adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7

ÜRƏYİN İŞIĞI, SÖZÜN RƏNGİ

ƏLÖVSƏT BƏŞİRLİ
30132 | 2016-03-05 10:18
Nahid Hacızadənin kitablarında işıqlı bir dünya yaşayır. Bu işıqlı dünyanı işıqlı ürəklərin gözəlliyi bəzəyir.

Əlibala Hacızadə

Uzaq dağlıq rayonun buz nəfəsli ucqar kəndindən paytaxtın qaynarına düşən ucaboy, şüvərək, gur saçlı, xoş sifətli bu oğlan heç cür ağlına sığışdıra bilmirdi ki, elə bir gün gələcək, ustad Rəsul Rza ona deyəcək: "Nahid, sənin o yazıların lirik miniatür deyil, bəyaz şeirlərdir. İstəyirsən gətir onları misralara düzüm. Yaxşı olar ki, belə yazıların olanda "Mənsur şeirlər" başlığı altında verəsən"...
gYarım əsri arxada qoyan o çağlar sanki dünən olub. Biz - universitetin "təzə" tələbələri "köhnələrə" - yuxarı kurslarda oxuyanlara qəribə bir maraqla baxardıq. Yaşar Qarayevi, Şamil Salmanovu, Ağacavad Əlizadəni, Famil Mehdini, Şamil Qurbanovu...g tez-tez görürdük, yazılarını oxuyurduq. Əlibala Hacızadənin lirik hekayələri universitet qəzetində çap olunurdu. Onun yaxın dostu Nahidin səsini efirdən eşidirdik, Azərbaycan radiosunun efirindən!
İllər ötdükcə bu səs gurlaşdı, Nahid qələm və söz sahibi oldu, əvvəl Azərbaycan radiosunun, sonra televiziyasının yaradıcı kollektivlərinə rəhbərlik etdi...
Tale elə gətirdi ki, onunla çiyin-çiyinə işləmək mənə nəsib oldu: altmışıncı illərin axırlarında Azərbaycan Televiziyasının Gənclik Baş Redaksiyasında. O, baş redaktor idi, mən şöbə müdiri. Mərhum şair Tofiq Mütəllibov məktəblilər, yazıçı Fuad Tarıverdiyev kiçikyaşlı uşaqlar redaksiyalarına rəhbərlik edirdilər.
Məni üçüncü mərtəbəyə (o vaxt radio ikinci, televiziya üçüncü mərtəbədə yerləşirdi) baş redaktor qaldırmışdı. O, özünəməxsus operativlik və istiqanlılıqla az vaxt içərisində Komitə sədri İmran Mirzəyev, müavin Nəbi Xəzri, radionun Xəbərlər və Təbliğat Baş redaksiyasının baş redaktoru Hacı Hacıyevlə danışıb (o vaxt həmin redaksiyada redaktor idim) onların razılığını almış, məni özünün dediyi kimi "aləmin bir-birinə qarışdığı" "Gənclər" redaksiyasına gətirmişdi.
Nahidin sonralar xatirələrində yazdığı kimi: "Yaşımızın, ömrümüzün gözəl çağları idi. Ürək-ürəyə verib işləyirdik. "Gənclər" redaksiyası az vaxtda önə çıxdı, şöhrətləndi, tamaşaçıların rəğbətini qazandı..."
Baş redaktorun təşəbbüsü ilə "Gənclər" redaksiyası həftəlik "Səhər" verilişi hazırladı. Moskvada nəşr olunan "Radio i televideniye" jurnalı bu proqram haqqında qoşa səhifəlik reportaj dərc etdi. Respublika qəzetləri, jurnalları, xüsusilə də gənclər mətbuatı baş redaksiyanın ayrı-ayrı verilişləri haqqında vaxtaşırı olaraq materiallar verməyə başladı.
Hələ qələmi bərkiməmiş, təcrübəsiz cavanların çalışdığı "Gənclər" redaksiyası üçün baş redaktorumuz əsil nümunə, örnək idi: təvazökarlığı, redaktəsi, yazıları - əlindən düşməyən qələminin "məhsulu" ilə!
Bizə elə gəlirdi ki, onun qələmində qeyri-adi bir sehr var. Sanki nağıllardakı "sehirli çubuq" kimi qələmini hazırladığımız materialların, süjetlərin, müsahibələrin, kompozisiyaların, müxtəlif verilişlərin üstündə gəzdirərək yazıların elə bil "rəngini" dəyişdirirdi: dili rəvan, səlis, tamaşaçıları özünə cəlb edən baxımlı, maraqlı verilişlər yayınlanırdı.
Baş redaktor televiziya tamaşaçılarının ürəyinə yol tapmağı bilirdi və bunu gənc jurnalistlərə öyrədirdi: özünəməxsus qayğı ilə, səylə, səbrlə, yorulmaq bilmədən. O, qələminin fəhləsi, əsil zəhmətkeş idi. Və bu zəhmətin, gərgin işə dözümün kökü onun uşaqlığına kölgə salan müharibə illərinə gedib çıxırdı.
Nahid anasını bir yaşında itirmişdi, sonra atası vəfat etmişdi. O, arxa cəbhə deyilən zillətdə boy atmışdı: sal daşlar arasından sivişib boylanan şiv kimi. Ruzigarın qovğasında hər cür əzaba dözmüş, bir əlində kitab, o birində çubuq, qabağında quzular, üfüqdə başı buludlu dağlar, sonralar həsrətini çəkdiyi, yuxularında gördüyü dağlar...
Yarıac-yarıtox dolanıb çörəyə həsrət qalsa da, dərsdən qalmadı, analığının "Bəs quzuları kim otaracaq?" sualına sinif müəlliminin "dərsini də oxuyar, quzulara da baxar" cavabını qulağında sırğa elədi. Zəhmətinə güvəndi, məğrur böyüdü, aclığın əzrayıl üzü onu özgə qapısı döyməyə məcbur edə bilmədi. Ancaq tələbə vaxtı qapı döyməli oldu: üçüncü kursda oxuyanda statdankənar müxbir kimi, baş redaktorun tapşırığı ilə, əsərlərini oxuyub özlərini görmədiyi məşhur sənətkarların qapılarını açdı, Rəsul Rza, Mir Cəlal, Süleyman Rəhimov kimi görkəmli qələm sahiblərindən müsahibələr aldı. 1957-ci ilin yazında ilk oçerki efirdə səsləndi və az sonra verilişlərinə görə aldığı qonorar əlaçı tələbə təqaüdünü üstələdi.
Beləcə, taleyini efirlə, ekranla bağladı. Yaddaşına silinməz izlər həkk edən uşaqlıq çağları arxada qalsa da, unuda bilmədi o illəri, cəbhəyə yola salınan oğulları, ataları, bir də... atları: lap axırda kəndin atlarını yığıb müharibəyə göndərəndə atlar kəndə, örüşə, dağlara sarı boylanıb elə kişnəmişdi ki, arvad-uşağı qəhər boğmuşdu...
Zaman keçdi, o çağlar, o mənzərələr necə varsa, eləcə Nahidin mənsur şeirlərinə, hekayələrinə, povestlərinə köçdü. O, yalnız radio dinləyicilərinin, televiziya tamaşaçılarının deyil, çoxsaylı oxucuların ürəyinə yol tapan əsərlərin müəllifi - istedadlı yazıçı kimi şöhrətləndi. Bakıda və həmçinin sovet dönəmində dünyaca məşhur olan "Sovetski pisatel" (Moskva) nəşriyyatında kitabları çapdan çıxdı.
Öz zəhmətinə güvənən, yaradıcı işindən zövq alan, vəzifə borcuna məsuliyyətlə yanaşan Nahid Hacızadə səlahiyyət pillələrində də yüksəldi. Vaxtilə Azərbaycanda yeganə efir-ekran məkanı olan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində rəhbər vəzifələr daşıdı: 30 il gənclər və ədəbi dram verilişləri baş redaksiyalarının baş redaktoru, Komitə sədrinin birinci müavini.
Yaxınları, həmkarları həmişə Nahidə qibtə ediblər və əslində elə indi də həsəd aparırlar. Əlbəttə, ona görə yox ki, o, istedadı, qələmi, bacarığı, təşkilatçılığı sayəsində zaman-zaman inkişaf edib, püxtələşib, yüksəlib. Həm də ona görə ki, vəzifə, səlahiyyət heç vaxt onu bir insan kimi dəyişə bilməyib, səmimiyyətini, sadəliyini, düzgünlüyünü, bir sözlə, şəxsiyyət bütövlüyünü!
İngilis yazıçısı Tekkerey mütəfəkkircəsinə obrazlı şəkildə deyib: "Rəftar əkərsən - adət biçərsən, adət əkərsən - xasiyyət biçərsən, xasiyyət əkərsən - tale biçərsən". Tələbəlik çağlarından tanıdığım, çiyin-çiyinə çalışdığım, rəftarına, adətinə, xasiyyətinə vaqif olduğum Nahid ömrü boyu öz taleyinin əkinçisi olub. İndi müdrik yaşında zəhmətinin bəhrəsindən qürur duyub deyir: "Tanrıma, taleyimə minnətdaram ki, ömrün bu çağına yetirdi məni".
Taleyinə şükür edən bəndəsinə Tanrısı nə verməyib? İnsan, Ziyalı, Yazıçı olmaq istedadı, Ər, Ata, Baba olmaq səadəti!
Sənət aləminə öz dəst-xətti ilə qədəm qoyan istedadlı nasirin şeir kimi axıcı dili müqtədir sənətkarların, çoxsaylı oxucuların diqqətini cəlb etdi. Söz sənətinin silahı olan Dilin Nahid Hacızadə qələmində sanki muma döndüyü, Sözün zərgər dəqiqliyi, zərrəbinlə öz yerində işləndiyi xüsusi vurğulandı.
Real həyat materialı, poetik duyum, hisslərin zənginliyi - bütün bunlar yazıçının qələmindən çıxan hekayələrin, povestlərin, pyeslərin, romanların cövhəri, əsas məziyyətləridir. Onun əsərlərini oxuyanda elə bil adamın ürəyinə bir işıq seli axır. Bu əsərlərdə insana, təbiətə, gözəlliyə məftunluqdan doğan poetik təsvir gözümüzü, könlümüzü oxşayır, məhəbbətin yaşarılığı, qüdrəti ("Məhəbbət ölüncə var", "Payız leysanları"), torpağa, doğma yurda bağlılıq ("Dağlar, sizdə gözüm qaldı"), müharibəyə, haqsızlığa, qəddarlığa nifrət ("Bir ana tanıyırdım", "Köçündən ayrılan durna"), mənəvi-əxlaqi keyfiyyətlər təbii, həyati, bədii boyalarla qələmə alınıb.
Nahid Hacızadə yarım əsrdir ki, yazıb yaradır. Radio, televiziya, qəzet və nəşriyyatlarda işlədiyi uzun illər ərzində söz-sənət adamları ilə sıx ünsiyyətdə olan yazıçı-jurnalist deyir: "Könül dünyamda lay-lay, bəlkə də qalın cildlərə sığmayan xatirələr uyuyur".
O, görkəmli yazıçılar, şairlər, bəstəkarlar, rəssamlar, səhnə ustaları haqqında xatirələrini qələmə alır, mətbuatda dərc etdirir. Bu xatirələr oxucular tərəfindən rəğbətlə qarşılanır, maraq doğurur. Onlar çoxdan tanıdıqları, əsərlərini dönə-dönə oxuduqları məşhur sənət adamlarını Nahid Hacızadənin "təqdimatında" elə bil təzədən tanıyır, özləri üçün "kəşf" edirlər.
Adətim üzrə qələm dostumun hər bir xatirəsini oxuyan kimi zəng edib təəssüratımı "isti-isti" onunla bölüşür, "gün o gün olsun ki, sənin xatirələrini kitab şəklində görək" deyirdim, hər dəfə yeri düşəndə söhbəti təzələyirdim.
Və nəhayət, "Yada düşdü" oxuculara üz tutdu. "Bu, mənim üçün bir borc idi - mənəvi borc", - deyə yazıçı vurğuladı. O, həyatı boyu ünsiyyətdə olduğu insanlara - Azərbaycan ədəbiyyatı, incəsənəti və mədəniyyətində böyük xidmətlər göstərən söz və sənət adamlarına, el sənətkarlarına, görkəmli şəxsiyyətlərə öz mənəvi borcunu verdi.
Kitabın redaktoru, təcrübəli jurnalist Dilarə xanım Vəkilova "Yada düşdü"nün son səhifəsində müəllifə müraciətlə yazdı: "Siz müasir oxucuya, xüsusən də gənclərə çox gərək olacaq bu kitabın nəşrini gerçəkləşdirməklə yaddaşlarda yaşayan insanlara, həmçinin özünüzə sözdən bir abidə qoydunuz, təməlində nəciblik, sədaqət, etibar duran bir abidə - İnsanlıq abidəsi!"
"Yada düşdü" cəmiyyətimizdə artıq unudulmaqda olan çox məsələləri yada saldı. Oxucu qıtlığından şitkayətləndiyimiz bir zamanda problemlərimizi ürək ağrı-acısı ilə qələmə alan, maraqla oxunub əks-səda doğuran publisistik yazılar müəllifi İradə xanım Tuncay "Yada düşdü"nü özünün dediyi kimi birnəfəsə oxuyanda "artıq unutmağa başladığımız olub-keçənlər" yadına düşdü. Və keçib gəldiyimiz "həqiqətən mədəniyyətimizin intibah dövrü"nü "maddiyyata başı qarışmış millətimiz"in yadına saldı.
İradə xanım Tuncayın böyük həcmli, dolğun məzmunlu, oxucunun ağlına, ürəyinə işləyən məqaləsi Yazıçılar Birliyinin Natəvan klubunda "Yada düşdü" kitabının təqdimatı mərasimində birmənalı olaraq təqdir edildi.
Xalq şairi Fikrət Qoca, filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev, "Azərbaycan" jurnalının baş redaktoru İntiqam Qasımzadə, tənqidçi Vaqif Yusifli, yazıçı Elçin Hüseynbəyli, şair Oqtay Rza "Yada düşdü"nü Nahid Hacızadənin yaradıcılığında və ümumən ədəbiyyatımızda təqdirəlayiq hadisə kimi dəyərləndirdilər.
Son illərdə dünyada ən çox memuar ədəbiyyatının oxunduğunu diqqətə çatdıran şair Fikrət Sadıq Nahid Hacızadənin "Yada düşdü" kitabı ilə bu janrın Azərbaycan ədəbiyyatında "yüksək mərtəbəyə qalxdığını" vurğuladı.
Səksəni haqlayan qələm dostumuzun həyatı xatirələr xəzinəsidir. O, "Yada düşdü"nün ikinci kitabını yazıb tamamlayıb. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə "Yaddaşımda yaşayanlar" kitabı çapa hazırlanır. Nahid Hacızadənin baş redaktoru olduğu "Azərbaycan Respublikasının Xatirə Kitabı" redaksiyası İkinci Dünya müharibəsində, Əfqanıstanda, 20 Yanvar faciəsində və Qarabağ uğrunda döyüşlərdə həlak olmuş soydaşlarımız haqqında iyirmi cildlik ensiklopediya üzərində işləyir.
***
Nahid Hacızadənin səksəni haqladığını eşidəndə yola saldığımız əsrin 60-cı illərində birlikdə işlədiyimiz unudulmaz çağları xatırladım. O zaman hələ qırışlarla naxışlanmamış alnında qıvrılan gur saçları, qayğılı, fikirli, narahat anlarında belə təbəssümlə işıqlanan çöhrəsi, Gədəbəy bulaqlarının suyu kimi dumduru gözləri xəyalımda canlandı.
Həmin vaxtdan keçən yarım əsrlik yaradıcılıq yolunu qət etmək nə gur qara saçlara, nə qıvrılıb töküldükləri o geniş, açıq alına, nə də dumduru gözlərə nəsib oldu: dağlara qar yağdı, zamanın qasırğaları yamacın köksündə şırımlar açdı, şəffaf bulaqların gözü bulandı. Qəddini əyməyən, incisə də küsməyən, 80-in zirvəsinə sahibi ilə pillə-pillə qalxan bircə şey oldu: İşıq, ürəyin işığı!
Nahid Hacızadənin nə özünü, nə sözünü bunsuz təsəvvür etmək mümkün deyil. Onun hər sözünün öz işığı, öz rəngi, öz çaları var. Mən Nahidi oxuyanda bu rəngləri görürəm. Sözün rənglərindən yaranan təbiət mənzərələri, müxtəlif insan xarakterlərini əks etdirən obrazlar gözlərim önündə canlanır.
Onun sözünün işığı oxucuda xoş ovqat, nikbinlik, inam, qətiyyət yaradır. Nə qədər ki ürək döyünür, bu işıq da yanacaq, ömrün pillələrini nuruna boyayacaq!


Günlü yağışdan sonra...

Rəşid Faxralı

Yaranma tarixi bəlli olmasa da, bayatılarımız min illərdi yaşayır, yaşadır. Milli-xəlqi ruhumuzdan iraq (uzaq) düşməyənlər üçün bayatılarımızın bədii dəyəri zərrəcə azalmayıb (azalmayacaq da!). Yaxşı şeir də, yaxşı şeirlərin kitabı da belədi. Əjdər Olun "Könül vuruşu" kitabı kimi...
Ləçək üstə şeh, yarpaqlara sarılan meh, gözlərimizi çəkən, gözlərimizdən sürüşüb könlümüzə düşən qövsi-qüzeh misallı şeirləri həmişə dan yerinə oxunan dua bilmişəm...
***
Zaman təsdiqləyir ki, misralarında (bəndlərində) poetik işıq olan şeir yaşarı şeirdi...
Poetik işıq, poetik nur görünmür, sezilir, duyulur. Ürəyin, beşiyi ürək olan duyğuların gözü ilə baxmayanlar bu işığı, bu nuru görə bilmir. O işıq, o nur görünür də, oxuyanı düşündürür də. Ədəbiyyatın, bu anlamda poeziyanın missiyasının istiqamətlərindən biri də budur: poeziya düşünə-düşünə sevənlər, sevə-sevə düşünənlər üçündü. Bunu "Könül vuruşu" kitabının poetik qayəsi də təsdiqləyir....
Şeirin poetik dəyəri oxucunun duyğularına sığal çəkən, oxucunu düşündürən, fikirlə hissin, ağılla duyğunun biri digərini hansı səviyyədə tamamlaması ilə ölçülür. Ədəbi tənqidin bu ülgüsünə tam cavab verən hər kitab düşüncələrimin qırışığını açıb...
Mövzu fikir (bədii fikir) inkişafda (dinamik inkişafda) veriləndə, obrazlılıqla fəlsəfilik, konkret fikirlə poetik genişlik vəhdətdə götürüləndə, üslubi məqamlar, ahəngdarlıq şeirin sonunacan (möhürbəndəcən, sonuncu durğu işarəsinəcən) inkişaf etdiriləndə şeir (yaxşı şeir) olur. "Könül vuruşu" belə şeirlərin kitabıdı. Bu kitabda poeziyanın qüdrətini, qüdrətdən rişələnən poetik idrakın poetexnikasını, bədii sözün səmimiliyini duymaq çətin deyil. Sözə nəfəs verən, dil verib dilləndirən poetik duyum, poetik duyum biçimində şair sözü mənə zamanında da qədərsiz könül xoşluğu vermişdi, indi də gecəmi könül xoşluğuyla səhər elədim...
Əjdər Ol sözün nazını çəkə-çəkə sözə ömür verən şairdi. Nədən yazırsa-yazsın, yazdıqları düşüncələrinin söz görüntüsüdü və bu görüntülərin mahiyyəti xalqa, zaman anlamında xalqın dünəninə, dünənindən sabahlarına aparan yoldu. Həm də işıqlı yoldu. Bu yol "özü öz başına sığal çəkənlərin" adından yazan Əjdər Olun öz yoludu - söz yoludu...
"Könül vuruşu" şeirində irfanilik məqamı da seziləndi. Yunus Əmrəmiz "Bir mən də var məndə məndən içəri" deyirdi. O "ikinci mən" sözü yaşantılarına üzərrik eləyənlərin, dünyaya sözün işığından baxanların, nərgiz ləçəyində şehi də, yarpaq titrədən mehi də, bulaqların axışını da, göy üzünün ağ yağışını da, şimşəyin çaxışını da şeirləşdirmək istəyənlərin, bunu bacaranların əzəli könül həmdəmidi. Bəzən bu mizan pozulur. Dünya pozur bu mizanı. Onda şair dünyanın axarını düz yola yönləndirmək üçün son çarə kimi könülüylə vuruşur (şair ürəyinin qüdrətinə tapınmaqla):
Dönük zəmanəylə öz aramdakı
Könül vuruşudur, könül vuruşu -
misralarının
İnsanlar, mən sizin aranızdayam,
Günəşli qiyamət gününə kimi -
misralarıyla tamamlanması bəşəri ümumiləşdirmə kimi qəbul edilməlidir.
Əjdər Olun (şeirdə şair obrazının) sözünün (və deməli özünün!) fəzilətlərini görən dünyanın sözdən (şeirdən) yaşındığını, daldalandığını, əslində, gizləndiyini duymaq şairin bədii təfəkkürünün səviyyəsini müəyyənləşdirir. Bəlkə sözün işığı "arşını əyilmiş dünyanın" gözünü qamaşdırır, ona görə gizlənir? Suçunu dərk elədiyinə görə gizlənir bəlkə? Həm də harda gizlənir? -
Gah çiçək arxasında,
Gah məslək arxasında,
Gah böcək arxasında
Dünya məndən gizlənir.
("Gizlənən")
Mahiyyəti etibarilə bəşər də təbiətə bənzəyir. Onun da yaşamının yazı, payızı, qışı var. Bu məlum bilgini gözəlim poeziya da (digər şairlər kimi Əjdər Olun da yaradıcılığında da) təsdiqləyir
"Qış vaxtından qalan buludu" tanıyan, "Günün yazın tərəfinə keçdiyini" ("Yaz") hiss eləyən, təbiətin bir gününün görüntüsünə
Qış vaxtından qalan bulud
Keçdi yazın tərəfinə.
Soyuqlayan qoca palıd
Keçdi yazın tərəfinə -
biçimli söz ömrü verən Əjdər Ol folklorumuza kifayət qədər yaxşı bələd olan şairdi. Duyumlu oxucu onun el kəlamlarına gətirdiyi yeni ifadə çalarlarını tütyə kimi gözlərinə sürtməyə həvəsiyir: "İslanmışın yağışdan nə qorxusu", "kürkünə birə düşdü", "dərdi sonulamaq", "kişi qırığı", "saş yelən salır", "qurdla qiyamətə qalmaq" və s...
Yaşınmaq, gizlənmək ifadələri var. Bu ifadələrin "yaşıdım" formatında (formasında) təqdim edilməsi, zənnimcə, poetexniki uğur hesab edilməlidi (eyni fikir şeirin adı haqqında da deyilməlidi: "Ovcum güldanımdı"):
Bir qucaq çiçəyi
...ağrıma basıb
Yaşıdım özümü, örtdüm özümü.
"Kişi qırığı"el ifadəsidi. Yeniyetmənin ərənlik çağının çatdığına işarədi. Poeziyamızın (ümumən bəşəri poeziyanın) Füzulisinin şeiriyyət işığının zərrəsi olmaq xoşbəxtliyi hər şairə nəsib olmur. Özünün iç dünyasında (şeirlərinin mahiyyətində, poetikasında) belə bir zərrəni hiss eləyənlər, təbii ki, poeziyada özünü "Füzuli qırığı", "Füzuli işığının zərrəsi" hesab etməyə haqlıdır.
Füzuli "Xudaya, bəlayi-eşq ilə qıl aşina məni" deyirdi. Zaman-zaman ədəbi material kimi sevgidən (sevdadan, məhəbbətdən, eşqdən) Füzulinin şeir-duasının kölgəliyində minlərlə müxtəlif ovqatlı sevgi şeirləri yazılıb. Yazılacaq da. Neçə-neçə beytlər sırasında Əjdər Olun
Eh, məni nə qədər incitsələr də,
"Sevgi cəzasıdır", - deyib dözərəm,
beytini də,
Başdan eləyirəm, başdan əkirəm,
Kim doğan səhərə şükür eləmir.
Əzabı mən elə gözəl çəkirəm,
Bir kimsə dərdimdən fikir eləmir -
("Mən")
bəndini də sevginin (sevdanın, məhəbbətin, eşqin) fəlsəfi dərkinə özünəməxsusluğuyla səciyyəvi olan açar bilirəm. Füzulimizin zərrəsi olmaq budur...
"Günəşin sarısının, Ayın yarısının ağacların yarpaqlarında gizləndiyini" müşahidə eləyən ("Sapsarı"), "gecə küləyindən ruhu üşüyən" ("Yağış yağasıdır, durna köçəsi") şairin "Ağırlıq" şeirində cavabı oxuyanın dünya duyumundan boy göstərən sualın fəlsəfi mahiyyəti düşündürücüdür:
Ayın ağırlığı göyəmi düşür,
Yoxsa yuyunduğu dənizə, çaya?!
Və bu ovqat içində
Sözündən qan damar yanaqlarımın,
Utana-utana çıxıb gedərəm.
Bir kimsə ovutmaz, oxşamaz məni,
Gözümü qəlbimə sıxıb gedərəm -
("Utana-utana")
misralarının cazibəsinə düşürsən. "Gözünü ovcuna sıxmaq" ifadəsi məlum. Səmimiliyi duyulan, doğmalığı cana-qana hopan "gözünü qəlbinə sıxmaq" ifadəsinin təravətini necə etiraf etməyəsən?!..
Əzabı (şeirlərin mətləbi deyir ki, bu əzab Füzulimizin şeirləşdirdiyi əzabdı, ilahi qüdrətiylə duyumluların yaşamının göyqurşağı olan əzabdı) özünə, özünü əzaba yaraşdırmaq (həm də etiraf etmək) şairin sözə sayğısıdı, şübhəsiz. Etiraf o qədər səmimidir ki, poetik biçimli bu qətiyyəti özününkü bilirsən:
Əzabdan niyə qorxuram
Qorxum yoxdursa ölümdən.
("Nə xoş oldum")
Bu qətiyyət, bu iradə, bu dözüm "Qar üstündən qar ələndi" şeirində sezilməsi çətin olmayan bir ürkəcək gileyi belə əritməyə, kül eləməyə qadirdir. Gileyin ünvanı məlum olmasa da (açıqlanmasa da) duyulandı: Dünya. Dünya şairi niyə sıxılcımlara salır? İşləklərinə göz yummadığına (yuma bilmədiyinə) görəmi? Buna oxucunun düşüncələri cavablamalıdı. Məlum bir həqiqətdir ki, mətləb üçün hazır düstur olan şeirin poetikası solğunlaşır və bu solğunluq gec-tez dünyanın bət-bənizinə hopur. Buna baxmayaraq, Dünya (Əjdər Olun təqdimatında dönük zəmanə):
Papağıyla qar daşıtdı
Əjdər Ol kimi üzgünə.
Üzgün (yorğun) yolçu (SÖZ yolunun yolçusu) yenə inamlıdı, ümidlidi. Bu inam da, ümid də sabahlara görədi; "Hər qaranlıq gecənin aydın səhərinə" şeirin işığından baxan, "həmişə Əjdər olan, Əjdər olduğunu unutmayan" (Rafail Hüseynov) Əjdər Ol səmimiliklə, doğmalıqla deyir ki:
Gecəmiz xeyrə qalsın,
Gecəmiz şeirə qalsın.
Xeyir-şeir kəlmələri təkcə gözçəkən qafiyə deyil, həm də mətləb yaxınlığının (eyniliyinin) poetikasıdır. Şeirin xeyir panteonunun (Zərdüşt fəlsəfəsi) tərkib hissəsi olduğunun xatırladılmasıdır. Şeirin xeyir (xeyirli) fikir olduğunu etiraf edənlərə sayğıdır, inkar edənlərə etirazdır. Misraların bətnindən boy göstərən, az qala yaşam düsturu kimi qəbul edilməli olan şair sözü - mətləb deyir ki, "şair sözü yalan deyil". "Qəmli şəkil kimi yadda qalmaq istəməyən" ("Utandım"), "hər tıqqıltıdan başlayan ümidə görə" ("Gözləyə-gözləyə")
Birtəhər günümü axşam eyləyib,
Yoxsa payız mənə ömür düzəldir -
deyən, payız atributunun poetik mahiyyətini Əjdər Ol kimi yozan (və təqdim edən),
Üşüdür ruhumu gecə küləyi,
İndi külək - xəzan, yarpaq - xəzəldir, -
sıxıntısını ürəyinə yük eləyən, bu yükün poetikasına tapınan şairin sıxıntılarının bir ünvanı var: Torpaq. İşğal olunmuş torpaqlarımız. "Qana-qan" (qana görə qan almaq) fəlsəfəsi mahiyyəti etibarilə milli-xəlqi heysiyyətə söykənir; Əjdər Ol "Saçına özü sığal çəkənlərin" adından məğlubiyyətlərə görə qisas alınmalı olduğunu xatırladır:

Qılınc deyil dönüb girə qına qan.
"Qan" şeirinin mahiyyəti, bədii-fəlsəfi yükü deyir ki, bu qisas, qana görə qan torpaqlarımızın işğaldan azad edilməsi olacaq. Elə bu mətləb də şairin poeziyasının bəşəriliyinin atributudur.
Şeir şairlə oxucunun könül söhbətidi. Əjdər Olun şeirlərini oxuduqca belə könül söhbətinin səmimiliyinə heyrətlənirsən, Əjdar Olun poetik dünyasında yad küləklər əsmədiyinə əmin olursan. Söz dünyasının (öz dünyasının!) işığını şeir-şeir, bənd-bənd, misra-misra "qılıncı qınsız, qolu qüvvətli" (Şair Nəbi)dünyanın (Əjdər Olun təqdimində dönük zəmanənin), Həllac Mənsurun, Nəsiminin, Hadinin, Hüseyn Cavidin, Müşviqin, Səməd Behrənginin, torlaşmış gözlərinə çiləyir. Bu cəhdin ovsanata keçib-keçməyəcəyinin fərqinə varmadan...
***
Uşaqlığımda, yeniyetməliyimdə günlü yağışın (Əjdər Olun təqdimatında "Günəşli yağış": "Bir yandan günəş çıxıb, Bir yandan yağış yağır") "yelinə uçurduq". Günlü yağışdan daldalanmırlar, ona ovuc açırlar. günlü yağışdan sonra göylər də, yer də göz doydurur, könül xoşluğu olur. Hər yaxşı şeirlər kitabı mahiyyəti etibarilə günlü yağış misallıdı: nəşrindən sonra könül xoşluğuyla anılır...
Günlü yağışdan sonra yazılacaq şeirlərin təşnəsiyik. Bu gözəllikdən şeirlər yazacaq şairlərin sırasında "Könül vuruşu" kitabının müəllifini də görəcəyik. Mütləq görəcəyik...
 

TƏQVİM / ARXİV