08 Iyun 2023 15:32
1711
MÜSAHİBƏ, ELM VƏ TƏHSİL

 ”Dərs ilini sentyabrın 15-dən 1-nə çəkməklə...” - Təhsil eksperti ilə MÜSAHİBƏ

Ötən ay elm və təhsil naziri Emin Əmrullayevin məktəblərdə tədrisin sentyabrın 1-dən başlamasını daha uyğun olduğunu açıqladıqdan sonra mövzu sosial şəbəkələrdə müzakirələrə səbəb oldu.

Millət vəkili Ceyhun Məmmədov isə bu gün Azərbaycanda dərslərin sentyabrın 1-dən başlamasına müsbət yanaşdığını bildirdikdən sonra sosial şəbəkələrdə yenə müzakirələr qızışmağa başladı.
Təhsil eksperti Kamran Əsədov mövzu ilə bağlı Adalet.az-ın suallarını cavablandırıb.


- “1 sentyabr, 15 sentyabr” Kamran müəllim burda fərqli olan nədir? Əvvəlcə bunu oxucularımıza açıqlayın...


-İlk növbədə qeyd edim ki, 2004-cü ilə qədər Bilik günü sentyabrın 1-nə təsadüf edirdi. Lakin prezident İlham Əliyevin 21 avqust 2004-cü il tarixli fərmanına əsasən, Azərbaycanın bütün təhsil müəssisələrində dərslərin 15 sentyabrdan başlanması qərara alınıb. Ardınca edillən dəyişiklik ilə 2015-2016-cı tədris ilindən Ümumtəhsil məktəblərində dərslər mayın 31-də yox, iyunun 14-də başa çatır.
Qeyd edim ki, şagirdlərin təlim yükünün azaldılmasını dərs günlərinin sayının artırılması hesabına deyil, təhsil proqramlarındakı ikinci, üçüncü dərəcəli lazımsız materialların sıxışdırılması yolu ilə həll etmək olar. Digər tərəfdən dərs ilini sentyabrın 15-dən 1-nə çəkməklə zəruri hesab olanan iki həftə bərpa edilə bilər.


- Dünya təcrübəsi nə deyir?



-Əgər beynəlxalq təcrübəni əsas götürürüksə, dünyanın müxtəlif ölkələrində dərs ilinin başlama və başa çatması tarixləri ənənəvi olaraq iqlimdən və dərs yükündən asılı olmayaraq müxtəlifdir. Deyək ki, Rusiyada ənənəvi olaraq 1 sentyabr “Bilik günü”dür. Məktəblilərin tətilə yollandığı tarix isə mayın 25-dir. Gürcstanda dərs ili sentyabrın 10-dan sonra gələn ilk bazar etrəsi günü başlayır.
Belçikada, Çexiyada, Macarıstanda, İsraildə, Estoniyada dərs ili sentyabrın 1-i başlayır və müvafiq olaraq iyunun əvvəlinə, ortalarına və axırlarına kimi davam edir. İranda vəTürkiyədə dərslər sentyabrda başlayıb, iyun ayında başa çatır. Və yaxud Yaponiyada məktəblər aprelin 6-da açılır. Tədris ilinin yekunu növbəti mart ayına təsadüf edir. Koreyada isə dərslər martda başlayır və dekabara qədər davam edir.Malayziyada məktəblər yanvarda, Çilidə, Kosta-Rikada isə fevralın sonları, yaxud martın əvvəllərində açılır.

 Ümumiyyətlə, heç bir ölkədə dərs ili hər hansı ayın ortasından yox, ayın əvvəlindən başlayır. Bizdə də sovetlər vaxtında dərs ili sentyabrın 1-dən hesablanırdı və bu çox uğurlu seçim idi. Çünki tədris planları, məktəb proqramlarının daha yaxşı mənimsənilməsində dərslərin ayın əvvəli başlaması çox kömək edirdi. Amma biz neçə tədris ilidir ki, sentyabrın 15-dən uşaqlarımızı məktəbə yollayırıq. Lakin bunun ancaq və ancaq mənfi nəticələrini görürük. Belə düşünürəm ki, bu qərar bir qədər tələsik atılmış addım idi. Düzdür, dünyada tədris ilinin uzun olması bütün ölkələrdə həm də onların inkişaf göstəricisi sayılır. Bu həm də kurrikulumun məzmun keyfiyyətinin artırılması, tədris yükünün azaldılması ilə bağlı görülən tədbirlərdən biridir.

 

- Amma biz də xeyli bayram günləri var ki, uşaqların dincəlməsinə, yorğunluğu atmasına yardımçı olur...

 

-Avropa Birliyinə aid olan və dünyanın müasir, inkişaf etmiş ölkələrində tədris ili bizim tədris ilindən ən azı 4-6 həftə uzundur. Onlarda ümumtəhsil məktəblərində orta təhsilin müddəti də 12-13 il, hətta 14 il hesablanır. Tədrisin daha uzunmüddətli olması və daha çox təhsil inkişafa yönəlmiş addımlardan biridir. Burada ancaq müsbət cəhətləri görmək mümkündür. Təcrübə göstərir ki, bizim təqvimdə çoxlu sayda bayram tətilləri və qeyri-iş günləri olduğundan bu, orta məktəblərdə tədris planının tam şəkildə həyata keçirilməsinə mane olur. Mövzuların birləşməsi, yazı işləri və onlar üzərində səhvlərin təhlili işinin aparılmaması, yekun dərslərin keçirilməməsi kimi məsələlər şagirdin biliyinin obyektiv qiymətləndirilməsinə təsir edən amillərdəndir. Lakin son 5-6 ilə baxandaa görürk ki, dərslərin 14 iyuna qədər davam etməsi həm müəllimlərin, həm də şagirdlərin vaxtını alır. Yay aylarında şagirdlərin dərs oxumağa bir o qədər də həvəsi olmur. Apardığım sorğuda iştirake dən şagirdlər qeyd edir ki, məktəbdə oxuyarkən tədris ilinin sonuna yaxın yalnız istirahət haqqında fikirləşirlər. İyunun ortalarına kimi uzadılan dərslərin heç bir mənası yoxdur.

 

-Doğurdanda, mən də  valideyn olaraq düşünürəm ki, dərs günlərinin isti vaxtlara təsadüf etməsi uşaqlara mənfi təsir göstərir.

 

Çünki şagirdlər dərsdə həvəssiz şəkildə, candərdi otururlar. Bunun isə nə müəllimə, nə də şagirdə faydası ola bilməz. Hesab edirəm ki, dərs ilinin əvvəlki qaydada olması daha məntiqəuyğun olardı. İyun ayı məktəblilərin yay tətili üçün nəzərdə tutulub. Belə isti havada şagirdlərin dərsə getməsi sağlamlıq cəhətdən də əlavə problemlər yarada bilər. Belə ki, istidə yorğun, halsız uşaqlar bir də məktəbdə əlavə olaraq yüklənirlər. Bu isə onların səhhətinə yaxşı təsir göstərməyə bilər. Mənim fikrimcə, dərs ili əvvəlki qaydada olsa, daha məqsədəuyğun olar. Bu, uşaqlardan əlavə, valideynlər üçün də artıq problemdir. İyunda övladını məktəbə aparıb-gətirmək onlar üçün də çətin və zəhmətlidir. Çünki bu ayda artıq bir çoxları istirahət və tətil planları qurur.

Vaxtı 14 gün uzatmaqla nəyəsə nail olmağın mümkün olmadığını hesab edirəm. Bu addımın təhsilin inkişafına faydalı olacağını düşünmürəm. Əksinə, bunun lazımsız bir qayda olduğunu fikirləşirəm. İndiyə kimi dərslərin may ayında bitməsinin hansısa mənfi tərəfini görməmişdik. İndi belə bir qərarın verilməsinin və onun icrasının tamamilə yersiz və vaxt aparan bir şey olduğunu fikirləşirəm. Bunun valideynlər üçün daha çox ziyanı var. Çünki əlavə olaraq iki həftə də məktəb xərclərini ödəmək heç də yaxşı hal deyil. İyun ayı məktəblilərin həvəslə gözlədiyi tətil ayıdır. Havaların bu qədər isti olduğu bir vaxtda heç kim əlavə olaraq iki həftə də dərsə getmək istəməz.


- Kamran müəllim, geniş müsahibəyə və ətraflı məlumata  görə, təşəkkür edirik.


Əntiqə Rəşid