adalet.az header logo
  • Bakı -°C
11 Avqust 2026 10:29
59
ƏDƏBİYYAT
A- A+

ZADƏNİN ARZUSU VƏ AZƏRBAYCAN ALİMLƏRİNİN TÖHFƏSİ

Rəfail Tağızadə

 şair-publisist


Tarixdə İLKlər qalır.

İmzalar içində imzası olan İLKlər.

İlk sözdür, yenilikdir insan düşüncəsində iz salan.

Fərqlilikdir unudulmayan.

“Bütün zamanların dahisi” Lütfi Zadə banisi olduğu “Qeyri-səlis məntiq” nəzəriyyəsi ilə elmdə inqilab etdi. Dünyanın inkişafını dəyişən bu nəzəriyyə indiyədək qəbul olunmuş elmi dünyagörüşün əksinə olaraq təbiət və cəmiyyətdə baş verən mürəkkəb prosesləri Aristotelin binar məntiqinə əsaslanan klassik riyaziyyat çərçivəsində öyrənməyin mümkünsüzlüyünü təsdiqlədi və qeyri-səlis məntiqə əsaslanan yanaşmanın təbii istifadəsini daha ifadəli dil, təfəkkür və hasablama üçün böyük imkanlar yaradacağını göstərə bildi.

Bu elmdə yeni bir dönüşün başlanğıcı oldu. Bununla texnika və texnologiya yeni mərhələyə qədəm qoydu.

Təbii dilin imkanları müasir texnologiyalar vasitəsilə daha da genişləndirildi.

Qeyri-səlis məntiq təbii dilin xüsusiyyəti olan qeyri-müəyyənliyi, natamam məlumatları və məhdudiyyətləri nəzərə ala bilən güclü bir vasitə olmaqla yanaşı, həm də onun tətbiq sahələrindən, bəlkə də, ən mühümü nağıllardan, hekayələrdən, rəvayyətlərdən, bədii əsərlərdən fikir, nəticə çıxarmaqdır.

Qeyri-səlis məntiq sözlə ifadə olunan tolerantlıq məntiqidir. Bu birmənalı olmayan, qeyri-müəyyən sözləri, ifadələri daha yaxşı başa düşməyə imkan verir, real həyatımızda çox məsələləri daha səmərəli, tez və effektiv həll etməyə şərait yaradır.

İdeya generatoru olan Zadənin nəzəriyyəsindən bəhrələnən onun həmvətənləri – azərbaycanlı alimlər – Zadənin davamçısı, dünya elminə nəzəriyyələr verən Rafiq Əliyev və Kamal Abdulla – qeyri-səlis məntiqi folklorda, ədəbiyyatda tətbiq etməklə Zadənin arzusunu həyata keçirdilər.

Demək ki, genetik köklər özünü göstərdi. Məhz ona görə də güclü və dərin şəkildə əsaslandırmaq bacarığı olan həmvətənləri tərəfindən Zadənin ideyalarını bu qədər dəqiqliklə fundamental şəkildə reallaşdırmaq mümkün oldu. Bu daha dərindən hiss etməkdən, duymaqdan, anlamaqdan irəli gəlir. Yoxsa, bir-birlərini bu qədər başa düşməkdə təsadüf ola bilməzdi.

Qeyri-səlis məntiqin bütün sahələrə tətbiq olunmasına baxmayaraq onu sosial sahələr üçün yaratdığını bildirən Lütfi Zadənin arzularına qol-qanad verən, onun tətbiqini reallaşdıran Kamal Abdulla və Rafiq Əliyev 2022-ci ildə “Kitabi-Dədə Qorqud və qeyri-səlis məntiq” kitabını yazaraq ilkə imza atdılar.

İlk dəfə olaraq onlar qeyri-səlis məntiqin türk dünyasının qədim dil-mədəniyyət abidəsi olan “Kitabi-Dədə Qorqud” dastanına tətbiqini həyata keçirdilər.

“Kitabi-Dədə Qorqud və qeyri-səlis məntiq” kitabımüəlliflərin dərin fəlsəfi düşüncələri və qeyri-səlis məntiqə söykənən yaradıcılıqları sayəsində meydana gəlmiş mükəmməl bir kitabdır.

Müəlliflər bununla bəşəriyyətə qədim əcdadlarımızın təfəkkür dərinliyindəki humanist və demokratik baxışı göstərə bildilər.

Kitab Azərbaycanda üç dəfə çap edildi.