13 Iyun 2024 11:29
289
GÜNDƏM

"Vətəndaşa hər hansı əlavə maliyyə öhdəliyi yaratmaq fikrimiz yoxdur" - Nazir müavini

“Əslində bu gün inkişaf etmiş ölkələrdə elektron dövlət xidmətləri vətəndaşa pulsuz təqdim olunur. Vətəndaş elektron dövlət xidmətindən pulsuz olaraq istifadə etməlidir. Hətta xaricdə tətbiqlər (application) internetsiz, “offline” rejimdə çalışır. Vətəndaş internet xərci ödəmədən dövlət xidmətinə çıxış əldə etməlidir”. 

Adalet.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında deputat Vüqar Bayramov deyib. O bildirib ki, elektron imza xərcdir və elektron imzanın xərci son illər artıb:

“Biz əslində əmək müqavilələrini elektronlaşdırmaqla elektron imzaya məcbur edirik. Elektron imzanın məcbur edilməsi xüsusən də aqrar sektorda çalışan 38 % insanımız üçün əlavə xərc yaradır. Sualım bundan ibarətdir ki, ümumiyyətlə elektron əmək müqavilələrin “offline” rejimdə işləməsi, elektron imzanın əvəzlənməsi nəzərdə tutulubmu? Əgər əvəzlənmə olmayacaqsa, elektron imzanın xərclərinin azaldılması ilə bağlı müzakirələr gedirmi?”

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev cavab olaraq bildirib ki, nazirliyin vətəndaşlara təqdim etdiyi bütün xidmətlər ödənişsizdir: "Elektron platformalardan istifadə üçün də ödəniş yoxdur. Əmək müqavilələrinin elektron əmək müqaviləsinə keçidi layihəsi çərçivəsində vətəndaşlar üçün hər hansı xərcin təyin edilməsi nəzərdə tutulmayıb. Bu çərçivədə elektron imzanı alacaqlarsa, onun üçün hər hansı ödəniş edilməyəcək. Burada vətəndaşa münasibətdə hər hansı əlavə maliyyə öhdəliyi yaratmaq fikrimiz yoxdur".