmış, 1981-ci il aprelin 16-da dünyasını dəyişir. Maştağada “Seyidlər” qəbiristanlığında torpağa tapşırılır. Sağlığında özünə ayırdığı yerdə.

Başdaşına isə Hafiz Baxışın sözlərinə bəstələdiyi “Mənim dünyam” mahnısından bir parça yazılır: 

“Mən də sənə bir qonağam, 
Mənim dünyam, mənim dünyam...”.

TƏQVİM / ARXİV