adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
14 Iyun 2022 08:18
5843
MÜSAHİBƏ

Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycanın memarı kimi tarixi öz əlləri ilə yazmışdır

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova KİV-ə müsahibə verib. SABAHİNFO.AZ müsahibəni təqdim edir.

-Hicran xanım, tarixin yaddaşında əbədi iz qoymaq hər insana nəsib olmayan böyük xoşbəxtlikdir. Bu yalnız Heydər Əliyev kimi dahi şəxsiyyətlərin qismətinə düşən müstəsna taledir. Ümummilli Lider Heydər Əliyevin bir şəxsiyyət, dövlət xadimi kimi tarixi missiyası Azərbaycanı güclü bir ölkəyə çevirmək idi.....

- Azərbaycan xalqının Ümummilli Lideri, dünya səviyyəli siyasi xadim Heydər Əliyev çoxəsrlik dövlətçilik tariximizdə yeni parlaq səhifə açan nadir, bənzərsiz şəxsiyyətdir. Dahi şəxsiyyət müstəqil Azərbaycanın memarı kimi ən uca missiyanı gerçəkləşdirərək bu şanlı tarixi öz əlləri ilə yazmışdır. "Heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini harada olursa-olsun, yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm" deyən Heydər Əliyevin ömür yolu Vətənə xidmətin parlaq nümunəsinə çevrilib. Azərbaycanda müstəqil dövlət təsisatlarının qurulması, beynəlxalq normalara söykənən demokratik, hüquqi dövlətin yaranması, milli, mənəvi və əxlaqi dəyərlərimizin qorunub saxlanması, bu dəyərlərin ümumbəşəri ideyalarla daha da zənginləşdirilməsi, ilk milli Konstitusiyamızın qəbul edilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması və yeni iqtisadi kursun müəyyənləşdirilməsi prosesinin müvəffəqiyyətli həlli məhz Ümummilli Liderimiz Heydər Əliyevin xidmətləridir. Təsadüfi deyil ki, Ulu Öndərimizin fəaliyyəti öz miqyası və əhəmiyyəti etibarilə Azərbaycanın hüdudlarından çox-çox kənara çıxıb. Dünya masştabında ən nüfuzlu dövlət başçıları, politoloqlar tərəfindən dəfələrlə bəyan edildiyi kimi, Azərbaycan və böyük türk dünyasının dahi oğlu Heydər Əliyev zəmanəmizin ən yüksək zirvəsində duran tanınmış siyasi xadimlər sırasında öz layiqli yerini tutub. Xalqımızın yaddaşında yaradıcı, qurucu və xilaskar obrazını daim yaşadıb, qəlblərdə özünə əbədi məhəbbət qazanıb.

-15 iyun Milli Qurtuluş günü Azərbaycanın müstəqil dövlət kimi inkişafında yeni mərhələdir. Həmin günün əhəmiyyətini qısa olaraq necə dəyərləndirirsiniz?

-İlk növbədə qeyd etmək lazımdır ki, Azərbaycanın 1991-ci ildə qazandığı müstəqilliyin qorunub saxlanması, onun əbədi və dönməz xarakter alması müstəsna olaraq Heydər Əliyevin xüsusi xidməti sayılmalıdır və sayılır. 1993-cü ildə Onun qayıdışı sayəsində Azərbaycan parçalanmaqdan, xaos və anarxiyadan, iqtisadi böhrandan və sair bəlalardan xilas oldu. Ölkədə sabitlik və əmin-amanlıq təmin edildi. Azərbaycanın iqtisadi çiçəklənməsinə və təhlükəsizliyinə təminat verən böyük neft sazişləri imzalandı, iqtisadi, sosial və siyasi islahatlar strategiyası hazırlanaraq ardıcıl surətdə həyata keçirilməyə başlandı. Yeni, müstəqil Azərbaycan dövləti quruldu, dövlətçiliyin ideologiyası və təməl prinsipləri yaradıldı. Bütün mənalı həyatını ölkəmizin tərəqqisinə, insanların rifahının yaxşılaşdırılmasına həsr edən Ümummilli Liderimizin ən böyük arzusu işğal olunmuş torpaqlarımızın azad edilməsi idi. O, bunun üçün var qüvvəsi ilə çalışırdı. Ulu Öndərin böyük siyasi təcrübəsi və diplomatik ustalığı çox keçmədən ATƏT-in Lissabon sammitində milli maraqlarımız baxımından tarixi uğura çevrildi. ATƏT ölkələri Azərbaycanın ərazi bütövlüyünü dəstəklədi və bununla "DQR”-in tanınması, o cümlədən Ermənistanın özü tərəfindən tanınması üçün İrəvanın aparmış olduğu və sonrada aparmaq istədiyi siyasətin qarşısı alındı. Nizami ordu yaradıldı, Qarabağ müharibəsində atəşkəs əldə edildi, münaqişəsinin dinc yolla nizama salınmasına dair danışıqlara başlandı. Öz doğma yurdlarından zorla qovulmuş qaçqın və məcburi köçkünlərin həyat tərzini yaxşılaşdırmaq üçün bir sıra mühüm layihələr həyata keçirdi. Beynəlxalq təşkilatları ölkəmizə cəlb edərək, Azərbaycanla bağlı əsl həqiqətlərin dünya ictimaiyyətinə çatdırırdı. . Xalqın tələbi ilə yenidən hakimiyyətə gələn Ümummilli Lider Azərbaycandakı vəziyyəti, onun mürəkkəbliyini və çətinliyini çox gözəl dərk edirdi. O, çox yaxşı anlayırdı ki, öz həyatını, ailəsinin həyatını böyük təhlükəyə atır, lakin buna baxmayaraq, bu böyük dahi insan şərəfli tarixi missiyanı öz üzərinə götürdü. O, Azərbaycanı vətəndaş müharibəsindən, daxili separatizmdən, iqtisadi və siyasi böhrandan xilas etdi. Cəmiyyətin bütün təbəqələri əmin idi ki, müstəqilliyini yenicə bərpa etmiş ölkəni düşdüyü ağır və dözülməz vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət məhz Heydər Əliyevdir. Əslində, bu, bütün xalqın ürəyinin səsi idi. Xalqımız Heydər Əliyevin ətrafında sıx birləşməklə öz gələcək taleyini özü həll etmək niyyətində idi. Beləliklə, 1993-cü il iyunun Ulu Öndər Heydər Əliyev xalqın çağırışına səs verərək Bakıya qayıtdı və Azərbaycan Xalq Cümhuriyyətinin taleyindən daha dəhşətli hadisələrin gözlənildiyi ölkəmizi bəlalardan xilas etdi. Həmin gün, sözün həqiqi mənasında, ölkəmizin taleyində dönüş anı oldu, böyük qurtuluşa doğru mühüm addım atıldı. Xalqımızı nicata aparan yol bilavasitə həmin gündən başlandı.

-Tarixi təcrübə təsdiqləyir ki, dövlət müstəqilliyinin qorunub saxlanılması onun qazanılmasından daha ağrılı və çətin prosesdir. Ulu Öndər müstəqilliyimizi qorudu və onu elə güclü təməl əsaslarla inkişaf etdirdi ki, bu gün hər bir Azərbaycan vətəndaşı dünyanın harasında yaşamasından asılı olmayaraq öz Vətəni ilə fəxr edir.

-Azərbaycan Heydər Əliyev ideyalarının əsasında böyük inkişaf yolu keçmişdir. Ancaq bu yol ötən əsrin 70-ci illərindən başlayır. XXI əsrin əvvəllərinədək taleyüklü bir dövrdə öz adını əməlləri, cəsarətli addımları və milli təfəkkürü ilə Azərbaycan tarixinə, Azərbaycan ictimai-siyasi fikir tarixinə həkk etmiş Heydər Əliyevin çox şaxəli fəaliyyəti gənc nəsil üçün parlaq və əvəzolunmaz bir örnəkdir. İndi dünya analitiklərinin böyük önəm verdiyi milli mədəniyyətin yayılması siyasətini Heydər Əliyev hələ sovet dövründə özünəməxsus tərzdə həyata keçirirdi. Xüsusilə o dövrdə "sovet ideologiyası” nın əsas olduğu bir zamanda, Heydər Əliyev "milli ideologiyanın”, "azərbaycançılığın” formalaşması istiqamətində iş aparırdı. Bu isə müstəqil dövlət qurmaq üçün mühüm amil idi. O, həmişə bir prinsipi əsas götürürdü:” Xalq gərək daim öz kökünü xatırlasın, tarixini öyrənsin, milli mədəniyyətindən, elmindən heç vaxt ayrılmasın”. Bugünkü Azərbaycan Heydər Əliyevin görmək istədiyi azad, müstəqil, ərazi bütövlüyü təmin olunmuş Azərbaycandır. Məhz Ulu Öndərin ordu quruculuğu istiqamətində başladığı işlər və müəyyənləşdirdiyi strategiya sayəsində bu gün Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü 50 ordusu sırasında yer alır, texniki təchizat baxımından bir çox ölkələrin ordularını üstələyir. Təsadüfi deyil ki, Azərbaycanın Vətən müharibəsi, xüsusən misilsiz Şuşa əməliyyatı dünyanın aparıcı ölkələri tərəfindən öyrənilməkdədir. Ulu Öndərin ölkəmizə rəhbərlik etdiyi dövr inkişaf və sabitlik illəri kimi yadda qalmışdır. Bu gün isə Ümummilli Liderin layiqli davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində ölkəmiz yeni nailiyyətlər qazanaraq güclü və nüfuzlu dövlətlər sırasında öz mövqeyini daha da möhkəmləndirib

-Böyük siyasətçi insan hüquqları çərçivəsində qadın hərəkatının inkişafına da güclü stimul vermişdi. Ölkəmizdə dövlət qadın siyasətinin əsas prinsiplərinin müəyyən edilməsinin və dövlət səviyyəsinə qaldırılmasının məhz Heydər Əliyevin adı ilə bağlı olması danılmaz bir tarixi faktdır.

- Ulu Öndər Heydər Əliyev qadın probleminin həllinin sistemli şəkildə dövlət səviyyəsinə qaldırmışdır. O, istər müstəqillikdən əvvəl, istərsə də müstəqillikdən sonrakı dövrdə qadınların cəmiyyətdə aktiv fəaliyyət göstərməsi üçün bütün imkanları yaratmışdı. 90-cı illərin ortalarından başlayaraq, ölkədə yaranan sosial və iqtisadi sabitlik qadın məsələlərinin inkişafına yenidən təkan verdi. Qadınların hüquq bərabərliyi, cəmiyyətdəki aparıcı rolu 1995-ci ildə qəbul olunmuş Konstitusiyamızda da öz əksini tapdı. Ümummilli Lider Heydər Əliyevin şəxsi təşəbbüsü nəticəsində Azərbaycan Respublikası 1995-ci ildə BMT-nin "Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğvi" barədə Konvensiyasına qoşulmuşdur. Qanunvericilik bazası təkmilləşdirilərək bir sıra qanunlar qəbul olundu. Azərbaycan Respublikasının Əmək Məcəlləsi, Ailə Məcəlləsi və Mülki Məcəlləsində qadınların işləmək, iqtisadi, yaşamaq və mülkiyyət sahəsində yeni hüquqları öz əksini tapdı. Onun 1998-ci ildə Qadın Problemləri üzrə Dövlət Komitəsini təsis etməsi isə görülən işlərin zirvə nöqtəsi oldu. Bununla qadınlara əlavə səlahiyyət verildi, birbaşa onların problemləri ilə məşğul olan dövlət qurumu yaradıldı. Bu sənəd hər bir mənada ölkəmizdə qadınların daha fəal olmasına, onların cəmiyyətin bütün sahələrində mühüm yer tutmalarına yüksək dövlət siyasətinin göstəricisidir. 2000-ci ildə imzaladığı "Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” Fərmanı isə ölkədə qadın siyasətinin daha da güclənməsinə xidmət edən əsas sənəd oldu. Bu siyasəti gücləndirərək davam etdirən ölkə prezidenti İlham Əliyev ailə, qadın və uşaq problemləri sahəsində vahid dövlət siyasətinin həyata keçirilməsi üçün Dövlət Komitəsinin yaradılması haqqında Sərəncam imzalamışdır. "Gender (kişi və qadın) bərabərliyinin təminatları”, "Məişət zorakılığının qarşısının alınması haqqında” Qanunların qəbul olunması isə bu siyasətin məntiqi nəticəsidir. Azərbaycan dövləti tərəfindən həyata keçirilən layihələrdə, qəbul olunan dövlət proqramlarında gender komponentləri nəzərə alınır və əsas istiqamət kimi götürülür. Həmçinin Ailə Məcəlləsində qızların nikah yaşının 17-dən 18-ə qaldırılması və Cinayət Məcəlləsində qadını, xüsusən yetkinlik yaşına çatmayan qızları nikaha daxil olmağa məcbur etməyə görə xüsusi maddə ilə məsuliyyətin müəyyən edilməsi də dediklərimizi bir daha təsdiq edir. Qeyd etmək istərdim ki, bu Qanunların qəbulu və Məcəlləyə dəyişikliklərin edilməsində ölkəmizin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın xüsusi dəstəyi olub. Mehriban xanım Azərbaycan qadın hərəkatının liderlərindən biri kimi, dövlətimizin tərəqqisi naminə geniş fəaliyyət göstərir.

-Heydər Əliyev siyasəti qüdrətli Azərbaycanı yeni zirvələrə daşıyır.

-Tarixi baxımdan biz 29 il əvvəli və bu günü müqayisə etsək, maraqlı bir vəziyyət alınır. O zaman da dünyada gedən proseslər, geosiyasi durum çox mürəkkəb idi. Azərbaycan böyük təhlükə qarşısında idi. Azərbaycanın müstəqil dövlət olmasına həm daxili, həm də xarici qüvvələr maneə olurdu. Azərbaycan kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi. Ermənistanın Azərbaycana etdiyi təcavüz və bunun nəticəsində Azərbaycanın zəifləməsi, məğlubiyyətə uğraması da ən böyük çətinliklərdən bir idi. Belə bir zamanda Ulu Öndər xilaskarlıq missiyasını öz üzərinə götürdü və Azərbaycanı sözün əsl mənasında qorudu. Bu gün də yeni, mürəkkəb proseslər baş verir, olduqca gərgin vəziyyət yaranmışdır. Lakin artıq Azərbaycan güclü dövlətdir. Cənubi Qafqazın ən nüfuzlu dövləti olaraq siyasi proseslərə təsir edə bilir. Heydər Əliyev siyasətinin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu, səmərəli daxili və xarici siyasət həm Azərbaycanın yüksəlişi və inkişafında, milli maraqların qorunmasında, həm də ölkəmizin dünya siyasi arenasında layiqli yer tutmasında öz ifadəsini tapır. Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilmişdir. Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər də bu uğurların məntiqi nəticəsidir. Prezident, Müzəffər Ali Baş Komandan azad edilmiş torpaqlarda infrastruktur layihələrinin təməlini qoyur, Böyük Qayıdışın reallaşdırılması istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirir. Ata vəsiyyətini yetirən ölkə başçısı bu gün tək Ulu Öndərin deyil, Qarabağ, Şərqi Zəngəzur həsrəti ilə dünyadan köçən hər bir vətəndaşımızın ruhunu şad edir.