adalet.az header logo
  • Bakı -°C
10 Avqust 2026 15:40
91
ƏDƏBİYYAT
A- A+

İnsan – bir məzar daşıdır... - Zeynəb Əliqızı yazır

(esse)

(Dənizi seyr edərkən...)

Həyat dənizinin dalğaları sahili sevmirmiş. Xışıldayan, köpüklənən, azalıb-artan dalğalar hər dəfə sahilə çarpanda ondan nəsə ən yaxşını qoparıb özünə qatmağa, özüylə aparmağa çalışır. İçindəki bədbinliyi, “qara”nı, çirki isə özündən elə bu dalğalarla uzaqlaşdırıb sahilə tullayır. Bu böyük nəhrin içində çalxalanan, köpüklü suların üstündə atlanıb-düşən hər şey isə sanki canını o dalğaların şiddətindən qurtarmağa çalışır.

Dənizə baxırsan... Durub-durub özünü birdən o dalğaların qoynuna atmağın keçir ürəyindən. Amma... Bu “amma” səni saxlayır. Düşünürsən ki, o boyda nəhrin içində sən bir damla da deyilsən ki, o sulara qarışasan – olsa-olsa, içindəki həşəratların və ya yad cisimlərin biri ola bilərsən ki, dəniz titrəyə-titrəyə, coşub daşaraq səni sahilə çırpmağa cəhd edər. Amma hansı sahilə? Durduğun sahiləmi? Birdən dənizin “kefinə” düşər ki, səni bu sahilə deyil, tam bir özgə sahilə aparıb tullamaq istəsin. O sahil də ki... dənizə yaxın olsa da, sənə xeyli uzaqdır, əlçatmaz, ünyetməz yad bir məkandır sənin üçün və sən oraları heç görməmisən, tanımırsan...

...Sənin ətrafındakı yaxınların, doğmaların da elə o dənizkimi “düşünür” bəzən. Səni özgə sayır, sənə yadlaşır...

...Sularında üzdüyün, çimdiyin və ya sadəcə, içərisində qapanıb qaldığın həyat nəhrinin dalğaları da günlərin bir günü səni eynən bax, bu dəniz kimi özündən uzaqlaşdırmağa çalışır içindən, özünü “saflaşdırmaq” niyyətinə düşür sanki. Nə baş verir o zaman? Gicəllənə-gicəllənə düşünürsən ki, əcəba, bir zamanlar belə deyildi axı! Yəni... bu doğmaların hamısı doğmaydı mənə axı...

...Məsələn, bir zamanlar oğul lap körpəydi, süd əmirdi, sənin isti qoynunda mışıl-mışıl yatırdı, sən də qucağında qayğı ilə onu bəsləyirdin. Nəfəsindən kəsib ona nəfəs verirdin... Sonra oğul böyüdü, səninlə dostlaşdı, amma bu dostluq mənfəətə çevrildi, düşündü ki, mənə ayırdığın pay və ya mülk qardaşıma və ya bacıma düşən paydan azdır... Və oğul səni bəyənmədi...

Olur ki, bir naxələf övladın anası yanıb-yaxılanda belə düşünür: “Kaş ki, səni doğunca bir daş doğaydım”... Amma ana bunun fərqində deyil ki, o “daşı” artıq doğub – əlli-ayaqlı, qaşlı-gözlü, hərəkətli, danışıb-gülən, yeriyən... bir daş; duyğuları, qəlbi – bütün varlığıyla daşdan seçilməyən bir daş... Bəlkə də, o daş elə sənin baş daşındır, ay ana, məzarın üstündə duracaq, gəlib-gedənə baxacaq, ağlayanların göz yaşlarının şahidinə çevriləcək. Həm də ən ağrılısı, bundan o yanı ola bilməyəcək... yəni lal-dinməz donub duracaq...

Eh, nə çoxdur belə məzar daşları... Həyat dənizinin ləpələrinin oynatdığı, günahlı və ya günahsız, kimsəli və ya kimsəsiz varlıqların başlarının üstündəki hissiz-duyğusuz daşlar...

Qızğın müharibələrin sonunda buza dönüb hərəkətsiz, lal-dinməz duran daşlar, qocalıb əldən düşən, kimsəyə gərək olmayan daşlar, fitnə-fəsada tuş gəlib həyatını doya-doya yaşaya bilməyən yarımçıq ömür daşları... Bu daşların ən körpəsindən tutmuş lap yaşlısınadək hamısı könül dağıymış amma. Mənasız çarpışmaların sonuymuş bəzən. İnsanın iç duyğularının bir andaca donması, yox olub, itib getməsiymiş bu soyuq məzar daşları. Həyatın içinin-çölünün, altının-üstünün hamısıdır o daşlar. İsti, hərarətli, fədakar könüllərin narahat qəlb çırpıntılarından tutmuş buz bağlayan, hissiz-duyğusuz, yalnız yemək və yatmaq üçün dünyaya gələnlərin də baş daşlarıdır o daşlar... Bəzən yad bir insan üçün canını belə, əsirgəməyən könüllərin dağıdır o daşlar...

Demə, biz elə daşdan doğulub gəlmişik, bir-birimizə çırpıla-çırpıla, ovxalana-ovxalana, qırıla-qırıla vaxt keçirmişik və bu vaxtın adını ömür qoymuşuq...

Demə, daşın daşla toqquşduğu zaman həyat nəhrinin içindən çıxıb qumsallıqda yan-yana düzülmüşük və bizi günəş qaraldıb...

Demə, insan bir məzar daşıymış, tənha, yalqız, kimsəsiz...