adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

İKİ YUXUDA BİR ÖMÜR

VƏSİLƏ USUBOVA
24788 | 2014-10-04 01:34
"Qoy gənclər dünyanı xəyal etdikləri kimi görsünlər, böyüyəndə onsuz da necə olduğunu görəcəklər"...
Bu sözlərin canına hopan həqiqət o qədər sərt və amansızdı ki, belə sərrast deyimə görə adamın müəllifə hətta acığı da tutur. Axı, bəzən öz səhvlərimizi, yanlışlarımızı bilmək də bizi üzür, əsəblərimizi tarıma çəkir. Onları nə yada salmaq, nə də etiraf eləmək istəmirik. Elə öz xətrimizə - puç olmuş xəyallarımızın, kama yetməyən istəklərimizin xətrinə. Nə mənası var olub keçənləri qurdalamağın?! Nəyi dəyişəcəksən? Bir halda ki, yaşanmışları geri döndərmək, təkrarlamaq mümkün deyil, qoy üstünü toz bassın, yaddaşlardan, xatirələrdən silinsin...
Külü üfürməknən odu təzədən alışdırmaq olmur, olsa-olsa göz yaşardır...
Görünür, müdrik insanlar bunu etiraf etməkdən qorxmur, zamanında qiymətini verib, nəsilləri düşündürəcək, ağıllandıra biləcək fikirlərini dilə gətirirlər. Yəqin elə Volterin özü də bu hissləri yaşayıb və ürək ağrılarını bir cümləyə yığmağa özündə güc tapıb...

***
Adamın bütün həyatı göz önündən keçir. Keşkə, böyüməsəydim, yaşlanmasaydım, deyirsən. Bilə-bilə ki, bu mümkün olan iş deyil - qoca Kainat bütün sirlərini özündə saxlayır, insanların ən şiddətli, yanğılı istəkləri belə vecinə deyil - yenə də xəyallarını oxşayacaq yalanları düşünməyindən qalmırsan...
Biz uşaq olanda dünya necə gözəl idi. Gözlərimizi, qulaqlarımızı yağır edən bu sözləri işlətməkdən ona görə qorxmuram ki, gözəlliyi hər kəs bildiyi, duyduğu kimi anlayır. Dünyamı gözəl idi, yoxsa biz hər şeyi gözəl görürdük?! Yox, gözəllik nə dünyada idi, nə də bizim gözlərimiz onu belə görürdü...
Hər şeyi maraqlı, əyləncəli edən, bizi heyrətə salan, mat, heyran qoyan qəlbimizin, ruhumuzun saflığı, ağlımızın bəsitliyi imiş...
Ağın altında qaranın, istinin içində soyuğun, düzün astarında yalanın gizləndiyindən xəbərsizliyimiz imiş...
Sən demə, Günəşin, Ayın qabağına pərdə çəkmək, işığı boğmaq, qızılı çirkabda itirmək, gözəlliyi iyrəncliyin ayaqlarına atmaq, natəmizi müqəddəsləşdirmək, şeytanı mələk yerinə sırımaq mümkün imiş...
Niyə qalmadıq avamlığın, saflığın içində?! Böyüyüb də bunları görmək, anlamaq çoxmu gərəyimiz idi?!.

***
Nəvələrimin tez böyüməsini istəyirəm. Daha demirəm ki, onları pak və nurlu bir dünyanın qoynundan ayırmaq arzumla pislik etmiş oluram. Bəlkə mən özüm də onlardan ötrü nağıldan başqa bir şey deyiləm. Lap nağıllardakı kimi bütün istəklərini yerinə yetirirəm. Deməli, aldadıram onları. Böyüyəndə ətrafdakıların hamısından bunu gözləyəcəklər. Bunun əksini görəndə... nələr olacağını təsəvvür etməyə belə qorxuram... Necə ki, mən öz babamı, nənələrimi, həm ata, həm ana tərəfdən yaxınlarımı belə tanımışdım. Onlar mehriban, gülərüz, diqqətcil idilər. Heç nəyə baxmadan xoş baxışlarını, təbəssümlərini əsirgəmirdilər. Məni sevmələri, əzizləmələri çox xoşuma gəlirdi...
Bir gün anladım ki, onların da hər biri uşaq olublar, bu şirin duyğuları yaşayıblar. İndi artıq öz dünyalarından ayrılıblar - yaşadıqları ağrı-acılar çox şeyin üstünə kölgə salıb. Sən demə, o xoş üzlərin, sevgi dolu baxışların altında qatı açılmamış dərdlər, həsrətlər gizlənirmiş. Elə bil hamısının baxışlarında bu sözlər yazılmışdı: biz görənləri siz görməyin barı...
İndi mən də qorxuram. Ondan qorxuram ki, insanlar yaşa dolduca dəyişirlər. Saf, səmimi duyğulardan uzaqlaşırlar. Yaş üstünə yaş gəldikcə arınmaq, durulmaq əvəzinə qaralırlar, kirlənirlər. Və bunları gördükcə uşaqlar da uşaqlıq dünyasından vaxtından əvvəl qopub ayrılırlar...
İçində uşaq dünyası gəzdirən tək-tükləri rişxənd hədəfinə çevirirlər. Bununla da uşaqların bəmbəyaz dünyalarına qaranlıq çökdürürlər...
Yer üzünün neçə-neçə məkanında böyüklərin məkrli siyasəti, acgözlüyü, harınlığı ucbatından uşaqlar öz dünyalarını yaşamamış ondan ayrılırlar...
Onları qoynuna alacaq, bütün pisliklərdən xəbərsiz bir dünyanı hardan tapaq?!.
Uşaqlar tez böyümək istəyirlər. Böyüdükcə dünyanın necə olduğunu görəcəklərini bilsələr, bunu istərlərmi, görəsən?!.

***
Hələ gənclik illəri... İlahi, kim deyir ki, insanın qanadları yoxdu... Bütün Kainatı dolaşmağa gücü yetəcək möhkəm qanadları olur insanın gəncliyində. Uşaqlıqda yuxularda uçardıq. Səhər ayılıb böyüklərə danışanda köks ötürüb deyərdilər: "Hələ günahlarınız yoxdu, ona görə uçursuz. Uşaqlıqda biz də uçardıq. Görüm, indi də uçarıqmı?!"
İnsanın bütün əlçatmaz arzuları yuxularda çin olur. Ala bilmədiyini alır, görə bilmədiklərini görür, sevdiyinə qovuşur... Ayağını itirənlər yeriyir, səsi batanlar oxuyur, dustaqlar azadlıqda gəzir...
Yuxular çox zaman gerçəkliyə əks olur. Yuxular ruhumuzun dünyasıdı. Orada hər şey olduğu kimidi - pak, təmiz, öz rəngində...
Bəs, gerçəkliyi də bu şəklə sala bilmərikmi?! Cismimizin dünyası da ruhumuzunku kimi ola bilməzmi?! Belə olmağa bizə kimlər, nələr mane olur?!
Bəlkə elə cismimizin yaşadığı dünya da bir yuxudu?!
Hə... uşaqlıqda hamı uçur. Amma mən elə dünya istəyirəm ki, orada adamlar ömürlərinin sonuna kimi uça bilsinlər. Təkcə yuxularda yox, oyaqlıqda da...
Bundan ötrü adama qanadlar lazım deyil...
Bundan ötrü adama bizim çoxdan unutduğumuz şeylər lazımdı...

P.S. Uzun illərdi mən də yuxuda uçmuram. Ancaq yuxuda ağlamaq vərdişim hələ qalır...
Niyə kədərin ömrü bu qədər uzundu?!.

  • May:
  • 3

TƏQVİM / ARXİV