30 Oktyabr 2025 14:27
86
HÜQUQ

Məhkəmədə Tovuz döyüşlərindən sonra lentə alınmış videomaterial nümayiş etdirilib

Oktyabrın 30-da Bakı Hərbi Məhkəməsində Ermənistan Respublikası vətəndaşlarının ittiham olunduğu cinayət işi üzrə məhkəmə prosesi sənədlərin elan olunması ilə davam etdirilir.

Adalet.az xəbər verir ki, məhkəmə iclasında təqsirləndirilən şəxs Davit İşxanyanın müraciəti əsasında 2020-ci ildə Tovuz hadisələrindən (Tovuz döyüşləri – red.) sonra lentə alınmış videomaterial tədqiq olunub. Xatırladaq ki, D.İşxanyanın vəkili oktyabrın 24-də keçirilən məhkəmə iclasında həmin videonun tədqiqi üçün vəsatətlə çıxış etmişdi.

“Youtube” sosial şəbəkəsində 2020-ci il avqustun 28-də yerləşdirilmiş video nümayiş etdirilib. Videomaterialda Ermənistanın Baş naziri Nikol Paşinyan tərəfindən Sərdarabadda Ermənistan hərbçiləri təltif edilir. Arayik Harutyunyanın da iştirak etdiyi tədbirdə çıxış edən Nikol Paşinyan bildirib ki, təltif olunanların hamısı iyul döyüşlərinin fəal iştirakçılarıdır.

Dövlət ittihamçısı Vüsal Abdullayev təqsirləndirilən şəxs Arayik Harutyunyana suallar ünvanlayıb. Əvvəlcə qeyd edib ki, videoda iyul döyüşlərində iştirak edən Ermənistan hərbçiləri təltif olunur. “Həmin tədbirə hansı məqsədlə və hansı statusla dəvət olunmuşdunuz?

2020-ci il iyunun 19-da Ermənistan Respublikası və qondarma qurumun birgə Təhlükəsizlik Şurasının iclası keçirilib. Orada iştirakınızın məqsədi nə idi? Siz məhkəmə istintaqı zamanı bildirmisiniz ki, iyul döyüşlərinin qondarma rejimlə heç bir əlaqəsi olmayıb. Bu iclas hansı zərurətdən yaranmışdı və hansı məsələlər müzakirə edilib?”, - deyə dövlət ittihamçısı suallar verib.

Təqsirləndirilən şəxs cavabında bildirib ki, qondarma qurumun “nümayəndələri” Ermənistan Respublikasında keçirilən bu cür tədbirlərə daim dəvət olunurdu. İclasda isə Ermənistan Respublikasının təhlükəsizlik məsələləri, ordunun hazırlıq vəziyyəti və ehtimal olunan müharibə ssenariləri müzakirə edilib.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.