TÜRKOLOJİ DÜŞÜNCƏNİN KİTABI
Fəlsəfə üzrə fəlsəfə doktoru Cavanşir Feyziyevin "Türk Dövlətləri Birliyi: Qlobal İnteqrasiyanın Türk Modeli" və əslində eyni mövzunun davamı sayıla biləcək beş cildliyi barədə qeydlər Etiraf etmək lazımdır ki, Türk dünyasının taleyi ilə bağlı minlərlə məqalə, kitab yazılsa da, hələ bu aktual problem bu qədər dəqiqliyi ilə çözələnməyib, araşdırılmayıb. Cavanşir Feyziyev Türk Dövlətləri Birliyinin yaradılması zərurətini adını çəkdiyimiz möhtəşəm əsərində (II nəşrində) qoyub. Məgər buna gəlib çatmaq asan idimi? Qətiyyən yox. Çünki bir var bizə məlum olan mənbə və məxəzlər, bir də vat naməlum. Fransız və ingilis dillərini mükəmməl bilən müəllifin Avropa kitabxanalarına yol açması, müxtəlif əcnəbi tarixçi alimlərlə elmi söhbətləri adını çəkdiyimiz ideyanın alt qatlarının öyrənilməsini detallarla şərtləndirmiş, müasir Türk Dövlətləri Birliyinin (TDB) yaranma vacibliyini doğurmuşdur.
Altı mühüm fəsildən ibarət kitab çağdaş türkoloji düşüncənin manifestidir. Fəsillərin hamısı yarımbaşlıqlar altında konsepsiya şəklində qoyulmuşdur. Akademik Yaqub Mahmudovun ön sözündən sonra: "Tarixdən doğulan gələcək" gəlir. Türk dövlətçiliyinin genezisi: tarixi-siyasi münasibətlərin dinamikası, imperiyalar səltənətində səpələnmişlərin bütövləşməsi, Türk birliyi ideyasının təkamülü söylədiyimiz yarımsərlövhələrdir. Bütün gələcək inkişafların təməli keçmişdən boylanır. Əgər həmin özülləri görməsən, onlara söykənməsən, onların süqutunu öyrənməsən, sükutunu oxumasan, ideyan havadan asılı qalar. Cavanşir müəllimin bu göstərdiyimiz istiqamətdə fədakarlığı, ağlasığmaz mənbələr və faktlar axtarıb tapıb, onlara istinadı heyrətamizdir. Biz istəsək də, istəməsək də, desək də, deməsək də, bütün nəhəng güclərin, sivilizasiyaların taleyini tarix götür- qoy edir, yaşadır və ya iflasa uğradır. Türk dövlətlərinin birliyi kimi qlobal səviyyəli ideyanın gerçəkləşməsi prosesinin əsası SSRİ-nin (demək olar, rus imperiyasının) dağılmasından sonra mümkün həllini tapdı. Sovet İttifaqı 1917-ci ildən axsaya- axsaya, XX əsrin sonlarınacan irəlilədi, öldü-dirildi, yaşadı. Lakin tərəqqini, inkişafı qəbul eləməyən heç bir "bağlı qapı" əbədi açarlanıb qala bilməzdi.
Bu böyük darvazadan içəridə iri xalqlar vardı və onlara vədlər verilmişdi: guya kommunizmin ən yüksək pilləsində ölkədə hər şey pulsuz olacaqdı, cənnətdə olduğu kimi əhali xoşbəxtlik tapacaqdı. Tənəzzüldə ikən SSRİ yoxsulluqda çabalayırdı. Titaniki dəryada batırdı. Nəhayət, "qüdrətli dövlət"in başlülənləri xilas yolu görmədilər, rus imperiyası dağıldı, parçalandı. Azərbaycan, Özbəkistan, Qırğızıstan, Qazaxıstan, Türkmənistan caynağından qurtuldular, özlərinin milli suveren respublikalarını qurdular. Bu tarixi çaşqın məqamda liderləri döşlərini irəli verdilər. (Məsələn, Azərbaycanda Heydər Əliyev, Qazaxıstanda Nursultan Nazarbayev və s.). Beləliklə, labud münbit zəmin sözünü dedi. Və nə yaxşı ki, ulu Atatürkdən bu yana, ilk dəfə indi Türkiyə Cümhuriyyəti intibah dövrünü yaşayır, dünyada sağlam söz sahibidir. Türkiyə habelə Rusiyadan qopan beş müstəqil ölkənin, eləcə də Şimali Kipr Türk Respublikasının sarsılmaz dostu, sanbalına görə qabaqda gedənidir, güvənli mövqeyi ilə seçilənidir. Bir də axı XXI yüzilliyin hələ az hissəsini yaşamışıq, böyük bir dövrü qarşıdadır. Türk ruhunun əzəmətinə inanan hər kəs Cavanşir Feyziyevin də bu müddəasını aksiomsayağı qəbul edir: XXI əsr Təklərin deyil, Müttəfiqlərin əsri olacaq! Türk dövlətçiliyi genezisinin tarixi köklərini araşdıran müəllifin ciddi və əsaslı qənaətinə görə, tarix türklər üçün təkcə mövcud olduqları, yaşadıqları zaman deyil, həm də onların mənəvi bütövlüyü, qan yaddaşıdır. Sözsüz, “ata yurdu” indiki Sibirdən — Yenisey çayı boyunca uzanan ərazidən keçir. Qədim türklər ilk xaqanlıqlarını, yəni imperiyalarını Altay çöllərində qurmuş, əski Hun və Sak kimi nəhəng dövlətlərinin əsasını qoymuşlar. Məkan Şərqdən Qərbə doğru uzanmış, eyni zamanda enlənmiş və genişlənmişdir.
Təbii ki, qərinələr, eralar ötdükcə, bir məşhur imperiya səltənətini digərinə verir, türk qövmündən yeni törəmə etnoslar yaranır, xalqın sayartımı formalaşırdı. Ancaq maneələr, müdaxilələr, amansız, rəhmsiz müharibələrə gətirib çıxarır, qulağının dibində güclənən düşmən (Çin) qarışqa sayı qədər qoşun-ləşkərini cinahlar boyu meydana çıxarır, türklərin say azlığından istifadə edir (kəskin say azlığı), torpaqlarına soxulurdu. Buna baxmayaraq, qəhrəman türklər yağılara müqavimət göstərir, onları pərən-pərən salır, evlərinəcən qovurdular. Salnamədə əhali nisbəti bu şəkildə verilir: çinlilərin sayı 20 milyon nəfər, türklərinki 200-250 min nəfər. Heç bu boyda say fərqi belə “əsgər-millət” adlanan türkün gözünü qorxutmur. Zamanında gerçəkləşən Türk birliyi ideyası böyük gələcək vəd edir. C. Feyziyev kitabının 68-ci səhifəsində xarakterizə etdiyi ideyanın məğzini bu şəkildə dəyərə mindirir: “Əslində, Türkçülük türklüyümüzün təsdiqidir. Türklüyümüz isə bizim milli özünüdərkimizin nümayişidir. Türklüyümüz Milli İdrakın elə bir universal miqyasına çıxmaqdır ki, buradan Türk dünyasının coğrafi və mənəvi sərvətləri, siyasi çevrəsi, bu günündən bütün taleyinə açılan qapıları, tarixindən doğulan gələcəyi tam aydın şəkildə görünür”. Şərhə ehtiyacı olmayan çağdaş türk ziyalısının işıqlı mülahizələridir. Bəzən qədim əcdadlarımızı çalıb-çapan, vəhşi, talançı qismində göstərən, düzəltmə məxəzlər qoy həqiqətin gözün içinə düz baxsın; türklər haranı istila ediblərsə, o yerin heç bir mədəniyyət abidəsinə toxunmayıblar əksinə, onu qoruyublar. İkincisi, türklər qədim sivilizasiyanın mədəniyyət daşıyıcıları olublar. Harda məskunlaşıblar, özlərinin milli-etnik mədəniyyət nümunələrini qoruyublar və yaradıblar. Cəngavər xalq heç talançı funksiyasını yerinə yetirə bilməz; bizim babalarımız türklər də eləcə... Məhz bu yöndən məsələnişərh edən müəllif. “Ümumtürk mədəniyyətini fərqli sivilizasiya nümunəsi kimi, kitabının ikinci fəsil”də dörd istiqamət ətrafında mülahizə irəli sürür “Dünya mədəniyyətinin inkişafı tarixində türklər” başlıqlı oçerkə diqqət yetirək. İlk səhifədəcə qeyd olunur ki, dünya tarixini türk tarixi olmadan təsəvvürə gətirə bilmədiyimiz kimi, dünya mədəniyyətini də türk mədəniyyətsiz təsəvvürə gətirmək mümkünsüzdür.
Antik dövrdə də bu izlər dərhal nəzər cəlb etmiş, müasir dövrdə də həmişə diqqət çəkməkdədir: sosial-siyasi mədəniyyət, iqtisadi mədəniyyət, mənəvi mədəniyyət, bədii mədəniyyət, bilgəlik (humanitar) mədəniyyəti və s. Bu qatlar və qollar tarixin bütün zamanlarında mövcudiyyət tapmış, nəsildən- nəsilə adlamışlar. Həm Korifey türkşünas Bahaəddin Ögəlin, həm də çağdaş türk alimi Mətin Aydoğanın külliyyatlarında (xüsusən Mətinin "Türk sivilizasiyası” kitabında) ümumtürk mədəniyyətinin özünəməxsus tarixi xüsusiyyətləri qələmə alınmışdır. B. Ögəlin "Türk mədəniyyət tarixinə giriş" adlı 9 cildlik fundamental əsəri bu baxımdan ciddi mənbədir və əhəmiyyət daşıyır. Alim fəxrlə türk imperiyalarının çiçəkləndiyi dövrlərdə mədəniyyət mərkəzləri rolu oynamış məşhur iri şəhərlərin adlarını çəkir: Səmərqənd, Buxara, Təbriz, Gəncə, İsfahan, İstanbul, Aqra, Bağdad. Təəssüf ki, bu sırada Bəlxin (indiki Əfqanıstan ərazisindədir) və Konyanın adları yoxdur. Axı, qədimliyinə görə bunlar da məşhur türk şəhərləri və mədəniyyət mərkəzləridir. Orxon abidələri: realizm və uzaqgörənlik örnəyi. Avropanın ən hegemon dövləti olmuş Göytürk imperiyasının doğmaca əlifbasında yazılmış (türk runi yazıları) bu tapıntılar ölkənin "qızıl" dövrünün məhsulu (552-745) sayılır.
Onu "tarixi sənədlər külliyyatı" da adlandırmaq olar. C. Feyziyevin müddəası: "OrxonYenisey abidələri bütün müasir türk dillərinin əcdadı sayılan ulu türkcədə – göytürkcədədir". Deməli, tapıntı birbaşa türk dövlətinin etnogenezinə, sivilizasiyasının, siyasi mədəniyyətinin tarixi təkamülünə aydınlıq gətirən qaynaqdır. Bu birlik və dirilik rəmzi müasir dövrün türksoylu xalqlarına çox lazım idi. Çünki hamımız o məğrur əski ulusun törəməsi və yadigarıyıq. Bunu heç zaman unutmamalıyıq. Məlumdur ki, Böyük İpək Yolu mədəniyyəti yaranandan onun ilk qoruyucuları türklər olub. Çindən İspaniyayadək uzanan (təxminən 12 800 km-lik məsafədə) bu qədim karvan marşrutu türk torpaqlarından keçib. Bəşər sivilizasiyasına gözəl töhfə olan bu xətt nəhəng yarğan və aşırımları, dağ və səhraları, dəniz və çayları arxada qoya-qoya gah ayrılır, gah qovuşur. Heç təsadüfi deyil bu ticarət, eyni zamanda sonralar hərb yolunun ayrıca bədii obrazı da heyrətamiz surətdə yaradılmışdır: Azərbaycan bəstəkarlıq məktəbinin layiqli davamçısı Soltan Hacıbəyovun "Karvan" simfonik muğamında.
Musiqi əsərində qədim türk ruhunun yaşantıları, yüksək lirizm və professionallıq harmonik surətdə birləşmişdir. Budur, mədəniyyət hadisəsi barədə daha bir türk oğlunun yaratdığı sənət nümunəsi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevdən çəkdiyi misal yolun ölkəmiz üçün bütün strateji maraqlarını ortaya qoyur: "Ümidvaram ki, bu yolda bizim strateji partnyorluğumuz xalqlarımızı firavanlığa və tərəqqiyə aparacaqdır". Türk sivilizasiyası Mərkəzi Asiyanın özək sivilizasiyası funksiyasını yerinə yetirmişdir. İstər Uzaq Şərq istiqamətində Yapon və Çin sivilizasiyaları, istər Cənub-Şərq tərəfdə Hind sivilizasiyası və Yaxın Şərqdə İslam sivilizasiyası, Qərb tərəfdən Avropa və Slavyan sivilizasiyaları ilə harmonik münasibətlərin davamlı formalaşdırılması türkün nə qədər ətrafına diqqət kəsildiyinin şahidləriyik. Millət vəkilinin bu ideal fikri professor Mətin Aydoğanın şah əsəri "Türk sivilizasiyası"- nda necə də əks-sədasını tapır: "Tarixdə heç bir toplum türklər qədər dünyaya açılıb geniş məkanlara yayılmadı. Heç bir toplum özünü və münasibət qurduğu cəmiyyətləri türklər qədər dəyişmədi. Heç bir toplum tarixin irəliləyişi üzərində türklər qədər təsiredici olmadı, öz zamanına və gələcəyə yön vermədi..." Multikultural dəyərləri qorumaq, onlara sədaqət türk epos və dastanlarının da başlıca mövzusuna çevrilmişdir. Bu zaman dastan qəhrəmanının milli kimliyi əsas götürülməyib. "Dədə Qorqud", "Koroğlu", "Manas" kimi eposlarda kifayət qədər başqa xalqların nümayəndələrinin adları sadalanır. Məsələn, "Koroğlu"da Gürcüoğlu Məmməd, Tanrıtanımaz, Kürdoğlu və başqa obrazlar söylədiklərimizə haqq qazandırır. Milli-bəşəri dəyərlərin nə qədər önəm daşıdığını təsdiqləyir.
İndi suveren ölkə Azərbaycan nəinki Türk Dövlətləri Birliyində, eyni zamanda bütün dünya gündəmində multikültürallığı ilə ad qazanıb: etnik və dini azlıqların bu bərabərhüquqlu məkanı xoşbəxt diyardır. Heç bir dinin nümayəndəsi özünü başqasından üstün saymır. Bu birliyi, bərabərliyi Azərbaycan dövləti yaradıb. Birgəyaşayış normaları, mənəvi özünüdərk, hamıya eyni gözlə baxmaq millətimizin canında-qanındadır. Necə deyərlər, Azərbaycan türkünün ruhundadır... Avrasiyanın bütövlüyünün təminatçısı ucsuz-bucaqsız Asiya və Avropa əraziləridir. Sözsüz, ta qədimdən türk qılıncı Domokl qılıncı kimi həmişə istilaçı dövlət rəhbərlərinin (kralların, şahənşahların, xaqanların, sultanların) başı üstündən əskilməmiş və onların cızığından çıxmaması naminə bu qədim silah parlaqlığını itirməmişdir. Kitabın "Avrasiyanın İnkişaf Perspektivləri və Türk Dövlətləri" fəslində (III bölüml) dediyimiz məsələlər əhatəli şərh olunur, kifayət qədər fakt və rəqəm, olay və baş vermiş mücadilə, münaqişə münasibətlərə yer qoymur. " Avrasiyaya sahibsənsə, demək, bütün dünyanı idarə edirsən" məntiqinin reallığını tam ciddiyyəti ilə qəbul etmək üçün müəllifin bu tarixi fikrinə dönə-dönə haqq qazandırmaq gərəkdir: "Avrasiya müharibə və sivilizasiyaların, qan və idrakın, qılınc və qələmin bir-birinə göz açmağa imkan vermədiyi bir meydan". C. Feyziyevin bu mövzuda daha bir istinad elədiyi nöqtə İngilis coğrafiyaçısı və geopoliti, akademik Halford Makkinderin nəzəriyyəsi məğzi bundan ibarətdir ki, tarix boyu beynəlxalq siyasətin hegemonları "dünyanı idarə etmək üçün" yəqin “Avrasiyanı idarə etmək” planı üzərində düşünür və addımlar atırlar. Bütövlükdə Qafqaz və müasir Azərbaycan daim münaqişələr mərkəzinə çevrilmişdir. Məşhur Qumilyov öz elmi məqalə və etnogenez haqda fəlsəfi traktlatlarında belə Türk tayfalarının qədim dünyada rolunu şişirtmədən qiymətləndirmişdir. O, hətta Asiya ilə Avropanı birləşdirən geopolitik məkanın açılması və bütövləşməsi naminə "Qafqaz səddi"nin açılmasına görə VII əsrdə bu regionda bir çox dövlətlərin və xalqların iştirak etdiyi, lakin sonda məhz türklərin qələbə çaldığı "dünya müharibəsinin" baş verdiyini yazır. Hun-türklər, xəzərlər, qıpçaqlardan sonra türklər Qafqaz uğrunda müharibəyə başlayırlar. Yeri gəlmişkən, onlar tutduqları Kür-Araz boyu torpaqların əhalisinə vergi sistemi tətbiq edir, Xəzərətrafı regionda möhkəmlənməyə üstünlük verirlər. Beləliklə, turançılığın əsası qoyulur. Şübhəsiz, qismət bəxtəvərliyidir ki, sabiq qırmızı imperiyadan qopan türkdilli respublikaların bir çoxları həmsərhəd ölkələrdir.
Azərbaycanın Xəzər dənizi vasitəsilə Türkmanistanla və Qazaxıstanla su sərhədləri mövcuddur. Həmçinin Orta Asiya ölkələri iç-içə bərqərardırlar, əsasən qurudan bir-birini tamamlayırlar. Səhra və yarımsəhra iqlimləri Türkmənistana (Qaraqum, Ağcaqum), Qazaxıstana məxsusdur, ərazisindən üç çay axan (Sır-Dərya, Amu-Dərya və Zərəfşan) Özbəkistan məhsuldar, münbit torpaq ehtiyatına malikdir. Belə yaxın qonşuluq ələ düşmür, bu Allahın türk qövmünə, ulusumuza lütfüdür. Çünki dinc yaşamağı üstün hədəf edən türksoylu xalqları adətən hərbi-siyasi münasibətlər deyil, sağlam adət-ənənələr, kökdən gələn doğmalıq, çağdaş mədəni-kütləvi əlaqələr, iqtisadi-ticarət bağlılıqları birləşdirir. Bizim dinimiz də birdi, dilimiz də. Türk türkə güllə atmır, türk türkün hər eldə, mahalda qeyrətini çəkər. Ona görə əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan sarsılmaz dostluğumuzu Prezident İlham Əliyev canla-başla inkişaf etdirir, əlaqə tellərini bərkidir, möhkəmləndirir. Doğrudur, Rusiya Avrasiyaçılığı həmişə ortada maneə, manevrdir. Özünün imperiya siyasətindən zahirən guya bu ölkə əl çəkib, amma yenə altdan-alta eqoizmi baş qaldırır, köhnə ittifaqda birləşən ölkələrin işlərinə yerli-yersiz qarışmaq istəyir, qonşuluğunu unudur. Bu “şuluq” hərəkətləri hər vaxt dünya birliyi tərəfindən qınaq hədəfinə çevrilir, tənqid olunur. Burda yenə Azərbaycanın məşhur it-motal məsələsi yada düşür. Qəribədir, az qala dünyanın yarısına yiyəlik edən ölkə hardasa görürsən, təzədən torpaq almaq eşqinə düşür. Hələ ki, qonşu superdövlətin siyasətçilərinin düşüncəsində, zəkasında qabağı görmək yoxdur. Bəsit təfəkkür tərzi və kasıb diplomatiya siyasi elatanı çıxılmaz vəziyyətə qoyur. Belə getsə, nəhəng güc mərkəzi kimi illər uzunu formalaşan qonşumuz tamamilə zəifləyər. Axı, haçanacan dünyada hərb dili ilə danışmaq olar. Qərbin Avrasiya siyasətini qəbul edib haqqında danışan Cavanşir Feyziyev mərhələli surətdə iri ölkələrin həyatında baş verən təbəllüatları misal çəkir.
Bu mənada Fransa inqilabları, Britaniya reformaları örnəkdir. İnqilablar Fransanı didibtökdü, tar-mar edib dağıtdı, xalq üsyanları hər nəsnəni yerinə qoyub, dayandılar. O cümlədən Fransa, Niderland, Portuqaliya, İngiltərə kimi dövlətlər müəyyən qədər imperiya siyasətindən əl çəkdilər. İngiltərə başa düşdü ki, daha Hindistanın üzərinə qoşun yeritmək düz olmaz. Fransa anladı ki, Seneqaldan, Əlcəzairdən əl çəkməyin vaxtı yetişib. Təəssüf ki, bu cür təcrübə Rusiyanı qəflət yuxusundan oyatmayıb. Halbuki, SSRi boyda ölkənin sonda süquta uğraması gərək ilk növbədə varisini oyadaydı. Bəlkə oyanış gec-tez baş verəcək! Gözləyək... Marşal Yozef Pilsudskinin, vaxtilə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri olmuş Zbiqnev Bjezinskinin, eləcə də Atlantika şurasının Avrasiya Enerji Mərkəzinin direktor müavini Aleksandr Petersonun, geopolit alim Georg Kennanın maraqlı araşdırmaları sübut edir ki, haqqında bəhs etdiyimiz region „çoxtərəfli rəqabətə həmişə açıqdır. Mərkəzi Asiyadan Balkanlara qədər uzanan “türk etnodil və etnosiyasi zonasıdır“. Heç bir hegemonun yedəyində getmək Avrasiyaya xeyir gətirmir və üstəlik, Polşanın da „xırdalanıb kiçildiyi“ bölgədə digər ölkələr balacalaşdıqca, əksinə, Rusiyanın ərazidə hegemonluğu və dominantlığı artır. Bir sıra güclərin böyüklük iddialarının qarşısını almaq üçün Avropa və ABŞ NATO-nu xeyli gücləndirməlidir. Əgər balans pozularsa, siyasi meydanda kimlərsə uduzmuş olsalarda, şər qüvvə mütləq surətdə bundan faydalanar ki, bu süni „meydangirlik“ yalnız iki qitənin ziyanınadır. Dəyişən və dəyişməz aspektlər isə müasir beynəlxalq siyasətin mürəkkəb xarakterini ifadə edir: fərdlərin dəllal rolunda “canfəşanlıqları” çıxartmaq yox, suyu bulandırmaq deməkdir, çöpü gözdən çıxartmaq yox. „Beynəlxalq siyasət və bəynəlxalq hüquqda birlik yaratmanın əhəmiyyəti, (kitabın IV fəslinin adı) təcrid vəziyyətindən çıxmaq, təklənməmək, dünyəvi qanunlara qoşulmaq məcburiyyəti deyil, qloballaşan ətrafın diktəsidir, inteqrasiyanın təsdiqidir, yaxınlaşmanın, qovuşmanın maksimum təzahürüdür.
Müəllif iddia edir: „qloballaşmanın „Türk potensialı“ hələlik aysberq şəklindədir. Bu potensialın tam gücündə üzə çıxması isə o deməkdir ki, Türk dünyası özünün məqsədyönlü siyasi iradəsinin məntiqindən çıxış edərək „daxili inteqrasiyasını“ qlobal inteqrasiyanın labud prosesinə qoşa bilir“. Burada şərt o deyil, kimsə əhəmiyyətli məsələyə tez qoşulub, digərləri geç. Ancaq Azərbaycanın ilk sırada yer alması hamımızı sevindirir və bolqar tədqiqatçısı İvan Palçevin məşhur kəlamını yada salır: „Qafqaz pələngi Azərbaycan qloballaşma hərəkatının öncülüdür“. Türkiyənin Avropada xüsusi yeri və çəkisi var; dünən, srağagün belə deyildi, çünki siyasi arenada bel bağladıqı, inandığı ölkə, sözünü qüvvətləndirən, təsdiqləyən qardaş müstəqil dövlət yox idi. SSRİ-nin tərkibində olan nə nəhəng ərazili Qazaxıstan səsini çıxara bilirdi, nə də Qafqazdan Azərbaycanın bu hüququ vardı. İndi isə Azərbaycan istənilən məsələnin həllində Türkiyənin yanındadır. Avropa İttifaqı ölkələri də, Avropa Birliyi dövlətləri də yalnız bu mütəffiqliyə həsəd apara bilərlər. Ankaradan, İstanbuldan söz alan istənilən siyasi liderin nitqində „can Azərbaycan“ kəlmələri bitib. Hələ gör, dörd Orta Asiya respublikaları bu miqyası nə qədər genişləndirir. XXI əsr get-gedə türk əsrinə çevrilməkdədir. Bilgə Xaqanın sözü necə də söylədiklərimizi tamamlayır: „Ey türk! Titrə, özünə dön, sən özünə dönəndə böyük olursan!“. Cavanşir Feyziyevin mühüm zərurətdən doğan kitabının ən maraqlı fəsillərindən biri V fəsildir: „Sarsılmaz təməllər üzərində“ adlanır. Əlbəttə, “hər binanın bir ustası var“; əgər tarix XX yüzillikdə Mustafa Kamal Atatürkünü yetişdirməsəydi, onu köklü-köməcli Osmanlı taxt-tacına yetirməsəydi, Türkiyə elə həmin əsrin ilk onilliklərində ciddi problemlərlə üzləşəcəkdi, iflasa uğrayacaqdı. Həqiqətən vəziyyət olduqca mürəkkəb idi. Hərb meydanında müsəlman Türkiyəsi təklənmişdi; dörd tərəfdə isə xristian ölkələrin düşmən birləşmələri.
Ölkə parçalanacaq hazır yem idi. Bu zaman Türkiyəni silkələyəcək qüvvə ortaya girdi – Atatürkün başçılığı altında türkün yenilməz ordusu. „Ey türk milləti! Sən yalnız qəhrəmanlıq və cəngavərliklə deyil, mənəviyyat və sivilizasiyada da insanlığın şərəfisən“ - kimi dahiyanə müdrik sözlər xalqın inamını qaytardı. Böyük siyasətçi diplomatın daha bir fikri o zamankı Sovet Azərbaycanına da çatdı, sosializmin əzdiyi xalqda ruh yüksəkliyi yaratdı: „Biz bu gün Sovetlər Birliyi ilə dostuq, əməkdaşıq. Amma heç zaman unuda bilmərik ki, orada bizim qan, dil, mədəniyyət qardaşlarımız yaşayır. Və Sovetlər Birliyi bir imperiyadır. Bütün imperiyalar kimi o da dağılacaqdır. Biz hazır olmalıyıq ki, gələcəkdə öz qardaşlarımıza kömək edə bilək“. Biz başqa türksoylu ölkələrin rolunu kiçiltmirik. Bu gün Azərbaycan-Türkiyə birliyi qardaşlıq səviyyəsinə çatıb. Bunun səbəbkarı türk dünyasının fəxri Heydər Əliyevdir. Mustafa Kamalın qoyduğu təməl daşları Türkiyəni ucaltdı. Heydər Əlirza oğlunun hördüyü özül Azərbaycanı dünyada tanıtdı. Məhz liderlik bacarığı, liderlik keyfiyyəti bu cür şərtlənir. Fakt danılmazdır: „Türkiyə və Azərbaycan dünya türklülüyünün cazibə mərkəzidir. Bu mərkəzin darvazasından başqırd da keçir, tatar da, kərkük türkü də keçir, uyğur da, qazax da keçir, qırğız da, özbək də, türkmən də, eləcə qaqauz da, etnik Sibir türkləri də – şorlar, nanaylar, xakaslar, yakutlar, altaylar və s. Türk xalqlarının Dostluq və Əməkdaşlıq Təşkilatı beynəlxalq qurum kimi daha çox fəaliyyət göstərir, qurultaylar keçirir, uluslararası mədəniyyət tədbirlərinə rəvac verir, diaspor cəmiyyətləri ilə təbliğat işləri aparır. Məqsəd və məram isə birdir: yaxınlıq, dostluq, inteqrasiya. İndi şüurlu bəşər övladı dünyanın gedişatını yaxşı anlayır və bu birliyin nəticəsinin təməlində nələrin dayandığını dərk edir. Digər tərəfdən iqtisadi rıçaqları möhkəmləndirmək və inkişaf etdirmək lazımdır. Neft-Qaz layihələrini artırmaq gərəkdir. Müasir dövrümüzdə Azərbaycanın birbaşa təşkilatçılığı sayəsində gerçəkləşən TANAR (Trans-Anadolu Qaz Kəməri) layihəsi dünyada analoqu olmayan hadisədir. Bakı-Tbilisi-Ceyhan xəttinin işə düşməsi isə təkcə Türkiyə üçün deyil, bütün Avropa üçün əhəmiyyət daşıyır. Bakı-Tbilisi-Ərzurum neft-qaz marşrutu da o cümlədən. „Türk Dövlətləri Birliyinin Strategiyası“ (VI fəsil). Zəmanəmizin aparıcı güc strukturu dövlətləri arasında geopolitik əlaqələr geniş vüsət aldıqca, ümumtürk ölkələri də dinamik inkişafa doğru irəliləyir, daha artıq çılqınlıqla birləşirlər. Türk Dövlətləri Birliyinin (TDB) təkamülü onun sabitliyini və mütəşşəkilliyini göstərir. Türk Geopolitik Regionu formalaşmışdır (TGR), Avrasiyada Qazaxıstandan (ərazicə dünyanın, 9-cu sırada gedən ölkəsi) Türkiyə Cümhuriyyətinəcən qədər ərazini əhatəsinə alıb. Lap bu ərazidən kənarda yaşayan türksoylu xalqların da gözləri bütövləşən regiona dikilib, axı söz yiyəsi əsasən burda məskunlaşan qohum millətlərdir. Başqa məmləkətlərin sərhədləri arasında iqtisadi- siyasi, mədəni varlıqlarını təsdiqləyən etnik türklər böyük ulusun ayrılmaz parçasıdır, hissəsidir, onları diqqətdə saxlamaq vacibdir ki, „balinaların qarnında“ xırda balıqsayağı əriməsinlər. Yeri gəlmişkən, Türk Dövlətləri Birliyi ideyası vaxtilə günün mövzusuydu, indi gündə zəbt edən reallıq. Türk coğrafiyasının ölüm-dirim, tale məsələsi. Qədim etnosun özünütapması. Amma etiraf etmək lazımdır ki, dünya miqyasında ümumtürk təşkilatlanması prosesinə nisbətən gec başlanılıb. Düzdür, ləng davranış qlobal işləri gecikdirir, məsələn, yüz illərdir, xaricdə yaxın-uzaq ölkələrin diaspor fəalları birləşir, mədəni muxtariyyət və milli adlar altında fəaliyyət göstərirlər. Biz isə indi-indi ayılırıq.
Əlbəttə, Türk Xalqlarının Dostluq, Qardaşlıq və Əməkdaşlıq qurultayları, Türkdilli Dövlət Başçılarının Zirvə toplantıları, Dünya Azərbaycan və Türk Hərəkatı ictimai birlikləri, dərnəkləri, vəqfləri, assosiasiyaları ilhamlandırır, məcraya yönəltmək üçün dirçəldir, təbliğatına ara vermir. Sosializm dağılandan sonra xoş xəbərlər artmaqdadır, sabiq sovet məkanlarını kənara qoysaq, Almaniyada, Britaniyada, Niderlandda, İsveçdə, İtaliyada, İsveçrədə, Fransada, okeanın o tayında ABŞ-da, Kanadada türk birlik təşkilatlarının fəallıqları mühüm hadisələrdir. Azərbaycanlıların ciddi cəhdləri, təşkilatlanması misilsizdir. Amerikada İran türklərinin (qan qardaşlarımızın) milli-azadlıq uğrunda çarpışmaları vəziyyətin yaxşılığa doğru dəyişdiyinin göstəricisidir. Azərbaycanlı her yerdə birdir: istər iranlı olsun, istər turanlı. Qloballaşan cahanda türk birliyinin bütövləşməsi, beynəlxalq münasibətlərin inkişafında Türk Dövlətləri Birliyinin möhkəm rolu danılmaz tarixi köklərə, əsaslara və təcrübəyə söykənir. Dünyada sağlam rəqabəti sevən, üstün xalq kimi formalaşan, mərdi-mərdanə yaşayışa üstünlük verən, dostu darda tək qoymayan qədim türk indi hər cəbhədə müdrikliyini göstərir. Bütün türkdilli, türksoylu xalqların bir bayraq altında birləşməyə ehtiyacı var. Planetin soyuq müharibələrindən qorunmaq naminə, mənliyini, şərəfini həmişəlik qorumaq üçün. Bəli, Türk Dövlətləri Birliyi hamımızın varlığıdır, sabahıdır, gələcəyidir, onun ətrafına sığınmaq - yaşamaq zərurətidir!
Ağacəfər Həsənli


Bakı -°C

