adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7

7 nömrəli palata

8625 | 2012-12-08 02:16
II yazı
   
   
   
   Romantik
   
   baş tibb bacısı
   
   
   
   Bəri başdan deyim ki, "Nevrologiya" şöbəsi elə ilk baxışdanca özünün xəstəxanada bəlkə də, yeganə təmirli şöbə olması ilə qanımı it qanına döndərdi. Bir yazar kimi, mən xəstəxanada çirk, antisanitarya, səliqəsizlik, bir-birinə qarışmış yemək qoxusu, bir sözlə, həyatın dibini görmək istəyirdim. Amma heyhat! Hələ ki, gözümə hər şey çox təmirli və şıq dəyirdi. Sənədlərimi təhvil vermək, xəstəxananın qayda-qanunları ilə tanış olmaq üçün baş tibb bacısının otağına girdim. Orta yaşlı, nərmə-nazik, həddindən çox lirik bir qadın idi. Lirikliyini sübut edən şeylərsə, gözlərinin daima anlamsız bir parıltı ilə yanması, bir də mobil telefonunu elə masasının üstündəki xəstəxana kağızlarının arasındaca yerləşdirib, aramsız olaraq, telefonda giley-güzar dolu türk mahnılarını dinləməsi idi. Baş tibb bacısı (bundan sonra ona BTB deyəcəyik) "Belə qəşəng qız niyə xəstələnib?" deyərək, sualının cavabını gözləmədən, kağızların üstünü yazdığı müddətdə, mobil telefonundakı mahnılar Sərdar Ortacdan vurub, İsmail YK-dan çıxdı. BTB mənə ultimatum verdi ki, ziyarət vaxtı axşamüstü saat beşdən yeddiyə kimidi, palataya yemək gətirmək olmaz, meyvə və gül-çiçəyə icazə var. Səliqə-səhmana riayət olunmalıdır, əks təqdirdə xəstəxana şərtlərini pozduğuna görə, səni buradan xaric edə bilərlər. Və axır ki, sənədlərimi yazıb, məni qalacağım palataya apardı.
   
   
   
   Otaq yoldaşlarım
   
   
   
   Qismətimə 7 nömrəli palata düşdü. Heyif, bir rəqəm də aşağı olsaydı, özümü Çexovun qəhrəmanları kimi hiss eləyərdim. Amma altı nömrəli palatanı boynu qır-qızıllı, xəstələrdən heç kimi dindirib-danışdırmayan əndamlı bir qadın təkbaşına zəbt etmişdi. Palatasını televizor-filanla təchiz edərək, gecələr işığı yanmış vəziyyətdə qoyub, yatırdı. Deyilənə görə, həmin şöbədə bu lüksün qiyməti vur-tut gündə onca manatdır.
   
   Nəsə, arvad qeybətini bir qırağa qoyub, öz palatamdan danışım. Yataq dəstimi hər işə, hər dərdə yarayan ətli-calı təsərrüfat bacısı R. xanımdan alıb, palatama qayıtdım. Daha doğrusu xəstələrin arasında nədənsə "Mamoçka" ləqəbi ilə tanınmış sanitarka heç əlimi yatağa vurmağa da qoymadı. Öz əlləri ilə yatağımı hazırlayıb, xidmətinin müqabilində məndən ikicə manat alaraq, məni palata yoldaşlarımın umuduna qoyub, getdi.
   
   Otaq yoldaşlarım Ağsu rayonundan gələn, xroniki qıcolmalardan əziyyət çəkən yeniyetmə, incə-mincə qız, əsəbləri dəhşətli dərəcədə pozulsa da, bütün günü həm özünün, həm palatadakıların əhval-ruhiyyəsini yüksək səviyyətdə saxlayan orta yaşlı, kök və savadlı bir qadın, bir də Salyan rayonundan şəhərə pənah gətirmiş, depressiyanın ən ağır formasından əziyyət çəkən və bütün günü uzanıb, zarıyan fağır bir arvad idi.
   
   Yeniyetmə qız o dəqiqə azarımın nə olmağı, ərdə olub-olmamağım, işimin-peşəmin nə olması ilə maraqlandı. "Depresyonşik" qadın rayonlu qayğıkeşliyini həmən ortaya qoyaraq, mənə "bala, sən indi yəqin acsan" deyə, öz dolabından peçenye, çay götürməyimi təklif elədi. Belə isti qarşılanmadan sonra, üzümə salıb, Salyanlı arvadın termosundan bir qapaq çay töküb içərək, şöbəni kəşfiyyata çıxdım.
   
   
   
   İlk təəssüratlar: "Dördümüzün də ağzı
   
   əyridi, heç kim, heç
   
   kimə gülməyəcək"
   
   
   
   Elə ilk təssüratlardan məlum oldu ki, şöbə əsl mentalitet qaydalarına riayət edilərək, iki hissəyə ayrılıb - yəni kişi və qadın xəstələrin qaldığı hissələr. Mən dəhliz boyu irəliləyəndə, ağır əndamlı bir tibb bacısı özünü birtəhər dəhlizin ortasında qoyulmuş divana buraxıb, xəstələrdən hansınınsa üstünə bağırdı:
   
   - Səndən də ağır xəstə var bu şöbədə, gör, sənin kimi həyasızlıq eləyəni var?!
   
   Xəstə də öz növbəsində tibb bacısına tərəf nəsə nalayiq bir şey qışqırdı. Amma mən tibb bacısının əsəb xəstəsilə belə davranışından şoka düşdüyüm üçün gerisini eşitmədim.
   
   Sənəd-sünəd prosedurları günün az qala hamısını zəbt elədiyi üçün, bir azdan axşam yeməyinin vaxtı idi. Və xəstəxana bufetinin qablarnın təmizliyinə qızınmayaraq, öz boşqablarını qoltuqlarına vurub, gələn dəhşət təmiz-tarıq xəstə arvadlar tədricən yeməkxanaya yığışdılar. Mən bayaqdan buralarda süləndiyimdən, üstübalıqlı qarabaşaq payımı alıb, masalardan birində lövbərimi salmışdım. Bu yerdə dörd nəfər qadın mən oturduğum masaya yaxınlaşıb, qaşqabaqla buradan əkilməyimi tələb elədilər. Üzlərinə fikir verdim, dördünün də ağızları yana əyilmişdi. Əvvəl elə bildim, mənə əsəbiləşdiklərindəndi. Sonradan məlum oldu ki, iflic vaxtı bu dörd qadının ağzı əyilib, və indi dərdləri eyni olduqlarından dördü də eyni masada yemək yeyir: "Dördümüzün də ağzı əyridi, heç kim, heç kimə gülməyəcək".
   
   Masamı dəyişdim. Bu vaxt qarayanız, gombul bir xəstə məni yanlayıb, masada oturdu. Bufetdən götürdüyüm şeylərə baxaraq, yavaşca əyilib, mənə pıçıldadı:
   
   - Get, qənd payını da al. Çayın yanında qənd də verməlidirlər.
   
   Dedim ki, qəndlə çay içə bilmirəm, ürəyim bulanır. Peçenye ilə içəcəm.
   
   Yenə əyilib, yavaşca pıçıldadı:
   
   - İçməsən də, get al. Atarsan zibil qabına. Burada nə qalırsa, bufetdə işləyənlər evlərinə aparır. Səhərlər yanı çöplü süd paçkası da verirlər. İçməsən də al, qutunu deş, qaytar. Qoy bunlara qalmasın.
   
   Arvaddan soruşmaq istədim ki, sənin bufetçilərlə nə dərdin var? Camaatın payını zorla tutub, əllərindən almırlar ki?! Qalan şeyi evinə aparır, qoy aparsın da. Ümumiyyətlə, sənə nə düşüb ee!
   
   Amma dinmədim. Onun da mənim kimi əsəb xəstəsi olduğunu nəzərə alıb, susdum. Sonrakı günlər məlum oldu ki, bu demaqoq, qarayanız gombul qadın qarımış müəllimədir, belə xasiyyətlərinin ucbatından heç ərə də getməyib. Və indicə mənə verdiyi məsləhətləri buradakı xəstələrin hamısına turkun sözü verməyi özünün müqəddəs vətəndaş borcu bilir.
   
   
   
   Şöbədə gecə
   
   
   
   Sizə deyim ki, palatalardakı səliqə-səhmana söz ola bilməz. Düzdü, xanımlar "palataya yemək gətirmək olmaz!" qadağasına riayət eləməyib, dolablarını banka-banka yeməklərlə doldursalar da, daha xəstəxananın əvvəlki vaxtları kimi, gündüz gözü palatalarda öz pal-paltarları, şey-şüyləri ilə "bayram bazarı" açmırdılar. Amma elə ki, axşam düşdü, şöbə müdüri, səliqə-səhmana ciddi-cəhdlə nəzarət edən həkimlər çıxıb, evlərinə-eşiklərinə getdi, əsl məsələ başlayır. Dolablardakı yeməklər çıxarılır, əlüzyuyanda-zadda yuyulmuş alt paltarları, əski-üskülər həm palatalarda, həm dəhlizlərdəki qızdırıcı batareyaların üzərinə sərilir. Xəstəxanada "poboçnı" fəaliyyət göstərib, cüzi maaşlarına bir qatqı qatsınlar deyə, xəstələrin yanına pal-paltar, toxunma əl işləri-zad gətirib satan sanitarkalar otaq-otaq dolaşıb, "arşın malı" göstərir. Xəstələrin yanına ziyarətə gələnlər şöbədəki sərbəstlikdən istifadə eləyib, saatlarla dəhlizlərdəki divanlarda, kürsülərdə əyləşib, burada yatan xəstə qohumları ilə çənə vurur.
   
   Axşam, hətta gecə olsa da, hələ ki, mənimlə bir insan maraqlanmamışdı. Gecəni dəhşətli dərəcədə sarımsaq qoxusu verən palatada birtəhər yatdım. Səhər oyanıb, geyinəndə əsəbləri gərgin olsa da, palatanın ruh yüksəkliyi işi ilə məşğul olan G. xanım acıqlı-acıqlı mənə tapşırdı ki, heç nə yeməyim, heç allahın suyunu da içməyim, çünki məndən analiz götürəcəklər. Günün ikinci yarısına qədər ac-susuz qalsam da, bir insan mənə yaxınlaşmadı. Uzun saatları eləcə yatağımda uzanıb, palatadakılara özüm barədə yarıdoğru-yarızarafat informasiyalar verərək keçirdim. Bu arada, elə palata yoldaşlarımın dərdlərini də öyrənməyə çalışdım.
   
   
   
   Ər və ata
   
   ucbatından xəstəlik tapan qadınlar
   
   
   
   Məlum oldu ki, depressiyanın ən ağır formasından əziyyət çəkən V. xanımın dərdi elə də mürəkkəb bir şey deyil. Həyat yoldaşının uzunmüddət ona qarşı laqeyd davranması qadını əvvəl ruh düşkünlüyünə, sonra əsəbiliyə, ən axırda isə belə ağır depressiyaya gətirib, çıxarıb. Yeri gəlmişkən, öz həyat yoldaşının belə çətin xəstəliyinə səbəb olmuş kişi, mən o xəstəxanada qaldığım günlər ərzində bir dəfə də olsun, xanımına zəng edib, onun halını xəbər almadı. Qadın isə hər sözdən alınaraq, saatlarla göz yaşı tökməyinə davam edirdi.
   
   Xroniki qıcolmalardan əziyyət çəkən yeniyetmə, nərmənazik qızın da xəstələyinin səbəbi əks cinsin nümayəndəsi idi. Amma bu dəfə məsələ sevgi-zad söhbəti deyildi. N. atasınının ucbatından bu xəstəliyi tapmışdı. Onun atası hələ uşaqları körpə ikən, onların anasını boşayaraq, başqa qadınla evlənib. İllərlə uşaqları ilə maraqlanmayıb. N. danışdı ki, atam bizi kənddə toy olandan-olana görürdü. Onda bizə yaxınlaşıb, konfet vermək istəyirdi. Mən də hirslənirdim. Onun konfetini neynirəm?! Bir dəfə də, oxuduğum məktəbin həyətinə gəldi. Əlində kulyokda konfet gətirmişdi. Kulyoku alıb, başına çırpdım. Qışqırdım, özümdən getdim. O vaxtdan tez-tez "sudorqa" keçirirəm.
   
   Amma çox vaxt N.-in kefi yaxşı olurdu. Keyidici iynələr, dərmanlar təsirini göstərirdi. Çox vaxt məndən xahiş eləyirdi ki, noutbukda onun üçün Hadisənin "Düm tək-tək" mahnısını səsləndirim.
   
   
   
   Şöbədə daha bir gün - təzə xəstə ilə maraqlanan olmadı
   
   
   
   Şöbədəki xəstələr boşqablarını qoltuqlarına vurub, günorta yeməyi üçün yeməkxanaya tələsəndə, artıq dözə bilməyərək, sıravi tibb bacılarının "starşı" əvəzinə "straşnı" dedikləri baş tibb bacısının yanına getdim. Lirik "straşnı" tibb bacısı nəhayət ki, öz mobil telefonundan "pleyer" kimi deyil, əsl təyinatı üzrə istifadə edərək, kiməsə zəng elədi. Zəng elədiyi mənə baxmalı olan tibb bacısı idi. Onu çağırdı ki, gəlib, xəstəsi ilə maraqlansın. Bacı yarım saatdan sonra gəlib, çıxdı. Toppuş, yanaqlarından qan daman, uzun hörüklü, iri gözlü, iridöşlü qız. Qızın üzünü görənə qədər həm acından, həm özümə qarşı belə laqeydlikdən itə dönsəm də, bacını görən kimi eynim açıldı. Heç bir problem yoxmuş kimi, qız mənə dedi ki, analizlər üçün artıq çox gecdir, günorta yeməyinə də gecikmisən, dəhlizlərdə gəzib, qoğal-moğal satanlardan bir şey al ye, bu günü yola verək, sabah səndən anaizlər götürərəm. (İlahi, hər şey necə də rahatdır!) Sonra da gülə-gülə çıxıb, getdi.
   
   Xəstəxanada ikinci günü də bax, beləcə, boşuna yola verdim. Bircə şeyi yaxşı oldu ki, hər işə yarayan təsərrüfat bacısı ilə razılığa gəldim ki, hər gün mənə saçlarımı yumaq üçün iki litr isti su təşkil edəcək.
   
   
   
   (Ardı var)
  • May:
  • 3

TƏQVİM / ARXİV