adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
17 Aprel 2024 13:10
2111
ƏDƏBİYYAT

Xoşbəxt görüntü, acı həyat hekayəsi… - Əntiqə Kərimzadə yazır…

Bu daha çox Şərq ölkələrində belədir ki, övlad nankorluğu həmişə lənətlənib. Ümumiyyətlə, nankorluq insana mənəvi zərbə endirən xarakterdir. Yaxşı övlad ata-ana üçün sevinc gətirirsə, pis övlad dərd dağarcığına çevrilir. Bu fotoşəkil Azərbaycanın korifey bəstəkarı, şöhrətli dirijor Niyazinin arxivindəndir. Şəkil ilk baxışda xoşbəxt bir sovet ailəsinin adi gününü xatırladır. Bəstəkar iş stolu arxasında, balaca oğlu da royal arxasında... Dərhal sovetsayağı “atalardan oğullara şanlı estafet” şüarı yada düşür.

Amma tale bəzən insanla pis oynayır. Dirijor Niyazi ilə dünyalar qədər sevdiyi Həcər xanımın izdivacından övladları olmayıb. Onların övladları olmadığından qohumlarından Ceyhun adlı oğlanı övladlığa götürüblər. Amma Niyazi və Həcər xanımın böyütdüyü bu oğlan məşhur ailəyə fəlakət gətirib. 
Bütün qayğısız uşaqlıq dövrünü bu məşhur ailənin evində keçirən Ceyhun günlərin birində narkotik alüdəçisinə çevrilir. Elə ailə dramı bundan sonra başlayıb. Ceyhun Niyazi və Həcər xanımı min bir əziyyətə düçar edib. 1990-cı il isə Niyazinin ailəsi üçün dəhşətli hadisə ilə yadda qalıb. Bəzi məlumatlara görə, narkotik almaq üçün pul dalınca evə gələn Ceyhun istədiyini əldə edə bilməyəndə analığı Həcər xanımı öldürmək qərarına gəlir. Əvvəl analığının

başından vurur, sonra isə onu boğur və evi qarət edərək qaçır.
İndi Niyazinin ev-muzeyində sahibinə məxsus xatirə əşyalarının və əlyazmalarının çoxu yoxdur. Deyilənə görə, o əşyaların bəzilərini (məsələn, Maestronun həmişə barmağına taxdığı brilliant qaşlı üzüyü) Ceyhun evdən çıxararaq satıb, puluna narkotik alıb.

Ceyhunun taleyi də acınacaqlı olub. Bəzi məlumatlara görə, o, həbs olunub və 2000-ci ildə azadlığa çıxıb, səfil həyatı keçirib. Deyilənə görə, azadlıqda olduğu müddətdə atalığının mənzilinə də ara-sıra baş çəkib. Onun əşyalarına, paltarlarına baxıb fikrə dalırmış, ağlayırmış, özünü söyürmüş...
Son məlumatlara görə, Ceyhun qanunsuz silah gəzdirdiyinə görə 2012-ci ildə həbs edilib. Onun hazırda həbsxanada olduğu qeyd edilir...