adalet.az header logo
  • Bakı 29°C
  • USD 1.7

7/24/365 TROL - Nicat Novruzoğlu yazır

NİCAT NOVRUZOĞLU
101529 | 2021-07-31 14:11

Trol olmaq istəyirəm. Artıq qərarlıyam. Nə var ey bu jurnalistikada, müxbirlikdə?! Amma trol olmaq o demək deyil ki, jurnalistikanı atıram. Əsla! Sadəcə bir peşə də əlavə edirəm qırağına. İkisi bir yerdə alınsa, mənim qabağımda day heç kim dayana bilməz.  Bəlkə səhv yazıram?!

Bu trol peşəsi elə-belə peşə deyil ha. Siz onu qeyri-ciddi qəbul etməyin. Noolsun ki, adına institut, akademiya, universitet və ya hər hansısa bir fakültə yoxdu. Sən onun gücünə bax, gücünə. Kəsdiyi başa baş yoxdu. Baş başsız qalır. İstəyir gündəmi o tərəfə çevirir, istəmir bu tərəfə çevirir. Yox ey, yazdıqca da həvəslənirəm-trol olacam.

Trol olsam, xətrim yaman artar. Tək xətrim yox ey, şəkillərim, çıxışlarım bəzəyər ekranları. Qalstukum boğazımda düşmərəm gündəmdən.  Həm öz adımdan, həm də ki, başqasının adından yazaram. Bir qələmdə bir neçə adam olaram. Bir qələmdə bir neçə imza olaram.

Biri çağırıb sertifikat verər. O birisi çağırıb diplom verər. Bunu görən o birisi də çağırıb mükafat verər. Biri də gizlin çağırıb trolnamə verər.  Hələ təşəkkürnamələri demirəm. Bugün bir nazirlik, o biri gün o biri nazirlik. Bir gün bu icra hakimiyyəti, sabah o biri icra hakimiyyəti. Şəkillərim də ki, bəzəyəcək bütün şəbəkələri. Od qoyacam pəpəsiz qalanlara.

Hələ bunun səfərləri var. O rayon sənin, bu rayon mənim, O ölkə sənin, bu ölkə mənim. O beynəlxalq tədbir sənin, bu mənim. Əslində bu “sənin”  yazdıqlarım da elə mənimdi. Söz gəlişi “sənin” yazıram. Sənə ancaq məni izləmək qalır. Özü də yana-yana.

Nəyim olmaz ki?! Sayt açarlar, internet televiziyası açarlar, hesabıma vəsait köçürərlər, ofislə təmin edərlər, xidməti avtomobilim olar, özü də ki bərk gedənindən, mənzil problemim də həll olar.

7/24/365 rejimində işləyərəm. Gələn tezislərə operativ reaksiya. Tam fərqli bir yanaşma. Sözsüz ki, öz dəsti-xəttimlə. Həm təbəssüm qataram, həm də ki, ciddilik. Həm şirinlik qataram, həm də ki, acılıq. Həm təbəssüm, həm də ki, göz yaşı.

Hər gün tədbir. Hər gün xətir-hörmət. Hər gün dambadurum.

Yaşa da özün üçün. 

Bir də gördün, şərəfimə mahnı da bəstələdilər: “Ay mənim trol qardaşım”  və yaxud da  “Yol verin trol gəlir”.

İqtidar da sevəcək məni, müxalifət də. İqtidardan da yazacam, müxalifətdən də. İqtidara da işləyəcəm, müxalifətə də. Yəni burda elə bir çətinlik yoxdu. Onsuz da ikisi də birdi. Yəni iqtidar-müxalifət həmrəyliyini deyirəm. Əsl ora-bura işləməyin təhlükəsiz və rahat vaxtıdı. O üzdən iqtidarın da masasında oturacam, müxalifətin də.

Amma iqtidarın trolu olacam. İzaha ehtiyac yoxdu. Trol olan bilir səbəbini. Yəni iqtidardan kənar heç kəs mənə təklif yollamasın. 

Təklifdən söz düşmüşkən, nə lazım idi yazdım. Məni tapmaq çox asandır. Sizi də tapmaq çətin deyil, ay trolların trolbaşısı. Bir birimizə qovuşmağı buraxıram sizin ixtiyarınıza. Vakant yer varsa mən hazır. Peşiman olmazsınız.

TƏQVİM / ARXİV