adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
14 Fevral 2023 13:51
2999
MÜSAHİBƏ

Uşaqlar arasında qastrit, reflüks kimi xəstəliklərin səbəbi nə ilə əlaqədardır? - MÜSAHİBƏ

“Uşaqlar yaşdan asılı olaraq gündə ən azı bir-iki litr su içməli, mövsüm meyvə-tərəvəzlərindən istifadə etməli, qışda meyvə quruları yeməli, qidalarında zülal, yağ, karbohidrat, lif tərkibli balanslaşdırılmış qidalara yer verməlidirlər. Mütəmadi olaraq açıq havada hərəkət etməli, dörd yaşa qədər ekran qarşısında oturmamalıdırlar. Eyni zamanda, fastfud qidalardan mümkün qədər az istifadə edilməsi tövsiyə olunur”.

Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Anar Tağıyev uşaqlar arasında qastroenteroloji problemlərlə bağlı danışarkən deyib. Həkim nazirliyin sosial media hesabında gələn sualları cavablandırıb. Sual-cavabı təqdim edirik:

- Anar müəllim, qış mövsümünün gəlməsi ilə əlaqədar uşaqlar arasında hansı qastroenteroloji problemlərdə artım müşahidə olunur?

- Qış mövsümü ilə bağlı uşaqlar arasında artımı müşahidə olunan qastrit, reflüks, mədə qanaması, qarında ağrı və sancını xüsusilə qeyd etmək istəyirəm. İlk növbədə, kəskin respirator virus infeksiyalarının, o cümlədən influenzanın artması uşaqlarda düşməyən qızdırmaya səbəb olur. Bu zaman valideynlər müxtəlif qızdırmasalıcı preparatlarla temperaturu salmağa çalışırlar və bəzən bu dərmanlar lazım olandan artıq miqdarda istifadə olunur ki, bu da müxtəlif mədə-bağırsaq problemlərinin əmələ gəlməsinə səbəb olur.

- Bəs qızdırmasalıcı dərmanlar necə istifadə olunmalıdır?

- Hərarəti zorla salmaq xəstəliyin gedişini dayandırmır, eyni zamanda müxtəlif ağırlaşmalara gətirib çıxarır. Hərarəti salmaq üçün bütün dünyada, əsasən, “Asetaminofen” (“Parasetamol”) tərkibli dərmandan istifadə edilir.

Qeyd edim ki, temperatur orqanizmin qoruyucu funksiyasıdır və orqanizm virus və ya digər mikroorqanizmlərlə mübarizə etmək üçün 38 dərəcəyə yaxın temperaturda daha aktiv mübarizə aparır. Xüsusi hallarda (febril qıcolma, ürək-tənəffüs çatışmazlığı, bəzi ürək xəstəlikləri) hərarəti salmaq lazım gəlir. Qalan bütün hallarda hərarət 38 dərəcədən yuxarı olarsa, o zaman müdaxilə etmək lazımdır. Əgər hərarət düşmürsə, mexaniki üsullardan istifadə etmək olar. Bunun üçün ilıq duş (soyuq olmaz) almaq, iri damarlar olan nahiyələrə çox da soyuq olmayan tək qatlı isladılmış bintlərin qoyulması kimi üsullardan istifadə etmək lazımdır. “Parasetamol” uşaqlarda hər kiloqram çəkiyə 10-15 mq, yüksək temperatur davam edərsə, dörd-beş saat aralıqlarla verilməlidir. Əks halda qaraciyərdə funksiya pozğunluğuna, mədənin selikli qişasında qanamaya səbəb olub, vəziyyəti daha da ağırlaşdıra bilər.

- Uşaqlar arasında qastrit, reflüks kimi xəstəliklərin səbəbi nə ilə əlaqədardır?

- Son zamanlar məktəb yaşlı uşaqlar arasında fastfud tipli yeməklərin, müxtəlif qazlı suların, energetik içkilərin, mayonez, dönər, ketçup kimi qidaların populyar olması müxtəlif mədə-bağırsaq problemlərinin, o cümlədən qastrit və reflüks xəstəliyinin artmasına gətirib çıxarıb. Məktəb yaşlı uşaqların bu qidalardan çox istifadə etmə halları mədə ağrıları, qarında sancılar, bağırsaq pozğunluqları kimi ağırlaşmalara gətirib çıxarır.

Qəbizlik də uşaq qastroenterologiyasında həmişə sıx rast gəlinən bir mədə-bağırsaq problemidir. Problemi aktual edən qəbizliyin hər yaşda görülməsi və uşaqlarda ciddi diskomforta səbəb olmasıdır. Təəssüf ki, əksər hallarda valideynlər həkimə çox gec müraciət edirlər. Bu zaman qəbizlik xronikiləşir və müxtəlif fəsadlara səbəb olur. Bu zaman isə təbii ki, qəbizliyi müalicə etmək çox çətin olur.

Qəbizliyin artmasının yaşdan asılı olaraq bir çox səbəbləri var. Körpə uşaqlarda ana südü yerinə müxtəlif növ süni qidaların istifadəsi qəbizliyin daha kiçik yaşlarda görülməsinə gətirib çıxarır. Ana südü qəbizlik əleyhinə təbii dərmandır.

Qəbizliyin əsas səbəblərindən biri də uşaqların daha çox oturaq həyat tərzi keçirmələri və fastfuddan çox istifadə etmələridir. Bağırsağın normal işləməsi üçün əsasən, su və lif lazımdır. Bir sıra şəkərli qidalarda, asan həzm olunan karbohidratlarda bitki lifləri olmur. Bitki lifləri, əsasən, meyvə, tərəvəz, ət kimi məhsullarda və bəzi taxıllarda olur.

Uşaqlar arasında son vaxtlar telefon və kompüterdən istifadə artdığına, həm oturaq həyat tərzi, həm də bütün diqqətlərini oyuna, kompüterə verdikləri üçün nəcis ifrazının əngəllənməsinə və qəbizliyə səbəb olur.

- Bir qastroenteroloq kimi valideynlərə nə tövsiyə edərdiniz?

- Əgər uşağın hərarəti varsa, 38 dərəcəni keçmədən düşürülməməlidir. “Parasetamol”, bəzən də “Ibuprofen” kimi dərmanlardan (“Ibuprofen” də bəzi ciddi yan təsirlərə səbəb ola bilər və bir yaşdan balaca uşaqlara verilməməlidir) uşağın kilosuna uyğun dozada, ən tezi 4-5 saat aralıqlarla verilməlidir. Uşaqlara bol maye verilməli, xəstəlik səbəbi ilə onsuz da maye qəbulu az olan hallarda, lazım gələrsə, damardan yaşına uyğun maye köçürülməlidir. Susuzluq zamanı ağızdan verilən hərarətsalıcı dərmanlar daha zəif təsir edir. Əgər bütün bunlara rəğmən hərarət düşmürsə, mütləq mexaniki üsullarla salınmalıdır. Bir neçə fərqli forma dərman preparatlarını eyni zamanda istifadə etmək olmaz (məsələn, həm ağızdan, həm də şam kimi düz bağırsaqdan) bu, mədə qanamasına və qaraciyər funksiyalarının ciddi pozulmasına səbəb ola bilər. Eləcə də, öskürək də qoruyucu bir funksiya olduğu üçün dərhal öskürək üçün dərman vermək uyğun deyildir. Sadəcə ağır, sıx təkrarlanan, boğulmaya səbəb olan öskürəklərdə həkim müayinə edərək dərman seçimi eləməlidir.