21 Iyul 2025 10:20
108
ƏDƏBİYYAT

Mən bu zamana sığmazam - Ələmdar Məmmədov yazır

(sənədli-publisistik kitab) 

 

“Mən bu zamana sığmazam” Azərbaycanın dövlət və ictimai-siyasi xadimi, Azərbaycan SSR Prokuroru və Azərbaycan Res¬publikasının Ədliyyə naziri, hüquq elmləri doktoru, eks-millət vəkili, Ədalət Partiyasının sədri (2001–2025) İlyas Abbas oğlu İsmayılovun şərəfli ömür yolundan bəhs edir. 
Bu kitab ilyassevərlər, hüquqşünaslar və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

 

 

Birinci hissə
XX əsrin XX1əsrə hədiyyəsi 

Zirvəyə doğru
İlyas - İlahi qüvvə, köməyə gələn 

1938-ci il. Bahar gəlmişdi Tovuza. Hava yumşalmış, dərin qış yuxusundan oyanan torpaq qoynunda gizlətdiyi al-əlvan xalıları Novruzun ayaqları altına sərməyə tələsirdi. Oğuz yurdunun bayram adət-ənənəsinə sadiq Tovuz əhli Su çərşənbəsində bağ-bağçaların, əkin-biçinin həyat mənbəyi olan arxları qaydaya salmış,  gün doğmamışdan çay, bulaq üstünə getmiş, əl-üzlərini yuyaraq ağırlıqlarını suya axıtmış, axşam düşəndə qaladıqları tonqaldan atlanaraq azar-bezarlarını oda atmışdılar. 
İsmayılovlar ailəsi də axır çərşənbənin xoş niyyəti altında Novruzun gəlişini gözləyirdi. Qazanda plov dəmlənmiş, süfrədə səməni, bayram xonçaları sıraya düzülmüşdü. 
...Novruz bu ailəyə hamıdan əvvəl qədəm basdı – 20 mart günü. Novruz Abbas atanın və Məleykə ananın ocağını hamıdan əvvəl işıqlandırdı. Novruz bu sevgi dolu ailəyə övlad müjdəsi, övlad sevinci gətirdi. Abbas ata Novruzun onlara gətirdiyi övlad payının, oğul payının adını İlyas qoydu. İlahi qüvvə, köməyə gələn mənasını verən bu adın sahibinin bir ocağın, bir obanın, bir elin dadına yetişəcəyinə inanırdı, güvənirdi ata...
Balaca İlyasın bir yaşı tamam olmamışdı. Hələ ayaqları yer tutmayan bu körpənin atası Abbas İsmayılovu xidməti vəzifəsinin icrası zamanı qətlə yetirdilər. Xalq yolunda, əhalinin rahat yaşaması üçün özünü fəda edən Abbas İsmayılovun ölümündən sonra tale İlyasa atasız böyüməyi nəsib etdi...
Zaman gələcək, ata üzünə həsrət böyüyən İlyas İsmayılov atasızlığını belə xatırlayacaq: “Tale elə gətirib ki, mən uşaqlıqdan atamı görməmişəm. Atam polis işçisi olub. Mən 6 aylıq olanda qulluq vəzifəsinin icrasında həlak olub. Atasız uşaqda psixoliji proses daha tez böyüyür. Görəndə ki, atası həmyaşıdın olan uşağının üzündən öpdü, başını sığalladı, amma səninki yoxdu, niyə belə olduğu səni düşündürür. Odur ki, mən uşaqlıqdan çalışmışam müstəqil adam olum, kənar təsirlərə məruz qalmayım. Xatırlayıram ki, biz uşaq olarkən “döymə” dəbdə idi. Uşaqlar “döymə” ilə əllərinə, qollarına şəkil çəkdirirdilər, valideynlərə olan sevgilərini bildirmək üçün ana-ata yazdırırdılar. Mən belə şeylərdən uzaq oldum. Fikirləşirdim ki, kasıbın bir yolu var – oxumaq, öyrənmək və qabağa getmək. Hüquqşünas olmaq istəyim görmədiyim atamdan qaynaqlanıb. Hələ o vaxt atamın ölümü ilə əlaqədar çoxlu söhbətlər gedirdi. Tərifləyirdilər ki, çox cəsarətli, qorxmaz idi. Mən anamın tərbiyəsini görmüşəm. O dövrlər hamı üçün ağır illər idi. Müharibədən sonrakı illər... Belə bir şəraitdə böyümüşük. Atasız böyüməyi də, yəqin, atasız böyüyən insanlar bilirlər ki, nə deməkdir”.
...Böyük Vətən Müharibəsi başlayanda İlyasın dayısı Hüseyni hərbi xidmətə çağırdılar. İlyasın anası Məleykə Rza qızı xəstə olan qardaşı arvadı və uşaqlarına baxmaq üçün kəndə - qardaşı evinə köçdü. Beləliklə, bu mərd və cəfakeş qadın müharibənin fəsadları zəminində öz uşaqları ilə birlikdə doqquz nəfər azyaşlıya baxmalı oldu. İki oğul, üç qız dünyaya gətirən çətin günlərin, müharibənin məhrumiyyətləri ucbatından üç qızını itirən Məleykə ana iki azyaşlı övladının əlindən tutaraq Tovuz şəhərinə - ər ocağına 1950-ci ildə döndü. Onda İlyasın cəmi 12 yaşı var idi... 
Tovuz şəhər A.S.Puşkin adına tam orta məktəbdə təhsil alan İlyas İsmayılov uşaqlıq illərini xatırlayanda kövrəlir.  Çətinlik və ehtiyac içərisində olan ailənin hər iki övladı – İdris və İlyas təlim-tərbiyəsi, dərsə davamiyyətləri ilə seçilən, nümunəvi uşaqlar idi. Müəllimləri onları çox sevir, qəhrəman övladı olduqlarını daim xatırladırdılar. 
1955-ci ildə orta məktəbi başa vuran İ.İsmayılov o illər barədə belə deyir: “Attestat qiymətlərim hamısı “5” və “4”dür. İki fəndən “3”üm var: bir rus dili, bir də alman dilindən”. Elə həmin il İsmayılov sənədlərini ADU-nun hüquq fakültəsinə verir.
Lakin müsabiqədən keçə bilmir. Bu barədə özü belə deyir: “Orta məktəbi qurtarandan sonra iki il instituta girə bilmədim, konkursa düşdüm. Getdim fəh¬lə işlədim”... 
Nəhayət, 1957-ci ildə yalnız üçüncü cəhddə hüquq fakültəsinin tələbəsi olur. Həmin dövrdə hüquq sahəsində Azərbaycan dilində demək olar ki, ədəbiyyat yox idi. Əsas bilik mənbəyi müəllimlərin mühazirələri idi. Ona görə də gənc tələbə rus dilini öyrənmək üzərində səylə çalışır. 
İlyas müəllimin qrup yoldaşı, yarım əsrə yaxın hakim mantosu daşımış Mansur İbayev söhbətlərində deyirdi ki, artıq 3-cü kursda oxuyarkən İlyas rus dilini mükəmməl bilirdi. 
İlyas İsmayılov o illəri belə xatırlayır:  “Hüquqşünas olmaq istəyirdim. Ona görə də tarixə və ədəbiyyata meylim çox güclü idi. Uşaq vaxtı dastan, hekayə, nağıl oxuyurduq. Sonradan hüquq fakültəsinə qəbul olduqda, yaxşı ixtisas almaq üçün hüquq ədəbiyyatını oxuyurdum. Üstəlik, daxili tələbatım artıq hüquqi ədəbiyyata, tarixi ədəbiyyata, siyasi fəlsəfi ədəbiyyata idi. O cür kitabları elə indi də oxuyuram”.
İlyas müəllim hüquq fakültəsini seçməkdə, ən əsası, atası, milis işçisi olmuş Abbas kişinin və xalası oğlu Bədrəddin Dadaşovun rolunun böyük olduğunu müsahibələrində daim vurğulayır: “Bəli atamla bağlı idi bu arzu. Həm də məndən böyük çox hörmət bəs¬lə¬diyim xalam oğlu var idi. Hüquqşünas idi. Mən də onun kimi hüquqşünas olmaq istəyirdim”. 
İlyas müəllimin tələbə yoldaşı, uzun illər müxtəlif rayonlarda prokuror kimi fəaliyyət göstərmiş Çərkəz Musayev də söhbətlərində İlyas müəllimin nəinki savadlı olmasını, həm də bildiklərini hamı ilə bölüşməsini, hamıya kömək əlini uzatmaq cəhdini xüsusilə vurğulayırdı.
1962-ci ildə İlyas İsmayılov İnstitutu fərqlənmə diplomu ilə bitirir.
Gəlin, o illərə də İsmayılovun xatirələrinin gözü ilə boylanaq: “Maddi cəhətdən çətinliyimiz olsa da, çox xoşbəxt idik. Hamı eyni səviyyədə idi maddi cəhətdən. Bir-iki nəfərin maddi təminatı bizdən yaxşı idi. Ancaq böyük bir həvəslə oxuyurduq. Gələcəyə ümid var idi. İctimai işlərlə məşğul idik. Tələbə elmi cəmiyyətində çalışırdıq. Yadıma gəlir ki, hələ 1961-ci ildə dördüncü kursda oxu¬yan¬da Leninqrad şəhərində tələbələrin elmi konfransı keçirilirdi. Azərbaycandan cəmi iki nəfəri göndərmişdilər o konfransa, biri mən idim, biri də Daşdəmirov Sabir. Ora getdik məruzə ilə çıxış etdik. Bütün bunlar çox xoş, əlamətdar hadisələr idi bizdən ötrü. Mən universiteti qurtaranda həm rus, həm Azərbaycan bölmələrində 50-dən artıq tələbə qurtarmışdı. Hamı da prokurorluğa işə getmək istəyirdi. Bizdən cəmi 5 nəfəri işə göndərdilər. Onların da biri mən idim. Artıq təyinatım gəlmişdi. O vaxt gənc mütəxəssisləri işə SSRİ Baş prokuroru təyin edirdi. Məni Göyçaya müstəntiq təyin etmişdilər. Ancaq ərizə verdim, prokurorluqdan getdim. Bu da yəqin prokurorluğun tarixində yeganə hadisədir ki, ora işə getməkdən kimsə könüllü imtina edib”.
Məlimdur ki, hüquq mühafizə orqanlarında ən nüfuzlu iş prokurorluq olub. Təsadüfi deyil ki, el arasında hüquq fakültəsinə -“prokurorluq institutu” da deyirdilər. İnsan həyatında xarakterin ne¬cə, harada və nə vaxt formalaşması həmişə mübahisə doğurub. Lakin bunun dəqiq düsturu yoxdur. İlyas müəllim sonralar ona şöhrət gətirəcək xarakterini ortaya qoyaraq prokurorluqda işləməkdən imtina etdi. 
Bu, Azərbaycan prokurorluğu tarixində bəlkə də yeganə hadisə idi. Çoxları hətta, qohum-əqrəba da onun bu hərəkətini başa düşmürdü. Fikirləşirdilər ki, yetim oğlandır, gedib işləsin, özünə gün-güzəran üzəltsin.
İlyas müəllim özünü elmə həsr etməyi qərara almışdı. Bir il Akademiyanın Fəlsəfə İnstitutunda kiçik elmi işçi işlədikdən sonra Leninqrad Dövlət Universitetinin aspiranturasına qəbul olundu və iki il yarıma cinayət hüququ üzrə namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək, hüquq elmləri namizədi (hüquq üzrə fəlsəfə doktoru) alimlik dərəcəsi aldı. 
O, aspirantura illərini belə xatırlayır: “Leninqradda təhsilimi da¬vam etdirdim. Orda getdim, elmi mühiti gördüm. Qiyabi tanıdığımız bir çox alimlərlə şəxsən tanış oldum. Sonra da aspiranturaya daxil oldum, oxudum. 1966-cı ildə vaxtından qabaq müdafiə elədim. Qayıtdım Azərbaycana, Fəlsəfə və Hüquq İnsti¬tu¬tun¬da əvvəl kiçik, sonra baş elmi işçi işlədim”. 
Rusiya prokurorluq orqanları belə bir savadlı, məsuliyyətli, peşəsinin incəliklərini dərindən bilən kadrı əldən vermək istəməzdi əlbəttə. Ona müxtəlif yerlərdən iş təklifi gəlməsinə rəğmən, İsma¬yılov vətənə dönməyi qərara aldı. Bunun səbəbini isə özü belə izah edir: “Açığı özüm qalmaq istəyirdim və orda da məni saxlamaq istəyirdilər. Ancaq anam çox əziyyət çəkirdi burda. Məni də əziy¬yətlə böyütmüşdü. Anama görə gəldim. Fəlsəfə və Hüquq institutunda işləyib getmişdim, qayıtdım, elə orda da işə başladım. Eyni zamanda, o vaxtlar hüquq elmləri namizədləri çox az idi. Barmaqla göstərirdilər. Hüquq fakültəsinin axşam şöbəsində mən rus və Azər¬baycan bölmələrində cinayət hüququndan dərs deyirdim. Eyni zamanda, Xalq Təsərrüfatı İnstitutunda fəlsəfədən dərs deyirdim”.     
Burada bir haşiyə çıxmaq istəyirəm, İlyas müəllim anasına çox bağlı adam idi. O, yüksək vəzifələrdə - Mərkəzi Komitədə təlimatçı və Respublika prokuroru işləyərkən partiya tədbirləri ilə əlaqədar rayonlara getmək zərurəti yarananda anasını görmək arzusu ilə həmişə Tovuza yaxın rayonlara göndərilməsini xahiş edərdi. Xatirimdədir, azsaylı məclislərimizin birində sabiq prokuroluq işçisi Sərdar Əliyev təzəcə çapdan çıxmış “Mən yandım, sən tükəndin” adlı kitabından ana haqqında bir neçə şeir oxudu. 
Ölümünlə qorxuzma, fələk, sən məni,
Ölümlə anama qovuşacağam.
misrasını eşidəndə, İlyas müəllim kövrəldi və dedi:
- Bilsəm ki, anamı görəcəyəm, tez ölməyi arzulayardım.    
Məleykə ana həqiqətən cəfakeş qadın idi. Onun atasız böyütdüyü iki oğluna düzgün tərbiyə verməyinin nəticəsidir ki, kiçik oğlu Res¬pu¬blika prokuroru, Ədliyyə naziri, böyük oğlu İdris Abbas oğlu isə uzun illər Tovuz RİK-nin sədri kimi məsul vəzifələrdə çalışmışdı. 
...Vətənə qayıdan İlyas İsmayılov Azərbaycan SSR Elmlər  Akademiyasının Fəlsəfə və Hüquq institutunda kiçik və baş elmi işçi kimi çalışır, eyni zamanda, doktorluq dissertasiyası üzərində işləyirdi. Həmin zamanlar onu Ali Məhkəmənin sədri Abdulla İbrahimov yanına çağırır və yeni yaradılmış Nəsimi Rayon Məhkəməsinə hakim seçkilərində iştirak etməsini təklif edir. Lakin İlyas müəllim bu təklifə razı olmur və elmi işini davam etdirmək istədiyini bildirir. Onun bu ağayanalığı Abdulla müəllimin xoşuna gəlir. Tezliklə İsmayılovu Ali Məhkəmədə nəşr olunan “Sosialist qanunçuluğu”jurnalının redaksiya heyətinin sədri vəzifəsinə təyin edir. 
Jurnalda işlədiyi illəri İlyas müəllim belə xatırlayır: “Əslində redaksiya heyəti bir məndən ibarət idi. İki il o jurnalı təkcə çıxartmışam. Ali məhkəmənin ayrı-ayrı məhkəmə tədqiqat işlərini ümmiləşdirirdim, məqalələr yazırdım. Jurnalla əlaqədar olaraq bir çox hüquq-mühafizə orqanlarının rəhbərlərinin yanında olurdum. Və onlar da hər dəfə məni işə dəvət edirdilər. Mən də getmək istəmirdim. İstəyirdim gənc yaşlarımda elmlər doktoru olam”.
Akademiya ilə yanaşı, yurnalda işləyən İsmayılov oradan ayda 130 manat maaş alırdı. Bu, həmin dövrdə özünün dəfələrlə qeyd etdiyi kimi böyük kömək idi. Bundan sonra  o, Abdulla müəllimlə tez-tez görüşməli olur. 
Nəhayət 1970-ci ildə İlyas müəllimi prokurorluqda işə dəvət edirlər. Amerikalı filosof  Levinin  “Həyat sənə nə təklif edirsə qə¬bul et, son nəticədə razı qalacaqsan, çünki, həyat ədalətlidir” konsepsiyasının təsiri altında prokurorluqda işləməyə  razılıq verir. 
İki il Respublika prokurorunun köməkçisi vəzifəsində işlədikdən sonra 1972-ci ildə Azərbaycan KP MKnin inzibati orqanlarla iş şö¬bəsində təlimatçı vəzifəsinə təyin olunur. İşə qəbul olunmamışdan əvvəl onu Mərkəzi Komitənin 1-ci katibi Heydər Əliyev qəbul edir və xeyli söhbət edirlər. İlyas müəllim deyirdi ki, mən qapıdan çıxanda Heydər Əliyevin şöbə müdirinə: “Bizə belə kadrlar lazımdır”, -  dediyini eşitdim.
1978-ci ildə İ. İsmayılovu Respublika prokurorunun müavini vəzifəsinə təyin edirlər. O, həm də kadrlar şöbəsinin rəisi hesab edilirdi. Respublika Prokurorluğunun kadrlar şöbəsi işgüzarlığı və sanbalına görə digərlərindən fərqlənirdi
Şöbə rəisinin müavini - uzun illər hərbi tribunalda hakim işlədikdən sonra təqaüdə çıxmış əqidəli hüquqşünas kimi tanınan, hamının böyük hörmətlə yanaşdığı qayğıkeş insan, Ədliyyə polkovniki Fərrux Gəray oğlu Vəkilov idi. Şöbənin böyük prokuroru prokurorluq orqanlarına gəlməmişdən komsomol və partiya orqanlarında həyat yolu keçmiş  Fikrət Daşdəmirov, söbənin prokurorları Azər Köçərli və Bəhruz Mahmudov gənc olmalarına baxmayaraq, nüfuzlu prokurorluq işçiləri hesab olunurdular. Təsadüfi deyil ki, Azər Köçərli Baş Prokurorun müavini vəzifəsinə qə¬dər yüksəldi. Sonralar o, xidmətini SSRİ Baş prokurorluğu və Rusiya Federasiyası Baş prokurorluğunda davam etdirərək Azərbaycanımızı layiqincə təmsil etdi. Bəhruz Mahmudov bir neçə rayonda prokuror vəzifəsində işlədikdən sonra Baş prokurorluğun Kadrlar İdarəsinin rəisi vəzifəsinə təyin edildi və uzun illər - təqaüdə çıxana qədər həmin vəzifədə çalışdı. Prezidentin sərəncamı ilə ona III dərəcəli Dövlət Ədliyyə Müşaviri rütbə dərəcəsi verildi.
İlyas müəllim Respublika Prokurorunun müavini vəzifəsində işləyərkən son söz sahibi olmasa da, kadrların seçilməsi, yerləşdirilməsi və qorunmasına xüsusi diqqət yetirirdi.
Keçən əsrin 80-ci illərinin əvvəllərində  DQMV prokurorluğunda baş müstəntiq işləyən Əli Ömərovu prinsipial mövqeyinə görə ermənilər cəzalandırmaq - Sov.İKP sıralarından çıxarmaq istəyidilər. Həmin dövrdə partiya sıralarından xaric olunma həm də pro¬kurorluq orqanlarından qovulmaq demək idi. Hadisəni  bilən İlyas müəllim Əli Ömərovun iş yerinin dəyişdirilməsi barədə məsələ qaldırır və onun Gəncə Şəhər Prokurorluğuna baş müstəntiq vəzifəsinə təyin olunmasına nail olur. 
1983-cü ildə Əli Ömərov məhz İ.İsmayılovun dəstəyi ilə Gəncə Nəqliyyat prokuroru vəzifəsinə təyin edildi.
Əli Ömərov sonralar Respublikanın Baş prokuroru olarkən İlyas mü¬əllimin bu yaxşılığını kollegiya iclasında xüsusi qeyd etmişdi.

Başqa bir misal: Prokurorluğun adının çəkmək istəmədiyim yüksək vəzifəli şəxslərindən biri haqqında imzasız məlumat daxil olur. Həmin məlumatda göstərilirdi ki, ”N” gənclik illərində talama cinayətinə görə məhkum olub və tərcümeyi-halında bu məsələni gizlədib. Məlumatın yoxlanması həmin vaxt Respublika prokurorunun müavini  işləyən İ.İsmayılova tapşırılır. İlyas müəllim həmin şəxsi dəvət edib söhbət edir. ”N” bərk həyəcanlanır və hər şeyi etiraf edir. Belə ki, atasız böyümüş ”N” 18 yaşında çoban işləyərkən, hesabında 2 baş qoyun əskik gəlir. Kolxoz sədrinin təkidi ilə həqiqətən həmin şəxsi məhkum (şərti) olunur. Sonradan o, hərbi xidmətə gedir, orada partiya sıralarına daxil olur və hərbi xidməti başa vurduqdan sonra  ADU-nun hüquq fakültəsinə daxil olub, sonda prokurorluq orqanlarına təyinat alır və yaxşı işçi kimi fəaliyyətini davam etdirir. İlyas müəllim ona kömək edir və bu fakt işıq üzü görmür. Halbuki həmin dövrün qaydalarına görə “N” ağır partiya cəzası almaqla, orqandan xaric edilməli idi. Lakin o, ömrünün sonuna kimi prokurorluq orqanlarında xidmətini müvəffəqiyyətlə davam etdirdi.

...Hələ Respublika Prokurorunun müavini olarkən İlyas müəllimin yüksək ranqlı bədxahları əmələ gəlmişdi. 1984-cü ilin əvvəllərində İlyas müəllimin kurasiyasında olan cəzaçəkmə mü¬əs¬sisələrində qanunların icra vəziyyəti SSRİ Baş Prokurorluğu tərəfindən yoxlanılır. Yoxlamanın nəticəsi SSRİ Baş Prokuroru Rekunkovun yanında müzakirə olunurdu. Qərəzli tərtib olunmuş arayışda bütün çatışmazlıqlar İlyas müəllimin adına yazılmış, ona şiddətli cəza verilməsi nəzərdə tutulmuşdu. İlyas müəllim faktlarla və məntiqin gücü ilə bu sahədə prokurorun yeri və vəzifələri barədə danışır, arayışdakı qərəzli fikirləri alt-üst edir. SSRİ Baş Prokuroru Rekunkov deyir: “İlyas İsmayılovu cəzalandırmaq lazım deyil!”.    
Bir neçə aydan sonra Voronej şəhərində SSRİ Baş Prokuroru Rekunkovun iştirakı ilə müttəfiq və muxtar respublika prokurorları müavinlərinin  müaşavirəsi keçirilirdi. Rekunkov müşavirədə çıxış edənlərin demək olar ki, hamısına iradını bildirir və kəskin forma¬da tənqid edirdi. Çıxışçılar siyahısında olmasa da, Baş Prokuror İlyas müəllimi tribunaya dəvət edir. İlyas müəllimin çıxışından sonra ona heç bir irad tutulmur. Bu, onu göstərirdi ki,  Rekunkov yüksək səviyyəli hüquqşünas kimi İlyas müəllimə böyük rəğbət bəsləyirdi.
Həmin ilin sonunda İlyas müəllim ehtiyatda olan respublika prokurorlarının bir aylıq kursuna dəvət olunur. Kursda olarkən Rekunkov iki dəfə onu qəbul edir və nəhayət, 1985-ci ilin yanvar ayında İlyas İsmayılov Respublika Prokuroru vəzifəsinə təyin edilir. 
Haşiyə: A.M.Rekunkov 1988-ci ildə vəzifədən çıxandan bir mü¬d¬dət sonra İlyas müəllim SSRİ Baş Prokurorluğunda işləyən Azər Köçərli ilə onu yoluxmağa gedir. Söhbət əsnasında Rekunkovun ona olan xoş münasibətinin səbəbini soruşur. Rekunkov belə ca¬vab verir: “1939-1940-cı illərdə Tiflisdə Topçular məktəbində oxuyarkən Allahverdiyev soyadlı azərbaycanlı dostum olub. Həmin vaxtdan mən azərbaycanlılara qarşı həmişə xüsusi rəğbət bəslə¬mi¬şəm”.
Qeyd etmək yerinə düşər ki, Qdlyanlar və İvanovların Respubli¬kamıza gəlişinin qarşısının alınmasında A.M.Rekunkovun Azər¬bay¬cana və şəxsən Respublika prokuroru İ.İsmayılova olan səmimi münasibətinin rolu çox olmuşdur (bu barədə geniş söhbət açacağam. Ə.M).
İlyas müəllimin Respublika prokuroru vəzifəsinə təyinatı bir çox¬la¬rının ürəyincə deyildi. Belə ki, bu məsul və şərəfli vəzifəyə yeddi nəfərin namizədliyi var idi. Onların hamısı altmış yaş üstündə böyük həyat təcrübəsi olan insanlar idi. İlyas müəllimin üstünlüyü isə prokurorluqda iş təcrübəsi və savadlı olması idi. Bu təyinatla əlaqədar Azərbaycanın Əməkdar hüquqşünası, prokurorluq orqanlarında qırx yeddi il iş təcrübəsi olan və on iki  Baş prokurorla işləmiş İdris Əsgərov  “Ömür salnaməmin acılı-şirinli səhifələri” kitabında yazır: “Respublika prokuroru vəzifəsinə təyin edilmiş şəxslər arasında İlyas Abbas oğlu İsmayılovun üstünlüyü onunla şərtləşirdi ki, o, prokurorluq orqanlarında sıravi şöbə prokuroru vəzifəsindən başlayaraq, Respublika prokuroru vəzifəsinədək, elm sahəsində Elmlər Akademiyasının Fəlsəfə və Hüquq institutunun kiçik elmi işçisi vəzifəsindən hüquq elmləri doktoru alimlik dərəcəsinədək şərəfli bir yol keçmişdi. Bu yüksəliş yollarında o, praktiki işin bütün təfərrüatlarını, hüquq elminin bütün incəliklərini mənimsəyərək, kamil bir hüquqşünas kimi for¬ma¬laşmışdı. Praktiki səriştə və elmi hazırlıq İlyas İsmayılova xas olan ali insani keyfiyyətlərlə birlikdə ona Respublika prokuroru kimi məsul bir vəzifəni ləyaqətlə yerinə yetirməkdə təminatçı amillər olmuşdu. İstər prokurorluğun işinin təşkili, istərsə də cinayətkarlıqla mübarizə, cəmiyyətin maraqlarının, insanların hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı məsələlər üzrə İ.İsmayılovun qəbul etdiyi qərarlar həm praktiki, həm də elmi baxımdan ədaləti təcəssüm etdirən vahid düzgün qərarlar olurdu.
İlyas İsmayılovun qanun və ədalət naminə fədakar fəaliyyəti, ciddi çətinliklərin olmasına baxmayaraq zəruri qərarların qəbul edilməsi və onların icrasının təmin edilməsi, qanunsuzluqlara qarşı barışmaz prinsipiallıq göstərməsi haqqında ətraflı məlumatlar bir qədər əvvəl, xüsusilə Respublikanın həyatında baş vermiş fövqəladə hadisələr, o cümlədən 20 yanvar qırğını, Sumqayıt fitnəkarlığı, Qarabağ hadisələri, cəmiyyətdə baş verən qarşıdurmalar haqqında yazılarda verilmişdir. Müşahidələrim göstərdi ki, I.İsmayılova xas olan vətənpərvərlik hissləri bu qanlı faciələrin təsiri altında vətən yanğısına çevrilmişdi və onu bu cinayətlərin günahkarlarına qarşı barışmaz və mübariz mövqe sahibi etmişdi”.
Əslində, İlyas müəllimi böyük çətinliklər gözləyirdi. Söhbətlərinin birində etiraf etdi ki, ilk aylar təyinatına görə peşmançılıq keçirirmiş. Bunun səbəbləri var idi. İlyas müəllim “hamı necə mən də elə” prinsipi ilə yaşayıb işləyə bilməzdi. Onun daxili dünyası və ağlı “hamının qanun qarşısında bərabərliyi”ni həyat normasına çevirmək idi. 
Xitam etməmək əl-ayağı təmizliyin, ciddi cəza istəmək prinsipiallıq və partiyalılığın əlaməti hesab edildiyi, məhkəmələrin fəaliyyətinə həbs faizinə görə qiymət verildiyi bir vaxtda əlbəttə İlyas müəllimin hərəkətləri qıcıq doğurmaya bilməzdi.
Qanunla heç bir yerli orqandan asılı olmasa da, partiyalılıq  deyilən bir məsələ prokurorluğun tam fəaliyyət göstərməsinə mane olurdu. Fikrimi konkret misallarla izah etmək istəyirəm: 
Kecən əsrin 60-cı illərinin əvvəllərində üç nəfər gənc vətəndaş “Valyuta əməliyyatı haqqında qaydaları pozma” ilə məsuliyyətə cəlb edilirlər. Həmin dövrdə bu əmələ görə 8 ilə qədər azad¬lıq¬dan məhrum cəzası tətbiq olunurdu. Bu məsələ sovet rəhbərliyini narahat etdiyindən, iş üzrə istintaq aparıldığı vaxt - 1961-ci ilin may və iyul aylarında RSFSR Cinayət Məcəlləsinin müvafiq maddəsinin, o cümlədən, Azərbaycan SSR Cinayət Məcəlləsinin 81-ci maddəsinin sanksiyası artırılaraq əvvəlcə 15 il, daha sonra  ölüm cəzası həddinə çatdırıldı. Məhkəmədə dövlət ittihamını müdafiə edən SSRİ Baş prokuroru R.A.Rudenko hər üç müttəhimə ölüm cəzası təyin edilməsini xahiş etdi. Məhkəmənin hökmü ilə hər üç müttəhim ölüm cəzası ilə cəzalandırıldı və hökm icra olundu.
Ədalət mühakiməsinin “qızıl qaydası” sayılan və iki min il əvvəl Qədim Roma dövlətində qanunvericiliklə öz təsbitini tapan “Ağırlaşdırıcı halda qanunun geriyə qüvvəsi yoxdur” prinsipi kobud şəkildə pozulmuşdu.    
Başqa bir misal: Sov.İKP MK və SSRİ Nazirlər  Sovetinin hər hansı birgə qərarı, məsələn, “Möhtəkirliyə qarşı mübarizə tədbirlərini daha da gücləndirmək haqqında” elan olunan kimi SƏDM (Sosialist Əmlakının Dağıdılması ilə Mübarizə İdarəsi) əməkdaşları üç-beş ayaqqabı, on-on beş dəstə göyərti satanların hərəkətini protokollaşdırır, istintaq orqanı da məcbur qalıb cinayət işi başlamalı olurdu. Buradan o nəticə cıxır ki, hətta ən yüksək səlahiyyətlərə malik prokurorluq da sistemə qarşı çıxa bilmirdi.
“Toxunulmazlıq” mövqeyində olan yerli təşkilatların birində ümumi nəzarət qaydasında yoxlama aparılırdı. Yoxlama başlayandan bir gün sonra Respublikanın rəhbəri, MK-nın 1-ci katibi K.Bağırov telefonla İlyas müəllimlə yüksək səslə danışır. İlyas müəllim işdən çıxması barədə ərizə ilə K.Bağırovun yanına gedir və ona izah edir ki, prokurorla belə danışmaq olmaz. Tezliklə Kamran Bağırov kimin-kim olduğunu bilir, İlyas İsmayılov şəxsiyyətini dəyərləndirir, ona önəm verir və bu hissləri ömrünün sonuna qədər saxlayır.    

ARDI VAR...