ZƏFƏR TƏNTƏNƏLİ GÖZƏL NOYABR GÜNLƏRİ…
(Göyçayda keçirilən 15-ci “Nar festivalı”ndan reportaj)
Səhərin gözü yenicə açılıb. Bu gün Göyçay şəhəri bayram libasında, əsl bayram əhval-ruhiyyəsindədir. Baxmayaraq, hava tutqun və bozumtul, qarşı dağlar “bulud qoşunları” ilə yağmura da hazırdır. Noyabrdır axı. Bunun “qızıl payızı” da var, min bir dona girməyi də var. Doğma, gözəl Göyçayımda keçirilən bu dəfəki Nar festivalının sevincinə, əzəmətinə, qüruruna daha heç nəyin dəxli yoxdur. Bu, 15-ci festivaldır. Əvvəllər də beləcə doğma idi, gözəl idi. Ancaq insanların qəlbində, ruhunda istər-istəməz bir qədər nisgil də yaşanırdı. Bu nisgilə də son qoyuldu. Müzəffər Ali Baş Komandanımız, Azərbaycanın igid oğulları... Və Əfsanəvi Dəmir Yumruqla 44 gün+23 saatın son sərbəsi və təntənəsi!
...O gün ki, əziz Şuşamız müasir döyüş ənənələri ilə deyil, qədim hunlar, yeniçərlər, spartalılar kimi sanki əlbəyaxa ölüm-qalımla azad edildi, o gün ki, Ali Baş Komandanımız, Prezidentimiz Xankəndində Azərbaycan Bayrağını sevgili vətənin başı üzərinə qaldırdı... Daha həyatımızın da, günlərimizin də, sevinclərimiz də, bayramlarımızın da ruhu, yaşamı layiq olduğu yüksəkliyə ucaldı. İndi əziz Qarabağımız yeni bir Planet kimi, əsl Günəş kimi bütün Azərbaycanımızı isidir, işıqlandırır... Sevdalandırır həm də!
...Və bu səhər də bir başqa səhərdir gerçəkdən. Mən bu səhəri doğma Göyçayda qarşılayıram. Noyabrın 11-dir, ilıq, gözəl bir payız səhəridir. Yəqin Tanrı öz möcüzə meyvəsinə, meyvələr şahına hədiyyə edib bu xumar səhəri, gözəl səhəri.
Haralara getmişdin, ay Günəş?
... Adını min illərin uzaqlığından yol gələn o göy sulu çaydan alıb bu yerlərə işıq salan şəhərim! Qarşı dağlardan mavi bir xəyal kimi görünüb də büsatına sığal çəkən bu nəğməkar çay doğmaca anandır sənin şəhərim, alıb qoynuna...
Sabahin xeyir, gözəl şəhərim, şirin şəhərim, gün aydın olsun! Sənə sözüm var, sevgili Göyçayım! Bax, sən bu çayın, mən də sənin oğlunam axı. Ağlım kəsəndən sənin aşiqin olmuşam, səni dəlicəsinə sevmişəm, anam Göyçayım. Qəlbimin döyüntüsünü eşidirsənmi, doğma şəhər?.. Sənin bu bayram büsatını görüncə ürəyim atlanır, uşaq kimi sevinirəm. Göylərə ucalan xan çinarların, qız kimi nazlanan telli qovaqların, izdihamlı küçə və meydanların, park və bağların, yaraşığın, əzəmətin və zəhmətkeş, fədakar, vətənpərvər sakinlərin... bir gözəl bayramın eşqinə tutulub. Bütün bunlar sənə necə də yaraşır, ümidlərimin şəhəri!
Bu bir bayramdır, dünyada yalnız Azərbaycana, vətənin bir parçası olan Göyçaya bəxş edilmiş bayram... Dünyada tayı-bərabəri olmayan Göyçay narının, meyvələr şahının şərəfinə düzənlənən el şənliyidir bu.
Düz 15-ci dəfədir ki, bu bayram, bu Nar festivalı beləcə Göyçayın sevincinə sevinc qatır, onu daha böyük zirvələrə səsləyir.
Bu il bir az fərqlidir; daha mükəmməl, daha füsünkardır Göyçayın Nar bayramı. Səbəbsiz deyil. Birincisi Qarabağ təntənəsi və sevinci! Həm də son vaxtlar Göyçay rayonunda tikinti-quruculuq və abadlıq işləri, eləcə də müasirləşmə tədbirləri intensiv xarakter almaqla sanki bir yaradıcılıq nümunəsinə çevrilməkdədir. Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayevin rayona rəhbərlik etdiyi ötən vaxt ərzində bir çox məsələlərin həlli ilə yanaşı, kəndlərdə abadlıq və quruculuq işlərinin sürətlənməsi, şəhərin küçə və meydanlarının daha müasir formaya uyğunlaşdırılması, Heydər Əliyev prospektindəki yeniliklər, yeni park və bağlarda ilkin işlərdən sonrakı davam edən tədbirlər, eləcə camaatla müntəzəm görüşlər, rayonun inkişafı üçün məsləhətləşmələr, şəhər stadionunun və Əli Kərim parkının perspektivləri diqqət çəkməkdə, sakinləri gələcəyə daha böyük ümidlərlə baxmağa sövq etməkdədir.
Bax, bu dəfəki Nar bayramının da stadionda mərkəzləşməsi ssenari və quruluşda müəyyən yeniliklər edilməsini zəruriləşdirdi, bir çox məqamların daha effektli görüntüsü üçün ahəngdar aura yaratdı. Beləcə bu şirin bayrama qovuşub (“şirin” sözü burada həm də birbaşa məna daşıyır: Göyçay narı, şirəsi və şərabı şirin dadır, qonaqlara təklif olunan nardança, narlı şirniyyatlar, qutablar, digər məmulatlar...), bu gözəl anların sevincini yaşayıb vaxtın necə ötüb keçdiyini hiss etməzsən. Ancaq sən istədin-istəmədin vaxt da dayanmır, onda qala maraqlı anlar bir-birini əvəz edə. Təkcə xatirələrdən başqa... Bəlkə də bəşəriyyətin kino, televiziya, internet ixtirası elə insan təfəkkürünün bu nöqtəsindən başlayıb. Çünki mən indi heç bir sənədli filmə, digər görüntülərə baxmadan, təkrar-təkrar seyr etmədən rahatca xəyallarımla ötən illərə qayıda bilərəm.
Ancaq gəlin, yenidən bu günkü bayramımızı yaşayaq, bu günkü sevinclərə qoşulaq. Gəlin... Axı bütün bunlar ölkədə aparılan quruculuq işlərinin, sosial-iqtisadi inkişafın sevincini, qürurunu paylaşır. Əsl zəhmət, birlik, yüksəliş bayramı kimi yaddaşlara köçür. Ulu öndər Heydər Əliyevin Azərbaycanımızın xoş gələcəyi üçün düşündükləri, arzuladıqları bu gün ölkə boyu reallaşırsa bayramların da dəyəri və qüruru artır, simvolik xarakter daşımır, daha firavan günləri nişan verir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətin nəticəsidir ki, ölkəmizin inkişafı, yüksəlişi fonunda sevinc dolu belə bayramları yaşayır və iftixar hissi keçiririk.
Budur, yüzlərlə qonaq, minlərlə rayon sakini, iştirakçı, tamaşaçı... Nar festivalı meyvələr şahını Göyçayın simvolik anlamından da yüksəkliyə qaldırır, şöhrətləndirir. Nar bu yurd üçün sanki özünəməxsus ruhundan da ayrılıb daha geniş, daha əzəmətli məna daşıyır.
... Şəhər əhalisi, rayonun yaxın-uzaq kəndlərindən gələn dəstə-dəstə sakinlər Göyçayı bütün dünyada məşhurlaşdıran bu möcüzə meyvənin şəninə, şöhrətinə üz tutublar. Şəhərin giriş qapısından stadiona kimi bütün küçə və meydanlar nəhəng izdihamı xatırladır. Sakinlər respublikamızın şəhər və rayonlarından gələn nümayəndələri, ayrı-ayrı məsul şəxsləri, nazirlik və komitələrin yüksək vəzifəli təmsilçilərini, Milli Məclis üzvlərini, mədəniyyət və incəsənət xadimlərini, mətbuat nümayəndələrini və digər dəvətliləri qonaqpərvərliklə qarşılayırlar. Stadionun giriş qapısında məktəblilər qonaqları salamlayırlar. Qonaqlara məcməilərdə nar şirəsi paylanır, şeirlər söylənir, nəğmələr oxunur. Bütün bunlar hər tərəfdən lentə alınır. Foto-muxbirlər də öz işlərində...
Tribunaların yaxınlığındakı geniş meydanda Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev qonaqları, bütün bayram iştirakçılarını salamlayır. O, çıxışında rayonun sosial-iqtisadi və mədəni yüksəlişinə xüsusi qayğı və diqqət göstərən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına göyçaylıların hədsiz minnətdar olduğunu bildirir. Natiq Ağayev 4 illik fasilədən sonra keçirilən 15-ci Nar festivalının əlamətdar ilə, Heydər Əliyev ilinə təsadüf etdiyini və ilk dəfədir ki, Azərbaycan xalqının tarixi qələbəsindən, böyük Zəfərindən sonra qalib və vahid Azərbaycanda keçirildiyini qeyd edir.
... Stadionun tribunaları, stadionun ətraf meydanları bayram iştirakçılarının çoxluğundan və sevincindən aşıb-daşır. Musiqi kollektivlərinin, rəqs qruplarının çıxışları bir-birini əvəz edir. Nar masalarına, digər guşələrə tamaşaçı marağı həmişəki kimi böyükdür.
Nar festivalı davam edir. Eyni vaxtda proqrama uyğun tədbirlər sinxron şəkildə tamaşaçıların bayram əhval-ruhiyyəsini daha da yüksəldir.
Futbol meydanının kənarı boyunca 500 metrlik məsafədə sıralanmış sərgilərin qarşısı daha izdihamlıdır. Burada kəndlərin, müxtəlif idarə və müəssisələrin nar meyvəsi ilə bağlı sanki yaradıcılıq yarışı keçirilir. Bir-birindən gözəl və maraqlı eksponatlar. İcra başçısı Natiq Ağayev əsl ev sahibi, qonaqpərvərlik nümunəsi göstərir. O, paytaxtdan, respublikanın digər şəhər və rayonlarından gələnləri dəstə-dəstə həmin sərgilərə dəvət edir. Buradakı təamlardan dadmağı, lap elə istəkcə yeməyi məsləhət bilir. Bayram bayramdır, ancaq ev yiyəsi missiyasını da başçı çox sadə və həssas bir yanaşma ilə davam etdirir, hamıda sərbəstlik, mehribanlıq əhval-ruhiyyəsi yaradır.
Baxırsan ki, hər tərəf al-əlvandır. Təmtəraq və zövq bütün iştirakçıların ürəyincədir. Bayramın bütün atributları həm ənənələrə, həm də müasirliyə yönəlik düzəndədir. Stadion və ətrafı, şəhərdəki qələbəlik şahanədir. Eyni zamanda musiqi sədaları, təmkinli iştirakçılıq, birgə sevinc paylaşımı... Daha bayram necə olmalıdır ki?! Onda qala başındakı tacı bərq vuran şəhzadənin bayramı!
Nar haqqında əfsanəvi bir məlumatı da xatırlayaq bu bayram günündə. Yunan mifologiyasında nar allahların ən sevimli təamı idi. Bu da çoxlarını narın ölümsüzlüyə apardığına inandırırdı. Əkinçilik ilahəsi olan Persofona isə narın dənələrini Aid (Hades və ya Pluton – qədim yunan mifologiyasında yeraltı dünya və axirət allahı. Kronsun və Reyanın oğlu, Zevsin, Demetranın qardaşı) şəklində göstərmişdi. Qiymətli daş-qaşa bənzəyən bu alqırmızı meyvəni daddıqdan sonra Persofona onu götürür və bununla da özünü bir müddət Aidin yeraltı səltənətində qalmağa məhkum edir. Qədim yunanlar ilk nar ağacını Kipr adasında sevgi ilahəsi Afroditanın yetişdirdiyinə inanırdılar.
Nar festivalında diqqət çəkən təsirli və qürurverici məqamlardan biri də 44 günlük Vətən müharibəsinin əlili Əfsun Salahov və Jalə Salahovanın nikah mərasimi idi. Rayon Qeydiyyat şöbəsi tərəfindən rəsmiləşdirilən nikah mərasimindən sonra festival iştirakçıları yeni ailə quran gəncləri təbrik edib onlarla bərabər rəqsə qoşulurlar.
Festivalda bir çox yarışlarla bərabər ən iri nar meyvəsinin də müəyyənləşməsi maraq doğurur: 1 kq 800 qram!
Nar festivalının birinci günü bayram konsertindən sonra qəlblərdə sevinc və qürur doğuran rəngarəng atəşfəşanlıqla sona çatır. Festivalın ikinci günündə isə qonaqlar şəhərdə və yarmarkalarda gözəl anlar yaşayırlar...
Qoy əbədi Zəfər qürurunu yaşayan Azərbaycanımızın hər bir guşəsi həmişə belə gözəl bayramların, günlərin şahidi olsun, insanların sevinci vətən sevgisi ilə aşıb-daşsın...
Məzahir Əhmədoğlu