adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

"Ana"sı Fransada, "ata"sı da  rus olan Sabunçu "Bit Bazarı"ndan REPORTAJ

1635 | 2024-05-07 11:24

Bu gün oxucularımıza fərqli bir mövzu ilə gəlmişik. Bazarların köhnəsi, əşyaların nimdaşı satılan “bit bazarı adı ilə məşhur olan bazardayam və burada gördüklərimi, oxucularıma çatdırmağı özümə borc bildim.


Bəli, söhbət Bakının Sabunçu rayonunda yerləşən, əvvəllər “rus bazarı” sonra, “cindır bazar, indi isə “bit bazarı” adı ilə məşhur olan bazardan gedir. Niyə “rus bazarı” ? Bunu satıcılardan birinə sordum. Dedi ki, hələ Azərbaycan müstəqil olmamışdan əvvəl də bu bazar burda olub:” Amma belə böyük olmayıb.

Satıcıların da çoxu rus “babulyalar” yaxud da spirtli içkilərə meyilli rus kişilər olub. Sakinlərin zibil yeşiklərinin yanına qoyduğu, atdığı geyim, məişət və mətbəx əşyalarını eyni zamanda yolda-rizdə əllərinə keçən köhnə, nimdaş hər şeyi bu əraziyə gətirir, “su qiyməti”nə satıb qazanc ediblər. Sonradan satıcı ruslar azaldı, yerinə öz camaatımız gəldi”.

Qadın birdən duyuq düşdü ki, sual verən elə-belə sual vermir. Özünü yığışdırdı. “Birdən mənim səsimi yazarsan, ee”deyib, yönünü başqa səmtə çevirdi. Yeri gəlmişkən, bazarın ən maraqlı və üstün cəhəti odur ki, burada satlıq malların çeşidi çoxdur.

Hətta burda qədim, lap köhnə, orta köhnə mallarla yanaşı, təmtəzə, nənələrimiz demiş "qəttəzə" əşyalar da tapmaq olar. Bu fikirlərimi də sizə sübut edəcəyəm.Fotolara baxarkən, izahlarımı oxuyarkən biləcəksiniz ki, düz deyirəm.


İndi isə polkaların arasında gəzə-gəzə satılan əşyaları sizə təqdim edə-edə dünyadakı “ bit bazar”larının tarixini sizə danışacağam.
Yəqin ki, bir çoxunuz bilmirsiniz ki, bu tip bazar konsepsiyası minilliklər boyu mövcud olub. İnsanlar bütün dövrlərdə işlətmədiyi və yaxud köhnə əşyalarını satdığa çıxarıb.

Bizim ölkədəki “bit bazarı” kimi tanınan bazarın İlki və ən böyüyü Fransada yerləşir.

Məlumatlara görə Saint-Ouendəki “Marché aux puces” idi (Parisin şimal ətraflarında Seine-Saint-Denis bölgəsində yerləşir). Bu, Parisdəki dörd belə bazardan biri olan və geniş ərazidə yerləşən böyük bir bazardır. Bazar 19-cu əsrdə yaradılıb və əslində 14 ayrı bazardan ibarət vahid kompleksdir. Yaponiyada ən məşhur bit bazarı Tokioda yerləşən Togo Shrine bazarıdır.

Deyilənə görə, ən çox bit bazarları Rusiyanın və Türkiyənin payına düşür. Türkiyənin bir çox böyuk şəhərlərində bu cür bit bazarları vardır. Bunlardan İstanbulda “Horhor Antikacılar Çarşısı” (Horhor Bit Pazarı), “Dolapdere bit bazarı”, “Feriköy bit bazarı”, “Kadıköy bit bazarı”, Ankarada “Ulus İtfaiye Meydanı bit bazarı”, İzmirdə “Yeni Bornova bazarı “ köhnə mal alıcılarını, xüsusən kasıb təbəqənin ən çox gəldiyi məkandır.
Rusiyada bir neçə məşhur və böyük bit bazarları var. Amma ən məşhur və çoxdan fəaliyyət göstərəni Sankt-Peterburqdadır . Bu bazar “Udelnaya” dəmir yolu platforması və eyniadlı metro stansiyasının yaxınlığında yerləşir.

Dünyanın iqtisadiyatını əllərində cəmləyib, dünyanın kasıb və yoxsul təbəqəsini belə bazarlara möhtac edən Rostşild və Rokfellerləri ürəyimdə xatırlayıb, “dualarımı” göndərirəm.
“Polka”ların arasında gəzdikcə düşünürəm ki, bu bazarda bir tək daş satılmır. Hamınızın bildiyi adi qara daş. Yoxsa ki, bu bazarda nə desən tapmaq olar.
Əvvəlcə, ətriyyat satılan piştaxtaya yaxınlaşıram. Ətirlərin və deodarantların qiymətini soruşuram. 3 manatdan başlayan qiymətlər 18 manatda bitir. Satıcıya “Nə danışırsan, 18 manat hara, bit bazarı hara” deyirəm. Satıcı əliilə mənə işarə göstərir. Yəni, piştaxtanın qabağından çəkil, səndən mal alan olmaz, “zanit” eləmə”.

Danışa-danışa, donquldana-donquldana başqa piştaxtalara tərəf gedirəm. Nə yaxşı qarşıma ağac və bəzək bitkiləri olan yer çıxdı. “Ətiriyyat”dan pozulan keyfim düzəldi. Həqiqətən bir çiçək, bir yarpaq bir ağac adamı necə də sakitləşdirərmiş...

Bir dəfə - təxminən 5-6 il əvvəl bu  bazar ilə bağlı bir məqalə oxumuşdum. Yazırdılar ki, bazarda mallar  20, bir çox hallarda isə 50 qəpikdən satılır. Əminliklə deyə bilərəm., aldadırlar, burada 20 ya 50 qəpik adını tutanı bazardan qovarlar.

Çalışın qiyməti soruşun, özünüz mala qiymət qoymayın. O gözəlim ağacların, bəzək kollarının da qiyməti yolların kənarında satılan ağac tingləri bəzək kollarının qiymətindən seçilmir. İstədim fikrimi satıcıya açıq bildirim, yadıma düşdü ki, "ətriyyat"ın qarşısından yenicə "qovulmuşam". hələ "təsir"i üstümdədir. Susub keçirəm.

Deməli, kəndimizin kənd olan vaxtlarından danışıram. O zaman kənddə toy, yas mərasimi olanda böyük-böyük qazanlar ocağın üstünə asılrdı, onların içində az qala min, 2 min adamı doyuzduracaq yeməklər bişirlərdi. O vaxt toy belə deyildi e, bir evdən bir nəfər gedəydi, fikirləşəydi ki, oturacağı stolun biri ən azı 50 manatdır.

Xeyir kənddə başqa cür idi.Kənddə nə qədər adam vardısa, pəpə yeyəndən "məmə" yeyənə qədər  hamı toy evində olardı, Bir evdən 5- birdən, 10-u birdən.  Hələ toydan da bir gün əvvəl camaatımız toy evinə yığışardı, “ciyar axşamı” olardı.

Həmin bu satdığa çıxarılan qazanlarda toy üçün kəsilmiş cöngənin içalatı bişirilərdi.Toy üçün tikilmiş mağarda stollar düzülərdi. Hamı ondan dadardı.

Hamı, uşaqlı-böyüklü o süfrənin başında əyləşərdik, Zarafat, gülüş... Doğmalaşardıq, bir-birimizin dəyərini anlayardıq. İndiki toylar toydu? Bax, bu qazanları görəndə o günləri xatırlayıb təəssüfləndim. Keçək bu biri "polka"ya...

1990-95-ci illərdə qızlar cehiz almağa gedəndə mütləq bənövşəyi rəngli qabqacağa üstünlük verirdilər. Hətta o vaxt  bir çox qızlara gələn üzük-sırğa dəstinin qaşı da bu rəngdə olurdu. Adına da “sapfir” (göy və mavi rəngli qiymətli daş) deyirdilər.


Antikvar əşyaları balaca vaxtımdan sevirəm. Bu gördüyünüz içərisinə armudu stəkanları yerləşdirmək üçün dəsti çox bəyəndim. Gözəyarı düşündüm ki, 5-10 manat olarsa, alıb aparıb, ustaya verərəm, bunları parıldadar, mən də bunu işlədərəm. Soruşanda qiyməti neçə olsa yaxşıdır? 23 manat!
–Ay qardaş bu köhnəlib e, 23 manat nədir?Bunu alan olar bu qiymətə?- Yəqin ki bu sözü ona çox alıcı demişdi deyə satıcının üzü döndü.
-Sənə zorla dirəşmişəm ki, al??Alma, keç get!

-Hmmm...

Bundan da yaxşı qurtardıq.Üzü sulu ikən keçirəm quş bazarı olan tərəfə. Bir anlıq gözümü yumub özümü təbiət qoynunda hiss eləyirəm. Quşların səsi bir-birinə qarışmışdı. Soruş ki, burda hansı quşdan var, deyim ki, burda olmayan bəlkə də simurq quşudur. Bilmədim bazardakı tünlük onları sıxırdı, ya xoşlarına gəlirdi?

Amma səs-səsə vermişdilər. Göyərçin, bülbül, tutuquşu, şahin, flaminqo, tovuzquşu, bildirçin, day nə yoxdu ki?  

Yuxa, fəsəli bişirmək üçün qədim dövrlərdən istifadə edilən saclar, mis sinilər, taslar, həvəngdəstələr, samovarlar hər qiymətə, hər çeşiddə burada var. Düzdür, indi bütün evlərdə daha rahat olan elektron saclar var. Amma vallah, çöl ocağında sac üstündə bişən yuxanın dadını elektron-melektron verə bilməz! Adamın ağzı dada gəlirdi...

Ehhh, keçmiş əyyamlar!Nəisə, "bit bazarı"  duyğulanmağın yeri deyilmiş! Çünki mən duyğulandığım anda, Kamazdan seçilməyən yekəpər bir qardaş ayağımı elə padalayıb keçdi ki,  gözüm yaşardı! İstədim üstünə qışqıram ki, korsan?O məndən əvvəl tərpəndi: Ayağının altına bax də....

Day heç nə! Gəlin, seçin alın, saclar var!

Bu arada bir babulyanın satdığı “mal” üzümü xeyli güldürdü. Bir dənə gül buketini də satdığı xırda –para şeylərin yanına qoyub satırdı. Əmin oldum ki, “babuşka” bazara gələndə görüb ki, zibil qabının yanına kimsə ölüşmüş gül dəstəsi atıb. O da tezcənə həmin ölüşmüş-bürüşmüş dəstəni oradan götürüb, indi çıxarıb satdığa.
Eee, bura “bit bazarı” deyil? Ümumiyyətlə bazar deyil ki? Burda axmaq ola bilməız ki, “babuşka”nın gül dəstəsini alsın?
Əziz oxucularımız, “bit bazarı” deyib keçməyin, təzə mallar da buradan bir neçə manat aşağı qiymətə almaq olar.

Məsələn, Sədərək Ticarət mərkəzində mənə 24 manata təklif edilən qazanı mən buradan 10 manata aldım.Təmtəzə!
Di , başqa nələr satılır fotolardan izləyin!


Əntiqə Rəşid

TƏQVİM / ARXİV