adalet.az header logo
  • Bakı -°C
13 Oktyabr 2026 13:59
85
SİYASƏT
A- A+

YAP-dan Ərdoğanın baş müşavirinin fikirlərinə MÜNASİBƏT

Yeni Azərbaycan Partiyası (YAP) Türkiyə Prezidentinin baş müşaviri Oktay Saralın və hakim Ədalət və İnkişaf Partiyasından (AKP) olan deputatların Azərbaycanla bağlı açıqlamalarına münasibət bildirib.

Adalet.az xəbər verir ki, YAP-ın Mətbuat Xidmətinin yaydığı bəyanatda son dövrlərdə Türkiyənin bir sıra media orqanlarında və sosial şəbəkələrdə Azərbaycan haqqında həqiqətə uyğun olmayan, qərəzli və böhtan xarakterli məlumatların yayıldığı qeyd olunub.

Bildirilib ki, YAP indiyədək AKP ilə tərəfdaşlıq münasibətlərini, eləcə də Azərbaycan və Türkiyə xalqları arasındakı tarixi qardaşlıq bağlarını nəzərə alaraq bu cür hallara təmkinlə yanaşıb. Lakin Azərbaycana qarşı informasiya kampaniyasının daha aqressiv və sistemli xarakter alması, yüksək vəzifəli şəxslərin də bu prosesə qoşulması açıq münasibət bildirilməsini zəruri edib.

Bəyanatda Azərbaycan–İsrail münasibətlərinin məqsədli şəkildə təhrif olunması və bu əlaqələr əsasında Azərbaycan əleyhinə siyasi ittihamlar irəli sürülməsi cəhdləri qətiyyətlə rədd edilib.

Qeyd olunub ki, Azərbaycan Fələstin xalqının qanuni hüquqlarını daim dəstəkləyib, Fələstinə maliyyə və humanitar yardımlar göstərib. Prezident İlham Əliyev dəfələrlə Fələstin məsələsinin beynəlxalq hüquq və BMT-nin müvafiq qətnamələri əsasında, Şərqi Qüdsün Fələstin Dövlətinin paytaxtı olması şərtilə iki dövlət prinsipi əsasında həllini dəstəklədiyini bəyan edib.

YAP Azərbaycanın İslam dünyası ilə münasibətlərinin qarşılıqlı hörmət, bərabərlik və həmrəylik prinsiplərinə əsaslandığını vurğulayıb. Bəyanatda heç bir dövlətin digər müsəlman xalqlarına öz iradəsini diktə etmək və ya onların daxili işlərinə müdaxilə etmək hüququnun olmadığı bildirilib.

Bəyanatda hicab və məktəbli geyimi ətrafında müzakirələrə də toxunulub. Qeyd edilib ki, Azərbaycanda dini etiqad azadlığı Konstitusiya ilə təmin olunur, təhsil sahəsində tətbiq edilən qaydalar isə bərabərlik, dünyəvilik, qanunun aliliyi və bütün vətəndaşlar üçün bərabər imkanların yaradılması prinsiplərinə əsaslanır.

YAP hesab edir ki, baş örtüyü kimi həssas məsələlərdən siyasi manipulyasiya və bölücülük vasitəsi kimi istifadə edilməsi nə Türkiyə xalqının birliyinə, nə də müsəlman dünyasının həmrəyliyinə xidmət edir.

“Bu qəbildən olan məsələlərdən Azərbaycana qarşı siyasi təzyiq vasitəsi kimi istifadə olunması isə xüsusilə yolverilməzdir”, – deyə bəyanatda vurğulanıb və AKP iqtidarı bu siyasətdən çəkinməyə çağırılıb.

Sənəddə Azərbaycan Prezidenti İlham Əliyevə qarşı ayrı-ayrı informasiya resurslarında səsləndirilən təhqir və böhtan xarakterli fikirlərin də Azərbaycan ictimaiyyətində haqlı narazılıq doğurduğu qeyd olunub.

YAP vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi “Bir millət, iki dövlət” prinsipi Azərbaycan–Türkiyə münasibətlərinin mənəvi və siyasi təməlidir. Bununla belə, həmin prinsip bir dövlətin digərinin daxili işlərinə müdaxilə etməsinə və öz siyasi-ideoloji yanaşmalarını ona qəbul etdirməsinə əsas vermir.

Bəyanatın sonunda AKP təmsilçiləri, xüsusilə yüksək dövlət vəzifələri tutan şəxslər siyasi məsuliyyət nümayiş etdirməyə, Azərbaycanın suverenliyinə, konstitusion quruluşuna və daxili işlərinə hörmətlə yanaşmağa çağırılıb.

YAP Türkiyənin müvafiq siyasi dairələrinin baş verənlərdən düzgün nəticə çıxaracağına və Azərbaycan–Türkiyə münasibətlərinə zərər vura biləcək addımlardan çəkinəcəyinə ümid etdiyini bildirib.