19 Iyun 2014 01:09
9080
ƏDƏBİYYAT

TƏKLİK TƏNHALIQ DEYİL...

İnsan qəribə məxluqdu. Bəzən heç özü- özünü anlaya bilmir...g Qarşılaşır ona hava kimi, su kimi gərəkli olanla, fərqinə varmadan, ayaq saxlamadan ötüb keçir. İllər boyu axtarıb gəzdiyi, Tanrıdan dilədiyi insanın elə arxada buraxdığı, kirpiklərini qaldırıb bir baxış belə qıymadığı elə həmin bu adam olduğunu düşünmədən... Sonra da oturub taleyini qınayır...
Onun dalğın və kədərli siması, narahat baxışları diqqətimdən yayınmamışdı. Nəhayət bir gün "sevinc paylaşdıqca böyüyər, kədər paylaşdıqca azalar" deyə dərdləşirik...
"Yüyür dostum, yüyür öz tənhalığına. Mən görürüm sənin qulaqların böyük adamların səs-küyündən necə tutulub. Kiçik adamlar necə sancıb səni..." (Fridrix Nitşe)
Cavanlığı ömrünün sinəsində möhtəşəm məclis qurmuşdu. Gənc, yaraşıqlı bir qız idi. Dünya onunla idi, sevənləri, lap dərdindən ölənləri vardı. Yaxınlaşırdılar... yadlaşırdılar... dünyaya baxışları üst-üstə düşmürdü... Fikri, düşüncə tərzi zamanın arşınına sığmırdı. Bəlkə ona görə də çoxu kənardan dolanır, heç istəyini dilinə gətirməyi belə düşünmürdü, hisslərini heç cücərməyə imkan vermədən insafsızca məhv edirdi. Onun özü isə öz aləmində, işində, gücündə idi. İnanırdı gələcək xoşbəxtliyinə. İnanırdı ki, onun da tale yoluna bir gün Tanrı işığı düşəcək. Ola bilməzdi ki, bu boyda dünyada onu duyan bir Allah bəndəsi tapılmaya...
Heç gözləmədiyi halda döyüldü könül qapısı. Məhrəm bir səs hər şeyi bir kənara qoyub özü gəlmişdi istəyinin dalınca onun könül sahilinə... Dalğaların onu batıracağı və ya qoynuna alıb oxşayacağı fərqini arıtmadan gəlmişdi... "Mən sənin aşiqinəm"- pıçıldayırdı min dəfə ölçüb-biçdiyi, yaddaşına yazdıqlarını indi qırıq-qırıq, həyəcanla çatdırırdı. "... Çox üzülürəm, səni görən gündən özümü gəzirəm... Özüm isə sənsən... Kaş, sənin kimi həyat yoldaşım ola..."
Deyirlər, kişilər gözləriynən sevir, qadınlar qulaqlarıynan. Bəlkə elə qadınlar da qulaqlarıynan sevsəydilər, az səhv edərdilər (!). Nə bilmək olar...
İlıq, cazibəli sözlər təsirsiz qalmadı. Qısa yazılmış sevgi məktubları hər gün onun ünvanına tələsdi...
Bir gün... Allahın izniylə ailə qurdular. Əvvəl hər şey yaxşıydı. Bir-birlərini sevirdilər, anlayırdılar. Günlər elə mənalı keçirdi ki,... Hiss olunmadan günlər ayları, aylar illəri çəkib gətirirdi... Bir vaxt gördülər artıq valideyndilər. Oğuldan oğul, qızdan qız payları var. Daha xoşbəxtlikçin insana nə lazımdı ki?!...
Amma hər şey yavaş-yavaş dəyişirdi. Həyat yoldaşının əvvəlcə əhəmiyyət vermədiyi qısqanclığı onu narahat eləməyə başlayırdı. Çünki bu, şairlərin vəsf etdiyi qısqanclıqdan deyildi...Yersiz, çox vaxt səbəbsiz başlanan dava-dalaş, yerə çırpılaraq xıncım-xıncım olan qab-qacaq, tələblər, izahatlar bezdirirdi onu. Ailəsini qorumağa çalışsa da, təkbaşına bacarmadı və... bir gün son və qəti qərarını verməli oldu: Ayrılmaq!
Bir zaman böyük arzularla quru yerə çubuq sancan bu adamlar biri ürək ağrısı, səbəbini hələ də ayırd edə bilmədiyi peşimançılıq, təəssüf hissiylə, digəri sanki heç nə olmamış kimi yollarını ayırdılar. Ortada iki günahsız, mələk kimi övladlar qaldı... Onlar sonra axtaracaqdılar günahkarı və heç vaxt da tapmayacaqdılar... Hər gün atalarına gizli məktublar yazacaqdılar və bu məktublar da heç vaxt ünyanına çatmayacaqdı...
Ata bircə yol da geridə qoyduğu əmanətlər üçün narahat olmayacaq, axtarmayacaqdı...
Ana isə məğrurluğundan heç aliment də götürməyəcək, "özü gərək olmayanın qəpik-quruşu da lazım deyil..." deyəcəkdi...
Yavaş-yavaş çətinliklə də olsa, zamanı sığalına yatırda bildi Vəsilə xanım. İki övladına həm ata, həm də ana qayğısı, məhəbbəti göstərirdi. Düşünürdü: qoy, tay-tuşları arasında sıxılmasınlar. "Əlimə düşən pulu başqa heç nəyə deyil, ancaq uşaqlarımın yeməyinə, əyin-başına sərf edirdim. Nə olur-olsun, onlar ürəkli böyüməliydilər" deyir Vəsilə xanım. "Biz ayrılanda oğlumun dörd, qızımın iki yaşı vardı. Rayonumuzda çıxan "Muğan" (indiki "Suqovuşan") qəzetində işləyirdim. O zaman rayon qəzetlərində iş çox çətin və gərgin idi. Çox vaxt evə saat 11-də gedirdik. Uşaqlarım, xüsusən oğlum hava qaralana kimi həyətdə oynayar, gün batanda yanıma gələrdi. Yanaşı düzülmüş stulların üstündə uzanıb yuxulayardı. Bundan ötrü evdən odeyal gətirmişdim. Yatandan sonra üstünə örtürdüm..."
Fikrə gedir, gözləri yol çəkir. Kim bilir, bu an düşüncələri onu haralara aparır... Bunu bir özü, bir də Tanrısı bilir. Mənsə onun xəyal zəncirini qırmağa ürək eləmirəm. Handan-hana "onu pis olan hər şeydən qorumaq istəyirdim, bacarmadım" deyir. Bir neçə dəqiqənin sükutundan sonra pəncərədən harasa, lap uzaqlara baxaraq asta, titrək səslə davam edir:
-Uşaqlarımın ikisi də Qaqarin adına şəhər beynəlmiləl orta məktəbini bitirmişdilər. Oğlum həm musiqi, həm də idman dərslərinə gedirdi. Həm sağlam, həm də çox yaraşıqlı, eyni zamanda həssas idi. Qızımdan çox məni o, istəyirdi. Nə iş görsə, məsləhətləşirdi. Hər halda mənə belə gəlirdi. Sən demə, belə deyilmiş. Məndən xəlvət tay-tuşlarıyla Araz çayına çimməyə gedirmiş...
Həmişə onu itirə biləcəyimdən qorxurdum. Nə bilim, bəlkə bu da altıncı hissin diktəsi idi. Qorxduğum şey başıma gəldi...
Danışır, hər şeyi lap dünən olmuş kimi xatırlayır. İlhamın uşaqlıq, yeniyetməlik çağlarını lentə alıbmış kimi yaddaşından çözələyir. Üzdə sakit görünür, lap yad bir adamın başına gələnləri söyləyirmiş kimi... Başqası necə düşünərdi, bilmirəm, amma onun içindən qalxan tüstüdən gözlərim yaşarır mənim.
-Məni ömürlük tək qoydu İlham,-deyə pıçıldayır. Arada məndən soruşanda ki, tək qalmaqdan qorxmursan, qəti cavab verirdim ki, yox!. Sual bəzən xətrimə də dəyirdi. Çünki yanımda iki balam vardı. Oğlum sağımda, qızım solumda. Məni yaşadan, səadətə uçuran qoşa qanadım idi onlar. Qolum idilər-güclü, vuran qollarım, hər bəlanın, hər acının qarşısına gərə biləcəyim qollarım! Qırıldı qanadım, sındı qolum. Tək qanadla, şikəst qolla neyləmək olar?!

Dağlarda qar havası var,
Bağlarda bar havası var.
Quşların da yuvası var,
Sən də tənha, mən də tənha.

Yollar bir də sevəcəkmi,
Yolunu gözləyəcəkmi,
Kədərimi böləcəkmi?
Sən də tənha, mən də tənha...

Yuxular, sirli-sehrli yuxular...Stüartın ifadəsiylə desəm, "Allahdan gələn möhürsüz məktub" olan yuxular...
Belə "məktub"lardan Vəsiləyə də, oğluna da gəlmişdi. Amma o, bu yuxuları özü bildiyi kimi yozmuş, içini təşviş bürüsə də, qorxusundan kimsəyə danışmamışdı..."Gördüm oğlumu məndən alıb aparır, qucağıma körpə oğlan uşağı verirlər" söyləyir ana... İlham isə yuxuda onu ilan çaldığını görür, ayılanda həmin yerin ağrıdığını hiss edir. "Yəqin futbolda əzilib" deyə yenə də yuxunu öz bildikləri kimi yozurlar... Bir müddət sonra yuxuda yerin altında olduğunu görür. Anasına danışanda Vəsilə həyəcanla "orada nə edirdin?" deyə soruşur. Oğlu sakit və qısa cavab verir: "Allahla danışırdım!" Ana yenə də yuxunu xeyirə yozur...

Bu yuxunun sirrini aç,
Xeyir üzünə yoz, ana!
Daşların boz sifətinə
Çölün düzünə yaz, ana!

Yer altından bir səs gəlir,
Gah ağlayır, gah da gülür.
Bir gözəl saçını yolur,
Yaşı almaz-almaz ana.

Göyün yerə salamı var,
Qəbuldu dualar, ahlar.
Yormasın səni suallar,
Tale dərsinə döz, ana!

Özümü toplayıb soruşuram...
-Dedim, axı... Hərdən çimməyə gedirdi. Elə doxsan səkkizinci ilin avqustun 5-də də qonşu uşaqlarla çimməyə gedir... Suya tullanır... başı üstə... Bununla da...
Səsi qırılır... Daha nə sözə, nə izahata ehtiyac qalır...

Açılıb qəm qapısı, üzülüb can gedir, Allah!
Sızlayır qəlb yarası, süzülüb qan gedir, Allah!

Baxıram, göz qaralır, bu gedənlər arasında,
Solubdur gül təki rəngi, odur, canan gedir, Allah!


O uçan dağ da mənim, o batan bağ da mənimdi
Qoyub viranə könlümü niyə bağban gedir, Allah?!

Quruyub daş yanağında yaşı, heyrətdədi dünya
Mənə yeganə təsəlli, kimə mehman gedir, Allah?!

Həmin gün çox narahat idi Vəsilə. Heç yerdə qərar tuta bilmirdi. Günorta naharına evə getsə də, özünü iynə üstündə gəzirmiş kimi hiss edir, yenidən geriyə-işə dönür. İndi hər sözü qırıq-qırıq olmuş lent kimi səslənir...
-Pillələri ağır-ağır qalxırdım... Otağıma çatandan sonra mənə bir telefon nömrəsi gətirib "bura zəng vur" dedilər...
Tanış olmayan nömrədən "Xəstəxanaya gəlin, oğlunuzun qıçı sınıb" deyirlər ona. Xəstəxananın pilləkəni ilə az qala qaça-qaça qalxanda bacısı qabağına çıxır. İlhamın sözlərini çatdırır ona: "Mamama de, qorxmasın!..."
-Uzun müddət bu yoxluğu hiss etmədim. Hər şey mənə ağır, üzücü bir yuxu kimi görünürdü. Sanki indiyədək gördyüyüm yuxuların davamıydı. Düşünürdüm, nə zamansa bitəcək, oyanıb əsl həyatı dərk edəcəm. Orada isə İlham mənim yanımda olacaq mütləq...
İndi də qorxduğum anlar olur. Ancaq daha yanımda mənə "Qorxma!" deyən oğlum yoxdu...
Tənhalıq nədir? Təklik nədir? Bəzilərinə elə gəlir ki, cismani təklik elə tənhalıqdı. Məncə, insan nə qədər ki, onu dərk etməyənlərin arasındadı, elə tənhadı...Bəzən adam ətrafının "boş" doluluğundan o qədər bezir ki, lap yarpaq kimi küləklərə qoşulub uzaqlara düşmək, təklənib bir növ özünə gəlmək istəyir. Bayağı, şit, ikiüzlü qəm alverçilərindən uzaqlaşaraq Tanrısı ilə həmdərd olmağa ehtiyac duyur. Elə belə anlarda hiss edirsən ki, kim kimdi.
-Tənhalığın sənə çoxmu ağır gəlir? O aləmə kimlər qonaq ola bilər?-deyə soruşuram.
-Tənhalığımı artıq özümə dərd eləmirəm. Çünki bunu mənə unutduracaq adamlar yox dərəcəsindədi...Bir də, ağıllı adamlardan biri deyib ki, təfəkkürü olan adam tənha ola bilməz...

Ömür sönür an içində
Könlüm qızıl qan içində
Bu qədər insan içində
Təkəm... Allah... Təkəm...

P.S. Yazıya alman filosofunun sözləri ilə başlamışdım. Çin filosofunun sözləri ilə bitirmək istəyirəm: "Keçmişdə ölənlərə "qayıdanlar" deyərmişlər. Ölənlər "qayıdanlar"sa, diriləri "səyahətə çıxanlar" adlandırmaq olar". Çju Yan.
Səyahətə çıxanlardan qayıdanlara salam olsun!...

Şahnaz ŞAHİN,
Azərbaycan Yazıçılar Birliyinin üzvü