adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
05 Noyabr 2022 07:51
714
HÜQUQ

Vətən müharibəsində regional və beynəxlaq faktorlar

30 ildən çox bir müddətdə həllini tapmayan və dondurulmuş münaqişə kimi qələmə verilən Qarabağ məsələsi Azərbaycan ordusunun uğurlu əks-hücum əməliyyatı ilə çox qısa zamanda Azərbaycanın xeyrinə həll olundu.

2020-ci il sentyabrın 27-də atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan Ordusunun mövqelərinə və sərhəd xəttində mülki yaşayış məntəqələrinə hücumundan sonra Azərbaycan tərəfi əks-hücum əməliyyatına başladı. 44 günlük Vətən müharibəsi tərəflər arasında 9 noyabr 2020-ci il tarixində bağlanmış Anlaşma Memorandumu ilə sona çatdı. Cəbhədə məğlubiyyətə düçar olan Ermənistan hərbçiləri beynəlxalq humanitar hüquq normalarını kobudcasına pozaraq dinc sakinləri və mülki infrastrukturu hədəf almışdılar. Ermənistan müharibə zamanı müharibə zonalarından uzaqda olan əhalinin sıx məskunlaşdığı əraziləri hücuma etmiş, sözügedən şəhər və kəndlərdə qadağan olunmuş kasetli silahlar və orta mənzilli raketlər kimi silahlardan istifadə etmişdir.

Xüsusilə, Bərdə və Gəncə şəhərlərinə kasset bombaları və ballistik raket hücumları nəticəsində uşaqlar və qocalar da daxil olmaqla ümumilikdə 100 dinc sakin həlak olub, 416-ya yaxın mülki şəxs yaralanıb, 3000-ə yaxın mülki obyekt dağıdılıb. Bu, silahların istehsalı, ticarəti və istifadəsi 1925-ci il Cenevrə Protokolu və 2008-ci il “Kasetli Bomba Qadağası Konvensiyası” ilə qadağan edilmişdir. Bu hərbi cinayətlər Roma Statutunun 8/2/b maddəsinin kateqoriyasına daxil olan cinayətlərlə aid olmaqla, yaşamaq hüququnu tənzimləyən “Avropa İnsan Hüquqları Konvensiyasının” 2-ci maddəsini, “Birləşmiş Millətlər Təşkilatının Ümumdünya İnsan Hüquqları Bəyannaməsi”nin 3-cü maddəsini və 1966-cı il “Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Konvensiya” aktının 6 maddəsini; həmçinin, “Avropa İnsan Hüquqları Konvensiyasının” ayrı-seçkiliyin qadağan edilməsi ilə bağlı 14-cü maddəsini və “Birləşmiş Millətlər Təşkilatının Ümumdünya İnsan Hüquqları Bəyannaməsi”nin 2-ci maddəsinin pozulması deməkdir.

Ermənistan ordusu döyüş meydanlarında Azərbaycanın mədəni və təbii sərvətlərinə xələl gətirəcək hücumlardan yayınmayıb, mədəni və arxeoloji əhəmiyyət kəsb edən tarixi tikililər dağıdılıb, mədəni irsə qarşı terror fəaliyyətləri, o cümlədən dini abidələrin yandırılması və qeyri-qanuni istifadə edilməsi həyata keçirib. Bunlardan əlavə, Kəlbəcər Laçın və Ağdam ətrafında meşələrin qəsdən yandırılması, ağacların kütləvi şəkildə kəsilməsi, torpaqların yararsız vəziyyətə salınması kimi ekoloji cinayətlər törədib, “Dünyanın mədəni və mədəni irsinin mühafizəsi haqqında” Haaqa Konvensiyasının müvafiq müddəalarını kobud şəkildə pozub.

Digər pozuntu isə zirehli təcili yardım maşınlarına üzərində Qırmızı Xaç simvolu olan silah qüllələrinin quraşdırılmasıdır. Sadiqlik prinsipinə uyğun olaraq üzərində Qızıl Aypara, Qızıl Xaç və ya Qırmızı büllur işarələri olan nəqliyyat vasitələri ilə döyüşən tərəflərin ordularının yaralı və ölənlərinin təxliyyəsinə icazə verilir, səhiyyə işçilərinə zərər vurulmamalıdır. Erməni tərəfi bu qaydalardan irəli gələn hüquqlarından sui-istifadə edərək, üzərində Qırmızı Xaç simvolu olan nəqliyyat vasitələrinə yerləşdirilmiş silah qülləsi vasitəsilə zədələnməsi qadağan edilən bu nəqliyyat vasitələrini təhdid və hərbi hədəfə çevirib və 1949-cu il tarixli I Cenevrə Konvensiyasının müvafiq maddələrimim 38 sayılı II Əlavə Protokolun 12-ci maddəsinin pozuntusu müşahidə olunmuşdur. Ermənistanın hərbi cinayətlərindən digəri silahlı münaqişələrdə uşaqlardan istifadə etməsidir. Bu əməl I Protokolun 77-ci maddəsinə əsasən, döyüşçülər on beş yaşına çatmamış uşaqların birbaşa münaqişələrdə iştirak etməməsi üçün bütün tədbirləri görməli və onların hərbi qüvvələrə cəlb edilməsindən yayınmalıdırlarnormasının kobud pozulmasıdır. Ermənistan bu cür hərəkətləri ilə “Uşaq Hüquqları Konvensiyası”nın 38-ci maddəsini və uşaqların hərbi fəaliyyətdə istifadəsini müharibə cinayəti kimi müəyyən edən Roma Statutunun 8/2/b maddəsini də pozur. Ermənistanın mülki yaşayış məntəqələrini bombalaması, birbaşa mülki əhalini hədəf alan hücumlar, silahlı qarşıdurma metodu kimi həyati əhəmiyyətli infrastruktur elementlərini hədəfə alaraq mülki əhalinin əsas ehtiyaclarının qarşılanmasını əngəlləmiş, beynəlxalq hüquqla qadağan olunmuş silahlardan istifadə edilməsi, səhiyyə obyektlərinə və nəqliyyat vasitələrinə hücumları müharibə cinayətlərini təşkil edən hərəkətlər olmuşdur.

Beynəlxalq hüquqa görə, müharibə başlayan andan mülki statusu olan hər kəsə humanist münasibət göstərilməli, mülki obyektlər müharibənin təsirindən qorunmalıdır. Xüsusilə, beynəlxalq silahlı münaqişə hüququ ilə xüsusi himayə altında olan qadınlar və uşaqlar hücuma məruz qalmamalı, onların həyat və bədən toxunulmazlığına qarşı hərəkətlərdən qaçınılmalıdır. Lakin Ermənistan ordusunun mülki yaşayış məntəqələrini hədəfə aldığı hücumlar nəticəsində çoxlu sayda ölən və yaralananlar arasında qadın və uşaqlar da var. Beynəlxalq hüquqa əsasən, insanların həyatı üçün zəruri olan sərvətlər məhv edilməməli, təbii mühitə zərər verəcək addımlaratılmamalıdır. Ermənilər isə I Əlavə Protokolun 54-cü maddəsi ilə qadağan edilən “yandırılmış torpaq” taktikasından istifadə edərək təbii mühitə ciddi ziyan vurmuş, sahib olmadıqları torpaqlarda hər şeyi məhv ediblər.

Azərbaycanın Qarabağda qələbə qazanmasında ölkəmizin hərbi qüdrəti əsas amillərdən biri olub. Məsələn, ABŞ-ın “Global Fire Power” tədqiqat təşkilatının hazırkı hərbi güc indeksində Azərbaycan 64-cü, Ermənistan isə 111-ci yerdədir. Açıq məlumatlara görə isə, Ermənistanın 500 milyon dollar, Azərbaycanın isə illik 2,7 milyard dollar hərbi büdcəsi var. Bu xərclərin konkret nəticəsi kimi, Azərbaycan əməliyyat meydanında hərbi üstünlüyə malik idi. Azərbaycan ordusunun əməliyyat nəticəsində Ermənistana məxsus təxminən 5 milyard dollarlıq silah-sursatı məhv etdiyini və ələ keçirdiyini nəzərə alsaq, Ermənistanın itkisini daha yaxşı anlamaq olar.

Otuz iki ildən sonra Qarabağ məsələsinin hərbi qələbə ilə həllini təmin edən regional amillərdən birincisi və ən güclüsü şübhəsiz ki, Türkiyənin dəstəyidir. Bu Türkiyə ilə Azərbaycan arasında 2010-cu ildə imzalanmış Strateji Tərəfdaşlıq və Qarşılıqlı Yardım Sazişinə əsaslanır. Türkiyə bütün müharibə boyu Azərbaycana diplomatik dəstək verib.

Digər mühüm regional faktor isə münaqişə zamanı Rusiyanın passiv siyasəti olub. Rusiyanın Ermənistanda Nikol Paşinyan administrasiyası ilə yaşadığı siyasi problemlər hər kəsə məlumdur. 2018-ci ildə küçələrdən aldığı dəstəklə hakimiyyətə gələn Paşinyan hər zaman qərbyönlü siyasətçi kimi görünüb. Hətta onun siyasi cinayətkar kimi axtarışa verildiyi vaxt ABŞ səfirliyində gizləndiyi barədə iddialar da mövcuddur.

Qələbədən sonra təsirli və qeyd edilməli olan digər regional faktor İranın münaqişələrlə bağlı dilemması və daxili təhlükəsizlik narahatlıqlarının ortaya qoyduğu siyasi zəifliyidir. İranın münaqişə boyu tutduğu mövqeyə nəzər saldıqda görünürdü ki, Cənubi Qafqazda təsirini artırmaqdansa, ilk növbədə İsrailin Azərbaycana dəstəyindən və sərhəd bölgəsindəki münaqişələrin Azərbaycan regionlarına da sirayət edəcəyindən narahatdır. O, Rusiyadan Qarabağ bölgəsinə sərhəddən yardımların çatdırılmasında rol oynasa da, daxili təhlükəsizlik baxımından münaqişənin birbaşa iştirakçısı kimi görünməməyə çalışırdı. Bu baxımdan, İran coğrafi yaxınlığına görə münaqişədən sonrakı geosiyasi tənlikdə iştirak edə bilmədi, daxili təhlükəsizlik narahatlığına görə yüksək səviyyəli danışıqlara başlaya bilmədi və münaqişədə balansı dəyişdirə biləcək siyasət irəli sürə bilmədi.

Azərbaycanın Qarabağda qələbə qazanmasında rol oynayan beynəlxalq amilləri də nəzərdən qaçırmaq olmaz. Azərbaycanın qələbəsində Ermənistanın Qarabağda ümid etdiyi ölkələr sırasında yer alan ABŞ-ın passivliyi mühüm rol oynayıb. Çünki əməliyyat başlayandan dərhal sonra İrəvan administrasiyası Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Minsk qrupunun üzvü olan ABŞ-ın Rusiya və Fransa ilə birlikdə prosesdə fəal iştirak edəcəyinə və dəstəklənəcəyinə ümid edirdi. Lakin 2020-ci il ABŞ prezident seçkisi Donald Tramp və Co Bayden arasında baş-başa getdiyindən Tramp administrasiyası seçki nəticələrini təhlükə altına sala biləcək addım atmaqdan çəkindi. Paralel olaraq, ABŞ seçkiyə görə daxildə baş verənproseslərə üstünlük verdi. Əslində, ABŞ-dakı yüksək rütbəli erməni siyasətçilərin və erməni lobbi təşkilatlarının fəal cəhdlərinə baxmayaraq, Tramp administrasiyası tərəflər arasında atəşkəsin əldə olunmasına cəmi bir dəfə öncüllük edib. Lakin bir neçə saat sonra atəşkəs uğursuz oldu.

İrəvan administrasiyası axtardığı beynəlxalq dəstəyi tapa bilmədi. Bu kontekstdə, həmin dövrdə Ermənistan prezidenti olmuş Armen Sarkisyan özü əməliyyatın gərginləşdiyi dövrdə NATO-nun baş katibi Yens Stoltenberqlə görüşüb dəstək istədi ki, NATO Qafqazı Rusiyanın arxa bağçası kimi gördüyü üçün “bölgədən kənar” konsepsiyasını irəli sürməklə mümkün müdaxiləyə yanaşmadı və qapıları Ermənistanın üzünə bağladı.

NATO kimi, Avropa İttifaqı də Qarabağ məsələsində tərəf tutmamaqla institusional olaraq neytral qaldı. Yalnız üzv dövlətlərdən biri olan Fransa erməni lobbisinin təsiri və regiondakı real-siyasi məqsədləri sayəsində prosesə cəlb edilmiş və Ermənistana siyasi və hərbi dəstək vermişdir. Avropa Parlamentinin üzvləri Ermənistanı dəstəkləmək üçün qərarlar qəbul etməyə cəhd etsələr də, Aİ-nin icra hakimiyyətləri bu səylərə qiymət vermədi. yib. Münaqişələr davam edərkən Azərbaycanın “Şahdəniz 2” yatağından təbii qazı Avropaya daşıyacaq Trans-Adriatik təbii qaz kəməri layihəsi tamamlandığından, Almaniya kimi xaricdən əldə edilən təbii qazdan asılı olan ölkələr enerji təchizatının davamlılığı və müxtəlifliyi üçün Bakıya qarşı durmaq istəmədi. Ona görə də Aİ və bir çox üzv dövlətlərin Qarabağ məsələsində ehtiyatlı davranmasını iqtisadi-siyasi narahatlıqlar çərçivəsində hesab edə bilərik. BMT-yə nəzər saldıqda qurumun artıq qəbul etdiyi qərarlarla ilk gündən işğala qarşı olduğu görünür. Məsələn, BMT Təhlükəsizlik Şurası (BMT TŞ) 30 aprel 1993-cü il tarixli qətnaməsi ilə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Ermənistan tərəfindən qanunsuz işğal edildiyini qəbul edərək, Ermənistan silahlı qüvvələrinin bu bölgədən dərhal çıxarılmasını tələb edib. Bu baxımdan Ermənistanın BMT-dən dəstək almasından söhbət gedə bilməzdi. Bundan başqa, Ermənistan əməliyyat başa çatana qədər Azərbaycanın bölgədəki mülki insanları hədəf alması ilə bağlı saxta xəbərlər yaymaqla BMT-nin diqqətini cəlb etməyə çalışsa da, onlara hörmət olunmaması İrəvanda etimadsızlığın nümayiş etdirilməsi baxımından mühüm detaldır.

Nəticədə milli, regional və beynəlxalq olmaqla üç səviyyədən ibarət olan bütün bu amillər 44 gün kimi qısa müddətdə əməliyyatın müvəffəqiyyətini başa düşməyi asanlaşdırır. Qeyd etmək lazımdır ki, bütövlükdə bütün bu amillər, eləcə də cəbhədəki hərbi uğur və strategiyalar Azərbaycan xalqının qələbəsində həlledici rol oynayıb.

 

Tofiq Mustafayev,

Bakı Xoreoqrafiya Akademiyasının hüquqşünası