adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

Vətənə bağlı zair

99375 | 2012-01-28 12:35
Mən öz qardaşıma
   
   mehman gələndə,
   
   Bir qələm, bir dəftər,
   
   bir can gətirdim,
   
   Dağların döşünü
   
   toplar dələndə,
   
   Bir ləkə düşməyən
   
   vicdan gətirdim.
   
   
   
   Mən nə gətirdim? şeirindən olan bu dörd misra tələbəlik illərimdən yaddaşıma həkk olub. Həm də əziz bir dostumun, yaddaşımın ən təsirli sözlərinə çevrilib. Keçən günlərin birində dodaqaltı, asta bir ahənglə bu şeiri deyirdim. Dostlarımdan biri bu kimin şeiridir deyə soruşdu. Mən də fəxrlə Əli Tudə dedim. Amma o gözlərini mənə zillədi və tanımadığını söylədi. Həmin an ruhumun belə üsyan qoparacaq qədər qalxdığını hiss elədim. Sanki sən Əli Tudəni tanımırsan deyə hayqırmağa başladı! Amma nə fayda, tanımırdı ki, tanımırdı. Mən də məyusluğun doğurduğu bu duyğularla baş-başa qaldım. Niyə gizlədim ki, bu mənə çox pis təsir etmişdi. Sonra ağlıma belə bir fikir gəldi, ola bilsin bir nəfər tanımır. Ruhuma qalx deyib yola düzəldim. Bütün dostlarıma bu sualı verməyə başladım: - Siz Əli Tudəni tanıyırsız ? Amma yenə də məyusluq, kədər və iztirab dolu ruhumu susdurmalı oldum. Nə etməli tanımırdılar. Bəlkə də onlara bu barədə məlumat verən olmayıb. Bəlkə də son zamanlar bu insanın şeirlərinə olan qayğı və sevgi azalıb... bilmirəm...
   
   Mən də belə bir iş görmək fikrinə düşdüm. Facebook sosial şəbəkəsindəki dostlarımın (ədəbiyyatla maraqlanan) bəzilərinə Əli Tudənin səsli şeirlərini ard-arda göndərməyə başladım. Hər biri dinlədikdən sonra mənə təşəkkür elədi və yenə varmı deyə soruşdu. Həmin an elə bil dünyanın belə sahibi mən idim. Bu duyğu mənim Mənimi belə zirvələrə qaldırmışdı. Sonra isə Əli Tudə haqqında bildiklərimi, oxuduqlarımı yazmaq, dostlarımla paylaşmaq, onun dünyası ilə dostlarımı daha yaxından tanış etmək qərarına gəldim.
   
   Əli Qulu oğlu Cavadzadənin (Əli Tudə) ailəsi əslən Cənublu olmuş, Ərdəbilin Çanaxbulaq kəndindən Bakıya köçmüş və 1924-cü il yanvarın 31-də Əli Bakı şəhərində anadan olmuşdu. Burada 150 saylı orta məktəbin yeddinci sinfini bitirmişdi. Lakin yaxşı mütaliəsi, ədəbiyyata güclü meyli yazıb-yatarmaq həvəsi oyatmışdı. Bu dövrdə Osman Sarıvəllinin rəhbərlik etdiyi ədəbiyyat dərnəyinin fəal üzvü olmuşdu. Uşaqkən valideynlərini itirən Əli nənəsinin himayəsində böyüyür. Tanrı sanki ona ana-ata itkisinin əvəzinə istedad bəxş edir. On üç yaşındaykən ilk şeiri çap olunur. Amma bu sevincin ömrü də uzun çəkmir. 30-cu illərdən başlanan qanlı repressiyalar onların da talelərini, yollarını dəyişir. Cənubi Azərbaycandan olduqlarına görə Əli nənəsi ilə birlikdə İrana sürgün olunur. Mühacir həyatı onun tale payı olur. Cənubda da həyat onu sakit buraxmır. Xalqının, torpaqlarının azadlığı uğrunda mübarizəyə atılır. Mübariz ruhunun hər anını qələminin itiliyinə də kökləyə bilir.
   
   
   
   Nə qədər döyüş var , mübarizə var ,
   
   Bayrağım vətəndir , silahım qələm.
   
   
   
   1940-cı illərdə Cənubi Azərbaycanda başlayan milli azadlıq hərəkatı Əlinin həyatında yeni bir səhifə açır.
   
   
   
   O qaldırdı deyə bükük belini ,
   
   Başından keçmədi yetən yolunda,
   
   Kimi ayağını , kimi əlini ,
   
   Mən başımı qoydum Vətən yolunda !
   
   
   
   -deyən gənc Əli bu hərəkata qoşulur və onun fəallarından biri olur. Milli ruhda yazdığı şeirləri ilə xalqı mübarizəyə səsləyir. Əli Tudə əsl səngər şairi idi, mübarizə nəğməkarıydı, iyirmi bir-iyirmi iki yaşlarında İran rejiminin iç üzünü açan, xalqı ayağa qaldıran şeirlərinə görə ölüm hökmü altında yaşayır, amma yolundan çəkinmirdi... Elə bu ağır bir yükün içində xalqın səsinə çevrilmişdi.
   
   1945-ci il dekabrın 12 -də Cənubi Azərbaycanda milli hökümət qurulur. Xalqını ürəkdən sevən Əli milli hökumətin Maarif Nazirliyində işləyir. "Ana dili" kitabının tərtibində və çap olunmasında xüsusi rol oynayır. Bundan əlavə Əli Tudə İran tarixində ilk dəfə olaraq Təbrizdə Milli Filarmoniya yaradır. Bu təkcə Təbrizdə deyil, bütün İranda açılan ilk Filarmoniya idi.
   
   Bir müddətlik qonaq gələn xoş taleyi yenidən ondan üz döndərir. Qanları bahasına qurduqları Milli Hökumətləri yenidən boğulur. Əli Tudənin milli ruhlu üsyankar şeir kitabları da məhv edilir. Ölümünə belə fərman verilir. O, yenidən Şimali Azərbaycana üz tutur. Bu dəfə o ömürlük Bakıya qayıtmalı olur.
   
   
   
   Hər kəsin öz qibləsi var
   
   Mənim qibləm Vətəndir.
   
   
   
   Oddan- alovdan çıxıb gələn gənc şairin şeirləri tez bir zamanda onu xalqın sevimlisinə çevirir. O, Bakıda da "qürbət" həyatı yaşamağa başlayır.
   
   
   
   Öz yurdundan qaçır insan,
   
   Möhnət olar , bu qədər yox!
   
   Qürbətə yol açır insan,
   
   Qürbət olar, bu qədər yox!
   
   
   
   Bakıya mühacirət zamanı "Ədəbiyyat qəzeti" redaksiyasında ədəbi işçi vəzifəsində işləyir. Ona ali təhsil almaq imkanı yaranır. BDU- nun filologiya fakültəsini fəqlənmə diplomu ilə bitirir (1947-1952). Azərbaycan Dövlət Nəşriyyatında redaktor, Ali Partiya məktəbində müdavim, "Azərbaycan" qəzetində (Azərbaycan demokratik firqəsinin orqanı) ədəbi şöbə müdiri olur (1952-1962) , Sonra bütün qüvvəsini yaradıcılığa həsr edir.
   
   Yalnız Vətən mövzusu onun şeirlərinin döyünən ürəyinə çevrilmişdi. Ayrılığın həsrətini ürəyində gəzdirdi və bütün yaradıcılığı boyu Vətən, Cənub həsrəti mövzusuna, saf amalına sadiq qaldı. Özündən sonra böyük bir ədəbi irs qoyub getdi. "Cənub nəğmələri", "Məhbusların son sözü", "Arazın o tayında", "Qəzəb", "Təbriz yolu", "Mühacir qeyrəti", "Mənim səsim", "Yarımçıq dastan", "Şimal Həsrəti", bir sözlə, 40-dan çox kitabın müəllifi kimi ədəbiyyat tariximizdə öz yerini aldı.
   
   Ümumittifaq tədbirlərində (Moskvada Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündə, Tbilisidə SSRİ Yazıçılar İttifaqının plenumunda və s. olmuşdur. "21 Azər" (1946), "Əməkdə fərqlənməyə görə" (1959), medalları ilkə təltif edilmişdir. Azərbaycan ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif olunmuşdur (1984), Azərbaycan Yazıçılar Birliyinin İdarə Heyətinin üzvü seçilmişdir (1960-cı ildən).
   
   1996-cı il fevralın 26-da Bakıda vəfat edib.
   
   Vətən həsrəti, ayrılıq odu şairin üzünün gülməsinə imkan vermədi, dodaqlarında görünən təbəssüm qəlbinə enmədi:
   
   
   
   Dodağın gülməyi əsas deyildir,
   
   Gərək ürək gülsün , ürək sinədə,
   
   Təbrizimsiz keçən bütün illərim.
   
   Təbrizdə gördüyüm bir ilə qurban!
   
   
   
   İstiqlal arzuları, Vətənin birliyi uğrunda tökülən qanlar təəssüf ki, bir səmərə vermədi, sevgili insanlardan, sevgi dolu torpaqlardan ayrı düşən şair ömür boyu Vətən həsrəti ilə çırpınırdı.
   
   Əli Tudə bir insan kimi, bir şair kimi pak və təmiz ömür yaşamış, gözəl hisslərlə, gözəl duyğularla ömür sürmüşdür. Həqiqi bir istedad sahibi olan Əli Tudə poeziyası sevilən və oxunan bir poeziyadır. Hər sözünün əvvəli də, sonu da Vətəndir. Mərd, məğrur, heç kəsə baş əyməyən şair ədəbiyyat tarixində Azadlıq şairi, xalqının şairi kimi həkk oldu.

TƏQVİM / ARXİV