adalet.az header logo
  • Bakı 16°C

Ağalıya dönüş...Yaxud işığa gedən yol -  Faiq QİSMƏTOĞLU yazır

FAİQ QİSMƏTOĞLU
826 | 2022-07-25 12:43

...Zəngilan mənim üçün həmişə doğma bir yer olub, doğma bir yurd kimi yadımda qalıb. Ən azından ona görə ki, mənim orda millət vəkili İmamverdi İsmayılov və  filologiya elmləri doktoru, professor, məşhur jurnalist Qulu Məhərrəmov kimi tələbə dostlarım var, sevdiyim insanlar da az deyil. Və o tələbə yoldaşlarım mənə həmişə o torpağı, o yurdu sevdiriblər və bir də mən Zəngilanı ona görə çox istəyirəm ki, orda çox ağayanə, el-obanın sevdiyi bir Seyid olub: Seyid Həsən Ağa!
Cəddinə qurban olduğum  Seyid Həsən Ağa tez-tez bizim kəndə gələrdi. Hətta Bəhmənlidə olanda eşidib ki, toy var, gəlib bizim qapıya! Elə bir ağır adamın qapıya gəlməsi və orda xeyir-dua verməsi hər adama qismət olmazdı. Seyid Həsən Ağa bizim qapıya gəldi və qardaşım Qürbətin toyunda xeyir-dua verdi. Onu qapıda görən qonaqlar Ağaya yaxınlaşdı, «cəddinə qurban olum» dedlilər. Çünki Seyid Həsən Ağa başqalarından fərqli olaraq nəzir alanda özünə xərcləməz, camaata paylayardı. O da verilmiş nəzirlərdən, xüsusən də bir manatlıq pulun üstünə imzasını atıb camaata paylayardı. Bizim toyda da imzasını atdığı bir manatları camaata payladı, birini də mənə verdi. Hələ də o pulu saxlayıram. Onun elə möcüzələri vardı ki, adam məəttəl qalırdı. Əlini yanan ocağın içinə salardı və ordan istədiyi şeyi götürərdi və əli də yanmazdı. Bax, Seyid Həsən Ağa belə bir Seyid idi...
...İndi azad olunmuş o torpağa 28 illik işğaldan sonra yenidən dönüş başlayıb. O dönüş ki, insanlar bu anı, bu dəqiqəni düz 28 ildir gözləyiblər. Bu dəqiqə, bu an indi gəlib çıxır və indi gəlib çıxdığına görə də 2020-ci ilin 44 günlük müharibəsində Zəngilanın bütün torpaqları kimi, Ağalı kəndi də erməni işğalından azad edildi. 1 il 7 ay orda ölkə prezidenti cənab İlham Əliyevin sərəncamı ilə yeni ikimərtəbəli binalar tikilib. Bu ağıllı kənd yeni layihədir və orda hər cür infrastruktur yaradılıb. Artıq köçün birinci mərhələsi başlayıb. İyulun 25-də isə ikinci köç gedir və bu köç sanki bir karvana, sanki bir işığa bənzəyir... 
Ağalı kəndi 1993-cü ildə işğal olunandan sonra bizim qonşuluğumuza pənah gətirən el ağsaqqalı Məhəmməd kişi və onun övladları oldu. Oldu ona görə deyirəm ki, Məhəmməd kişi bir neçə ildir ki, Allahın dərgahına qovuşub. Amma onun oğlanları bizim qonşuluğumuzda çox böyük hörmət, məhəbbət və sevgi qazanıblar. Və həmişə bu ailə imkansızlara, çətin vəziyyətdə olanlara arxa durub. Ona görə də qonşularımızın hamısı onları çox istəyirlər. 
İyulun 24-də həyətimizə iri bir yük maşını gəldi. Və bu iri yük maşınına Məhəmməd kişinin övladları – Möhübbətin, Hümbətin, Zaurun bütün avadanlıqları yığıldı. Hətta Zaurgildə olan 28 il bundan əvvəl Zəngilandan gətirdikləri samovarı da yük maşınına qoydular. Zaur dedi ki, bunu Ağalıya aparmasan rahat olmaram. Əhd eləmişdim ki, Ağalı azad edilsin, bu samavarı da aparıb Ağalıda yenidən qaynadaq və onun çayını içək. Həmişə Bakıda bu samavarı qaynadanda Ağalının qoxusunu hiss eləmişik... 
...İyulun 25-i səhər saat 6-da isə həyətdə bütün köçəcək adamlar bir yerə yığışmışdılar, sevincləri, səsləri həyəti ağzına götürmüşdü. Bu dəfə yük maşınları yox,  onları Ağalıya aparacaq minik maşınları gəlmişdi. Qonşular hamısı həyətə düşmüşdü. Məhəmməd kişinin oğlanları – Möhübbətə, Hümbətə, Zaura, nəvələri Gülüşə, Məhəmmədə və gəlinləri Şəfiqəyə göz aydınlığı verirdilər. Sevinc sevincə qarışmışdı. Hərə öz məhəbbətini bir cürə bildirirdi. Hətta yola düşəndə onları aparan avtomobilin arxasınca su da səpdilər. Qonşular hamısı bir ağızdan dedilər ki, sağ gedib, salamat çatasız! 
Mən Ağalının bir istedadlı qızını sizə də tanıtmaq istəyirəm. O, Məhəmməd kişinin nəvəsi və Zaurun qızı Gülüşdü. Gülüş düz 3 dəfə Ağalıda olub və cənab prezident İlham Əliyevlə görüşdə iştirak edib. O qədər savadlı və şirin danışıb ki, görüş iştirakçılarının yaddaşında əbədi iz qoyub. Gülüş Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Onu müxtəlif yerdə işə dəvət ediblər, ancaq bunu qəbul etməyib. Deyir ki, prokurorluq orqanlarında işləmək istəyirəm. Eşitmişik ki, bu yaxınlarda «Asan xidmət»də işə düzəlib. Və biz inanırıq ki, Gülüşün nə vaxtsa prokurorluq orqanlarında işləmək arzusu çin olacaq. Çünki bizim ölkəyə və xalqa bu cür savadlı, istedadlı və ədalətli gənc kadrlar lazımdı. O gənc kadrlar ki, onların həm mənəviyyatı təmizdir, həm də əxlaqı. Bir sözlə, arzumuz odur ki, biz Gülüşü gələcəkdə prokuror kimi görək.
...Maşın karvanı üzü Zəngilana yola düşür. Qabaqda onların təhlükəsizliyini təmin edən yol polisi maşını gedir, arxada isə yük maşınları və Ağalı sakinləri avtomobildə əyləşib, doğma yurda yola düşürlər.  Təbii ki, bu anlar çox yaddaqalan, kövrək və sevindirici məqamlardır. Hətta göz yaşlarını saxlaya bilməyən insanlar da var. Elə çox yox, Məhəmməd kişinin həyat yoldaşı Mariya xalanı yada salmaq bəs edir. Deyir, bala, şükür Allaha, ölsəm tay dərdim yoxdu. Çünki Məhəmməd kimi Bakıda yox, öz kəndimdə basdırılacağam...
Tək qonşular deyil, bütün Azərbaycan Ağalılara «Yaxşı yol!» diləyir. Bütün Azərbaycan onları təbrik edir və onlara göz aydınlığı verir və biz də deyirik: Həmişə Ağalıda, qonşular! Ocağınız yanar olsun, çörəyiniz bol! Allah bir daha sizi Vətənlə sınağa çəkməsin!!!

TƏQVİM / ARXİV