24 May 2023 10:46
359
GÜNDƏM

Xalq artisti: “Biz şəhid tədbirində olanda anaların ürəyi dağa dönür...”

“Şəhid Emin İsmayılovun 22 yaşı tamam olması münasibətilə mən də məclisdə iştirak etdim. Bəstəkar Ruslan Səfəroğlu tərəfindən dəvət olunmuşdum. Ruslan Səfəroğlunun şəhid Emin haqqında yazdığı bəstəsini ifa etdim. Şəhidimizin anası Məlahət xanım çox gözəl insandı, onu da çox gözəl tanıyıram”

Bunu Adalet.az-a açıqlamasında Xalq artisti Gülyanaq Məmmədova deyib. Müğənni daim şəhid tədbirlərində iştirak etdiyini və bunu bir vətəndaş borcu olduğunu bildirib:

“Bundan öncə şəhid Raminin tədbirində də olmuşam. Yəni harda şəhid tədbiri varsa, çalışıram orda anaların yanında olum. Ancaq mahnılarımla çalışıram şəhid analarımıza təsəlli verə bilim. Onların yarası, acısı çox böyükdür. Biz o tədbirlərdə iştirak edəndə qəlbləri dağa dönür ki, şəhid balamın tədbirinə onu sayıb gələn müğənnilər var. Ona görə də bunu özümə borc bilirəm. Ruslan Səfəroğlu, mən və Gülyaz xanım şəhid ailələrinə dəstək olmağa çalışırıq. 

Amma bəzən olur ki, vaxtım olmur, çatdıra bilmirəm. Yəqin ki, bundan şəhid analarımız inciməz. Bu aralar çoxlu şəhid mahnıları oxumuşam. Şəhid Rauf üçün Sevinc Tofiqqızının mahnısını, Yaqut Almazın şəhidlərə həsr etdiyi bəstələrini, Gülşən Rafiqqızının şəhid Elçinə yazdığı bəstəsindən oxumuşam”.

Qeyd edək ki, şəhid Emin Tahir oğlu İsmayılov 21 may 2001-ci ildə Nəsimi rayonunda anadan olub. Ailəsi əslən Cəbrayıl rayonundandı. 2020-ci il Vətən müharibəsi zamanı Emin Kəlbəcər istiqamətində gedən döyüşlərdə şəhid olub. 
Ölümündən sonra ölkə başçısı tərəfindən “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medallarıyla təltif olunub. 

Allah cəmi şəhidlərimizə rəhmət eləsin!

Vasif Əlihüseyn