adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7

7 nömrəli palata

51286 | 2009-12-30 05:56
Həkim yox ağsaqqal məsləhəti...
   
   
   
   O şairə şair demərəm, o yazarı qələm adamı hesab eləmərəm ki, ömründə bir dəfə infarkt keçirməsin, əsəbləri pozulmasın, iflicfason bir şeyə məruz qalmasın. Ya da ən azı, içməkdən qara ciyəri serroz olmasın. Yəni belə şeylər bir növ yaradıcı adama, şairə-yazıçıya "dividend" gətirən şeydir, belə demək mümkünsə, başucalığıdır. İnfarktdan sonra yazılan şeirlər matah, xəstəxanalarda yazılan əsərlər, əsəb dispanserində yazılan gündəliklər maraqlı gəlib adamlara. Şairin, yazıçının, musiqçinin, rəssamın ürəkdən, əsəbdən, "vurmaqdan" öləni əziz, doğma olub həmişə. Ən azı, Lotreki, Yesenini, Heminqueyi, Ostrovskini yadımıza salaq.
   
   
   
   Ahmet Kaya demişkən, bən də şairim. Və bayaq sadaladığım şeylər hərləndi-fırlandı, məndən də yan keçmədi. Əsəblərimin ovulub-töküləcəyi həddə çatanda yarıciddi, yarıeksperiment məqsədlə psixiatrlara, nevropatoloqlara müraciət eləməyə başladım. Biri fitoterapiya yazdı, biri ovuc-ovuc "fenozepam", "ksenaks" nə bilim, daha nə kimi az qala narkotik tərkibli dərmanlar içirtdi. Biri üstümə qışqırdı, biri otağından qovdu. Hərəsi bir diaqnoz qoydu. Axırda gəlib, "isterik nevroz"un üzərində dayandılar. Və dedilər bir halda ki, ambulator (yəni ev şəraitində) müalicə xeyir vermir, bir-iki həftə xəstəxana şəraitində yat.
   
   
   
   Yat, yat də! İşin təhəri yatacağım xəstəxanaya istiqamət kağızını almaqdı. Əl boyda kağızdan ötəri eşşək boyda publisist vurub, getdim düz qeydiyyatda olduğum Biləsuvar rayonuna. Daha doğrusu, həmin rayonda yerləşən Cəbrayıl qəsəbələrinə. Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının baş həkimi H. müəllim bir sifətimə qəfil çökmüş fağırlığa, bir diaqonozuma baxdı. Sonra səsinin ən rəhmdil "lad"ına salıb, dilləndi:
   
   
   
   Qızım, bu diaqnozla mən səni ancaq Maştağadakı ruhi xəstələr üçün dispanserə göndərə bilərəm. Amma mən sənə həkim yox, ağsaqqal məsləhəti vermək istəyirəm. Gəl, səni ora göndərməyim. Orada lap dəli olarsan. Diaqnozunu yazaq "nevrosteniya", özünü də göndərək "respublikanski"dəki "Nevrologiya" şöbəsinə. Eyni müalicəni elə orada al dəəə... Açığı, ağlıma batdı. Biri var, dəlixanada yatasan, biri var, əsəb xəstələrinin arasında. İkincisi daha etibarlı və şükürlüdü.
   
   
   
   
   
   1-ci yazı
   
   
   
   Məni xəstəxanaya
   
   necə qəbul elədilər...
   
   
   
   Şəxsiyyət vəsiqəmi, "napravleniya" deyilən, istiqamət kağızını matah-matah qoltuğuma vurdum. Hətta sanki elə ora çatan tək, xəstəxana qapılarını üzümə taybatay açacaqlarmış kimi, yekə bir ehtiyat çantası da hazırlayıb, daban aldım "respublikanski"yə. Qəbul şöbəsində babat bir on dəqiqə gözləyəndən sonra ağ xalatlı bir qadın sənədlərimi alıb, ora-bura fırlatdı. Sonra dedi ki, get poliklinikaya, orada sənə kitabça açsınlar, sonra gələrsən. Qapıdan çıxıb, elə xəstəxananın həyətində yerləşən poliklinikaya girdim. "Qeydxana" yazılan pəncərələrin arxasında üz-gözlərini boyaya-boyaya cənə vuran qızlardan soruşdum ki, qeyd vərəqəsini buradamı açırsınız? Küncdə oturub, barmaqlarının arasındakı iri, şirəli bir xurmanı sora-sora yeyən qız, elə ağzı dolu halda dedi ki, bura olmağına buradı, amma get, filan otaqda sənədinin üstünü yazsınlar, sonra gəl vərəqəni açaq. Ağır çantamı indi də mənə göstərilən otağa sürüdüm.
   
   İsnad verilən otaq baş həkimin poliklinika işləri üzrə müavini M. xanımın otağı idi. Adıçəkilən xanım otağında olmadığından, köhnə-kürüş, divarları qopuq-qopuq, künc-bucağını hörümçək toru basmış qəbul otağında ağ xalatı eləcənə çiyinlərinə atıb, sovetdənqalma elektrik çaynikində kəklikotulu çay dəmləyən arıq, qarayanız sanitarka dedi ki, gözləyin. Xanım harda olsa, indi gələcək. İyirmi dəqiqə də belə keçdi. Adamın üstündə Allah var, xanım gələn kimi, sorğu-sualsız kağızımın üstünü möhürləyib, məni yola saldı.
   
   Qayıtdım boyana-boyana çənə vuran qızların yanına. Kağızımı bayaqdan yekə xurmasını sora-sora yeyən qıza uzatdım. Qız barmaqlarından aşağı axan xurma şirəsini dili ilə yalayıb, kağızımı, vəsiqəmi aldı, ikicədəqiqənin içində mənə vərəqə açdı. Sonra üzərinə xuma şirəsi yapışmış sənədlərimi mənə qaytarıb, sərt şəkildə məndən bir manat tələb elədi. Manatı qıza verib, onun məni göndərdiyi həkim otağına getdim.
   
   Nevropatoloqların otağında bir neçə həkim oturmuşdu. Otağın mərkəzində oturan həkim xəstəxanaya yekə bir sumkada mal gətirmiş alverçinin sumkasından çıxartdığı şeyləri, uşaq paltarlarını, yaylıq-maylığı masaya, xəstələrin sənədlərinin üstünə düzüb, eninə-uzununa tamaşa eləyirdi. Mənə isnad verilən həkim N. xanım gənc, xoşagəlimli bir qız idi. Üzümə canıyananlıqla baxıb, dərdimi soruşdu, xeyli sorğu-sual elədi. Ora-burama baxdı, indiyə qədər içdiyim dərmanları soruşdu. Sonra da dedi ki, biz bu şöbəyə insult-zad keçirmiş xəstələri qəbul eləyirik. Ola bilər ki, səni qəbul eləməsinlər. Amma hər şeydən əvvəl, biz səni psixiatrımızın yanına göndərməliyik. Əsas qərarı o verəcək.
   
   
   
   Psixiatr işə gəlmədiyindən, məni geri göndərdilər
   
   
   
   Və məni bir tibb bacısına qoşub, bir mərtəbə aşağıda oturan psixiatrın yanına göndərdi. Bacıya qoşulub, düşdüm aşağı. Psixiatrların otağında oturmuş qaşqabaqlı, ağ xalatlı bir kişi dedi ki, psixiatr yoxdu və heç olmayacaq da. Gedin, sabah gələrsiniz.
   
   Tibb bacısı ilə qalxdıq yuxarı. Bacı həkimə dedi ki, psixiatr işə gəlməyib. N. xanım dodağının altında "uje üçüncü gündü e, belə eləyir" deyib, yalvarırcasına mənə baxdı:
   
   - Xanım, psixiatrımız işə gəlməyib, sabah başqasnın növbəsidi. Siz sabah gələ bilərsiniz?
   
   Əlimdən nə gəlir?
   
   Dedim ki, gələrəm. Və suyum süzülmüş halda, ağır ehtiyat çantamı da arxamca sürütləyib, xəstəxanadan çıxdım.
   
   
   
   Pulunu dağıtma, bəs,
   
   mənə nə verəcəksən?
   
   
   
   Səhər saat 11 olmamış yenə xəstəxananın qapısını kəsdirdim. Dünən mənimlə psixiatrın yanına düşən tibb bacısını tapıb, xahiş elədim ki, məni onun yanına aparsın. Pilləkənləri aşağı enəndə qarşımıza daha bir tibb bacısı çıxdı. Yanımdakı tibb bacısından soruşdu ki, birdən beşmanatlığa xırdan olar, vacib lazımdı. Yanımdakı dedi ki, manata nə söz.
   
   Tibb bacısı olanda nə olar? Fikirləşdim ki, pulqabıma baxım, bəlkə məndə beş manata xırda ola. Dedim: "Bir dəqiqə gözləyin, deyəsən, məndə var". Yanımdakı tibb bacısı o dəqiqə ağzımın üstündən vurdu:
   
   - Ay qız, üstündə dörd-beş manat xırda var, onu da kiməsə vermək istəyirsən. Bəs, mənə nə verəcəksən?
   
   Dinmədim. Gəldik, çıxdıq psixiatrın otağının qarşısına. Tibb bacısı dedi ki, psixiatr yerində yoxdu. Sənin kağızlarını qoymuşam masasının üstünə, gələndə girərsən yanına. Kağızına baxar, yazar, təzədən qalxarsan yuxarıdakı otağa.
   
   Dedi və getdi. Mən qaldım otağın qarşısında. O qalmaq, bu qalmaq. Düz bir saat gözləyəndən sonra, həkim yox, yanında cavan bir oğlu olan yaşlı qadın gəlib çıxdı və o da mənim kimi oturdu elçi daşının üstündə. O oturdu, mən gəzişdim. Bir saatdan sonra arvad qəzəbləndi, mənsə ümidsizlikdən az qala ağlamaq həddinə gəldim. Amma nəhayət ki, psixiatr gəlib, çıxdı. Növbəmi yaşlı qadına verib, özüm bir az da gözlədim.
   
   Axır ki, axır ki, mən o psixiatrın otağına girdim. Xoşsifət, orta yaşlı, rusdilli qadın idi. Mən adamı bu qədər gözlədən həkimin xəstəyə qarşı münasibətdə ən azı dinozavr qədər sərt olacağını düşünsəm də, həkim mənimlə çox nəzakətlə, rahatca danışdı. Əlamətlərimi, içdiyim dərmanları soruşub, özümü də müayinə eləyəndən sonra kağızımın üstünə "stasionar yata bilər" sözlərini yazıb, qolunu çəkdi və mənə uğurlar dilədi.
   
   
   
   Mənə bicliyin yolunu
   
   öyrədən tibb bacısı
   
   
   
   Kağızımı alıb, qalxdım bayaqkı tibb bacısının yanına, hansının ki, adı E. idi. İndi o məni əsas yerə, yəni qəbul edəcəkləri halda yatacağım "Nevrologiya" şöbəsinə aparmalı idi. Bu dəfə artıq naümid gəldiyimdən, özümlə çanta-zad gətirməmişdim. Ona görə də əl-qolumu sallaya-sallaya düşdüm tibb bacısının arxasınca. Biz birinci mərtəbədən nevrologiya şöbəsinə qalxana qədər, Esmira xanım mənə bir-iki "instruksiya" verdi. Dedi ki, bura çox vaxt sənin kimi yüngül xəstələri götürmürlər. Əgər istəyirsən ki, səni bura qəbul eləsinlər, şöbə müdiri səndən əlamətləri soruşanda beş-altısın da üstünə qoy. Yalandan denən ki, bir tərəfimi hiss eləmirəm, gecələr yata bilmirəm, dərmanların, müalicənin köməyi olmur. Əl-ayağım əsir.
   
   Dedim:
   
   - Bacı, narahat olmayın, sizin dediyiniz əlamətlər, məndə onsuz da var. Özü də hamısı.
   
   Çatdıq "Nevrologiya" şöbəsinə. Qapıçı qadın qaşqabaqla qapını üzümüzə açıb, o dəqiqə də bəd xəbəri verdi ki, X. doktor (yəni şöbə müdiri) yoxdu, iclasdadı, nə vaxt gələcək bilinmir. Bunu bizə deyib, qapıdan iəridəki xəstələrinin yanına keçmək istəyən iki oğlan uşağının üstünə qışqırıb, onları qapınını yanından qovmağa çalışdı. Uşaqlar bir az aralaşandan sonra, qapıdan iki nəfər keçib, xəstə yanına getdi. Bayaqkı oğlanla geri qayıtdılar:
   
   - Xala, bizi buraxmırsan, bəs, onları niyə buraxırsan?!
   
   Qapıçı qadın hirslə:
   
   - Bala, onlardan xoşum gəlir, sizdən xoşum gəlmir, başa düşdünüz, çəkilin burdan! - deyib, qapını oğlanların üzünə çırpdı.
   
   Tibb bacısı X. həkimin tağından olmamasının da boşa verməyib, həmin müddətdə məni rentgen otağına apardı, nəticələri alıb, telefon nömrəsini mənə verdi:
   
   - Kağızları gizlə. Biz sənədləri xəstələrin əlinə vermirik. Mən aşağıdayam. Elə ki, gördun həkim gəldi, mənə zəng elə, gəlim, səni onun otağına aparım. Bax ha, özün otağa tək girmə, həkim hirslənər.
   
   Bir saatdan artıq zaman kəsiyini də həkimi gözləməyə sərf elədik. Şəxsi personası qapıda görünər-görünməz, E. xanıma zəng elədim. Tüpərək qaçıb gəldi. Girdik şöbə müdirinin yanına. X. həkim sənədlərimə baxıb, şikayətlərmi soruşdu. Az qaldı məni ağlamaq tutsun. Xəstəliyin əlamətlərini neçə həkimə demək olar?! Candərdi bir də təkrarladım. Həkim kağızın üstünü lütfedərcəsinə yazıb, mənə babat bir minnət qoydu:
   
   - Xanım, biz bura adətən ağır xəstələri götürürük. Sizi də bir həftəliyə götürürük, myayinə eləyərik, bir həftədən sonra dərmanlarınızı yazarıq, evdə müalicə alarsınız. Bəri başdan deyirəm ki, sonradan narazılıq eləməyin.
   
   Axır ki, kağızımın üstü yazıldı. Və mən artıq rəsmi olaraq "Nevrologiya" şöbəsinin xəstəsiyəm...
  • May:
  • 3

TƏQVİM / ARXİV