Vida sözü

Azərbaycan elminə və təhsilinə ağır itki üz vermişdir. Böyük riyaziyyatçı alim, AMEA-nın həqiqi üzvü, Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, Bakı Dövlət Universitetinin kafedra müdiri, AMEA-nın Kibernetika İnstitutunun şöbə müdiri, professor Cəlal Eyvaz oğlu Allahverdiyev yanvar ayının 19-da - ömrünün 88-ci ilində dünyasını dəyişmişdir.
C.Allahverdiyev 1929-cu il sentyabrın 17-də dünya azərbaycanlılarının müqəddəs şəhəri, dahi Üzeyir Hacıbəylinin Vətəni Şuşada anadan olmuşdur. O, orta məktəbi medalla bitirmiş və Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinə daxil olmuşdur. Onu riyaziyyat elminə böyük pedaqoq Kəriş Köçərli yönəltmişdir. Mükəmməl riyazi təfəkkürə malik olan gənc Cəlal böyük müəllimlərindən dərs almış və universiteti fərqlənmə diplomu ilə bitirmişdir. Fakültənin dekanı - böyük riyaziyyatçı alim akademik Əşrəf Hüseynovun məsləhətilə Moskva Dövlət Universitetinə gedərək SSRİ Elmlər Akademiyasının prezidenti Mstislav Keldışla görüşmüşdür. Dünyanın ən böyük alimlərindən biri sayılan Keldış Cəlal müəllimlə elmi söhbət etdikdən sonra onun riyazi təfəkkürünə valeh olmuş, akademik Kolmoqorova zəng edərək, onun aspiranturaya qəbul olunduğunu elan etmiş və Keldış onun elmi rəhbəri olduğunu bildirmişdir. Dahi alim Keldışın Cəlal Allahverdiyevin müdafiəsində təşkil edilən banketdə iştirak etməsi hamını təəccübləndirmişdir. Axı SSRİ Elmlər Akademiyasının prezidenti M.V.Keldış belə banketlərdə iştirak etmirdi.
Keldış adi adam deyildi. Onu elm aləmində 3 K adlandırırdılar (Korolyov, Kurçatov, Keldış).
Müdafiə edib Bakıya qayıdan Cəlal Allahverdiyev AMEA-nın Kibernetika İnstitutunun yaranmasında və formalaşmasında misilsiz xidmətlər göstərmiş, uzun illər direktoru vəzifəsində ləyaqətlə çalışmışdır. Sonralar o, həmin institutda şöbə müdiri vəzifəsində işləməklə yanaşı, həm də Bakı Dövlət Universitetində elmi işlər üzrə prorektor vəzifəsinə keçirilmişdir. Ömrünün sonuna qədər AMEA Kibernetika İnstitutunda (indi bu institut İdarəetmə Sistemləri İnstitutu adlanır) şöbə müdiri vəzifəsində BDU-da kafedra müdiri vəzifəsində çalışmışdı.
C.Allahverdiyevin doktorluq dissertasiyasında da elmi məsləhətçisi dahi alim Keldış olmuşdur. O etiraf edirdi ki, C.Allahverdiyev mənim aspirantım və doktorantım olsa da, əldə etdiyi yüksək unikal nəticələr öz ağlının məhsuludur. Bəzən mənə mübahisəli görünən bu nəticələri Cəlal müəllim öz dərin məntiqi ilə hamıya, o cümlədən mənə də qəbul etdirə bilirdi! Cəlal Allahverdiyev böyük riyaziyyat müəllimlərini həmişə hörmətlə xatırlayırdı. Akademiklər - Əşrəf Hüseynov, Zahid Xəlilov və İbiş İbrahimovun adı onun dilindən düşmürdü.
C.Allahverdiyev riyaziyyat elminə bir çox yeniliklər gətirmişdi. Bu yeniliklər təkcə bizim alimlər tərəfindən deyil, dünya riyaziyyatçıları tərəfindən də qiymətləndirilmişdir. Dünya riyaziyyat kitablarına ABŞ-da, Avropada, "Allahverdiyev teoremi" adlı əsər daxil olmuş və böyük tirajla nəşr edilərək yayılmışdır. Dünya dərsliklərinə də bu söz "C.Allahverdiyev teoremi" kimi düşmüşdür.
Böyük hind alimi - Amerikada yaşayan Balakrişma 70-ci illərdə C.Allahverdiyevin şərəfinə Bakıda Beynəlxalq Riyaziyyat Konqresi keçirmişdir. Bu, yeganə beynəlxalq konqresdir ki, alimin şərəfinə təşkil edilmişdir. Son illər Moskva Dövlət Universitetinin rektoru akademik Sodovniçniy BDU-da olarkən, Azərbaycandan dörd görkəmli riyaziyyatçı alimin adını çəkmişdi. Onların üçü dünyasını dəyişmişdi. Yeganə sağ qalan böyük riyaziyyatçı alim C. Allahverdiyev də dünyasını dəyişdi...
Dahi alim Keldışın sevimli tələbəsi C.Allahverdiyev olduqca sadə, təvazökar, bütöv, dürüst adam idi. Əyilməz, sınmaz, doğru bildiyindən çəkinməyən, çox bilib, az danışan adam idi. Doğulduğu Şuşanın bütün guşələrini, az qala, bütün daşlarını, qayalarını, bulaqlarını tanıyırdı. Cıdır düzü, İsabulağı, Turşsu yaylağı, Üzeyir bəy, Xan qızı Natəvan, Mir Möhsün Nəvvab, Əhməd Ağaoğlu... Onun dilinin zəbəri idi. Biz Cəlalsız, Teymur bəysiz (Əbdürrəhman bəy Haqverdiyevin) Şuşaya necə gedəcəyik?!
Akademik C.Allahverdiyev elm aləminə və təhsil sisteminə necə gəlmişdisə, eləcə də getdi. Saf, təmənnasız, qüsursuz, üzü ağ, alnıaçıq... Belə tale hər adama nəsib olmur.
Cəlal müəllim böyük alim, görkəmli pedaqoq olmaqla yanaşı, həm də olduqca prinsipial patriot, həqiqətpərəst, təmiz insan idi. Bir neçə il əvvəl universitetə "yuxarıdan gəlmiş" yüksək rütbəli məmurlardan biri alimdən soruşur ki, Cəlal müəllim, siz elmin zirvəsinə çatmış birisiz, nəyiniz çatmır ki? Nəyiniz çatmır ki, bu qədər narahatsınız?
Cəlal müəllim ona müdrikliklə belə cavab verir: "Mənim Şuşam çatmır!"
Biz şahidik ki, Cəlal Allahverdiyev Şuşadan nigaran və nisgilli getdi. Çünki o, Şuşayla nəfəs alırdı. Dəfn mərasimində molla dedi ki, inşallah, tezliklə Şuşa alınar və oradan ata-anasının torpağından gətirib Cəlal müəllimin və onun əziz bacısı Rübabə xanımın məzarının üzərinə səpərik. Cəlal müəllimin nisgili onda başa çatar.
Allah böyük alim, ulu pedaqoq Cəlal müəllimə qəni-qəni rəhmət eləsin! Ruhu şad olsun! Cəlal müəllim xalqımızın elm tarixində əbədi yaşayacaqdır.