“TEATR, ZAMAN VƏ MƏKAN”
Yeni kitablar
“Teatr, zaman və məkan” teatrşünas-tənqidçi Anar Ərtoğrul Bürcəliyevin yeni nəşr olunmuş kitabı belə adlanır.
Monoqrafiya Gəncə Dövlət Dram Teatrının aktyoru, “Qızıl Dərviş” mükafatı lauretı, Respublikanın Əməkdar artisti Ramiz Vəliyevin anadan olmasının 65, səhnə fəaliyyətinin 50 illiyi ərəfəsində onun həyat və yaradıcılığına həsr olunmuşdur.
1974-cü ildən Gəncə Dövlət Dram Teatrında yaradıcı aktyor kimi fəaliyyətə başlayan Ramiz Vəliyev 1981–1985-ci illərdə M.A.Əliyev adına İncəsənət Universitetinin Dram və kino aktyoru şöbəsini, Şəfiqə Məmmədovanın tam kursunu fərqlənmə diplomu ilə bitirmişdir.
İstedadlı aktyorun bütün səhnə həyatı C.C. Cabbarlı adına Gəncə Dövlət Dram və Gəncə Dövlət Nizami Poeziya teatrı ilə bağlı olmuşdur.
Bəhram şah"da Bəhram şah, "Şairin məhəbbəti"ndə Məhəmməd, "Gül və Zəhərdə" II loğman, "Qızıl zəncirlər"də Usta, "Məhəbbətin qənimi"ndə Aqil, "Memarın məhəbbəti" – Əcəmi, "Yeddi məhbusun şikayəti" – Çoban, "Dərd yükü" – aparıcı və sair rollar öz ifa səviyyəsi ilə teatr tariximizdə özünəməxsus sanballı yer tutur. Akttyor hazırda Volterin "Sadiq və ya Tale" povestinin motivləri əsasında Fərman Rzayevin səhnələşdirdiyi "Əlmanə" tamaşasında Səddaq obrazı üzərində işləyir.
Kitabda aktyorun çoxillik səhnə fəaliyyəti, canlandırdığı rəngarəng obrazlar maraqlı təhlil olunmaqla yanaşı, həyatı, sənətə baxışı geniş şəkildə işıqlandırılmışdır.
Monoqrafiyada toplanan materiallar teatrşünasların eləcə də sənətşünasların ilkin məlumat və araşdırmaları üçün bir mənbə hesab edilə bilər. Kitab aktyor və rejissorlarımızın sənət yollarının öyrənilməsi baxımından əhəmiyyətlidir.
Respublikanın əməkdar artisti fəxri adına layiq görülmüş Ramiz Vəliyev "Qızıl Dərviş" mükafatı laureatıdır, “Tərəqqi” medalı ilə təltif edilmişdir.
“STAR çap evi”ndə nəşr olunan kitabın elmi redaktoru fəlsəfə doktoru İmran Axundov, redaktorları isə Sailə Məhərrəmqızı və Fuad Cavadzadədir.
Kitabın tərtibatı Zibər İsayevaya və Ariz Babayevə məxsusdur.
Gəncə