14 Avqust 2014 02:00
4114
ƏDƏBİYYAT

Vətən daşlarına və torpağına vətəndaş sevgisi

XX yüzilin görkəmli şairlərindən birinin söylədiyi kimi, hər bir gözəl şeir əslində Vətən haqqında şeirdir. Rəşad Məcidin gözəl şeirlərindən birinə seçdiyi epiqrafı burada xatırlatmaq yerinə düşər: "Ay işığı, Gün işığı, iydə qoxusu Bu yurd bizimdir". İstedadlı şair Dilsuzun qələmindən çıxmış bu gözəl ürək sözlərini Rəşadın öz sətirləri də qüvvətləndirir:

Dikələn çiçəklər, güllər, ağaclar
Yaşadır özündə yurdun ətrini...

Vətəndən kənarda heç bir qeyri-adi sənət və fövqələdəbiyyat yoxdur. Vətənsiz ədəbiyyat olmadığı kimi - elə ədəbiyyatsız da Vətən olmur. Bütün mənəvi-bədii dəyərlərlə birlikdə ədəbiyyat da möhtəşəm Vətən anlayışını formalaşdıran təməl ünsürlərdən biridir. Elə bu səbəbdən də bir çox sənətkarlar ədəbiyyatın özünü də Vətənin bir üzvü, bir parçası sayırlar. Vətənin və millətin taleyində əbədiləşən söz ustalarının yaradıcılığı da ana Vətənin özü kimi doğma və müqəddəsdir. Milli mənəviyyatımızın başlanğıcı "Dədə Qorqud kitabı", milli qürur və iftixarımızın zirvəsi Seyid İmadəddin Nəsimi, Azərbaycan dövlətini, hərbi-siyasi, mədəni qüdrətini yenidən bütün dünyada məlum və məşhur edən Şah İsmayıl Xətai, ana dilimizin və sözümüzün peyğəmbəri Mövlana Məhəmməd Füzuli, milli namusumuz və şərəfimiz rəmzləri Mirzə Cəlil və Mirzə Ələkbər Sabir, Şərq bədii dünyasından Avropaya pəncərə açan və Azərbaycanın sənət qüdrətini çağdaş, sivil zirvələr dərəcəsinə yüksəldən Mirzə Fətəli Axundov və Hüseyn Cavid, təkbaşına öz Vətəninin və bütün Şərqin yeni mədəniyyətini yaratmağa nail olan Üzeyir bəy Hacıbəyli, yeni poetik söz sənətimizin baniləri Səməd Vurğun və Rəsul Rza elə Vətənin özüdür. Aydın olur ki, milli söz sənəti Vətəni təşkil edən dörd əsas elementdən biridir; torpaq birliyi, milli mənəviyyat və dil birliyi, xalq və ədəbiyyat. Zamanlar dəyişir, bircə Vətəni öz çiyinlərində yüz illərdən yüz illərə daşıyan bu sütunlar öz əhəmiyyətini itirmir, onlardan heç biri əksilmir, sıradan çıxmır, əvəzlənmir, ana torpaq, ana xalq, dil və mənəviyyat, ədəbiyyat... Bütün bunlar birlikdə Vətəndir... Vətən bunların cəmidir.
Rəşad Məcidin 1993-cü ilin əvvəllərində nəşr olunmuş "Hələ ki, vaxt var" ("Mərhəmət", 1993, №1) adlanan ilk şeirlər kitabına daxil olan "Vətən", "Bu kədərin", "At, saz, qılınc", "Hanı", "Aşıq Ədalət", "Yanıq Kərəmi", "Bayatı deyəndə qarı nənələr", "Ürəyimin qabarı", "Torpaqdan qalxan günəş", "Atama", "Vazeh" və b. şeirlərdə Vətənin mənəvi rəmzləri, Vətənin insanlardakı əksi, əgər belə demək mümkünsə, yurd övladlarının vətənləşməsi tərənnüm olunmuşdur. "Cıdır düzü", "Yol qırağında", "Yurd yeri", "İydə ağacı", "Bir ovuc torpaq", "Mən Arazı belə gördüm", "Çay yanımda", "Yüz bəlalı məzar" və s. şeirlərdə isə doğma torpaqlarda əks edən, gözlə görünən varlıqlara çevrilən Vətən vəsf edilmişdir. Rəşadın şeirlər toplusu elə "Vətən" adlı gözəl bir şeirlə başlanır:
Açıb qollarımı qucaqlayaram,
Sıxaram köksümə genişliyini.
Çən kimi çökərəm, su tək hoparam,
Bu yurd sinəsində bitirər məni.
Vətən duyumunun təkrarsız poetik təcrübəsidi bu sətirlər; doğma ananı bağrıan basan tək doğma Vətəni qucaqlamaq, köksünə sıxmaq hissi şeirin saf və səmimi övladlıq ehtiyacından doğulduğunu göstərir. Ana torpağa çən kimi çökmək, su kimi hopmaq... Bu doğma və məhrəm məkanda ot kimi, ələf kimi, gül kimi, çiçək təki, bitmək ehtirası Vətənə münasibəti şəkilləndirir. Bu misralar insanın bütün vücudu ilə öz doğma məskənini duymaq, hiss edə bilmək qabiliyyətini də əks etdirir. Ana torpağa bağlılığın bütün instinkt və hissiyyat kompleksi, onun sövqi-təbii, anadangəlmə, irsi layları gözlərimiz önündə əyani şəkildə canlanır... Gənc şair saf təbii duyğularını bəyan etməklə kifayətlənsəydi, sadəcə Vətən haqqında səmimi bir şeir yaranardı. Amma o Vətənin tam obrazını, bütün mürəkkəbliyi ilə, tragizmi ilə yaratmağı qarşısına məqsəd qoyub. Müəllifin növbəti bənddə seçdiyi epitetlər onun təkcə Vətənə baxışını ifadə etmir. Sanki Vətənin tarixi tərcümeyi-halını göz önümüzə gətirir:
Qəlbimə sıxılıb qaynayır qanım,
Tərsinə kükrəyən vulkan kimiyəm.
Üzümdə daşlaşıb, içimdə yanıb,
Qədim dərdlərimin od heykəliyəm.
Gördüyünüz kimi, seçilən istiarə və ifadələr lirik qəhrəmanın əhvali-ruhiyyəsini, eyni zamanda, Vətənin tragik bioqrafiyasını parlaq şəkildə əks etdirir; qəlbə sıxılan, qaynayan qan, tərsinə kükrəyən vulkan, üzdə daşlaşmış, amma içdə - içərilərdə yanan, közərən qədim dərdlər və indi siz şairin yuxarıdakı metaforik ifadələrlə cızdığı faciəvi milli portreti göz önünüzə gətirin: qədim, daşlaşmış, sərtləşmiş dərdlərdən hörülmüş, yapılmış bir od heykəli... Lirik qəhrəman öz iztirablarını və faciəvi yaşantılarını təsvir etməklə ana Vətəninin real vəziyyətini də ifadə etmiş olur. Gənc lirik "mən" Vətənin surətini birbaşa yox, öz qəmgin - matəmzədə ovqatındakı inikası vasitəsi ilə yaratmağa nail olur. Lirik "mən"in tragizmi baş obrazın xarakterini də səciyyələndirir. Şair onu əzaba salan dərdlərini bir-bir açır, əsrlərin gizlətdiyi matəm və qəm qatlarını bizə məlum eyləyir:
Tarixi gizlənib qala daşında,
Boylanır bu günə əli qaşında,
Bir vaxt var yığımı, var savaşında,
Sorulmuş nar kimi büzüşən Vətən.
Vətən surətini şəkilləndirən növbəti cizgilər daha tragik poetik elementlərdən formalaşmışdır. Möhtəşəm keçmişlər Vətəni hazırkı aciz və yazıq vəziyyətindən qurtara bilmir. Ulu və böyük tarixlər möhtəşəm məbədlərimizin, əlçatmaz qalalarımızın, ağ, göy, qırmızı saraylarımızın daşında-divarında gizlənməkdədir. Bizim yolumuza göz dikməkdən yorulub, zamanların qatlarından bu günə boylanan Vətən... Namərd, naxələf övladların, qeyrətsiz oğulların var-dövlət davasında əzilən, büzüşən Vətən... Sərvət, hakimiyyət döyüşlərinin xarabaya çevirdiyi Vətən... Müəllifin sərrast ifadə etdiyi tale: "Sorulmuş nar kimi büzüşən Vətən". Bu poetik ifadənin sərt reallığı diqqəti cəlb edir. Xüsusən, XX yüzildə milli tariximizin inikasında, Vətənin həyati obrazını yaratmaqda bu cür təcrübələrə az rast gəlirik. Etiraf etməliyik, biz çox vaxt tariximizin və Vətənimizin işıqlı tərəflərini, qürur və iftixar duyduğumuz mərhələlərini, ürəkdən sevdiyimiz cəhətlərini təbliğ və tərənnüm etməyə çalışmışıq. Vətənimizin vəə millətimizin nöqsanlarını, kəsir cəhətlərini, adımıza-şanımıza kölgə salan əməllərimizi dilə gətirməyə, açıq-aydın söyləməyə gücümüz çatmayıb.
"Arzudu - daddıqca o dadlanandı",
İkiyə bölünüb bir adlanandı,
Bu tayda sevinci qanadlanandı,
O tayda vuruşan, döyüşən Vətən.
Bu bənddə Azərbaycan tarixinin və taleyinin təkrarsız faciələri gözlərimiz önündə canlanır. İki yüz illik müsibətlər silsiləsinin aqibət və nəticələrini milli qismətimizin acı meyvələrini bu gün də dadmağa məhkumuq. Vətən birdir, ona görə də Vətən haqqında düşünərkən insan qəlbində ilk baş qaldıran duyğu birlikdir. Vətənin ikiyə bölünməsi bu birlik anlayışının zədələnməsi və zəifləməsi deməkdir. İkiyə bölünüb bir adlanmaq isə misilsiz faciədir. Şimalı Cənub qədər, Cənubu isə Şimal qədər kişilən Vətən. Didib parçalanmış və bölünmüş Vətəndə bütövlük və vahidlik duyğusu solub-saraldığına görə o tayda ölüm-dirim savaşları gedə-gedə bu tayda toylar çalınır, şadlıq, şənlik səsləri ucala bilir... Bu tayda qardaşlar, bacılar düşmən tanklarının altında qalıb xıncım-xıncım əzilərkən, parça-parça olarkən o tayda səbr, dözüm tükənmir, damarlarda qan coşmur, sakit-sakit axır, milli şüurun sükunəti parçalanmır... Belə bir Vətəndə insan normal düşüncə tərzini itirib, var olmaq, yaşamaq üçün təbiətin və ağılın məntiqinə uyğun olmayan yollardan keçib gedir. Yalnız şimal və cənub bir-birindən ayrılmayıb; bu parçlanma daha dəhşətli şəkil və formalarda təzahür etməkdədir. Cənub öz içində min dəfə parçalanıb. Şimal da bu iki yüz il ərzində dəfələrlə əzilib, üyüdülüb, bölünüb, itib... Dərbənd, Göyçə, İrəvan, Zəngəzur, Borçalı, Qarabağ... Bütün türk dünyasına xas olan bu dəhşətli faciələr Azərbaycanda daha qanlı, daha kəskin tərzdə meydana çıxmışdır...
Dikələn qayası, ucalan dağı -
Əyilməz bürcüdür, yanan çırağı.
Yayılıb Kür boyu, Araz qırağı.
Arazlaşan Vətən, Kürləşən Vətən.
Şeirdə hər bir bəndin dördüncü misrası poetik fikrin yalnız yekunu deyil, həm də zirvəsidir. Birinci bənddəki son misra lirik qəhrəmanın Vətənlə üzvi birliyini əks etdirir: "Bu yurd sinəsində bitirər məni". Lirik "mən" ikinci bənddə özünün min bir əzablara sinə gərəndən sonra sanki tragik, simvolik bir işarəyə çevrildiyini təsvir edərək fikrini belə yekunlaşdırır: "Qədim dərdlərimin od heykəliyəm". Amma bu tragik-simvolik kodu bütün Vətən övladlarına şamil etmək olmaz. Tarixin amansız sınaqlarından çıxan Vətən öz oğullarının nankorluq və xəyanət zərbələrinə də tuş gəlir. Məhz buna görə də şeirdəki əsas bəndlərdən biri aşağıdakı sətirlə sona yetir: "Sorulmuş nar kimi büzüşən Vətən". Əgər poetik ardıcıllığın təsadüfi olmadığına inansaq, onda etnomilli katostrofanın - bizim özəl qiyamətimizin əsas səbəblərindən və cəhətlərindən biri kimi naxələflik və nankorluğu əsasların əsası kimi götürməliyik. Məhz sərvət, dövlət, hakimiyyət davalarında həmişə Vətənimizi itirə-itirə gəlmişik. Buna qaranlıq və dumanlı tariximizdən yüzlərlə, minlərlə misallar gətirmək olar. Şeirdəki tragik-metaforik ifadələr və onların törəmələri etnomilli natamamlığın və faciələrin inikasına çevrildiyinə görə onların təsir gücü və yaddaşın dərinliklərinə işləməsi birə-on artır. "Tərsinə kükrəyən vulkan kimiyəm", "Qədim dərdlərimin od heykəliyəm", "Sorulmuş nar kimi büzüşən Vətən", "Bu tayda sevinci qanadlanandı, O tayda vurşan, döyüşən Vətən" kimi şah misralar öz-özümüzə belə etiraf etməyə cəsarət eləmədiyimiz dəhşətli həqiqətləri amansızcasına göstərir: bizi bir toplum, xalq, millət olaraq min illərdən bəri izləyən və təqib edən əbədi faciələrimizi və ya faciəli taleyimizin əbədiyyətini vurğulayır:
Arazlaşan Vətən, Kürləşən Vətən!..
Öz poetik-fəlsəfi tutumuna görə heyrətamiz genişliyə və dərinliyə malik olan bu misra haqqında milli müsibətlərimizi əks etdirən sanballı bir kitab yazmaq olar. Şairin dəst-xəttindən və ümumən, nəzərdən keçirdiyimiz şeirin üslubundan çıxış eədərək əminliklə söyləmək mümkündür ki, müəllif "Arazlaşan" və "Kürləşən" epitetlərini məhz etnopoetik kod kimi işlətmişdir. "Arazlaşan" deyə vurğulayarkən şair etno-coğrafi parçlanma və itkilərin sonsuzluğunu göstərməyə can atır. "Kürləşən" isə daxili etnomilli birliyin, bütövlüyün olmamasını, yoxluğunu sərrast ifadə edir.
Rəşad Məcidin "Vətən" şeiri lakonizmi ilə də diqqəti çəkir. Bu şeir əslində yığcamlaşdırılmış, sıxılmış lirik-fəlsəfi poema təsiri bağışlayır. Beş-altı bəndlik şeirdə Vətənimizin əsas dərdləri və köklü faciələri məharətlə ümumiləşdirilmişdir. Sanki, kitabın ideyası və estetik məqsədi bu şeirdə yüksək bədii surətdə proqramlaşdırılmışdır. Təbii ki, kitabda "Vətən"in ardınca gələn şeirlər şairin ədəbi-fəlsəfi konsepsiyasının açılmasına xidmət edir.
"Vətən" şeirinin ilk bəndi axırda təkrar olunur: "Açıb qollarımı qucaqlayaram, Sıxaram köksümə genişliyini. Çən kimi çökərəm, su tək hoparam, Bu yurd sinəsində bitirər məni". Bu, ümumən, bir çox şairlərin üslubunda rast gəlinən hadisədir. Burada heç bir qəribəlik yoxdur. Amma mən bu gözəl təkrardan da özəl bir məna kəşf etdim. Elə bil müəllif həcmən o qədər də böyük olmayan bir əsərdə bu qədər ağır dərdlərin və müsibətlərin ifadəsindən dəhşətə gəlmiş, şeirin qəm və iztirab yükünü bir az azaltmaq üçün bu yolu seçmişdir. Birdə ki, "Vətən" müəllifin erkən çağlarında - yeniyetmə yaşlarında yazdığı şeirdir. Əgər Rəşad onu bu gün yazsa idi, lirik kədərin ağırlığını azaltmaq yox, artırmaq yolunu seçmiş olardı. Ancaq gənclik insanın dünyaya yaxşılıq və ümidin gözləri ilə baxdığı dövrdür. Məhz bu səbəbdən də Vətənə olan və ünvanlanan gənclik eşqi şeirdə ağır kədərə üstün gəlib. Rəşadın cavanlıq inamından, ruhundakı yenilməzlik və sabaha ümid işartılarından yadigar qalıb o misralar: "Çən kimi çökərəm, su tək hoparam, Bu yurd sinəsində bitirər məni". Birdə ki, 80-ci illərin əvvəllərində çoxumuz belə düşünürdük, gələcəyə olan ümidlərimiz hələ ölməmişdi, Vətənin keçmişlərinə sancılmış xəyanət qılınclarını sındırıb atacağımıza biz ürəkdən inanırdıq. Ona görə dəlicəsinə və ehtirasla inanırdıq ki, Vətəni hədsiz çox sevirdik. Rəşad Məcid "Bu kədərin" adlanan şeirində sanki bizim narahatlığımıza son qoyur, Vətən dərdlərinin ağırlığı onu qorxutmadığını söyləyir: "Bu kədərin qarşısında bir dağam, Bu kədərin qarşısında əyilməm! Gecəsində, zülmətində oyağam, Yanlış olmaz nə naxışım, nə ilməm". Gənc lirik qəhrəmanın dərdləri dar, subyektiv xarakterdə deyil, milli mündəricəyə malik həyati məzmun dərdləridir. Bu dərdlər Vətənin keçmişlərindən keçib bu günümüzə qədər gəlib çatır. 80-ci illərdə hələ başlanmamış, taleyimizi alt-üst edəcək təlatümlərin, burulğanların vahiməsi lirik qəhrəman iztirablarının mahiyyətində hiss olunmaqdadır. Rəşadın ilk lirikasında Vətənin taleyindən güclü bir nigarançılıq var. Bu son dərəcə munis, müqəddəs bir hisslərdir. Övladın öz anasına olan sevgi və duyğularına bənzəyən məhrəm yaşantılardır.

(Ardı var)


Yaşar Qasımbəyli,
Azərbaycan Yazıçılar Birliyinin və
Özbəkistan Yazıçılar İttifaqının üzvü,
filologiya elmləri üzrə fəlsəfə doktoru, AMEA Nizami adına Ədəbiyyat İnstitutu