07 Iyul 2025 18:33
76
HÜQUQ

Yeni hakimlər kollektivə təqdim olundu

İyulun 7-də Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Milli Məclisin qərarı ilə Konstitusiya Məhkəməsinə yeni təyin edilən hakimlər Otari Qvaladze, Fərhad Tutayuk, Rauf Quliyev və Rəşid Rzayev kollektivə təqdim olunub.

Adalet.az xəbər verir ki, tədbirdə Məhkəmənin hakimləri və Aparatın məsul əməkdaşları iştirak ediblər.

Təqdimat mərasimində çıxış edən Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev qeyd edib ki, bu il müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul olunmasının 30 ili, eyni zamanda torpaqlarımızın azad edilməsi nəticəsində Konstitusiyamızın bütün Azərbaycan ərazisində hüququnun bərpa edilməsinin – suverenliyimizin 5 ili tamam olur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli Sərəncamı ilə 2025-ci ilin ölkəmizdə "Konstitusiya və Suverenlik İli" elan olunması müasir Azərbaycan dövlətçiliyinin inkişafında mühüm hadisə olmaqla, hüquqi dövlətçilik və suverenlik dəyərlərinin möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyətə malikdir.

Fərhad Abdullayev çıxışında Konstitusiya Məhkəməsinin səlahiyyət müddəti başa çatmış hakimlərinin ədalət mühakiməsinin səmərəliliyinin artırılması istiqamətində uzun illər uğurlu fəaliyyətlərindən, məhkəmə-hüquq sistemində xidmətlərindən bəhs edərək, onların Konstitusiya Məhkəməsinin hakimi kimi hər zaman yüksək peşəkarlıq nümayiş etdirdiklərini, insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində səylərini vurğulayıb.

Daha sonra Fərhad Abdullayev Konstitusiya Məhkəməsinin yeni hakimlərini vəzifəyə təyin olunmaları münasibətilə təbrik edərək, gələcək fəaliyyətlərində uğurlar arzulayıb və bu təyinatın hüquq ictimaiyyəti üçün önəmini vurğulayıb. Təyin edilən hakimlər gələcək hakimlik fəaliyyətlərində hüququn aliliyinin təmin edilməsi naminə səylərini əsirgəməyəcəklərini, yüksək hakim adını qorumaqla, onlara göstərilən yüksək etimada görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz minnətdarlığını ifadə edərək, üzərilərinə düşən məsuliyyəti layiqincə yerinə yetirməyə çalışacaqlarını bildiriblər.

Sədr ölkəmizdə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra başlanmış hüquqi dövlət quruculuğundan, Prezident İlham Əliyevin məhkəmə-hüquq sahəsində həyata keçirdiyi mütərəqqi islahatlardan, məhkəmə hakimiyyətinin müstəqilliyinin möhkəmlənməsindən, Konstitusiyanın aliliyinin təmin olunması və qorunması sahəsində atılan mühüm addımlardan bəhs edib.