ALLAHLAR TƏRƏFİNDƏN SEVİLƏNLƏR  CAVAN ÖLÜRLƏR - Aqil ABBAS yazır

AQİL ABBAS
771 | 2022-07-02 18:12

Gərək ki, Viktor Hüqonun sözüdü. Bəlkə də Hüqonun bu sözü  cavan ölənlərin valideynlərinə  təsəlli vermək üçündü. Amma həyatda gördüklərim Hüqonun necə sərrast dediyini  və həqiqətən  də Allahlar (Allah) tərəfindən sevilənlərin cavan öldüyünün  şahidi olmuşam. Görünür, İsa bulağının suyu qədər təmiz, Kəlbəcər dağları kimi  vüqarlı, aydan arı, sudan duru  olan cavanların cəhənnəmə çevrilmiş bu dünyada yaşamasını, qalıb murdarlanmasını, alçaq adamların qarşısında saflıqlarını, duruluqlarını  itirmələrini istəmədiyindən götürüb aparır öz dərgahına.

Siz fikir  vermisinizmi qəzetlərdə, televiziyalarda,  yolboyu düzülmüş  şəkillərdəki  şəhidlərə. Elə bil  hər biri min cavanın  içindən seçilib: yaraşıqlı, gözəl, şirin təbəssümlə, hamı bir-birinə oxşayır. Elə bil  hamısını  bir ata əkib, bir ana doğub.  Bu həqiqətdə də  belədir – hamısını bir ata əkib, bir ana doğub. Onların atası da, anası da, əkən də, doğan da canlarından  artıq sevdikləri VƏTƏN torpağıdı. Analar  körpələrinə bir-iki il  layla çalarlar, amma Vətən torpağı bu  igidləri bağrına basıb min il, milyon il layla çalır.

Peyğəmbər əleyhissəlam deyir ki, ya Əli, Cənnət anayın ayaqları  altındadı.  İndi bu igidlər də analarının  ayaqları altında olan Cənnətdədirlər.

Heç fikir vermisinizmi, bütün şəhid anaları, şəhid ataları da hamısı bir-birinə bənzəyir. Onları bir-birinə bənzədən çəkdikləri  dərddi, ağrıdı. Adamları  ağrılar da, dərdlər də təkcə birləşdirmir, yavaş-yavaş  bir-birlərinə oxşadır.  Buna da səbəb eyni  dərd, ağrıları  çəkmələridir.

Muğam müsabiqəsinə  baxırsınızmı? Şəhid  valideynləri oturub muğama  qulaq asır. Birini göstərmək kifayətdir ki, hamısını görə biləsən. Onları  ora niyə çağırırlar, bilmirəm. Onsuz da  öz dərdləri  özlərinə bəsdi, təzədən «Segah»a, «Zabul segahı»na, «Mirzə Hüseyn segahı»na qulaq asdırıb onları  ağlatmaq nəyə lazımdı?

Mən özüm «Segah»a, «Zabul segaha», «Mirzə Hüseyn segahı»na qulaq asanda  ağlayıram.

Dünən, yəni  cümə axşamı  muğam müsabiqəsində  «Segah»a qulaq asanda özümdən asılı  olmayaraq, gözlərim yaşla dolmuşdu. Oğlum soruşdu ki,  nə olub? Dedim ki, yorulmuşam, gözlərimdən  su axır. O da uşaq deyil, hər şeyi anladı.

Rəmişin  gözəl bir  sözü var. O, «Segah»ı bəlkə on-iyirmi dəfə  çalsa da  hamısı bir-birindən fərqlənirdi. Bir dəfə bunun səbəbini  Rəmişdən  soruşdum. O savadsız Rəmiş  bilirsiniz nə dedi? Dedi ki, Aqil, mən bir dəfə çalanda gözümün qabağına oğlunu itirmiş ana gəlir. İkinci dəfə çalanda həyat  yoldaşını   itirmiş  gəlir. Üçüncü dəfə çalanda  atasız uşaqların  göz yaşları  gəlir. Dördüncü dəfə çalanda sevgilisini itirmiş  hansısa bir xanım gəlir. Beşinci dəfə çalanda Arazın o tayındakı  bacı-qardaşlarımız gəlir.  Mən nəyi görürəm, onu çalıram.

İndi bütün şəhid analarını, atalarını eyni dərd, eyni ağrı birləşdirdiyinə görə onlar hamısı  bir-birinə oxşayır.

Bütün şəhid  valideynlərinin bir sözü var: «Təki Vətən sağ olsun». Təbii ki, Vətənin  sağ olmağına səbəb  onların   övladlarıdır.

Onların  övladlarının  sağ olması da dövlətdən, hökumətdən və bizdən asılıdır. Mən bir dəfə yazmışam: «Ana, bağışla, mən şəhid olmadım».

Şəhidlər  Allahın  dərgahındadı, qazilər isə bizim  yanımızdadı. Şəhidlərdən Allah muğayat olur, bəs, biz qazilərdən muğayat oluruqmu?!

Sual budur, bu!

Trollar  dərhal yazacaqlar ki, oluruq.  Bəli, dövlət onları qoruyur, amma məni bir məsələ maraqlandırır. O qazi niyə gedib Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qapısını qırmalıdı, niyə polis onu qucaqlayıb öpməlidi və niyə onun istəyi ondan   sonra  həll olunmalıdı?

Bu suala cavab verən tapılacaqmı?

Bu yerdə soruşa  bilərsiz ki, Allah Cüneyt Arkını  sevmirdi ki, ona  85 il  ömür verdi? Allah müəyyən adamlara  uzun ömrü ona görə verir ki, onların üstünə müəyyən missiyalar qoyur, get bunu  həll elə. Həll edirlər,  həll edə bilmirlər, bu ayrı məsələdi. Cüneyt Arkının da üstünə  missiya qoyulmuşdu ki, sən türkçülüyü təbliğ elə.  O da bunu edə bildi.

Yəni  cüneytarkınlar və başqaları müəyyən missiyaya görə çox yaşayırlar. Məsələn, Allah Anara, Qəzənfər Paşayevə, Elçinə, Vaqif Bayatlı Odərə, Ramiz Rövşənə, Zakir Fəxriyə ona görə uzun ömür verib ki, hələ onlar öz missiyalarını axıra qədər  çatdırmayıblar və sair və ilaxır. Deyə bilərsiniz ki, Allah pis əməl sahiblərinə də  bəzən uzun ömür verir. Onu da ona görə verir ki, bizlər onlara baxaq, pis əməllərdən uzaq olaq.

Amma neyləyək ki, ola bilmirik. Biz yaxşı  əməl sahiblərinin  arxasınca getməkdənsə çox zaman  pis  əməl sahiblərinin  arxasınca gedirik. Ona görə də dünya  kəllə-mayallaqdı.

Məhz ona görə də Allahlar tərəfindən  sevilənlər  cavan ölürlər.

TƏQVİM / ARXİV