adalet.az header logo
  • Bakı -°C
11 Avqust 2026 10:30
61
ƏDƏBİYYAT
A- A+

Qəlbini Vətənə verən  ölməz qəhrəman

44 günlük haqq savaşımızda  xalqımızın mərd övladları Vətənin qeyrətini hər şeydən üstün tutaraq qanları bahasına  30 il düşmən tapdağında olan müqəddəs yurd yerimiz-Qarabağı işğaldan azad etdilər. Tariximizin ən şanlı səhifəsi olan bu mübarizədə  adı  xalqın yaddaşına qızıl hərflərlə həkk olunan minlərlə  Azərbaycanın qəhrəman övladlardan  bir də Biləsuvar rayonu, Günəşli kəndində dünyaya göz açan  şəhid Teymur Faiq oğlu Abdullazadədir.   Vətənə olan sonsuz sevgisi və  sədaqəti  Teymuru ömrünün ən gənc cağında-19 yaşında şəhidlik zirvəsinə ucaltdı. O, cismən aramızdan getsə də, könüllərə köç etməklə örnək olacaq əbədi bir nurlu həyat qazanıb.

Doğma yurduna bağlılıq qanında, canında olan Teymur orta məktəbi yaxşı qiymətlərlə bitirib. Adına can dediyi, hər qarışını özünə  əziz bildiyi doğma Azərbaycanın müqəddəs bir parçası olan Qarabağa yağı basqını onun ali təhsil almaq arzusunu arxaya salıb. Öz doğma yurdunun əsgəri olub Vətənini  müdafiə etməyi  daha müqəddəs iş sayıb. Ürəyində mənfur erməni dığalarına qarşı nifrət  cəbhə bölgəsində əyninə şanlı  forma geyinib.

Xidmətə başladığı ilk  gündən düşmənə qarşı amansız olacağına anda içən Teymur  komandirlərin tapşırıqlarını ləyaqətlə yerinə yetirib, Vətənini göz-bəbəyi kimi qoruyub. Hətta bir neçə dəfə dığalarla üz-üzə  gəlib, onlara yaxşı dərs də verib. Eləcə də bütün vacib təlimlərdə fəallıq göstərən Teymur öz şəxsi nümunəsi ilə əsgər yoldaşlarının ürəyində  Vətənə məhəbbət, cəsurluq, kişilik, yağıya qarşı isə nifrət hisslərini alovlandıra bilib. Son dərəcə  mərd, cəsur, ağıllı bir gənc olaraq zabitlər, əsgərlər onun hörmətini, xətrini əziz tutublar.

Əsgər Teymur həm də  Vətən torpaqların azadlığı uğrunda döyüş əməliyyatlarına qoşulması üçün hər an Ali Baş Komandanın əmrini səbirsizliklə  gözləyib. Həmişə də deyib ki, əsir Qarabağımız yalnız şəhid qan ilə Vətən olar. Bunun üçün yağıya qarşı döyüşmək lazımdır. Qisas günü ön sırada mən gedəcəyəm və hər qarşı torpaq uğrunda son damla qanıma qədər döyüşəcəyəm.

İkinci Qarabağ müharibəsi başlananda  Teymur Abdullazadə  ön cəbhəyə yollanıb.  Odun, alovun içinə girəni yağıya qan qusdurub. Vətənə sevgidən yaranan  İgidliyi, fədakarlığı  erməni dığalarını  lərzəyə salıb.  Böyük rəşadət göstərməklə  müharibənin ən ağır məqamlarında belə bir addım geri çəkilməyib. Neçə-neçə  ölüm-dirim savaşında  düşmənin  xeyli  sayda texnika  və canlı qüvvəsini məhv edib, hünəri hamını heyran qoyub. Döyüşdən-döyüşə bərkiyən  igid əsgər  hər savaş günü bir tarix yazmaqla yadda qalıb.

 2020-ci il oktyabrın 16-da Ağdərə istiqamətində gedən ağır  müharibə meydanına girib, bu onun son döyüşü olub. Ölümcül yaralansa da, dığaların qarşısında əyilməyib, döyüşə-döyüşə  şərəfli şəhidlik zirvəsinə yüksəlib. Doğulub boya-başa çatdığı Biləsuvar rayonunun Günəşli kənd qəbiristanlığında  torpağa tapşırılıb. Onun uyduğu  müqəddəs  torpaq  indi kənd sakinlərinin ən çox gül-çiçəyə qərq etdiyi qürur yerinə dönüb. Dövlət də öz qəhrəman oğlu Teymur  Abdullazadəni ölümündən sonra "Vətən uğrunda" , "Cəsur döyüşçü"  Suqovuşanın və Ağdərənin  azadlığına  görə  medallara layiq görüb.

 

Zəfər ORUCOĞLU, Azərbaycan Jurnalistlər Birliyinin üzvü